Əzəli-əbədi yurdumuz Ağdam:
Böyük Qayıdışa doğru
Ağdam
rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın
Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir
Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları
üçtərəfli bəyanata uyğun olaraq noyabrın
20-də Azərbaycana qaytarılıb. Bununla da
rayonun işğal edilmiş 73 faiz ərazisi düşməndən
azad olunub. Ağdam işğal edilən
rayonlarımızın arasında əhalinin sayına görə
ən böyük rayondur. Rayonda 138
yaşayış məntəqəsi var.
Qeyd edək
ki, Ağdam 1993-cü il iyulun 23-də erməni
silahlı birləşmələri tərəfindən
işğal olunmuşdu. Qarabağın mərkəzində
yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4 fazi, 1 şəhər və 80
kəndi ermənilərin əlinə keçmişdi.
Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin
105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin
199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə,
17 məscidin 14-ü işğal altında
qalmışdı. Erməni işğalı nəticəsində
Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində
ziyan dəyib. Ağdam şəhəri,
onun qədim keçmişin şahidi olan çox sayda tarixi
abidələri, mədəniyyət, memarlıq nümunələri,
postsovet məkanında birinci, dünyada ikinci olan Çörək
muzeyi düşmən tərəfindən vəhşicəsinə
dağıdılıb.
Ağdam düşmənlə döyüşlərdə
6000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. İşğal
nəticəsində rayonun 160 min nəfər əhalisindən
143 min nəfəri öz ölkəsində məcburi
köçkünə çevrilib.
İşğalçı Ermənistan Silahlı
Qüvvələrinin Ağdamı tərk etməsi Prezident
İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti
və Azərbaycan Ordusunun Vətən müharibəsindəki
uğurlu hərbi əməliyyatları nəticəsində
mümkün olub.
Belə
ki, 2020-ci il sentyabrın 27-də Ermənistan
Silahlı Qüvvələrinin cəbhədəki təxribatının
qarşısını alan Azərbaycan Ordusu əks-hücumla
bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni,
strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə,
qəsəbələrimizdə üçrəngli
bayrağımızın ucaldılması ilə nəticələnən
44 günlük Vətən müharibəsi Azərbaycan
Ordusunun qələbəsi ilə başa çatıb.
İşğalçı erməni silahlı birləşmələri
ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə
bilməyərək xeyli itki ilə geri çəkiliblər.
Bununla yanaşı, düşmənin minlərlə
canlı qüvvəsi, hərbi texnikası məhv edilib.
Ermənistanın hərbi-siyasi rəhbərliyi
Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin
faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə
imza atmağa məcbur olub.
Beləliklə,
10 noyabr 2020-ci il tarixində Dağlıq
Qarabağ münaqişəsi zonasında atəş və
bütün hərbi əməliyyatlar tam
dayandırılıb. Bəyanatın ikinci bəndinə əsasən,
20 noyabr 2020-ci il tarixinədək Ağdam
rayonu Azərbaycana qaytarılıb və həmin gün Azərbaycan
Ordusunun bölmələri rayona daxil olub və orada
bayrağımız ucaldılıb.
Prezident
İlham Əliyevin 2020-ci il dekabrın
29-da və 2021-ci il iyunun 24-də imzaladığı
müvafiq sərəncamlara əsasən, bir qrup hərbi
qulluqçu "Ağdamın azad olunmasına görə"
medalı ilə təltif edilib. Onlar şəhərin
işğaldan azad edilməsi uğrunda aparılan
döyüş əməliyyatlarında iştirak edərək
şəxsi igidlik və şücaət nümayiş
etdirdiklərinə görə təltif olunublar.
2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev
və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad
edilən Ağdamda olublar. Ağdamda Azərbaycanın
üçrəngli bayrağını qaldırıb.
27 ildən sonra işğaldan azad olunan Ağdamda indi
dövlət bayrağımız qürurla dalğalanıb. Bu
görüntüləri hər bir azərbaycanlı fəxrlə
və böyük sevinclə izləyib.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban
Əliyeva Ağdam məscidini ziyarət ediblər. Prezident
İlham Əliyev Məkkədən gətirdiyi "Qurani-Kərim"i
Ağdam məscidinə bağışlayıb.
2021-ci il mayın 24-də Prezident İlham Əliyev
Ağdam rayonunun işğaldan azad edilən hissəsində
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin
edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Emin Hüseynov Ağdam şəhəri
daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilən hissəsində
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin
edilib.
Mayın 28-də Prezident İlham Əliyev Ağdama
növbəti dəfə səfər edib. Səfər
çərçivəsində dövlət
başçısına Ağdam şəhərinin Baş
Planı təqdim olunub. Prezident Ağdam şəhərinin
bərpasının təməl daşını, Ağdam
şəhər 1 saylı məktəbin yeni binasının təməlini
qoyub, eyni zamanda İlham Əliyev Bərdə-Ağdam avtomobil
yolunun, Sənaye Parkının, şəhər ərazisində
inşa olunan ilk yaşayış binasının təməlqoyma
mərasimində və Ağdam şəhər meşə-parkında
dağdağan ağaclarının əkilməsi mərasimində
iştirak edib, Qarabağ xanlığının banisi Pənahəli
xanın sarayının yerləşdiyi imarət kompleksində,
Qiyaslı məscidində, Şahbulaq qalasında olub. Həmçinin, Ağdamda Zəfər Muzeyi və
açıq hava altında İşğal Muzeyi
yaradılacaq. Səfər çərçivəsində
Prezident İlham Əliyevə yeni muzeylər barədə məlumat
verilib.
Hazırda Böyük Qayıdış
üçün Ağdamda bərpa-yenidənqurma işləri
aparılır, yeni infrastruktur qurulur, şəhər
dirçəldilir. Rayonda aparılan bərpa və quruculuq
işləri Ağdamın tezliklə nəinki Azərbaycanın,
həmçinin, regionun ən gözəl və müasir
şəhərlərindən birinə çevriləcəyini
deməyə əsas verir.
Ağdamda
"Ağdam-1" və "Ağdam-2"
yarımstansiyalarının, o cümlədən
"Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal
İdarəetmə Mərkəzi yaradılıb. Bununla da rayonun və ətraf bölgələrin
elektrik təminatı məsələsi tam həllini
tapmış oldu.
Azərbaycanın elektroenergetika tarixində ilk dəfə
Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin
Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz
Ağdamda yaradılıb. Eyni zamanda,
genişzolaqlı fiberoptik kabelin çəkilişi
Ağdamda ən yüksək ötürmə qabiliyyətli
sürətli internet xəttinin istifadəyə verildiyini
göstərir.
190 hektar ərazidə qurulacaq Ağdam Sənaye
Parkında ilk işlərə də start verilib. Bu o deməkdir
ki, Qarabağ və Şərqi-Zəngəzur sənaye
sektorunun, xüsusilə də qeyri-neft sənayesinin əsas
güc mərkəzlərindən birinə çevriləcəkdir.
Xüsusilə də Ağdamın strateji
coğrafi mövqeyi, Qarabağla digər bölgələrin
qovuşuğunda yerləşməsi, insan resursları
potensialı və infrastruktura çıxış
imkanları şəhərin gələcəkdə
Qarabağın sənaye mərkəzinə çevrilməsi
imkanlarını genişləndirir.
Ağdam həm də turizmin perspektivləri
baxımından cəlbedici bölgədir. Ağdam şəhərində
inşa olunacaq "Park Forest Otel Ağdam"
mehmanxanasının təməlinin qoyulması bu baxımdan
turizmin inkişafı üçün əlverişli imkanlar
vəd edir. "Strateji mövqeyinə
görə Qarabağın giriş qapısı hesab edilən
Ağdam rayonunda ən müasir standartlara cavab verən
mehmanxananın inşası sürətlə dirçəldilən
tarixi ərazilərimizin turizm potensialının
inkişafına mühüm töhfə verəcək.
Ağdam Rayon Mərkəzi Xəstəxanasının və
209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərinin
qoyulmasını öz doğma torpaqlarından
köçkün düşən insanların vətənə
qayıdışının təmin olunmasını tezləşdirən
mühüm faktordur. Ağdam Mərkəzi Şəhər Xəstəxanasının
inşası ağdamlılara tibbi xidmətin göstərilməsi
üçün imkanlar yaradacaq. Eyni
zamanda, Ağdam şəhəri üçün çox
önəmli və 140 illik tarixi olan 1 nömrəli məktəb
inşa olunur. Bu təhsil ocağında təqribən
minə yaxın şagird oxuyacaq. Ağdama
qaz xətlərinin çəkilişi layihəsi işlənilir.
İçməli suyun gətirilməsi, o
cümlədən, Xaçınçay su anbarının təmiri
layihəsi İnvestisiya Proqramında öz əksini tapıb.
Ağdam-Bərdə dəmir yolu xəttinin çəkilişi
gələn ilin sonunadək yekunlaşacaq. Yeni çəkilən dəmir
yolu xəttinin ox üzrə uzunluğu 47,1
km-dir. Dəmir yolu xəttində tikinti işləri iki mərhələdə
həyata keçirilir. I mərhələ Bərdə,
Köçərli və Təzəkənd
stansiyalarını əhatə etməklə 20.78 km, II mərhələ
Təzəkənd və Ağdam stansiyalarını əhatə
etməklə 26.32 km təşkil edir. Artıq
Dəmir Yolu xəttində tikinti işlərinin 44 faizi yerinə
yetirilib.
Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə
davam etdirilir.
başlanğıcını Bərdə
şəhərindən götürən Bərdə-Ağdam
avtomobil yolunun uzunluğu 45 kilometr təşkil edəcək. Dövlət başçısının
tapşırığına əsasən, Bərdə-Ağdam
avtomobil yolu Qarabağın inkişaf planı nəzərə
alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə
uyğun olaraq inşa edilir və işlərin artıq
mühüm bir qismi həyata keçirilib.
Millət vəkili Bəxtiyar Sadıqovun sözlərinə
görə, Ermənistanın işğalına qədər
Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də
ölkənin inkişaf etmiş şəhərlərindən
biri idi. Ermənilər işğal etdikləri Ağdam
şəhərində və rayonun kəndlərində
yaşayış evlərini, ictimai binaları, məktəbləri,
uşaq bağçalarını, xəstəxanaları,
istehsal müəssisələrini talan edib, dağıdıb
və yandırıblar. Vaxtilə Azərbaycanın ən
gözəl şəhərlərindən olan Ağdamın
yerində xarabalıqlar qalıb: "Bu gün Prezidentin qətiyyəti,
cəsarəti, ordumuzun rəşadəti, milli birliyimiz sayəsində
işğaldan azad edilən, erməni vandallarının
daşı-daş üstündə qoymadıqları şəhər,
rayon, qəsəbə və kəndlərimiz yenidən bərpa
edilərək dünyanın ən gözəl məkanlarına
çevrilir. "Qafqazın Xirosiması"
olan Ağdamın bu gün necə sürətlə dirçəldiyinin
şahidi oluruq. Qarabağa
Qayıdış üçün Ağdamda yenidənqurma və
bərpa işləri sürətlə davam etdirilir".
Millət
vəkili Aqil Abbas deyir ki, bu gün Ağdam Cümə məscidinin
bərpa-restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən
aparılır: "Məlum olduğu kimi, ermənilər tərəfindən
ən çox dağıdılan məscidlər, türbələr
və digər inanc yerləri olub. 1868-1870-ci illərdə
memar Kərbəlayi Səfixan Qarabağı tərəfindən
tikilən "Qarabağ məscid memarlığı" məktəbinə
aid olan Ağdam Cümə məscidi ermənilər tərəfindən
dağıntılara məruz qalıb, minarələri daxildən
sökülüb, tavanı bir neçə yerdən
uçurulub, dizayn və yazıları bilərəkdən
yararsız, tanınmaz vəziyyətə salınıb. Hazırda məscidin yenidən qurulması və
tikintisi prosesinə başlanılıb. Məscidin
bərpa olunması işləri Heydər Əliyev Fondunun
imkanları hesabına görülür. Bu,
Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi
dəyərlərinin qorunmasına növbəti töhfəsidir.
Bu gün Ağdamda reallaşan layihələr
Böyük Qayıdışın tərkib hissəsidir,
tezliklə bu gözəl diyarın əzəli sakinlərinin
tarixi torpaqlarına əbədi Qayıdışının
şahidi olacağıq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 11 may.- S.6.