Azərbaycançılıq işığında yaşanılan ömür  

 

Yaşanılan illər ömürləşirmi?

 

İlləri elə yaşamalısan ki, el sənə "Yaşadığın illəri ömürləşdiribsən" desin. Onda şükranlıqla göy üzünə baxacaqsan, dünənlərinə görə təəssüflənməyəcəksən.

 

İllər keçir ömürdən, ömürdən illər köçür. Tanıdığımız, ömür yoluna bələd olduğumuz insanlardan söz düşəndə qürurla, bəzən həsədlə deyirik ki, o, gözəl ömür yaşayır. Gözəl ömür ifadəsini xalqa, millətə, dövlətə, dövlətçiliyə ad olan illərə görə deyirik. Bu da gözəl vətəndaşlığa görədi...

 

İndi yaşı 70-i aşanlarımıza ağsaqqal deyirik. Ağsaqqallıq xarakterdir. Ağsaqqal xarakteri xalqın mənəvi dəyərlərini ifadə edənlərimiz, hər sözü kəlam gücündə olanlarımızdı.

 

Yüzlərlə ağsaqqalla həmsöhbət olmuşam. Zəngilanda da, institut tələbəsi olanda da, Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də. Hər söhbətdə düşüncələrimə neçə-neçə kəlamın işığı düşüb.

 

Yaxşı tanıdığım, xarakterinə bələd olduğum ağsaqqal kimi hər söhbətinə qulaq kəsildiyim Eyvaz Səfər oğlu Hümbətov 1946-cı il dekabrın 5-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olub. Səfər kişi II Dünya müharibəsində iştirak etmişdi. Ailədə ata nəsihətlərinin işığında böyüyən on uşaqdan biri Eyvaz idi. Zəyəm qəsəbə orta məktəbini başa vurduqdan sonra hərbi xidmətə yollanan Eyvaz Moskva şəhərində çavuş hazırlığı kursunu bitirmişdi. 1965-ci ildən 1968-ci ilə kimi Belorusun Minsk şəhərində manqa komandiri kimi xidmət etmişdi. Ali hərbi təhsil almaq istəyirdi. Xəyallarında ailəsinin əhatəsində olurdu, ailə müqəddəsliyinin cazibəsində gecəni səhər edirdi. Evlərindən gələn məktub onun istəyini titrətdi, düşüncələrinin nizamını silkələdi. Fikrindən daşındı. 1969-cu ildə Azərbaycana qayıtdı...

 

O da bilirdi ki, Vətənin o başı, bu başı olmur; atasının xeyir-duası ilə Bakıda yaşamağı qərara aldı. Bakı Şin zavodunun yığım sexində yığıcı işlədi. Çox keçmədi, Eyvaz Səfər oğlunu usta vəzifəsinə təyin etdilər. Səbrlə öyrənmişdi, səbrlə öyrədirdi. Az sonra sex rəisinin müavini vəzifəsinə təyin edilən Eyvaz bu vəzifədə də məsuliyyətlə işlədi. Hərbi xidmətdə olanda ali təhsil almaq istəmişdi. Sabiq SSRİ daxilində ali hərbi təhsilin onu haralara aparacağını düşünmədən verdiyi qərardan imtina etmişdi. İndi mülki ali təhsil almağın gərəkliyi düşüncələrinin səmtini dəyişmişdi; Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil oldu. Qiyabi təhsil aldı.

 

O illərdə fəhlə və qulluqçular üçün ən böyük fərqləndirmə amili onun partiya sıralarına qəbul edilməsi idi, o illərdə bu və ya digər vəzifəyə ancaq partiya üzvlərini qəbul edirdilər. İntizamı, sexə bacarıqla rəhbərlik etmə qabiliyyəti onun ən etibarlı zəmanəti oldu - 1974-cü ildə partiya sıralarına qəbul etdilər...

 

Eyvaz Səfər oğlu istehsalat şöbəsinin rəis müavini işlədiyi dövrdə zavodda istehsal coşqusu yaranmışdı. O, buna necə nail olmuşdu? - savadıyla, işçilərlə səmimi münasibətiylə, hər işçiyə fərdi yanaşmasıyla, işçiləri səbrlə dinləməsiylə, irad və təkliflər ətrafında gərəkli düşüncələriylə...

 

Kamera sexində ləngimələr zavodun ümumi məhsuldarlığına təsir göstərirdi. Bu sexə rəhbərliyi Eyvaz Səfər oğluna etibar etdilər. Bu, inam idi. Yeniyetməliyindən inamı sədaqətiylə tamamlamağa öyrənmişdi. Ata öyüdünü də unutmamışdı: Sədaqət insanın bəsirət gözünün işığıdı...

 

Eyvaz Hümbətov nədən başlamağı qətiləşdirmək üçün sexdəki vəziyyəti kimsəyə hiss etdirmədən öyrəndi. Özünəməxsus təhlillər apardı. Nəzəri bilikləri təcrübə ilə daha dinamik səviyyədə uzlaşdırmağı qərara aldı. Az sonra məlum olacaqdı ki, bunlar sexdə əsaslı istehsal dönüşü yaratmaqda ən uğurlu vasitə imiş...

 

Eyvaz qısa müddətdə rəisi olduğu vulkanizasiya sexinin də iqtisadi göstəricilərinin yüksəlməsinə nail oldu...

 

Bu sexlərdə istehsalın səviyyəsinin yüksəldilməsi mexanizmi həm nəzəriyyəyə, həm təcrübəyə, həm də nəzəriyyə ilə təcrübənin vəhdətinə əsaslanılmışdı. Bu, zavodda yeni bir istehsal strukturunun yaradılmasında, müəyyən mənada, vəsilə oldu. 1992-ci ildə zavodda Elm-İstehsal Birliyi yaradıldı. Eyvaz Hümbətov Birliyin direktoru təyin edildi...

 

Böyük tarixi şəxsiyyət Heydər Əliyev qərəzliklə SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsindən uzaqlaşdırılmışdı. O illərdə Azərbaycanda siyasi vəziyyət getdikcə gərginləşirdi. Müdrik şəxsiyyət Moskvada idi, vəzifəsindən uzaqlaşdırılmış ən böyük azərbaycanlı olan Heydər Əliyevin qəlbi Azərbaycanla döyünürdü. Çox az sayda vətəninin gələcəyinə görə narahat olan azərbaycanlı Moskvaya gedib Ulu öndərin tövsiyələrini, azərbaycançılıq naminə dəyərli fikirlərini eşidir, Bakıya strateji fəaliyyət tezisləri ilə qayıdırdı...

 

Ulu Öndər Naxçıvana qayıtdı...

 

Eyvaz Səfər oğlu Hümbətov böyük tarixi şəxsiyyətlə Bakıda görüşdü. Bu görüşü ömrünün ən gözəl günü, ən dəyərli anları bilirdi...

 

Plüralizm dövrü idi, siyasi oyanış dövrü idi... Partiya olaraq Kommunist partiyası tarixdən çıxarılmışdı, yeni partiyalar yaradılırdı.

 

Naxçıvanda yeni (və dünyəvi!) bir partiya yaradıldı. Yaradıcısı böyük tarixi şəxsiyyət Heydər Əliyev! Yeni Azərbaycan Partiyası! Yeni Azərbaycanın, imperiyanın ilhaqından qurtulmuş müstəqil Azərbaycanın partiyası!

 

Bu partiyanın yaradılması çətinliklərlə başa gəlirdi. Gəncəbasarda 11 rayonda YAP-ın ilk təşkilatlarının yaradılmasını böyük tarixi şəxsiyyət Heydər Əliyev Eyvaz Səfər oğluna etibar etmişdi; bu rayonların düşmənlə həmsərhəd olması, Sürət Hüseynovun təsir dairəsində olması belə bir tarixi missiyanın yerinə yetirilməsini çətinləşdirirdi. Eyvaz Səfər oğlu təqib və təhlükələrə belə məhəl qoymadı...

 

Yeni Azərbaycan Partiyasının da öz mətbu orqanı vardı. Eyvaz Səfər oğlu azərbaycançılığın, böyük tarixi şəxsiyyətin ideoloji əsgəri kimi fəaliyyətdə olan özəl müəssisəsinin vəsaitini qəzetin nəşrinin davam etdirilməsinə yönəltdi.

 

Müstəqil Azərbaycan dövlətinə rəhbərlikdə səriştəsizlik düşmənin sərhəd rayonlarda xeyli fəallaşmasına səbəb olmuşdu. Qarabağda olduğu kimi, Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarında da hərbi əməliyyatlar genişləndirilirdi. Ermənistan Gədəbəyin ən iri yaşayış məntəqəsi olan Başkəndlə Şəmkirdə erməniliyin silah-sursat bazası olan Çardaxlını birləşdirmək istəyirdi. Vaxtında duyuq düşmə, siyasi həssaslıq səmərəli oldu. Qazaxın, Tovuzun, Gədəbəyin, Şəmkirin ziyalıları xeyriyyə təşkilatları yaradaraq ermənilərin bu niyyətinin darmadağın edilməsində yardımçı oldular. Şəmkir Xeyriyyə Cəmiyyətinin vəsaiti ilə döyüşən ordu üçün 3 tank, 3 Piyadaların Döyüş Maşını, 3 Zirehli Döyüş Maşını, 3 Qrad, 3 Zenit qurğusu, xeyli miqdarda müxtəlif təyinatlı silah-sursat alındı. Texnikaların Şəmkirə aparılması üçün Müdafiə Nazirliyinin maliyyə imkanı olmadığına görə bu missiyanı da şəmkirlilərin özü yerinə yetirdi. Belə bir gərəkli vətəndaşlıq fəaliyyətində ən çox fərqlənənlərdən biri də Eyvaz Hümbətov oldu.

 

Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının fəxri professoru, Avropa Təbiət Elmləri Akademiyasının (Hanover, Almaniya) akademiki, Türk Dünyası Ağsaqqalları Birliyi (TAİB) İdarə Heyətinin üzvü Sabir Tağıyev dəyərli ziyalı Eyvaz Hümbətov haqqında belə deyir: "Eyvaz müəllimi Şəmkir Xeyriyyə Cəmiyyətinin yaradılmasında, cəmiyyətin maliyyə fondunun təşkilində əlindən gələni əsirgəmir. Onun Gəncəbasar zonasında Heydər Əliyev ideyalarının aparıcı təbliğatçılarından biri kimi YAP-ın ilk təşkilatlarının yaradılmasında əvəzedilməz əməyi olub. Milli Park onun təşkilatçılığı və rəhbərliyi ilə salınıb. TAİB İdarə heyətinin üzvü kimi böyük işlər görür. Birliyin tədbirlərinin hazırlanmasında, keçirilməsində, aparılan təbliğat işlərində öncüllərdəndir, gənclərə dəyərli məsləhətlər verməyi özünün mənəvi borcu bilir. Bütün fəaliyyətini nəzərdən keçirəndən sonra qərara gəldim ki, Şəmkir Xeyriyyə Cəmiyyətinin təşəbbüsu ilə Türk Dünyası Turan Elmləri Akademiyasının "fəxri professoru" adınının verilməsi üçün namizədliyini irəli sürüm. Təşəbbüsüm Türk Dünyası Turan Elmləri Akademiyasının Rəyasət Heyəti tərəfindən bəyənildi, ona "fəxri professoru" adı verildi. Diplom TAİB-in toplantısında təqdim edildi. İnanıram ki, Eyvaz müəllim bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edəcək, gənc nəslin layiqli hami - tərbiyəçisi kimi onların yaxın dostu və köməkçisi olacaqdır".

 

1996-cı ildə idarənin bazasında iki trest yaradıldı. Eyvaz Hümbətov Bakı şəhər Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin 2 saylı Yaşıllaşdırmanın İstismarı Trestinin rəisi təyin edildi. Bakının ən böyük rayonları - Xətai, Nizami, Sabunçu, Əzizbəyov (indiki Xəzər rayonu) və Suraxanı rayonlarında gedən yaşıllaşdırma və abadlıq işləri 2 saylı Yaşıllaşdırmanın İstismarı Tresti tərəfindən aparılırdı.

 

Sabunçu rayonunda "Heydər parkı"nın açılışı oldu. Yeni yaradılmış Şəhidlər xiyabanında abadlıq işləri başa çatdırıldı. Suraxanı rayonunun Hövsan qəsəbəsində "Yeddi gözəl" bulağı və Tofiq Bayram adına bağ, Aeroport yolunun üstündə "Qızıl buğda", Əmircanda "Yeddi qoç" və "Qartal kompleksi"nin ətrafı abadlaşdırıldı, çəmənzara çevrildi. Suraxanıda "Qələbə" parkının açılışı oldu. Bünövrəsi Nobel qardaşları tərəfindən Qaraçuxurda qoyulan parka yenidən həyat verildi. Qaraçuxur qəsəbəsi ilə Hövsan arasındakı "At abidə"si ətrafında bağ salındı.Xəzər rayonunda Şəhidlər xiyabanı abadlaşdırıldı, bağ istifadəyə verildi.

 

1998-ci il dekabrın əvvəllərində Bakı şəhər  Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin 1 saylı Yaşıllaşdırmanın İstismarı Trestinin rəisi təyin edilən Eyvaz Hümbətovun rəhbərliyi altında Fəxri xiyabanda və Şəhidlər xiyabanında xeyli abadlıq işləri həyata keçirildi və demək olar ki, bu xiyabanlar yenidən quruldu.

 

1998-ci il dekabrın 29-da Heydər Əliyevin Fərmanı ilə Dənizkənarı bulvara Milli Park statusu verildi. Ölkə başçısının "Dənizkənarı bulvara milli park statusu verilməsi haqqında" fərmanından irəli gələn problemlərin həlli və bulvarın yenidən qurulmasının təşkili məqsədilə 1 saylı Yaşıllaşdırmanın İstismarı Trestinin rəisi Eyvaz Hümbətovun sədrliyi ilə Milli parkın ləğvetmə komissiyası yaradıldı. Bu komissiyanın rəhbərliyi altında həmin dövrdə aparılan məqsədyönlü işin nəticəsində Bakı şəhərinin planlı yaşıllaşdırılması bu gün də uğurla davam etdirilir.

 

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilən Eyvaz müəllim bu gün də gənclik həvəslə çalışır, illərlə qazandığı təcrübəni xalqına, elinə-obasına verir.

 

Eyvaz Səfər oğlu dumduru ömür yaşayır. Bu dəyərli ömür işığını həm də böyük tarixi şəxsiyyətin azərbaycançılıq işığından bəhrələnməklə yaşanılıb, yaşanılır...

 

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

 

525-ci qəzet.- 2022.- 12 may.- S.15.