Muzeylər - milli və
bəşəri incilər xəzinəsi
Azərbaycanın muzeyləri ölkəmizin
muzey sərvətlərinin
qorunub saxlandığı
dövlət xəzinəsidir. Bu gün Azərbaycan incəsənətinə göstərilən
marağın artması,
mədəniyyət abidələrinin,
incəsənət əsərlərinin
qorunması və təbliği, mədəniyyət
və incəsənət
xadimlərinin beynəlxalq
miqyasda qazandığı
böyük uğurlar
onu göstərir ki, Azərbaycanın milli incəsənəti ümumbəşər mədəniyyətinin
tərkib hissəsi kimi daim və
yüksək inkişafdadır.
Bu inkişaf ondan
irəli gəlir ki, Azərbaycan incəsənət sahəsində
dövlət qayğısı
milli zəminə, ümumbəşəri dəyərlərə
əsaslanır. Mədəni sərvətlərin saxlanılması,
qorunması və təbliği sahəsində
muzeylərin fəaliyyəti
zəruri və danılmazdır. Muzey tarixi,
maddi və mənəvi dəyərlərin
nümayiş edildiyi,
qorunduğu, saxlandığı
və öyrənildiyi
müəssisədir. Muzey zamanın "yaşadığı"
hər şeyi saxlayır, öyrənir və nümayiş etdirir. Muzey mədəni və
tarixi bir fenomendir. Əvvəllər bu anlayış
elm və incəsənət
əşyalarının kolleksiyasını
ifadə edirdi. Sonralar, XVIII əsrdə eksponatların
yerləşdiyi bina da nəzərdə tutulurdu. XIX əsrdən
isə muzeylərdə
elmi-tədqiqat işlərinin
aparılması da bura aid edilir. 1946-cı ildə mədəni irsin, muzeylərin fəaliyyətinin
inkişafı və müdafiəsi üçün
Beynəlxalq Muzeylər
Şurası yaradılıb.
Muzeylər keçmiş dövrlərin
irsini və tarixi yaddaşı qoruyan "etibarlı"
müəssisələrdir. Bizim həyatımızda
muzeylərin böyük
əhəmiyyəti var. Muzeylərdə
tarix və cəmiyyət sintez halında əks olunur. Dünyada çoxlu müxtəlif
tematik muzeylər və sərgilər fəaliyyət göstərir.
Əhəmiyyətindən asılı olmayaraq,
onlar tamaşaçılara
öz ekspozisiyası ilə tanışlığı
təqdim edir, rəssam, heykəltəraş,
tarixi dövr, ölkə haqqında müəyyən fikir formalaşdırmağa kömək
edir. Muzey eksponatları isə
müxtəlif xalqların
mədəniyyətində baş verən hadisələrin və proseslərin əyani göstəricisidir. Həmçinin, onlar tarixi dövrlər
arasında əlaqə
rolunu oynayır, keçmişdən müasir
zamana inteqrasiya edirlər. Beləliklə, eksponatlar keçmişlə
müasirlik arasında
oxşar və fərqli cəhətləri
görməyə, müqayisə
etməyə imkan verir. Belə ki, muzey eksponatları əsasında
tarixi-mədəni prosesləri
modelləşdirmək imkanı,
o cümlədən, keçmiş
dövrün mühitini
tam təsəvvür etmək
və yeni biliklər əldə etməyə imkan verir. Muzey kolleksiyaları insanın
dünyagörüşünü, onun incəsənətə
baxışını, estetik
zövqünü və
bədii fəaliyyəti
formalaşdırır. Mədəni irsin əyaniliyi və konkretliyi təhsil sahəsinə də təsir edir: sistematik biliklər daha tez qavranılır,
mənimsənilir. Muzey eksponatların
tərbiyəvi funksiyası
isə ondan ibarətdir ki, onlar keçmişə hörməti reallaşdırır,
vətənpərvərlik hissini inkişaf etdirir, tarixi yaddaşı möhkəmləndirir
və mənəvi dəyərlərə yönəldir.
Muzey eksponatların kommunikativ funksiyası da böyük əhəmiyyətə malikdir:
müxtəlif mədəniyyətlərin
cəmiyyətdə formalaşmasına,
konfessiya, nəsillər
arasında qarşılıqlı
əlaqənin qurulmasına
kömək edir.
Dünya təsviri incəsənətinin
unikal kolleksiyası olan yüzlərcə, minlərcə muzey vardır. Özünün
sənət əsərləri,
abidələri ilə
ən məhşur və zəngin muzeylər sırasına Luvr, Britaniya muzeyi, Teyt Modern qalereyası, Metropoliten-muzey,
Uffitsi qalereyası, Ermitaj, Prado, Tretyakov qalereyası, Madam Tüsso
muzeyi və sair daxildir. Yuxarıda qeyd etdiyimiz və digər tarixi-arxeoloji, incəsənət,
bir sözlə, bədii muzeylərdə tarixin müxtəlif dövrlərini əhatə
edən bir çox şah əsərlər nümayiş
olunur. Lakin onların hamısını
tamaşaçı seyr
edə bilmir. Məsələn, Böyük
Britaniyada Teyt Modern qalereyasında tamaşaçıların
nəzərinə sənət
əsərlərinin yalnız
20%, Tretyakov qalereyasında
- 10 faiz, Amerika Birləşmiş Ştatlarında
Solomon Quggenhaym incəsənət
muzeyində isə cəmi 1 faiz təqdim olunur. Sənət əsərlərinin "gizlədilməsinin"
səbəblərindən biri
odur ki, onları ölçülərinin
böyüklüyünə görə, zallarda və yaxud sərgilərdə
yerləşdirmək qeyri-mümkün
olur. Məsələn, Nyu-York Müasir
İncəsənət Muzeyində
Pablo Pikassonun yalnız
21 əsəri nümayiş
olunur. Böyük rəssamın kolleksiyası
isə muzeydə
1220-dən çox eksponatdan
ibarətdir. Ermitaj və
Britaniya muzeyi belə problemlə tez-tez üz-üzə qalır. Sənət əsərləri üçün kifayət
qədər məkan olmadığından problemi
vitrin və seyfləri əvəz edən, açıq fondlar vasitəsi ilə həll edirlər. Beləliklə, muzeylər çalışır
ki, dünya incəsənət əsərlərini
tamaşaçılara nümayişi
genişləndirsin. Digər səbəb
isə, muzeylərdə
çox qiymətli və qədim sənət əsərlərini
rütubət və nəmişlikdən qorumaq
üçün zallarda,
xüsusi qayğı
tələb edən eksponatları, müəyyən
səviyyədə saxlanmasıdır.
Bu cür tədbirlərdə
uzun müddət sənət əsərlərinin
geniş tamaşaçı
auditoriyasına göstərilməsi
məhdudlaşdırılır. Məsələn, Albrext Dürerin "Dovşan"
əsəri 2014-cü ildə
Vyanada Albert Bədii qalereyasında on il
fasilədən sonra nümayiş edilib. Çünki ekspozisiyadan sonra
əsərin uzun müddət bərpası
baş verirdi. Bu
onunla əlaqədardır
ki, qrafik işlərin yaxşı
vəziyyətdə saxlanılması
məqsədi ilə,
demək olar ki, 3 aydan çox
nümayiş olunmur və bir neçə
müddət (təqr.
1,5 il) xüsusi
şəraitdə qorunur.
Bu vasitələrin sayəsində muzeylər
çalışır ki,
sənət əsərlərinin
orijinal simasını
gələcək nəsillər
üçün qorusun,
mühafizə etsinlər.
Dövlət mədəniyyət sistemi
dövlətə məxsus
mədəniyyət sərvətlərindən,
bu sərvətlərin
və milli incəsənətimizin inkişafı,
mühafizəsi, təbliği
və artırılması
ilə məşğul
olan mədəniyyət
müəssisələri şəbəkəsindən
və digər mədəniyyət təsisatlarından
ibarətdir. İncəsənət
sərvətləri içərisində
muzey müəssisələrinin
özlərinə məxsus
təsir mövqeləri
olub, müxtəlif tarixi dövrlərdə ayrı-ayrı hadisə və bədii cərəyanların, cəmiyyətlərin
birliklərin yaranması
mənbəyinə çevrilib,
ümumi inkişafa təkan verib, bədii yaradıcılıq
nümunələrinin qoruyucusu
və gələcək
nəsillərə ötürülməsi,
eyni zamanda onların tədqiqi mənbəyi olub.
Qeyd edim ki, bu gün
müasir incəsənət
muzeyinin missiyası sərgi məkanından və ya fondundan
daha əhəmiyyətlidir. Muzeylərə, mədəniyyət mərkəzlərinə
ehtiyac yarandığından
onun fəaliyyət sahələrinin genişlənməsi
ilə bağlı tendensiya müşahidə
olunur. Muzey cəlb etmək,
məlumatlandırmaq, dünyagörüşü
artırmaq, eyni zamanda yüksək mədəni statusu saxlamaq məqsədini daşıyır. Müasir incəsənət
muzeylərinin məkanı
ziyarətçilər üçün
yeni imkanlar açan yaradıcı, kreativ platformadır.
Müasir muzey davamlı
inkişafda olan, yüksək məlumat və emosional fəaliyyət gücünə
malik bir məkan kimi qəbul edilir. Ölkələrin bir çoxunda
müasir incəsənət
muzeyləri fəaliyyət
göstərir. Adından aydındır
ki, belə muzeylərdə əsasən
müasir dövrün
sənət nümunələri
saxlanır. Müasir incəsənət
muzeylərində modern, avanqard
və digər müasir cərəyanların
nümayəndələrinin əsərləri mühafizə
olunur. İlk müasir muzeylərdən
biri Nyu-York Müasir İncəsənət
Muzeyidir. Muzey 1929-cu ildə
Alfred Hamilton Bar tərəfindən yaradılıb (amerikalı
incəsənət tarixçisi
Alfred Bar muzeyin ilk müdiri
və təşkilatçısı
olmuşdur). Qeyd edək
ki, muzeyin sərgi məkanı daima genişlənir.
Muzeyin kolleksiyasında 200 mindən
çox məşhur
rəssamların əsərləri
saxlanılır.
Müasir İncəsənət Muzeyləri haqqında danışarkən Azərbaycanda yerləşən Müasir İncəsənət Muzeyini xüsusilə qeyd etməliyik. Bu möhtəşəm bina həm oradakı sənət əsərləri, həm də muzey binası ilə məşhurdur. Azərbaycan müasir incəsənətini əhatə edən muzey Bakıda yerləşir. Müasir İncəsənət Muzeyi Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb. Müasir İncəsənət Muzeyi 2009-cu ildə açılmışdır. Muzeyin dizaynı məşhur rəssam Altay Sadıxzadəyə məxsusdur. Muzeyin ağ binasını da avanqard üslubunda sənət əsəri hesab etmək olar. Muzey ekspozisiyası nəinki zallara aiddir, həm də binanın xaricinə də təcəssüm edir: "Fəza saatı", "Külək", "Rəqs", "Kometa" adlı müasir incəsənət nümunələri və avanqard heykəltəraşlıq işləri yer alır. Muzeyin açıq konsepsiyası tamaşaçılara müxtəlif planlı və qeyri-adi işlərlə əyani tanışlığa imkan verir.
Müasir İncəsənət Muzeyi ekspozisiyasının əsasını XX əsrdən bu günə qədər Azərbaycan rəssam və heykəltəraşlarının əsərləri təşkil edir. Sənətkarlardan Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov, Mikayıl Abdullayev, Tağı Tağıyev, Hüseyn Əliyev, Nadir Əbdürrəhmanov, Oktay Sadıqzadə, Böyükağa Mirzəzadə, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Tokay Məmmədov, Ömər Eldarov və başqalarının qiymətli əsərləri toplanıb. Digər zalda qərb incəsənətinin nümayəndələrinin əsərləri sərgilənir: Salvador Dali, Mark Şaqal, Pablo Pikasso və digərləri.
Bu gün muzeylər mədəniyyətə böyük töhfə verən müəyyən sosial-mədəni ünsiyyət mexanizmi kimi öz funksiyalarını həyata keçirir. XXI əsrdə müxtəlif mədəniyyətlərin inteqrasiyası, ideal və dəyərlərin formalaşması prosesi intensiv şəkildə davam edir, eyni zamanda milli-mədəni xüsusiyyətlərə, dəyərlərə xüsusi diqqət yetirilir.
Məhz muzeylərdə bəşəriyyət
xəzinələrini saxlayır, onların yaşı bəzən
bəşəriyyətin yaşından da
çoxdur. Nə yaxşı ki, əcdadlarımız bir
vaxtlar ekspozisiyaları qoruyub-saxlayıb, bununla da gələcək
nəsillər tarixi irsimizlə
tanış etmək imkanı qazanıblar. Dünya mədəniyyətində
bəşəriyyətin topladığı və müqəddəs
saxladığı dəyərlərə müraciət fərdin
mədəni-tarixi məkana daxil
olmasını nəzərdə tutur ki, bu da
onun özünü mədəniyyət
subyekti kimi dərk etməsinə
zəmin yaradır.
Ləman
MƏMMƏDOVA
Naxçıvan
Müəllimlər İnstitutunun dosenti
525-ci qəzet.- 2022.- 12 may.- S.12.