Böyük Qayıdış üçün çəkilən əbədi
yollar
BU
İRİMİQYASLI PROSESDƏ FÜZULİ RAYONU
XÜSUSİ YER TUTUR
İşğalçı Ermənistana qarşı Vətən müharibəsindəki parlaq
Zəfərimizdən sonra
azad edilən torpaqlarımıza Böyük
Qayıdış hazırda
xalqımızın və
dövlətimizin qarşısında
dayanan ali,
müqəddəs vəzifəyə
çevrilib. Bir tərəfdən
işğaldan azad olunan ərazilərdə minalardan təmizlənməsi
prosesi gedir. Digər tərəfdən
isə yollar çəkilir, su və elektrik xətləri bərpa edilir, dağıdılan şəhərlərimizin, qəsəbə və kəndlərimizin təməli
yenidən qoyulur. Bir sözlə, bu gün Azərbaycan hökuməti Böyük
Qayıdışa ciddi
şəkildə hazırlıq
görür. Qarabağın hər guşəsində
sürətli quruculuq
işləri davam etməkdədir.
Ötən müddət ərzində
işğaldan azad edilən ərazilərimizdə
çox mühüm işlər həyata keçirilib. Çoxsaylı infrastruktur layihələri
icra olunub, körpülər, yollar, stansiyalar tikilib, yaşayış massivləri
salınıb, hava limanları inşa edilib.
İşğaldan azad olunan ərazilərdə
tikinti quruculuq işlərinin aparılması
üçün ilk növbədə
yolların yenidən çəkilməsi, körpü
və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıdığı
üçün Prezident
İlham Əliyevin tapşırığına əsasən
müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində
genişmiqyaslı tikinti
işləri həyata
keçirilir.
İlk olaraq 44 günlük qələbəmizin simvolu
sayılan tikintisi bir ilə başa
çatdırılan "Zəfər
Yolu" ötən il istifadəyə
verilib.
Hazırda işğaldan azad olunan ərazilərdə daha 15 avtomobil yolunun tikintisi davam etdirilir.
Bunlardan biri Füzuli-Hadrut avtomobil yoludur. Bu il istifadəyə verilməsi planlaşdırılan
Hadrut-Tuğ-Azıx mağarası
avtomobil yolunun uzunluğu isə 22 kilometrdir. Həmçinin, Kəlbəcər və Laçın rayonları ərazisində
yol infrastrukturunun tikintisi sürətlə davam edir. Laçın şəhərinə daxil
olmadan yeni avtomobil yolunun tikintisinin bu il başa
çatdırılması nəzərdə tutulub. 2023-cü ildə
istifadəyə veriləcək
Uzunluğu 70,4 kilometr olan Xudafərin-Qubadlı-Laçın
avtomobil yolunun tikintisi davam edir.
Uzunluğu 39,7 kilometr olan birinci texniki
dərəcəli yol
4 hərəkət zolaqlı
Şükürbəyli-Cəbrayıl-Hadrut
avtomobil yolu da gələn il istifadəyə veriləcək. Ağdam-Füzuli
avtomobil yolunun uzunluğu isə 64,8 kilometrdir. I texniki dərəcəli,
4 hərəkət zolaqlı
yolda torpaq işləri icra olunub.
Uzunluğu 81,6 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun tikinti 2024-cü ildə başa çatdırılacaq.
Tikintisi
2024-cü ildə başa
çatdırılacaq Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
yeni avtomobil yolunun uzunluğu 123,6 kilometrdir. 2025-ci ildə istifadəyə veriləcək Kəlbəcər-Laçın
avtomobil yolunun uzunluğu isə 72,3 kilometrdir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun
çəkilməsi istiqamətində
ciddi işlər görülür. Sözügedən yol Göygöl rayonunun Toğanalı kəndindən keçəcək.
İşğaldan azad olunan kənd
və şəhərlərin
elektrik enerjisi ilə təchiz olunması istiqamətində
də ciddi işlər görülür. Bölgənin Azərbaycanın ümumi
enerji sisteminə qoşulması, dayanıqlı
və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün
yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir.
Paralel olraq işğaldan azad olunan ərazilərin
proqrama uyğun qazlaşdırılması işi
də uğurla həyata keçirilir.
İşğaldan azad olunan ərazilərdə
"Azərsu" ASC tərəfindən
içməli su təchizatının yaxşılaşdırılması
istiqamətində də
müvafiq işlər
görülür.
Böyük Qayıdışın təmin
edilməsi, 30 ilə yaxın müddətdə
doğma yurd-yuvalarına
qovuşmaq arzusu ilə yaşayan insanların tez bir zamanda işğaldan
azad olunan ərazilərə köçürülməsi
üçün hazırda
burada genişmiqyaslı
bərpa və infrastruktur quruculuğu işləri həyata keçirilir. Bu ərazilərdə
yaşayış kompleksləri,
xəstəxana, məktəb
binaları tikilir.
Hazırda işğaldan azad olunan Füzuli rayonunda da yenidənqurma,
tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Bölgədə görülən işlər sırasında,
qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilib.
Füzuli Memorial Kompleksi və Füzuli şəhərinin
təməli, rayonun Dövlətyarlı kəndində
"Ağıllı kənd"
konsepsiyası əsasında
yaradılacaq böyük
yaşayış məntəqəsinin
əsası qoyulub. Bu layihənin
beş kəndi
birləşdirməsi, ümumilikdə
750 evin tikintisi nəzərdə tutulub.
Zəngilanın Ağalı kəndində
də "Ağıllı
kənd" in inşası
davam edir. Birinci "Ağıllı
kənd" pilot layihəsi
Zəngilanın 1-ci, 2-ci, 3-cü
Ağalı kəndlərini
əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılır:
yaşayış, istehsal,
sosial xidmətlər,
"ağıllı kənd
təsərrüfatı" və alternativ enerji sahələri.
Millət vəkili Ceyhun Məmmədov vurğulayıb
ki, hazırda Azərbaycan xalqı Böyük Qayıdış
dövrünü yaşayır. Prezident İlham
Əliyevin rəhbərliyi
ilə işğaldan
azad olunan ərazilərdə böyük
bərpa və quruculuq işləri sürətlə həyata
keçirilir. İşğaldan
azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təmizlənib, elektrik və su təchizatı
yüksək səviyyədə
həyata keçirilib,
dəmir və avtomobil yollarının çəkilişinə başlanılıb:
"Qarabağa qayıdış,
bu prosesin iştirakçısı və
tərkib hissəsi olmaq həqiqətən çox qürurvericidir. Qarabağdan olan iş adamları bu prosesə töhfə verməyə
hazırdırlar. Prezident siyasətinə
önəmli yer tutan məsələlərdən
biri də milli-mənəvi dəyərlərimizə
diqqət və qayğıdır. Bərpa işlərinin
tərkib hissəsi olan Ağdam Cümə məscidində
bərpa işləri
sürətlə aparılır.
Tezliklə bu məscid
də bərpa olunaraq dindar vətəndaşlarımızın istifadəsinə veriləcək.
Proseslərin gedişatı göstərir
ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq
və abadlıq işləri çox sürətlə aparılır.
Tezliklə insanlarımız öz doğma yurdlarına qayıdacaqlar.
Bu ərazilər dünyanın ən abad və gözəl
bölgələrindən birinə
çevriləcək. Prezident İlham Əliyevin əsas hədəf və məqsədi də budur".
Millət vəkili Kamran Bayramov deyir ki, Prezident İlham
Əliyev ölkədə
hərtərəfli islahatların
genişləndirilməsinə verdiyi önəmlə, xüsusilə, regionların
sosial-iqtisadi inkişafına
nail olmaqla Azərbaycanı
regionun ən qüdrətli dövlətinə
çevirib. 44 günlük Vətən
müharibəsində parlaq
Qələbəmizdən sonra
ölkəmiz yeni dövrə qədəm qoyub. İşğaldan
azad edilən torpaqların bərpası
və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində artıq
tədbirlərin həyata
keçirilməsinə başlanıb:
"Hazırda Prezident
İlham Əliyevin dediyi kimi, əsas
hədəf Qarabağı
dünyanın ən gözəl bölgələrindən
birinə çevirməkdir.
Məlumdur ki, işğaldan
azad edilmiş ərazilərimizdə böyük
kommunikasiya-infrastruktur layihələri
həyata keçirilir.
Zəngilan ərazisinin beynəlxalq
əhəmiyyəti çox
böyükdür. Zəngilan rayonunun ərazisindən
keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan
Muxtar Respublikası ilə birləşdirəcək,
eyni zamanda, beynəlxalq yükdaşımaları
üçün istifadə
olunacaq. Bir zamanlar işğal
dövründə ermənilər
də Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi.
Həmin
bu yol Zəngilandan
keçməli idi.
Onların bu ümidləri
də gözlərində
qaldı. Bu gün Zəngilandan
Qubadlıya və Qubadlıdan Laçına
bir çox zolaqdan ibarət yollar çəkilir. Bu yollar Şərqi
Zəngəzur iqtisadi
rayonları arasında
birləşməni təmin
edəcəkdir. Eyni zamanda,
Horadizdən Ağbəndə
gedən dəmir yolunun inşası sürətlə aparılır.
Bu dəmir yolu
həm vətəndaşlar
üçün, həm
də beynəlxalq yükgöndərənlər üçün
çox əlverişli
bir infrastruktur olacaq".
K.Bayramovun sözlərinə görə, işğaldan azad olunan torpaqlarımızda əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək, həmin ərazilərin müasir və abad yaşayış mühitinə çevrilməsi məqsədilə artıq bərpa-quruculuq prosesinə diqqətlə, koordinasiya olunan tərzdə, vahid mərkəzdən idarə edilərək başlanılıb: "İşğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Xalqımız, eləcə də bütün dünya bu ərazilərdə böyük sürətlə aparılan misilsiz yeniliklərin şahididir. Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, "ağıllı" şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq. Yaxın zamanlarda Azərbaycan işğaldan azad etdiyi torpaqlarda ilk məskunlaşma prosesinə start verəcək. Zəngilan rayonunun Ağalı kəndlərində inşa edilən ilk "ağıllı kənd"ə əhalinin köçürülməsi üçün hər şey hazırdır. Bu, birinci pilot layihədir".
K.Bayramov vurğulayıb ki, ümumən işğaldan azad edilən ərazilərimiz Azərbaycan iqtisadiyyatına bərpa və yenidənqurma prosesindən sonra təxminən 5 milyard manata yaxın yeni dəyər qazandıracaq: "İnfrastrukturun qurulması və məskunlaşma prosesindən sonra artıq işğaldan azad edilən ərazilərimizin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesi başlayacaq. Bu da təbii ki, iqtisadiyyatımızın inkişafı baxımından vacib amil hesab olunur. Bu rayonların böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada heyvandarlıqla genişmiqyaslı məşğul olmaq olar".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 12 may.- S.6.