Qədim incəsənətimizin cəfakeş
tədqiqatçısı
Müsahibələrinin birində o, belə deyirdi: "Nəşriyyatlar qədim
mədəniyyət və
incəsənətimiz haqqında
tez-tez, böyük tirajla kitablar çap etməlidir... Jurnallar və qəzetlər isə öz səhifələrində qədim
və müasir incəsənətimizə doğma
münasibətlə yer
versəydilər, bu işə xidmət edərdilər". Söhbət Azərbaycan sənətşünaslıq
elminin tanınmış
alimlərindən olmuş,
sənətşünaslıq doktoru Nəsir Rzayevdən gedir.
Nəsir
İsmayıl oğlu
Rzayev (1919-1998) Bakı şəhərində anadan
olub. İncəsənətə maraq onda lap
kiçik yaşlarından
formalaşmağa başlayıb.
Onun babası Mirzə Fərəc dövrünün
tanınmış tarzəni,
bacısı Əməkdar
incəsənət xadimi
Ağabacı Rzayeva Azərbaycanın ilk qadın
bəstəkarı olub.
N.Rzayev ali
təhsilini Azərbaycan
Dövlət Universitetində
yeni açılmış
"İncəsənət şöbəsi"ndə alıb
(1946-1951). O, 1954-cü ildən ömrünün sonuna kimi AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda
uğurlu fəaliyyət
göstərmişdi. N.Rzayev
Tiflis Dövlət Universitetində
"Qafqaz Albaniyasının
bədii keramikası"
mövzusunda namizədlik
(1962), "Qədim dövrlərdən
XVIII əsrə qədərki
Qafqaz Albaniyası incəsənəti" mövzusunda
isə doktorluq (1968) dissertasiyalarını uğurla
müdafiə etmişdi.
N.Rzayevin
Azərbaycan incəsənətinin qədim dövrləri ilə bağlı aparmış olduğu əhatəli araşdırma
və tədqiqatları,
elmi mülahizə və fikirləri mütəmadi olaraq
"AMEA-nın Xəbərləri",
AMEA-nın "Məruzələri",
"Elm və həyat",
"Qobustan", "Ədəbiyyat
və incəsənət"
və digər nüfuzlu elmi toplu, jurnal və
qəzetlərdə dərc
edilib. Onun elmi fikir və qənaətləri
sənətşünas alim
və tədqiqatçıların
rəğbətini qazanıb.
N.Rzayevin "Qafqa Albaniyasının bədii
keramikası" (rus
dilində,1964), "Qafqaz Albaniyasının
incəsənəti" (rus
dilində, 1976), "Əsrlərin
səsi" (1974), "Möcüzəli
qərinələr" (1984), "Qayalar danışır"
(1985), "Əcdadların izi ilə" (1992), "Azərbaycan incəsənətinin
şəfəqi" (rus
dilində, 1993) adlı
yüksək elmi əhəmiyyət kəsb
edən kitabları nəşr olunub. O, həmçinin incəsənət
istiqaməti üzrə
təhsil alan tələbələr üçün
"Azərbaycan incəsənəti"
(1977) adlı
dərs vəsaitinin və AMEA-nın Memarlıq və İncəsənət İnstitutu
tərəfindən hazırlanaraq,
nəşr olunması
nəzərdə tutulan
üç cildlik
"Azərbaycan incəsənəti"
kitabının həmmüəlliflərindən
olub.
N.Rzayev bütöv
şurlu həyatını
Azərbaycan incəsənətinin
tədqiqinə və
araşdırılmasına həsr etmişdi. Alimin nəşr
olunmuş kitablarında
incəsənətimizin qədim
dövrünü əhatə
edən məsələlər
müəllif tərəfindən
ilk dəfə araşdırılaraq
elm aləminə dövr
edilmiş, müfəssəl
və dərin elmi mülahizələr şəklində əks olunub. N.Rzayev sözün əsl
mənasında sənətşünas
alim və vətənpərvər şəxs
idi. Sovetlər dönəmində alim uzaqgörənliyi ilə Şimali və Cənubi Azərbaycan ərazisində arxeoloji qazıntılar nəticəsində
aşkar olunmuş maddi mədəniyyət nümunələrinin əhatəli tədqiqi
və təhlili nəticəsində irəli
sürdüyü dəlil
və sübutlar onun fədakar elm xadimi olmasından xəbər verir. N.Rzayevin qədim Azərbaycan dövlətləri
Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası incəsənətinin ayrı-ayrı
sahələrinə, həmçinin,
Qobustan qayaüstü
incəsənətinə dair
nəşr olunmuş
kitabları bu gün nəinki öz elmi əhəmiyyətini
qoruyub saxlayır, həmçinin özünün
elmi konseptuallığı
baxımından inkişaf
etdirilməsi aktuallığını
daşıyır. N.Rzayev "Qafqaz
Albaniyasında qədim
türk mədəniyyətinin
izləri" (Azərb
SSR EA-nın Məruzələri.
1965, N-9) adlı elmi məqaləsində sübut
etməyə çalışmışdı
ki, türk qəbilələrindən olan
hunların Azərbaycana
ilk gəlişi tunc dövrünə (e.ə.
X əsrə) təsadüf
edir. Məqalədə qədim türk
qəbilələrinin Azərbaycanda
çox qədim zamandan sakin olduğunu göstərən
linqvistik, toponimik, etnoqrafik, arxeoloji və sair məlumatlar
da oxuculara çatdırılır. Bundan əlavə, Azərbaycan xalqının mənşəyinə
dair bir sıra aktual məsələlər də
irəli sürülür.
N.Rzayev olduqca təvazökar adam olub.
Onun nəşr olunmuş yeddi kitabının heç birində həmkarlarının ön
sözlərinə rast
gəlmirik. N.Rzayevin
həyatı və elmi yaradıcılığı
haqqında AMEA-nın
müxbir üzvü,
sənətşünaslıq doktoru, professor Cəfər
Qiyasinin "Qafqaz Albaniyasının incəsənəti"
("Qobustan" jurnalı,
1978 ¹2), sənətşünaslıq namizədi Nadir Zamanovun
"Elmin çətin
yollarında" ("Ədəbiyyat
və incəsənət"
qəzeti, 26.10.1979) və Əməkdar incəsənət
xadimi, şair Ramiz Heydərin "Qərinələr bələdçisi"
("Ədəbiyyat və
incəsənət" qəzeti,
11.05.1990) adlı məqalələri
dərc olunub.
C.Qiyasi yazırdı: "Qədim
Azərbaycan bədii sənətkarlığını kompleks metodla öyrənməklə N.Rzayev
ilk dəfə olaraq Qafqaz Albaniyası ərazisində incəsənətin
başlıca növlərini
tədqiq etmiş, bədii mədəniyyətin
tarixi inkişafını
ümumiləşdirmişdir. Qədim mədəniyyət
və incəsənətin
inkişaf mənzərəsini
dolğun bərpa etmək üçün alim qədim dünya ölkələri
(Orta Asiya, Şərqi Türküstan,
İran, Volqaboyu, Bizans, Yunanıstan və s.) ilə mədəni əlaqələrə,
müqayisəli təhlilə
geniş yer vermiş, bədii yaradıcılığın qədim
inamlarla (dini pərəstiş, totemə,
əcdada və müxtəlif ruhlara tapınma, Avesta ideyaları və s.) sıx bağlılığının
elmi əsaslarını
üzə çıxarmışdır".
"O, sənətşünaslığımız tarixində ilk dəfə
olaraq keramik nümunələr ilə
bədii metal və şüşə nümunələri
arasındakı qarşılıqlı
estetik cəhətləri,
plastik fiqurların, habelə oyma sənətinin mənşəyini,
nəfis formaların metamarfozası və semantikasını, etnogenezes
və s. məsələlərini
araşdırmışdır. N.Rzayevin elmi-publisistik əsərlərində qədim
dövrlərin ideologiyası,
tarixi nəzəri məsələləri və
din tarixi ilə də maraqlanaraq təsviri (piktoqrafiya) mədəniyyətimizin eramızdan
əvvəl IV minillikdən
başlandığını müəyyənləşdirmiş, xüsusən, Qobustan qaya təsvirlərinin ovçuluq təsərrüfatı
ilə bağlılığını
aşkara çıxarmışdır"
- deyə sənətşünaslıq namizədi
Nadir Zamanov vurğulayırdı.
Şair Ramiz Heydər alimin 70 illik yubileyi ilə bağlı dərc olunmuş "Qərinələr
bələdçisi" adlı
yazısında "N.Rzayev
bir insan kimi sadədir: ürəyi bulaq suyu kimi şəffaf
və nurludur, xeyirxah ideyalar qaynağıdır. Təbiətən həssas və
kövrəkdir. Bir
çox haqsız məhrumiyyətlərlə onun
iradəsini qıra bilməyiblər: tutduğu
yoldan döndərə
bilməyiblər" - yazırdı.
Təqdirəlayiq haldır ki, sənətşünas alim
N.Rzayevin 100 illik yubileyi ilə əlaqədar, 2019-cu ildə
onun "Əsrlərin
səsi", "Möcüzəli
qərinələr" və
"Qayalar danışır"
adlı kitabları bir kitab şəklində,
latın qrafikası ilə nəfis şəkildə nəşr
olundu. "Qayalar danışır" adlı
kitab S.Mümtaz adına Dövlət
Ədəbiyyat və
İncəsənət Arxivində
mühafizə olunan alimin həyat və fəaliyyətinə
aid arxiv materialları
əsasında yenidən
nəşr edilib. Vaxtilə ixtisarlara məruz qalmış bəzi hissələr fondun materialları əsasında
orijinalda olduğu kimi verilib. N.Rzayev 10 iyul 1985-ci ildə kitabın əlyazmasında yazırdı:
"Möcüzəli qərinələr"
kitabının bu əlyazmasındakı "Fonetik
yazılar", "Qədim
Azərbaycanda günəşə
pərəstiş", "Kuşan mədəniyyəti
və Azərbaycan"
hissələri ixtisar
edilmiş və ona görə də kitaba daxil edilməmişdir".
Artıq bu gün nəşr olunmuş latın
qrafikalı nəfis kitabda həmin məqalələr öz layiqli yerini tapmışdır.
Bütün həyatını Azərbaycan
incəsənətinin qədim
dövrlərini araşdırıb,
tədqiq etməyə
həsr etmiş, özündən sonra zəngin elmi irs qoyub,
fani dünyadan köç edən vətənpərvər sənətşünas
alim Nəsir Rzayevin işıqlı xatirəsi sənət adamlarının xatirəsində
həmişə yaşayacaq.
Əsəd Quliyev
525-ci qəzet.- 2022.- 13 may.- S.15.