Öyrətmək yenidən öyrənməkdir

 

TƏLİM-TƏRBİYƏ VERƏN DƏYƏRLİ MƏKTƏB MÜƏLLİMLƏRİ

 

İki il əvvəl pandemiya səbəbindən məzunlar onlara doğma olan müəllimləri və məktəblə virtual olaraq vidalaşmağa məcbur oldu. Həmin virtual dərsləri, vidaları və onlayn tədris olunan dərsləri valideynlər, şagirdlər və müəllimlər elə duyğu dolu yaşayırdılar ki, sanki bir də adət etdikləri gündəlik həyat tərzinə qayıda bilməyəcəklər. "Tezliklə bitər" deyərək səbirsizliklə gözlədiyimiz pandemiyanın bitməsini və əvvəlki həyatımıza qayıtmağımızı çox gözlədik, çox istədik. Pandemiya ötüşsə də, onun yaşatdığı fəsadlar, vurduğu acılar hələ bizləri çox göynədəcək. Hər sahədə itirdiyimiz dəyərli alimlərimiz, həkim və müəllimlərimiz bizlər üçün həddindən artıq boşluqlar yaratdı. Geri baxanda hər şey sanki bir işıq sürəti ilə tez ötüb keçdi. Sanki hisslər də dondu. Bəli, bizlər bu dəyişən dünyamızda sürətli anları, olanları gördük, insanları və zamanı pandemiya üzündən itirərək yaşadıq.

 

İllər insanı həm ucaldır, həm də qocaldır. Əlbəttə ki, ucalmaq da, qocalmaq da Tanrının bəxş etdiyi alın yazısıdır. Övladlarımız üçün apardığımız bütün mübarizələrimizdə təhsil və məktəb həyatının önəmli olduğu dəfələrlə təsdiqlənib. Çətin sınaqlar güclü insanları yetişdirir. Mükəmməl müəllim kollektivinin şagirdlərə təhsil, tərbiyə verməsi də çox böyük uğurdur. Xüsusilə vurğulamaq istəyirəm ki, həyat şəraitinin məhdud olduğu bu müddətdə ən böyük yük həkimlərdən sonra müəllimlərin üzərinə düşdü. Müəllimlərimiz pandemiya dövründə valideynlərin cavab tapa bilmədiyi sualları həm müəllim, həm psixoloq, eləcə də doğması kimi şagirdlərinə izah etməli və bununla yanaşı, onlarda yarana biləcək bütün qorxuları dəf edərək təhsil verməli idilər.

 

Onlayn dərslərin keçirilməsi məni bir valideyn olaraq çox düşündürdü. Həmçinin, evdə dərsləri izləmək imkanımız yarandı. Nərimanov rayonu Məktəb Lisey Kompleksində təhsil alan övladımın oxuduğu sinifdə apardığım müşahidələrimi qələmə almaq istədim. Hələ iki il öncə pandemiya dövründə ibtidai sinif müəllimi olan Samirə Bakıxanovanın uşaqlarla virtual vidalaşmasının şahidi olan zaman çox duyğulanmışdım və fədakar müəllimə həsr etdiyim "Virtual vida dərsi" adlı yazım mətbuatda dərc olunmuşdu. Bu gün həmin 6n sinifi tədris ilini əyani olaraq başa vurur. Valideyn məmnunluğu ilə qeyd etmək istəyirəm ki, bir çox üstün keyfiyyətləri olan müəllim kollektivi öz sevgisini şagirdlərinə ötürə bilmiş, məktəbdə bir doğmalıq və hörmət yaratmışdı. Sözün əsl mənasında təlimi yüksək həvəslə tədris edən məktəb müəllimləri bir çox digər məktəblərə örnəkdir. Xüsusilə qeyd etmək istərdim ki, biz valideynlər onların əməyinə dəyər verərək, qiymətləndiririk. Başda Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyevaya, həmin məktəbin 6n sinfinin müəllim kollektivinə və fənn müəllimləri olan Gülçin, İsmət, Xatirə, Elnarə və digər müəllimlərə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanın Milli Qəhrəman qadını olan Gültəkin Əsgərovanın adını daşıyan bu təhsil ocağı bütün dövrlərdə savadlı və vətənpərvər şagirdlər yetişdirib. Bu şagirdlər Sizlər kimi dəyərli müəllimlərimizin sayəsində bu gün bizləri Qarabağlı, Şuşalı etdilər. Əminliklə ona görə deyirəm ki, son dönəmlərin istər pandemiyanın, istərsə də müharibənin yaşatdığı acılar şagirdlərin də kiçik ürəklərində böyük izlər buraxdı. "Sevdiklərimizə gec olmadan sevdiyimizi söyləyək" ifadəsi son dönəmlər ən çox ehtiyacı olduğumuz fikirlərdəndir. Bir növ ardıcıl baş verən bütün hadisələr bir-birinin davamı olaraq kədərli və unudulmaz hisslər yaşatdı. COVİD-19 virusu məktəbimizin ingilis dili müəllimi, həmçinin, 6n sinfinin valideyni olan Muradi Pərvanəyə xəstəliyi ilə mübarizə aparmasına mane oldubiz çox gənc, bacarıqlı bir müəllimi itirdik. Dəyərli məktəb kollektivi bu günlərdə onun xatirəsini əziz tutaraq  IV-VIII sinif şagirdləri arasında İngilis dili olimpiadası keçirir.

 

Zənnimcə, valideynlərin tələb etdiyi təhsil sistemini əldə etmək üçün dəyərli müəllimlərin əziyyəti qiymətləndirilməli, hər bir addımda bu, xüsusilə nəzərə çarpmalıdır. Bir çox məktəblərdə müəyyən layihələrdə iştirak etməyim daha çox təhsil sistemində müşahidələr aparmağıma səbəb olub. Müasir innovasiyalar dövründə dünya arenasına çıxaraq öz bilik və bacarıqlarını göstərməyə qadir olan şagirdlərimiz əminliklə deyərdim ki, ölkəmiz üçün daha da vətənpərvər və savadlı olaraq yetişəcək. Müəllim ailəsində böyüdüyümbu gün daha çox elm təhsil əhatəsində olduğum bir daha mənə nəticələri qabaqcadan görməyimə imkan yaradır.

 

Sokratın dediyi kimi, "dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz". Müəllimlik bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşədir.  Dəyərli müəllimlər hər zaman öz yetirmələri haqqında iftixar hissi ilə söhbət açırlar. Şagirdlərinin uğurları müəllimlərimizə sanki yeni güc verir, onları daha əzmlə, həvəslə işləməyə ruhlandırır. Sizlərə hər zaman fəxr edə biləcəyiniz istedadlı şagirdlər diləyirəm. Sevgi və sayğı ilə qalın əziz müəllimlər!

 

Suma HÜSEYNOVA

Fizika üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 13 may.- S.12.