Onun sənət və həyat prinsipləri
Xalq
yazıçısı Elçinin
ad gününə
-
Ölkəmizdə və xaricdə Xalq
yazıçısı, görkəmli tənqidçi
Elçinin həyat və yaradıcılığı
haqqında nüfuzlu ədəbiyyatşünaslar, mədəniyyət
xadimləri, publisistlər tərəfindən
çoxsaylı məqalələr yazılıb, kitablar nəşr
olunub, elmi-tədqiqat əsərləri qələmə
alınıb.
Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Mirzə
İbrahimov, Həmid Araslı, Kamal Talıbzadə, Əziz
Mirəhmədov, Abbas Zamanov, Ağamusa Axundov, Bəkir Nəbiyev,
Tofiq Hacıyev, Mir Cəlal, Mehdi Məmmədov, Yəhya
Seyidov, Yusif Seyidov, Mirvarid Dilbazi, Banin (Ümmülbanu), Bəxtiyar
Vahabzadə, Bayram Bayramov, Yaşar Qarayev, İsa Həbibbəyli,
Nərgiz Paşayeva, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə,
Azad Nəbiyev, Əliağa
Kürçaylı, Camal Əhmədov, Təhsin Mütəllimov,
Qəzənfər Paşayev, Şamil Qurbanov, Xəlil Rza
Ulutürk, Yusif Səmədoğlu, Anar, İsa
İsmayılzadə, Mövlud Süleymanlı, Arif Abdullazadə,
Zəlimxan Yaqub, Kamal Abdulla, Afaq Məsud, Şirindil
Alışanov, Vilayət Quliyev, Vaqif Yusifli, Məryəm
Əlizadə, Tehran Əlişanoğlu, Aydın Məmmədov,
Nadir Cabbarov, Arif Əmrahoğlu, Qurban Bayramov, Nizami
Tağısoy, Əsəd Cahangir, Cavanşir Yusifli, Elnarə
Akimova, Nərgiz Cabbarlı, Bəsti Əlibəyli... Elçinin əsərlərindən gen-bol söz
açıb, yaradıcılığının spesifik
xüsusiyyətlərini göstəriblər.
Maraqlı, şərəfli həyat,
özünəməxsus yaradıcılıq yolu olan
Elçinin əsərlərinin ideyası, məzmunu,
aktuallığı, dili, üslubu, sənətkarlıq
xüsusuyyətləri barədə bundan sonra da sanballı, dəyərli
əsərlərin yazılacağı şübhəsizdir.
Mən bu dəfə Elçinin yazıçı və vətəndaş
mövqeyindən, prinsiplərindən, bir az
da konkretləşdirsək, onu bu səviyyəyə
qaldıran və daha çox diqqəti çəkən
keyfiyyətlərindən bəhs etməyə
çalışacağam. Bu qənaətlər
əsərlərinin qayəsindən, onun barəsində
tanınmış simaların söylədiklərindən,
xeyli tarixi olan müşahidələrimin, münasibətlərimizin
sayəsində formalaşıb.
Milli və
vətəndaşlıq borcu
Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan
Mədəni Əlaqələr Cəmiyyəti ("Vətən"
Cəmiyyəti) yaranandan bir müddət sonra 1988-ci ilin mart
ayında Cəmiyyətin sədri Elçin kollektivin ümumi
iclasını keçirdi, tarixin mürəkkəb, çətin
dövründə qarşıda duran məsələlərdən,
hər bir əməkdaşın vəzifə məsuliyyətindən,
eyni zamanda milli və vətəndaşlıq borcundan geniş
danışdı. Proqram xarakterli iki cümləsi olduğu kimi
yadımdadır: "Bu gün tarix bizdən ayıq-sayıq
olmağı, bütün gücümüzü xalqımızın
zəngin mədəniyyətini, şanlı tarixini, milli-mənəvi
dəyərlərimizi, adət-ənənələrimizi təbliğ
etməyi, ölkəmizdə gedən proseslər,
Dağlıq Qarabağ hadisələri, erməni separatizmi
haqqında həqiqətləri bütün dünyaya
yaymağı tələb edir. Bu bizim həm vəzifə,
həm də milli və vətəndaşlıq
borcumuzdur!" Cəmiyyət bütün
fəaliyyəti dövründə bu prinsipləri əsas
götürərək işlədi. Ermənilərin
Qarabağdakı vəhşiliklər, cinayətlər, Sovet
qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə Bakıda və Azərbaycanın bir
sıra bölgələrində törətdiyi
qırğınlar barədə xaricdəki həmvətənlərə,
onların vasitəsi ilə yaşadıqları ölkənin
ictimaiyyətinə o zaman mümkün olan bütün vasitələrlə
- telefon, teleks, faks, kitab, broşür, "Odlar yurdu" qəzeti
ilə geniş informasiyalar ötürülürdü. Təkcə
onu demək kifayətdir ki, o vaxtlar üç əlifba ilə
250 min tirajla çıxan "Odlar yurdu" qəzetinin xeyli
hissəsi xaricdəki həmvətənlərə göndərilirdi.
Həqiqət
Elçinin
erməni separatizminə, onların himayədarlarına
qarşı 1989-cu ildə qələmə aldığı
"Həqiqət naminə" adlı məqaləsindən:
"Azərbaycan xalqının öz torpağının
bölünməzliyi, ərazisinin qorunması uğrundakı
ən böyük müttəfiqi - həqiqətdir". Tarix bu həqiqətin ən böyük güc
olduğunu təsdiqlədi. Uzun illər
davam edən danışıqlar heç bir nəticə vermədi
və Azərbaycan öz ərazi
bütövlüyünü, tarixi ədaləti, beynəlxalq
hüququ döyüş meydanında təmin etdi. Azərbaycan xalqı ölkə Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi ilə tarixi Zəfərə imza atdı.
Şəfqət,
mərhəmət
Elçin
"Ümid" adlı məqaləsində yazır:
"Şəfqət hissi həmişə bizim
xalqımızın səciyyəvi xüsusiyyətlərindən
biri olmuşdur. ...hər birimiz xalqımıza xas olan o şəfqət
hissini özümüzün öz xalqımız
qarşısında mənəvi borcumuzu bilək və o mənəvi
borcu yerinə yetirmək üçün mübarizə
aparmağı bacaraq". 1988-ci ildə Ermənistandan,
sonralar Dağlıq Qarabağ və onun ətraf
rayonlarından didərgin salınmış
soydaşlarımızın üz tutduğu ünvanlardan biri
də "Vətən" Cəmiyyəti idi.
Elçin köməkçisi Əkrəm Qaflanoğluna, hər
bir əməkdaşa təkrar-təkrar
tapşırırdı: "Müraciət edən hər bir
kəsin probleminə həssas münasibət, diqqət və
qayğı göstərin. İmkanlarımız
daxilində özümüz köməklik edək, bu
mümkün olmayanda əlaqədar təşkilatlara
müraciət edək. Nəzərə
alın ki, soydaşlarımız ağır maddi, mənəvi
sarsıntı içərisindədir. Onları
bu vəziyyətdən çıxarmaq üçün var
gücümüzlə çalışmalıyıq".
Qanunun
aliliyi
Elçin müəllim Baş nazirin müavini vəzifəsində
işlədiyi dövrdə ona çox sayda
tanınmış elm, ədəbiyyat, mədəniyyət
xadimi, fərqli peşə sahibləri, sadə insanlar müxtəlif
məsələlərin həllində köməklik göstərilməsi
üçün müraciət edirdi. O, əməkdaşlara tez-tez
xatırladırdı: Qanunun yol verdiyi son həddə qədər
kömək edin, Qanun qırmızı xəttdir, onu
keçməyin!
Sədaqət
Həzrət
Peyğəmbər (s) buyurur: "O gün ki, sədaqət aradan
gedər, qiyamətin bərpa olmasına hazır olun". Sədaqət
insanın sözündə və əməlində
üzə çıxır və sonra da ətrafındakılara
təsir edir. Elçin sədaqət simvoludur.
Dostluğa, ailəyə, Vətənə,
dövlətə, milli-mənəvi dəyərlərə sədaqət
Elçində daha qabarıq görünən cəhətlərdir.
Ümummilli lider Heydər Əliyevin hücum və
sıxıntılara məruz qaldığı vaxtlarda
Elçin heç kimdən və heç nədən çəkinmədən
məşhur "Tənha adam"ı
yazmış, ad gününü təbrik etmiş, sonralar da
onun barəsində dəyərli publisistik məqalələr
qələmə almışdı. Təsadüfi deyil ki,
Elçin özünəxas sədaqət duyğusunu Heydər
Əliyev xarakterinin ən parlaq cəhətlərindən biri
kimi dəyərləndirmişdi:
"...O, bütün varlığı ilə rəhmətlik
həyat yoldaşına, övladlarına, nəvələrinə
bağlıdır və belə bir həyat yoldaşı,
ata, baba bağlılığı çox
mühümdür, ona görə ki, millətə, Vətənə
bağlılığın da kökü oradan
başlayır".
Ədalət
Bütün
məsələlərin həllində, həyatda olduğu
kimi, ədəbiyyatda
da Elçin müəllimin
başlıca prinsipi ədalətin axtarışına və
təntənəsinə nail olmaqdır. O, müxtəlif səpgili hekayələrində,
povest və romanlarında
olduğu kimi "Ölüm hökmü"ndə də
toxunduğu problemlərin bədii həllinə müvəffəq
olmuş, "Ədalət topaldır: ağır-ağır
yeriyər, amma gedəcəyi yerə gec-tez çatar"
fikri, Əbdül Qafarzadənin
faciəsi, "qızıl teştə qan
qusması" ilə ədalətin
gec də olsa, qələbə çalacağına
ümidini ifadə edir.
Səmimiyyət
"Heç
vaxt qeyri-səmimi olmamışam"- deyən Elçin
müsahibələrinin birində növbəti suala belə
cavab verir: "...mənim artistlərlə, rejissorlarla, ən
sadə teatr işçiləri ilə çox yaxşı,
isti, məhrəmanə münasibətim var... Eyni
hüquqlu tərəf-müqabillərik. Başqa cür
ola da bilməz". Onun səmimiyyəti
teatr işçiləri ilə məhdudlaşmır. Elçin müəllim ətrafındakılara
qarşı münasibətdə həmişə səmimi və
açıq olub, bu münasibəti qarşı tərəfdən
də gözləyib. Xalq yazıçısı
Mövlud Süleymanlı Elçin qələminnin səmimiyyətindən
bəhs edərkən yazır: "Elçin
yaratdıqlarında səmimi olan, saxta rənglərə,
cansız gəzişmələrə, qanadı
şişmiş cümlələrə yer verməyən, həyatı
əslində necə varsa, o cür ifadə eləməyi
bacaran yazıçıdır. Ona görə də
Elçinin əsərlərindəki həyat bizə tanış olan, rast gəldiyimiz və ya rast gələ
biləcəyimiz mühitdir".
Təəssübkeşlik
Mir Cəlal Paşayev hələ Elçin ədəbi
aləmdə yenicə tanınmağa başlayanda
yazırdı ki, müşahidəmə görə,
Elçin müasir ədəbi gənclər içərisində
inkişafa meylli və ədəbiyyat sahəsindəki vəzifə
və məsuliyyətini dərk edən cavanlardandır. Savad və
bilikdən başqa, Elçin öz üzərində
çox işləyən, ədəbiyyatımızın və
yazıçılarımızın qeyrətini çəkən
cavanlardandır. Sonrakı illərdə Elçin müəllimin
həmkarlarına münasibətində bu cəhəti daha fəal
və faydalı nəticələri ilə özünü
büruzə verdi.
Prinsipiallıq,
xeyirxahlıq
Xalq
artisti Tofiq Quliyev Elçin müəllimin çoxşaxəli
fəaliyyətinə xas bu keyfiyyətini bir cümlə ilə
sərrast çatdırır: "Elçin tutduğu rəhbər
ictimai vəzifələrdə, yüksək dövlət vəzifələrində
həmişə böyük səriştə və enerji ilə,
xeyirxahlıq, eyni zamanda prinsipiallıqla geniş mənada Azərbaycan
mədəniyyətinə xidmət etmişdir".
Elçin haqqında yazanlar onu 60-cı illər
nəsrinin
yaradıcılarından hesab edirlər və
haqlıdırlar. O həm də son 60 ilin ədəbi
mühitinin ən sanballı və aparıcı
simalarındandır, müstəqillik dövrü Azərbaycan
əədəbiyyatının və tənqidinin
bayraqdarlarındandır.
Abid TAHİRLİ
525-ci qəzet.- 2022.- 13 may.- S.8.