"Əlbət bir gün görüşəcəyik"
...Üç saatdan artıq gəzdiyim Bodrum Qalasından sonra getmişdim Qumbaxçaya. Qala ilə müqayisədə
kifayət qədər
kiçik sayılan köşkün qarşısında
bir qədər dayandım. Hiss etdim ki, köşkə daxil olan məqamda
yaranan bu tərəddüdün səbəbi
1523-cü il ab-havasından, Sent Con Cəngavərlərinin
yaratdığı əsrarəngiz
Qalanın sehirdən çıxmaq istəmədiyimə
görədir. Ancaq vədələşdiyimiz
saatda dostlara yetişmək üçün
vaxt itirməməyə
qərar verərək
içəri daxil oldum. İlk addımı atar-atmaz yanıqlı bir səs:
"Yıllar var ki biz seninle
Bakışarak konuşuruz
Sevdalanmış kalbimizle
Rüyalarda buluşuruz" - deyərək
bütün ruhumu qucaqladı. İsti, canlı, təmiz,
səlist, doğma olan bu səs
Zəki Mürənin
idi. Olduğum yer isə Zəki Mürən küçəsində yerləşən,
Türkiyə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
8 iyul 2000-ci ildə sənətçinin xatirəsinə
Zəki Müren Sənət Muzeyi olaraq açılan, böyük ustanın həyatının son illərini
keçirdiyi Bodrumdakı
evidir.
Dəvətsiz gələn qonağa
qollarını açan,
onu məmnun etmək üçün dəridən-qabıqdan çıxan
qonaqpərvər ev sahibi təsiri bağışlayan
Zəki Mürənin
səsi, içimdə
olan tərəddüdü
saniyələr içində
buxar etdi. Girişdə bilet alıb,
baxıl geyindikdən
sonra birinci mərtəbədə yerləşən
mətbəxti, qonaq otağını gəzdim.
Sonra taxta pilləkənlərlə
yuxarıya qalxdım.
Təkcə 90-ları deyil, yaşamadığım
illəri də hiss etdim canımda. Evin hər küncündən,
hər bucağından
altmışlar, yetmişlər,
səksənlər fışqırır.
Saralmış mətbəx mebelinin
qoxusu, 26 ildir qəhvəsiz qalan fincanların, yeməksiz qalan boşqabların, sahibinin ölümündən
sonra yanmayan və bir daha
heç vaxt yanmayacaq olan sobanın kimsəsizliyini iliyimə qədər hiss
etdim. Böyük
ölümlərin taleyi
də budur, yaşarkən şöhrət
tənhalaşdırır, ölərkən adın!
Hətta
qabın-qacağın belə
yalqızlaşır.
Türkiyənin Sənət Günəşi
idi Zəki Mürən. Yaşadığı dönəmin sənət
dünyasında inqilab
idi onun varlığı. Musiqidən rəsmə,
rəsmdən şeirə
dövr edən bir həyatı vardı. Ard-arda vallar, konsertlər,
televiziya proqramları,
filmlər, sərgilər
və bir də şeir kitabı daxil olmuşdu həyatına.
Bəzən isə uşaqlıq
arzusu olan Amerika kimi nəhəng
ölkələrdə bir
müxbir kimi qeydlər aparıb, yazılar yazırdı.
Təkyönlü insan deyildi,
heç vaxt da olmadı. O illərdə bəzən
amerikalı Libereslə,
bəzən isə ingilis David Bovi kimi sənətçilərlə
müqayisə edilirdi,
məsələ burasındadır
ki, Zəki Müren onlardan qatbaqat üstdə idi. Məsələn, onu bir gün konsert verərkən, bir gün film ulduzu olaraq ekranlarda, bir gün teatr
səhnəsində, bir
başqa gün isə özünə məxsus parfüm və mücəvhər mağazasının satış
bölümündə görmək
olardı.
Səhnəyə və sənətə mərhələli olaraq gətirdiyi yeniliklər bu gün onu
inqilabçı kimi təqdim etməyə əsas verir. Türkiyənin milli mentalitetinə zidd addımlarına, seçimlərinə rəğmən
sevilirdi. Məsələn, muzeydəki vitrinlərdən
birində "Uzaydan gələn şahzadə"
geyimi və ayaqqabısı o məşhur
fotosunu xatırlatdı.
Ağ, mini ətəklə
çıxmışdı səhnəyə, par-par parıldayırdı
üzündəki makiyaj,
dodağındakı boya
ilə meydan oxuyurdu standartlara, ənənələrə, kiflənmiş
beyinlərə, mentalitetə...
Çox
danışılan bu
konsertdən sonra xalqın ona olan sevgisi əksilməmişdi,
əksinə daha da artmışdı.
Hətta dərgilərdən
birində qısa ətək geyinməsi ilə bağlı verilən suallardan birini belə cavablayır: "Əgər
bir gün lazım olarsa, dünya səviyyəli bir revyuda Adəm
ilə Həvvanın
Adəmini təmsil edər, sadəcə yarpaqla çıxaram səhnəyə. Bu bir cəsarət məsələsidir".
İşə bax ki, o dövrdə
qadın-kişi sorğulaması,
cinsiyyətçilik günümüzdəki
kimi acınacaqlı deyildi. Bugünkü Türkiyədə belə bir açıqlama
verib, eyni cəsarəti sərgiləyə
bilərdimi? Gedişata baxanda
mümkünsüzlüyü görür insan. Sezen Aksunun "Nə şahanə" mahnısında
Adəm və Həvvanın adını
çəkdiyi üçün
məruz qaldığı
linçin üstündən
heç üç
ay keçməyib. Çünki Zəki Mürən dövrünün insanı
üçün öncəlik
sənət idi.
Xalqa səs, söz, musiqi idi maraqlı
olan, ətəyin ölçüsü, onun
altındakı deyil.
O dövrdə siyasət
sənəti üstələməmişdi.
İnsanların düşüncələri indiki kimi korşalmamışdı.
Muzeyi gəzərkən
istəsən də, istəməsən də dövrlərin müqayisəsini
aparırsan. Daşlı-qaşlı, zərli-zibalı geyimlərini gördükcə,
göyqurşağının bütün rənglərini
üzərində və
ruhunda daşıyan yeganə sənətçilərdən
olduğuna əmin olursan. Zərif, kübar, şux, baxımlı və ən çox da dəbdəbəli idi görkəmi, eynilə daxili dünyası kimi! Bunlara rəğmən toxunulmazlığı
vardı, əl üstündə tutulurdu,
çünki xalqdan biri idi, xalqla
iç-içə idi.
Zəki Müreni Zəki Mürən edən ən böyük özəlliklərdən biri
də elə bu idi. Bəzən yalnızlığa qaçırdı,
amma ən böyük istəyi insanlarla birlikdə olmaq idi. Ona görə, hər fürsətdə xalqın
arasında idi.
Yataq otağında
sərgilənən dərmanları,
təzyiq aparatı isə ömrünün yarıdan çoxunun xəstəliklərlə mübarizə
apararaq yaşadığının
sübutudur. Həkimlər yorğun bədəninin dincliyə, sakitliyə ehtiyacını olduğunu
söylədiyində sığınacağı
yer bəlli idi; Bodrum! Bodruma ilk dəfə
gedəndə "Tanrının
lütfü Bodrumda insanlar çox zərif və qonaqpərvərdilər" demiş,
İstanbula döndüyündə
isə "Bodrumda beş yaş gəncləşdim" söyləmişdi.
Haqlıdır!
Muzeydə gəzmək insanı çox uzaqlara aparır. Köhnə televizorlar, radiolar,
İstanbuldan gətirilən
yataq, taxta beşiyi, anasının tikiş maşını,
saralmış məktublar
hamısının qoxusu,
nəfəsi bambaşqadır.
Artıq
çəkidən əziyyət
çəkən sənətçinin
trenajor aləti də çarpayının
yanındadır. Güzgünün önündəki yarımçıq
qalmış parfümlər
isə insanı faniliyini üzünə çırpır sanki.
Bir gün anidən öləcəyik və hər şey yarımçıq qalacaq
vahiməsi beyni bürüyür. Bu düşüncənin
fonunda isə Zəki Mürenin bütün köşkə
yayılan səsi bir ümid kimi
yetişir dada: "Elbet
bir gün buluşacağız, Bu böyle
yarım kalmayacak"
deyir sənətçi.
Yataq otağında
divardan asılmış
ayna da diqqətimdən
yayınmadı. Bir vaxtlar Mürenin baxdığı aynada özünü seyr etmək gözəl hiss etdirir insanı. Muzeyin ən diqqət çəkən yani isə tablolardır.
Bütün otaqlarda öz
çəkdiyi tablolar,
rəsm əsərləri
yer alıb. Hər birinə isə adlar verib, "Pərdələr
sirdaşdır", "Qəsəbəyə
sirk gəldi",
"Barışaq", "İçimdəki yanğın"
və.s əsərlər
adları ilə canlanıb sanki. "Göndərdiyin çiçəklər" adlı
rəsm isə xüsusi maraq yaradır. Fikirləşirsən
ki, görəsən kim göndərib,
həmin çiçəklər
sənətçidə necə
bir hiss, həyəcan
yaradıb ki, rəsmin çəkmək
qərarına gəlib.
Yarım saatlıq ziyarət etməyi nəzərdə tutduğum muzeydən düz iki saat sonra qarmaqarışıq duyğularla, nəmli gözlərlə ayrıldım. Anladım ki, içəri daxil olmaqda tərəddüd etdiyim kiçik köşkdə sadəcə bir sənətçinin xatirəsi, əşyaları yoxdur, həqiqət, keçmiş, bu gün, gələcək nəhəng bir sənət dünyası var. Dərinliyində ruhun çaşıb qaldığı bir dünya!
Gəldiyim qənaət isə budur;
XX əsr Türkiyəsində heç kim Zəki Müren qədər
olduğu kimi
görünməyib, göründüyü
kimi olmayıb. Səhnə kostyumları,
rəngləri, işıltısı, cinsi
seçimi çox da önəmsənməyib, səsi, sözü, duruşu ilə
sənətə damğasını vurub.
Köhnələr boş yerə deməyib
ki, ən çox sevdiyin insanın belə görüntüsünün
yaddaşdan silinməsi mümkündür,
amma səsinin zehinlərdən silinməsi
əsla! Burada başqa
bir həqiqət də var,
Zəki Mürenin nə görüntüsü
yaddaşlardan silinəcək, nə səsi.
Dünya var olduqca yaşayacaq, Sənət
Günəşi! Və özünün dediyi kimi, "Elbet bir gün
buluşacağız, Bu böyle
yarım kalmayacak".
Türkan
TURAN
525-ci qəzet.- 2022.- 14 may.- S.20.