Təkrarsız musiqilərin unudulmaz bəstəkarı
RAUF HACIYEV - 100
Azərbaycan musiqi mədəniyyətinin görkəmli simalarından biri, gözəl bəstəkar və fəal ictimai xadim olan Rauf Hacıyev xalqımızın yaddaşında "Leyla", "Sevgilim", "Mənim Azərbaycanım" və bir sıra məşhur mahnıların müəllifi kimi əbədi yer tutub, ürəklərə yol tapıb. Rauf Hacıyevin 100 illik yubileyi məhz bu günlərə, daha dəqiq olsaq, 2022-ci ilin 15 mayına təsadüf edir. Bu yazını yubiley günlərində onu bir daha yada salıb ruhunu sevindirmək üçün hazırladıq.
Rauf Hacıyevin zəngin irsi geniş dinləyici kütləsinin rəğbətini qazanıb və bu günə qədər sevilərək bir cox ifaçıların repertuarına daxil olub. Onun musiqisi klassik musiqi ənənələrinin təməlində yenilik və müasirliyi təcəssüm etdirir. Rauf Hacıyevin yaradıcılığı müxtəlif janrlı əsərlərin ərsəyə gəlməsi ilə əlamətdardır, lakin ana xətt olaraq, səhnə əsərlərini - daha çox musiqili komediyaları və mahnı yaradıcılığını xüsusi vurğulamaq lazımdır. Çünki yaradıcılığının bu sahəsinin böyük maraqla qarşılandığı və populyarlıq qazanması heç kəsə sirr deyil. Bəstəkarın müxtəlif illərdə bəstələdiyi mahnıları, operettalardan olan musiqi parçaları dillər əzbəri olub.
Geniş və hərtərəfli yaradıcı insan olan Rauf Hacıyev, bəstəkarlıqla yanaşı qabaqcıl və fəal ictimai xadim olaraq mədəniyyətin inkişafında böyük işlər görüb. O, uzun illər Azərbaycan Dövlət Estrada orkestrinin rəhbəri (1955-1964), Dövlət Filarmoniyasının direktoru (1965), 1965-1972-ci illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət naziri vəsifəsində çalışıb. Məhz onun nazir vəzifəsində çalışdığı dövrdə, öz təşəbbüsü ilə Xalça Muzeyi, Mahnı Teatrı yaradılmış, Dövlət Rəqs Ansamblının və Dövlət Xor Kapellasının fəaliyyətinə yeni təkan verilmişdi. Bütün bunlar R.Hacıyevin mədəniyyətimizin inkişafına mühüm töhfələrinin yalnız bir qismidir.
R.Hacıyev uşaq yaşlarından yaradıcı mühitdə olmuş, bu ovqatda böyüyüb boya-başa çatmışdı. Onun musiqiçi və bəstəkar kimi formalaşıb inkişaf etməsinə ailəsindəki ab-hava və Azərbaycan mədəniyyətinin tanınmış simaları ilə ünsiyyətdə olması böyük təsir göstərmişdi. Atası vaxtilə ustad tarzən Qurban Pirimovdan dərs alaraq gözəl tar çalarmış, anası isə müəllim olub və eyni zamanda məlahətli səsi varmış. Daima anasının xalq mahnıları ifa etməsi Rauf Hacıyevdə xalq musiqisinə məhəbbət oyatmışdı. Eyni zamanda anasının Həsən bəy Zərdabinin nəslindən olması, birbaşa təhsilin və mədəniyyətin inkişafında böyük işlər görmüş bu tanınmış ailədə böyüməsi onun dünyagörüşünün genişlənməsində önəmli rol oynamışdı. Kiçik yaşlarından ciddi şəkildə musiqi ilə məşğul olan Rauf Hacıyevin fortepiano üzrə müəllimi professor Kövkəb Səfərəliyeva gənc bəstəkara ifaçılıq sənətinin bütün incəliklərini öyrədir. Bu illərdə Rauf Hacıyev paralel olaraq bəstəkarlıqla da məşğul olur və fortepiano üçün ilk əsərləri -"Tarantella", "Dağıstan", "Qaytağı" pyeslərini, "Mingəcevir", "Samur", "Gənclik marşı" kimi vokal əsərlərini bəstələyir.
1948-ci ildə Rauf Hacıyev Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Daha sonra bir illiyə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına köçürülür və ardınca təhsilini Bakıda davam etdirir. Tələbəlik illərində Rauf Hacıyevin bəstələdiyi əsərlərdən maestro Niyazi ilə birgə "Kolxoz səhəri" (1949) vokal-simfonik süitasını və "Bahar" kantatasının (1950, S.Vurğun, S.Rüstəm və M.Rahimin şeirlərinə) adlarını qeyd etmək olar. Dahi Qara Qarayevin sinifində bəstəkarlıq ixtisasına yiyələnən Rauf Hacıyevin əsərlərinə, əlbəttə ki, müəlliminin təsiri hiss olunurdu. Bunu əsasən irihəcimli əsərlərin üslubunda, yazı texnikasında və təfsirində müşahidə etmək olar. 1952-ci ildə tamamlanan "Violin və simfonik orkestr üçün konsert" (d-moll), Konservatoriyanı bitirdiyi ildə diplom işi kimi təqdim etdiyi "Gənclik simfoniyası" buna misaldır.
1950-ci illərdə o, mahnılar, instrumental əsərlər, xalq mahnı və rəqslərinin işləmələrini yazır. Bütün aşiqlərin, məhəbbət hissini yaşayan gənclərin dillər əzbəri olan, Ə. Əlibəylinin sözlərinə bəstələnən məşhur "Sevgilim" mahnısı məhz bu illərin məhsuludur. Bəstəkarın ictimai fəaliyyətinin başlanğıc dövründə - 1949-1956-ci illərdə bədii rəhbər olaraq "Vətən" kinoteatrının estrada orkestrində çalışması böyük əhəmiyyət kəsb edən məqam kimi qeyd olunmalıdır. Çünki məhz bu kollektiv əsasında 1955-56-ci illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdində böyük estrada orkestri yaradılmışdı. Beləliklə Rauf Hacıyevin böyük estrada orkestrinin yaranması təşəbbüsü olduqca təqdirəlayiq addım olmuşdu. Orkestrin ilk konserti 1956-ci il 15 iyun tarixində baş tutub və bu konsertdən sonra gözəl musiqi kollektivi "Azərbaycan Dövlət Estrada Orkestri" adlanmağa başlayıb. Rauf Hacıyev 1964-cü ilə qədər orkestrin baş dirijoru və bədii rəhbəri kimi çalışmış və bu illər ərzində maraqlı çıxışlarla olduqca böyük nailiyyətlər əldə etmişdi. Bəstəkarın estrada orkestrinin konsertlərində ifa olunmaq üçün nəzərdə tutulmuş truba, saksafon, akkardeon üçün solo konsert nömrələri -"Çahargah" muğam-miniatürü, "Karvan", "Üç palma" əsərləri, orkestr üçün xalq musiqi nümunələri əsasında "Azərbaycan rapsodiyası","Azərbaycan melodiyaları", "Fantaziya" adlanan improvizasiyaları, "Qaytağı", "Üç dost rəqsi", "Məzəli rəqs" kimi rəqs süitaları və digər xoreoqrafik səhnələr məhz bu illərə aiddir. Estrada orkestrinin və onun rəhbəri Rauf Hacıyevin fəaliyyəti, dövlət tərəfindən müxtəlif mükafat və təltiflərə layiq görülərək yüksək qiymətləndirilmişdi. Beləliklə, ölkədə mədəni tərəqqi uğrunda, Azərbaycan musiqi sənətinin inkişafı naminə fəaliyyətinə görə 1960-ci ildə Rauf Hacıyev Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Rauf Hacıyevin zəngin vokal yaradıcılığında Ə.Əlibəylinin sözlərinə yazılmış "Mənim Azərbaycanım" mahnısı bəstəkarın qəhrəmani-patriatik mövzulu mahnılarının ən gözəl nümunəsidir. Burada doğma Vətənimiz insanın ən yüksək hissləri ilə təfsir edilərək vəsf olunur. Rauf Hacıyevin Bakıya həsr olunmuş çox saylı mahnılarında da patriotik hisslər və yüksək emossionallıq üstünlük təşkil edir. S. Rüstəmin sözlərinə yazılmış "Bakı haqqında mahnı" ən məşhuru və geniş dinləyici kütləsinin rəğbətini qazanan əsərdir. Həmçinin, "Bakı skamyaları", "Bakı küləyi", "Bakı vağzalında", "Bizim Bakı" mahnıları da əziz şəhərimizi tərənnüm edən mahnı nümunələridir.
1950-60-cı illərdə Rauf Hacıyev səhnə əsərlərinə müraciət edir. Bəstəkar müxtəlif musiqili komediyaların, dram tamaşalarına musiqinin müəllifi olur. Onun partituraları rəngarəng orkestr epizodları, zəngin rəqs və mahnı nömrələrindən ibarətdir. Musiqili komediya janrına müraciət etməklə bəstəkar, Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulmuş milli musiqili teatr ənənələrinə arxalanırdı. Bəstəkarın ilk uğur gətirən operettası "Qonşular" 1960-cı ildə yaranmışdı. Bu əsər ilə R.Hacıyev musiqili komediya janrının yeni mərhələsini yaratmış olur. Daha sonra bəstəkar operettada bir sıra dəyişikliklər edərək yeni redaksiyada əsəri - "Romeo-mənim qonşumdur" adı ilə təqdim edir. Həmçinin, bəstəkar özünün məşhur "Sevgilim" mahnısını məhəbbət mövzusunun leytmotivi mənasında əsərin partiturasına əlavə edir. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 1963-cü ildə R.Hacıyevin eyniadlı operettasının motivləri əsasında rejissor Şamil Məmmədov tərəfindən "Romeo-mənim qonşumdu" adlı film çəkilib. R.Hacıyevin operetta janrında yazdığı əsərlərdən "Kuba - məhəbbətim mənim", "Dördüncü fəqərə", "Ana, mən evlənirəm", "Yolayrıcında" və digərlərini də qeyd etmək olar.
R.Hacıyev simfoniya, kantata, oratoriya və balet janrlarına da müraciət etmişdi. Bu illərin simfonik musiqisində bəstəkarın marağını daha çox nisbətən lakonik formalar cəlb edir. Buna kamera orkestri üçün "Poema-ekspromt" və görkəmli dramaturqa ithaf olunan "Cəfər Cabbarlının xatirəsinə" adlı əsərləri misal çəkə bilərik.
R.Hacıyev "Əhməd hardadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Qaraca qız", "Kölgələr sürünür", "Qara daşlar" və sair filmlərə musiqi bəstələyib. 1970-ci illər R.Hacıyevin yaradıcılığı daha çox ictimai fəaliyyəti ilə əlamətdar olub. Bu illərdə böyük bir yaradıcı heyətə rəhbərlik edərək Əlcəzairə təhsil və musiqinin inkişaf etdirilməsi üçün səfər etmiş və uğurlu işlər görmüşdü. Orada bəstəkar Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə "Üç inqilab", "Alov" və "Hürriyyət" baletlərini ictimaiyyətə təqdim edib. 1978-ci ildə SSRİ Xalq artisti fəxri adına layiq görülüb.
Musiqinin, demək olar ki, bütün janrlarını öz yaradıcılığında əhatə edən bəstəkar ömrünün 73-cü ilində - 1995-ci il sentyabrın 19-da dünyasını dəyişərək əbədiyyətə qovuşub.
Rauf Hacıyevin geniş, zəngin və
rəngarəng yaradıcılığını nəzərdən
keçirib belə bir
nəticəyə gəlmək olar ki, onun əsərləri
və gördüyü gözəl
işlər milli mədəniyyətimizin
parlaq nümunələridir.
Leyla
QULİYEVA
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
leylaquliyeva-80@mail.ru
525-ci qəzet.- 2022.- 14 may.- S.19.