Zamiq Əliyev:"Tar mənə
dünyanın qapısını açdı"
Bu ay
72 yaşını qeyd edəcək Xalq artisti, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin professoru, tarzən Zamiq Əliyevlə həyatı,
tar sənəti, yaradıcılığı haqqında
geniş söhbətləşdik.
***
- Zamiq müəllim, söhbətimizə elə
tar sənətindən başlamaq
istərdim. Niyə tar?
- Bəs nə olmalı idi ki? (gülür)
Bilirsiniz,
hər bir fərdin Allah tərəfindən
bir qismət payı olur. Görünür, mənim də
qismətimə tar aləti
yazılıbmış. Əlbəttə, asan məsələ
deyildi. Çünki
tar bizim şah alətimizdir. Həm də elə
mükəmməl alətdir
ki, ona yiyələnmək
üçün səndə
dözüm, iradə,
səbr lazımdır.
Tələbələrimə də deyirəm
ki, bu yerlərə
elə-belə gəlib
çıxmaq olmur.
Çalışmalısan, zəhmət çəkməlisən
ki, Allah da o zəhmətinin qarşılığını
versin. Bu mənada
mənim üzərimə
düşən vəzifənin
öhdəsindən gəlmişəmsə,
nə xoş mənə. 52 ili bir sənətə
həsr etmək asan deyil. Bu illər ərzində yaxşı və pis hər şey
görüb, hər şey yaşamışıq.
Bircə dəyişməyən
mənim tara
olan sevgim, məhəbbətimdir. Nəyinsə xətrinə sənətdə
qalmaq mümkün deyil. Gərək sevəsən və
onunla yaşaya biləsən. Xoşbəxtəm ki, ilk vaxtlardan böyük sənətkarlarla
işləmişəm və
bu gün onlarla bağlı xatirələrimi tələbələrimlə
də bölüşürəm.
Tarla mən xalqımın sevgisini qazandım, tar mənə dünyanın
qapısını açdı
və onunla bütün dünyanı
gəzdim. Onun sayəsində
qazanc əldə etdim, ailə qurdum, balalarımı saxladım. Nəhayət, bir zamanlar məzunu olduğum universitetdə 25 ildir pedaqoq kimi çalışıram
və buranın professoruyam. Tar mənimçün
hər şeydir.
- Bəs tar sizdən nəyisə alıbmı?
- Məndən aldığı
tək şey ömürdür ki, indiyədək 52 ilimi bu sənətə həsr elədim. Demərəm ki, yanılmışam,
peşman olmuşam.
Çünki tarın sayəsində
çox böyük uğurlar qazanmışam,
sənət aləmində
öz imzamı ata bilmişəm. Ona görə də demərəm ki, tar məndən nəsə alıb. Əksinə, ancaq verib.
- İlk tarınızı
sizə atanız almışdı. O tarı əlinizə alarkən keçirdiyiniz hissləri
xatırlayırsınız?
- Bəli. Atam mənim tar çalmağıma
razı deyildi. Çünki fikirləşirdi ki, bununla qazanc
əldə etmək, ailə dolandırmaq olmaz. Amma sanki Allah mənim həyatımı tara bağladı. Əgər atam bu gün sağ
olsaydı, ona hesabat verərdim ki, bax, tar mənə
nələr qazandırdı.
Tar mənə elə
bir tərbiyə verdi ki,
o tərbiyəylə mən
bu gün başıdik gəzirəm.
Evimdə böyütdüyüm övladlarım da vətəninə layiqli oğullar oldular.
- Ömrünüzü fəsillərə
bölsəniz, hansı
fəsli daha çox yaşamısınız?
- Bu ayda, yəni yaz fəslində doğulmuşam. İsti fəsilləri sevsəm də, hər fəslin öz gözəlliyi var. Amma may
ayı mənimçün
xüsusən gözəldir.
Çünki bu ay təbiətin
oyanan vaxtıdır və bu oyanış
sənin ömrünə
ömür qatır ki, yaşa. Sənət aləmindəki uğurlar
da beləcə ömrünə ömür
qatır, səni yaşamağa sövq edir.
- Peşmanlıqlarınız varmı?
- Yox, deməzdim. Çünki hər zaman
düz yaşadım,
Allah da yolumu hər zaman düz etdi. Sənət uğurlarımdan başqa,
ailədə, şəxsi
həyatda da çox xoşbəxtəm.
Çox
gözəl həyat yoldaşım, övladlarım,
gəlinim, nəvələrim
var. Mən onların hamısıyla fəxr edirəm. İnsana başqa nə
lazımdır ki?
Onların uğurlarını
görmək üçün
Allahdan bir az da ömür və sağlam can istəyirəm.
- Siz həm də
bəstəkar kimi tanınırsınız. Mahnılarınızı böyük sənətkarlar
ifa edib, dəyərləndiriblər. Mahnı bəstələmək, musiqi
yazmaq necə yarandı?
- Ömrüm boyu çox böyük, korifey sənətkarlarla çalışmışam, böyük kollektivlərdə işləmişəm. Heç zaman unutmaram ki, mərhum bəstəkarımız Ağası Məşədibəyov mənə inandı, 18-19 yaşımda Filarmoniyaya dəvət elədi və mən tələbə ola-ola uzun illər o kollektivdə çalışdım. Ondan sonra "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri Gülarə xanım Əliyevanın dəvətiylə bu ansamblda çalışmağa başladım. O qədər gözəl kollektivimiz vardı ki, hamımız bir-birimizə bacı-qardaş idik. Onlarla dünyanın çox ölkələrində xarici səfərdə olduq. Sonra Zeynəb Xanlarovanın ansamblını yaratdıq və gözəl iş birliyimiz oldu. O kollektivlə birgə 50-dən çox ölkədə musiqimizi, muğamlarımızı təbliğ etdik. Sonra Ağaxan Abdullayev və Ədalət Vəzirovla birgə muğam üçlüyü yaratdıq, dünya səfərlərinə getdik. Sonra fikirləşdim ki, bu sənətə gəncləri cəlb etmək lazımdır və yetirməmiz Simarə İmanovayla birgə fəaliyyətə başladıq. Bax, onunla başladı mənim mahnı yazmağım. Çünki onu böyük səhnəyə hazırlaşdırarkən, soruşdum, sən nə oxuyacaqsan ki, xalq səni sevsin? Dedi, muğamlar, xalq mahnıları. Dedim onları oxuyarsan, onsuz da oxuyublar, sən nəylə seçiləcəksən? Dedi, bəs neyləyək? Dedim sənə təzə mahnılar lazımdır. Yeni mahnı yazmaq da mənim öhdəmə düşdü. Beləcə "Yar bu gecə" mahnısı yarandı. Mahnı oxunanda elə bir rezonansa səbəb oldu ki, dedilər bu, xalq mahnısıdır. Baxın, hər mahnıya xalq mahnısı deməzlər. Sonra fikirləşdim, bu mahnı sevildisə, mənə insanlar deyəcək, bunun davamı hanı, özün yazmışdınsa, niyə indi yazmırsan mahnı? Beləcə sanki öhdəmə düşdü mahnı yazmaq. Düzdür, bəstəkarlıq oxumamışam, amma muğamlarımıza, xalq mahnılarımıza, musiqimizə bələdəm axı. Allah da mənə güc-qüvvət verdi və başladım mətnlər axtarmağa. Bu məqamda Zəlimxan Yaqubun bir neçə şeiri əlimə keçdi, xoşuma gəldi və mahnı bəstələdim. Sonra başqa şairlərin mətnlərinə silsilə mahnılar yazdım. Onları da xalq artistləri, əməkdar artistlər, tanınmış xanəndələr ifa etdilər. Ancaq mən bəstəkar deyiləm. Bəstəkar olmaq üçün uzun bir yol keçməlisən, böyük əsərlər yazmalısan. Həmçinin, xoşuma da gəlməz ki, mənim yazdığım mahnıların altına "anonim" sözü yazılsın. Əgər demək lazımdırsa, mənə bir sıra mahnıların müəllifi deyilsin.
- Siz həm də kitablar müəllifisiniz...
- Bəli, Ulu öndər Heydər Əliyevin 85 və 90 illiyinə həsr olunmuş iki kitab yazmışam: "Səhnə arxası görüşlər". Çünki hər zaman Ulu öndər konsertlərdən, tədbirlərdən sonra səhnə arxasına gələr, bizimlə görüşər, fikirlərini bölüşüb, xeyir-dua verərdi. Bütün bunların şahidiyəm. 85 illik yubileyində Mədəniyyət Nazirliyinin dəstəyiylə kitabı çap etdirdim. 90 illiyində isə özümün vəsaitim və dostlarımın köməyiylə üç dildə - Azərbaycan, rus və ingilis dillərində işıq üzü gördü. Dünyanın 70-dən çox ölkəsinin kitabxanalarına paylandı. Bundan böyük fəxarət olarmı?
- 1998-ci ildən etibarən Mədəniyyət və İncəsənət Universitetində çalışır, 25 ilə yaxındır ki, tar sənətini gənclərimizə öyrədirsiniz. Bir pedaqoq və professor kimi tar sənətinin indiki halını necə görürsünüz?
- Çox gözəl. Mən elə bir dövr gördüm ki, tarı toz basmışdı, gitara onu üstələmişdi. Biz xəcalətimizdən heç yerə gedə bilmir, pul qazana bilmirdik. Amma mən deyirdim ki, bu, belə getməz, tar gec-tez öz qürurunu xilas edəcək. Düzdür, gitara da gözəl alətdir, amma o elə yaradılıb ki, bir naşı musiqiçi gitarada səhv nota toxunsa, onun səsi adamı narahat edər. Bu da elə bir dövr idi ki, bilən də, bilməyən də gitaraya axışırdı. Bəli, bu sənətdə də sənətkarlar vardı, amma onların sayı az idi. Məqam elə gətirdi ki, camaat hay-küydən bezdi. Tar isə elə deyil axı. Tar heç vaxt səni incitməz, o, səs-küydən çox uzaqdır, əskinə, onun səsi insanı rahatladır. Hay-küylə tara, muğama qulaq asmaq olmaz ki. Bu gün mədəniyyətə, incəsənətə böyük dövlət qayğısı var və tar sənətində də çox gözəl gənclər yetişir. Əsas odur ki, onlar bu sənəti sevərək seçir və böyük hünər göstərirlər. Caz və tarın sintezini yaradırlar, yeniliklər axtarışındadırlar. Bu gün gənclərimiz var ki, dünya səhnəsində öz ifalarıyla tamaşaçıları ayağa qaldırırlar. Ona görə də Azərbaycan muğamı bütün muğamlardan seçilir.
Təkcə tar sənətində, muğamımızda, mədəniyyətimizdə deyil, elə bütün sahələrdə ölkəmizdə inkişaf var. Bütün dünyaya hərb dərsi verən 44 günlük müharibəmiz və Qarabağ zəfərimiz bizim hərbi inkişafımızdan, vətən sevgimizdən, sağlam ruhlu gəncliyimizdən xəbər vermirmi? Çox şükür ki, müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuzun, qəhrəman şəhidlərimizin, qazilərimizin sayəsində 30 illik torpaq həsrətimizə son qoyuldu, Qarabağımız geri alındı. Bəs harda görünüb ki, 9 ay içərisində hava limanı tikilsin? Bunu da bizim ölkəmiz bacardı. Zamanında yerlə-yeksan olunmuş o torpaqlarda zəfərdən sonrakı sürətli quruculuq işləri də inkişafımızdan xəbər verir. Düzdür, mənfur düşmənin 30 ildir oraları minalaması nəticəsində hələ ki yaşayış bərpa oluna bilmir. Amma çox keçməyəcək ki, orda yaşayış da bərpa olunacaq, insanlarımız da öz doğma yurd-yuvalarında ömürlərini davam etdirəcəklər.
- Tələbələriniz arasında hazırda qonşu otaqlarda dərs keçdiyiniz pedaqoq həmkarlarınız belə var. Bir müəllim kimi bu, sizə nə hiss etdirir?
- Bu gün sevinirəm ki, gənc ifaçılar, pedaqoqlar özləri gənc olmalarına baxmayaraq, yetişməkdə olan nəsilə həvəslə dəstək olurlar. Onlarda o hünər və həvəs var ki, hansısa bir gənci üzə çıxarıb, öz yetirmələri kimi təqdim etsinlər. Bu da dövlətimiz tərəfindən sənətə və sənətkara olan qayğının nəticəsidir. Dövlət sənətkarına hər cür dəstək olur və bizdən nə tələb olunur? O tələb olunur ki, biz də bu sənəti ən layiqli şəkildə özümüzdən sonrakı nəsilə ötürək. Necə ki, zamanında nakam şairimiz Mikayıl Müşfiq deyirdi: "Oxu, tar, oxu, tar, Səni kim unudar?!" Bax, bu şüar bu günə kimi yaşayıb, bundan sonra da yaşayacaq.
- Son olaraq, istərdim yaxın gələcək üçün planlarınızdan, görəcəyiniz işlərdən danışaq.
- Görəcəyimiz işlər çoxdur. Təşəkkür edirəm Azərbaycan Dövlət Televiziyasına ki, haqqımda "Musiqili ömrün fəsilləri" adlı çox gözəl bir film çəkdilər. Bu, bir növ mənim hesabatımdır. Bundan sonra da çox musiqilər yazmaq, tar sənətimizin inkişafı üçün lazım olan, əlimdən gələn hər şeyi bundan sonra da davam etdirmək istərdim. Təki Allah sağlam ömür versin ki, bacardığımız qədər gənclər yetişdirək. Nə qədər çox iş görsək, qənimətimizdir.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 14 may.- S.18.