Litvaya gedən Nizami yolu
Azərbaycan ədəbiyyatının dünyaca
ünlü klassiki Nizami Gəncəvinin Litva ədəbi-mədəni
məkanına gedən yolu uzun və çətin olub. Bu, iki əsas
səbəbə görə baş verib. Əvvəla,
Nizaminin əsərləri Litva yazılı ədəbiyyatından
yaşca az qala iki dəfə böyükdür.
Sonra da, Litva ədəbiyyatı tarix boyu ona
yaxın qonşuları tərəfdən təhlükəli
şəkildə sürüşüb hərəkət edən
iki böyük yad dil kütləsinin arasındakı
kiçik boşluqda güclə sağ qala bilib və uzun illər
özünün həyatverici kökləri olan kənd
mühiti və xalq mahnılarından uzaqlaşmaqdan qorxub.
XIX əsrin lap sonuna qədər Litva ədəbiyyatının
başlıca qayğısı ana dilini qoruyub yaşatmaq və
milləti yox olmaqdan xilas etməkdən ibarət idi. Nizami yaradıcılığını
araşdırıb Litva dilinə tərcümələr etmək
imkanları isə çox-çox sonralar yaranıb.
***
Bununla belə, Litvada Nizami yaradıcılığı
ilə tanışlıq və onun ədəbi irsinin öyrənilməsinə
göstərilən maraq XIX əsrin əvvəllərindən
başlanıb. Bu işdə o zaman dahi sənətkarın
alman, ingilis, fransız və rus dillərinə tərcümə
olunmuş əsərləri və Avropanın ən qədim
elm ocaqlarından biri olan Vilnüs Universitetində 1810-cu ildə
Şərqşünaslıq mərkəzinin
açılması əsas rol oynayıb. Təsadüfi
deyil ki, Nizaminin əsərlərinin fransız dilinə tərcümə
edilməsi tarixi Litva ilə bağlıdır. Belə ki, ilk dəfə "İskəndərnamə"dən
bəzi parçaları fransız dilinə XIX əsrin 20-ci
illərində Lyudvig Şpitsnagel (1807-1827) tərcümə
edib. L.Şpitsnagel Vilnüs Şərqşünaslıq
mərkəzinin yetişdirməsidir. O, 1807-ci ildə
Vilnüsdə anadan olub və burada gimnaziyanı bitirib, sonra
Vilnüs Universitetində oxuyub. 1823-cü ildən
təhsilini Sankt-Peterburq İmperator Universitetində davam
etdirib. Burada hələ Vilnüs Universitetində
oxuduğu zaman tanış olduğu
fransız şərqşünası Fransua Şarmuadan
(1793-1868) dərs alıb. 1827-ci ildə vəfat
edən L.Şpitsnagelə "İskəndərnamə"dən
etdiyi tərcümənin çapını görmək nəsib
olmayıb. B.Şarmua tələbəsinin
erkən ölümündən sonra həmin tərcüməni
tamamlayıb və 1829-cu ildə Nizami haqqında çapdan
çıxmış kitabında nəşr etdirib.
***
Litva elm və mədəniyyət xadimləri arasında
Nizaminin yaradıcılığı barədə ictimai
diskursda ilk dəfə kulturoloji mülahizələr və ədəbi
dəyərləndirmələr təqdim edən müəlliflərdən
biri, 1919-1920-ci illərdə Litva dövlətinin Cümhuriyyətdəki
ilk konsulu olaraq çalışmış Vintsas Kreve-Mitskəviçyus
(1882-1954) olub.
Vintsas Kreve XX əsr Litva ədəbiyyatının
ən məşhur klassik yazıçılarından biridir,
həm də ədəbiyyatşünas və dilçi alim,
pedaqoq və ictimai-siyasi xadim kimi tanınıb.
V.Kreve 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbində
rus dili və ədəbiyyatı müəllimi işləyib. Həmin illərdə
burada pedaqoq işləyən böyük yazıçı
Abdulla Şaiqlə dostluq və yaradıcılıq əlaqələri
saxlayıb. A.Şaiq 1957-ci ildə V.Kreve haqqında
yazdığı xatirələrində qeyd edir ki, o,
sıradan bir ədəbiyyat müəllimi deyildi, dərin
bilikli və ədəbiyyatın müxtəlif sahələri
üzrə geniş dünyagörüşlü bir ədəbiyyatşünas
idi, Şərq ədəbiyyatına, həmçinin
Nizaminin, Şota Rustavelinin, Sədinin
yaradıcılığına yaxından bələd idi.
V.Kreve hələ o illərdə Nizaminin ədəbi
irsini tədrisə cəlb edərək, şagirdlərinə
onun haqqında danışır və poeziyasından tez-tez
misallar gətirirdi. V.Krevenin şagirdlərindən Abdulla
Şahbazov, Hadı Əliyev və Qulaməli Həsənov
litvalı müəllimi barədə 1957-1958-ci illərdə
yazdığı xatirələrində göstərirlər
ki, o, Nizaminin poemalarını çox sevir və Nizami
dövrü Azərbaycan mədəniyyətini yüksək dəyərləndirirdi.
V.Kreve yeri gəldikcə Nizamini Qərb klassikləri
ilə müqayisə edirdi. O, Nizami sənətinin Bayron
poeziyasına, "Leyli və Məcnun" poemasının
"Romeo və Cülyetta" faciəsinə təsirindən
danışır, bunların arasında paralellər
aparırdı. V.Kreve şagirdlərinə
danışırdı ki, dahi alman şairi Höte Nizaminin əsərlərinə
heyran olmuş və özünün məşhur "Qərb-Şərq
divanı"ndakı ayrı-ayrı şeirləri onun
yaradıcılıq dühasına ithaf etmişdir. Vurğulamaq lazımdır ki, o vaxt V.Krevenin irəli
sürdüyü bu ədəbi tezis sonralar Dünya
nizamişünaslığında təsdiq olundu və öz
həqiqi qiymətini aldı.
Əhəmiyyətlı
haldır ki, V.Kreve sonralar da - 1922-1954-cü illərdə
Kaunas, Vilnüs və Pensilvaniya universitetlərinin professoru
olaraq Dünya ədəbiyyatı tarixindən oxuduğu
mühazirələrdə, Şərqin düşüncə
və həyat tərzi, fəlsəfə, inanc və
dünyagörüşü sistemləri, bədii sözə
və estetik gözəlliyə münasibət barədə
danışarkən Nizami yaradıcılığına
xüsusi yer ayırmışdır.
***
Nizami haqqında litvaca ilk publikasiyalar XX əsrin 30-cu illərində
Kaunasda dərc olunub. 1934-cü ildə burada işıq
üzü görmüş "Litva Ensiklopediyası"nda
Nizami barədə biblioqrafik məlumatlar yer alıb.
1937-ci ildə isə Kaunasda buraxılan "Skautu aidas"
jurnalının 3-cü sayında Nizaminin "Sirlər xəzinəsi"
poemasından götürülmüş "İsanın
hekayəti" dərc olunub. "İnci kimi
dişlər" başlığı altında verilmiş
bu publikasiyada təəssüf ki, tərcümənin müəllifi
göstərilməyib.
***
1940-cı ilin iyununda müstəqil Litvanın SSRİ-nin
tərkibinə inkorporasiya edilməsindən sonra Nizami ədəbi
irsinin Litvada tədqiq olunub yayımlanması işinin sovet mərhələsi
başlanır. O dövrdə litvalılar da digər Sovet xalqları
kimi, Nizaminin 800 illik yubileyini qeyd etməyə
hazırlaşırdı. Yubiley qabağı, -
1940-1941-ci illərdə Litva ədəbi jurnallarında
Nizaminin həyat və yaradıcılığı barədə
bir sıra materiallar dərc olundu. 1940-cı
ildə "Kultura" jurnalının iyun-avqust sayında
"Nizaminin 800 illik yubileyi" adlı redaksiya məqaləsi
çap edildi. Məqalədə həm də Nizaminin Azərbaycan
ədəbiyyatına mənsubluğu Litva ədəbiyyatşünaslığında
ilk dəfə belə qeyd olunub:
"...Nizami
əsərlərini fars dilində yazdığına görə
uzun illər onu İran şairi kimi qələmə veriblər.
Lakin indi Azərbaycan xalqı doğma şairini
öz Vətəninə qaytarmışdır".
O
dövrdə Kaunasda nəşr olunan "Rastai" ədəbi-bədii
jurnalında da Nizami yaradıcılığına aid iki
publikasiya verilib. Jurnalın 1940-cı ildə
çıxmış 2-ci sayında şairin yubileyi
münasibətilə redaksiya məqaləsi yer alıb, 1941-ci
ilin 1-ci sayında isə görkəmli şərqşünas
alim, professor Yevgeni Bertelsin (1890-1957) "Dahi Azərbaycan
şairi" adlı əsərindən parçalar çap
olunub.
Lakin məlum olduğu kimi, 1941-ci ildə İkinci
Dünya müharibəsinin başlanması Nizaminin 800 illik
yubiley tədbirlərini keçirməyə imkan vermədi.
***
1946-cı
ilin noyabrında Litva SSR Yazıçılar
İttifaqının sədri Pyatras Svirka (1909-1947) başda
olmaqla, Litva yazıçıları Antanas Vienuolis-Jukauskas
(1882-1957), Yuozas Paukştyalis (1899-1981) və Albinas Jukauskasdan
(1912-1987) ibarət nümayəndə heyəti Azərbaycana
tanışlıq səfərinə gəlir. Bu zaman onlar həm
də Nizami dühası ilə yaxından tanış
olurlar. Bakıda Nizami haqqında söhbətlər,
Gəncədə şairin türbəsinin ziyarəti Litva
yazıçılarına unudulmaz təsir
bağışlayır. Bunu onların səfər
təəssüratları altında 1946-1947-ci illərdə
yazdığı əsərlərdən hiss etmək olar.
Məsələn, P.Svirka "Azərbaycanda" adlı
tarixi oçerkində Nizamini "erkən renessans
dövründə bütün Yaxın Şərqə ən
mütərəqqi ideyaları şəfəqləndirən
möhtəşəm mayak adlandırır". A.Vienuolis isə
onu XII əsr Azərbaycan və Şərq ədəbiyyatının
nəhəng və əzəmətli şairi kimi səciyyələndirir
və Nizaminin bədii irsini bugünkü Azərbaycan
poeziyasının ilham mənbəyi olmasını
vurğulayır.
A.Jukauskas
Nizami sənətini onun yaşadığı dövr ilə
müqayisə edərək belə dəyərləndirir:
"Orta əsrlərdə Azərbaycan mədəniyyəti
artıq yüksək pilləyə qalxmışdı. Azərbaycan
XII əsrdə bütün Şərq mədəniyyətinə
təsir göstərmiş bir poeziya nəhəngini - şair
Nizami Gəncəvini Dünya ədəbiyyatına bəxş
etmişdir. Nizami öz poeziyasında Şərqin
və Qərbin ən mütərəqqi ideyalarını tərənnüm
edərək birləşdirmiş, erkən renessans
dövründə insan təfəkkürünü yeni istiqamətlərdə
yönəltməyə
çalışmışdır".
Y.Paukştyalis "Dahi nəğməkarın
yurdunda" adlı oçerkini Nizamiyə və onun doğma
şəhəri Gəncəyə həsr edib. O, bu əsərdə Nizami
dühasına diqqət çəkərək öz
münasibətini bu cür ifadə edir:
"Nizami XII əsr Şərq poeziyasının dahi
şairidir. Ölməz poemalar müəllifi olan Azərbaycan ədəbi
klassiki özünün Şərq və Qərb ideyaları
ilə zəngin yaradıcılığında yüksək
humanizm ideallarından bəhs etmiş və ölkəsində
erkən renessansın inkişafına təkan
vermişdir".
***
Litva oxucularına Sovet dövründə Nizami sənəti
haqqında ilkin edukoloji bilgilər və maraqlı ədəbi
təhlillər təqdim edən müəlliflərdən
biri də tanınmış şair və tərcüməçi
Aleksis Xurginasdır (1912-1990). O, Nizaminin 800 illik yubileyi ilə
bağlı 1947-ci ilin iyununda Bakıda keçirilmiş
Ümumittifaq elmi konfransında iştirak edib, burdakı
çıxışında yubileylə bağlı Litvada
aparılan hazırlıq işlərindən
danışıb və Azərbaycana gəlişi ilə
"dahi sənətkarı bir daha kəşf etdiyini"
söyləyib. A.Xurginas, həmçinin, konfrans
günlərində Nizaminin bir qəzəlini Litva dilinə tərcümə
edib və bu tədbirin sonunda keçirilmiş ədəbi
axşamda oxuyub. Əfsus ki, həmin qəzəl
indiyədək heç bir yerdə çap olunmayıb.
A.Xurginas Nizami konfransı və şairin
yaradıcılığı barədə düşüncələrini
Vətəninə qayıtdıqdan sonra Litva mətbuatında
nəşr etdirdiyi məqalələrində ifadə edib. O, 1947-ci ilin iyun ayında
"Tiesa" gündəliyində çap olunmuş
"Nizami və onun dövrü" adlı məqaləsində
XII əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətindən,
Nizaminin "Xəmsə"sindən bəhs edir və
şairin gənclik illərindən danışır. A.Xurginasın "Dahi şairin Vətənində"
adlı daha bir bu mövzulu məqaləsi Litva
Yazıçılar İttifaqının "Pergale" ədəbi
jurnalının 1947-ci ildə çıxmış 5-ci
sayında dərc edilib.
Bununla
yanaşı, A.Xurginas "Xəmsə"dən etdiyi bir
neçə tərcüməni də 1947-ci ilin iyul-oktyabr
aylarında Litva dövri mətbuatında - "Tiesa" və
"Tarybu Lietuva" qəzetlərində, eləcə də
"Jaunimo gretos" gənclər jurnalında çap
etdirib. Bu tərcümələr "Sirlər xəzinəsi"nə
daxil olan "Kərpickəsən qocanın bir cavanla hekayəti"
və "Zalım şahla düz danışan qocanın
hekayəti" adlı hissələrdən, eləcə də
"İqbalnamə"dən götürülmüş
"İskəndərin Şimala çatması və Yəvuc
səddini bağlaması" başlıqlı parçadan
ibarətdir.
A.Xurginas dahi şairə "Nizami" adlı bir
şeir də həsr edib. Şeir ilk dəfə
müəllifin 1947-ci ildə Kaunasda Dövlət bədii ədəbiyyat
nəşriyyatında buraxılan "Günəşin
cığırlarıyla" ("Saules taku") adlı
poeziya toplusunda çap olunub.
***
1947-ci
ilin sentyabrında Nizaminin Bakıda və Gəncədə
keçirilmiş 800 illik yubiley tədbirlərində Litva
yazıçıları Antanas Ventslova (1906-1971), Yonas
Dovidaytis (1914-1983) və Antanas Mişkinisdən (1905-1983) ibarət
nümayəndə heyəti də iştirak edib. Həmin günlərdə Litva mətbuatında
yubiley haqqında bir sıra publikasiyalar çap olunub.
Şair, tərcüməçi və ədəbiyyatşünas
A.Ventslova bu tədbirdə etdiyi çıxışında
belə məqamları vurğulayıb:
"...Nizaminin
əsərlərindəki poetik qüdrət, fəlsəfi dərinlik,
humanist ideallar məni valeh edir. Azərbaycan xalqı 800 il bundan əvvəl, yəni bir çox Qərbi
Avropa xalqları barbarlıqdan yenicə çıxmağa
başladıqları bir zamanda Nizami kimi dahi bir şairi
yetişdirməsi ilə fəxr etməyə haqlıdır.
Nizaminin
"Sirlər xəzinəsi", "Xosrov və
Şirin", "Leyli və Məcnun" poemaları Dantenin
"İlahi komediyası"ndan, Servantesin "Don
Kixot"undan və Şekspirin cahanşümul əsərlərindən
öncə
yazılmışdır. Bu isə Azərbaycan
xalqının qədim və yüksək mədəniyyətinə
canlı sübutdur".
A.Ventslova Gəncədən qayıtdıqdan sonra
"Böyük Azərbaycan şairi Nizami" adlı məşhur
oçerkini yazdı. Əsər "Pergale" ədəbi jurnalının
1947-ci ilin 8-ci sayında, həmçinin, ədibin 1958-ci ildə
çapdan çıxmış "Zaman və
yazıçılar" kitabında, 1975-ci ildə
buraxılmış "Dövrün rüzgarı"
toplusunda və digər nəşrlərdə dərc
olunub.
Yazıçı
Y.Dovidaytis Nizami poeziyası və onun 800 illik yubileyi barədə
fikirlərini "Nizaminin yubileyi ərəfəsində
düşüncələr" və "Şair Nizaminin
yubileyi" adlı iki məqalədə düzənləyərək
1947-ci ilin oktyabrında "Tiesa" qəzetində və
"Literatura ir menas" həftəliyində çap etdirib.
Şair,
nasir və tərcüməçi A.Mişkinis isə
Nizaminin yubileyi və onun yaradıcılığı
haqqında təəssürat və düşüncələrini
1947-ci ildə yazdığı "Böyük insan" və
"Uzaq səfər" adlı şeirlərində tərənnüm
edib. Bu şeirlər həm Litva ədəbi nəşrlərində,
həm də A.Mişkinisin 1960-cı ildə Vilnüsdə
buraxılmış poeziya toplusunda çap olunub.
1947-ci ilin oktyabrın 13-də Vilnüs Dövlət dram
teatrında Litva Yazıçılar İttifaqının təşkilatçılığı
ilə Nizamiyə həsr edilmiş yubiley axşamı
keçirildi.
Tədbirdə yazıçılardan A.Ventslova, Y.Dovidaytis,
A.Xurginas, A.Mişkinis, Yonas Şimkus (1906-1965) və Vatsis
Reymeris (1921-2017) Nizami poeziyası və onun Azərbaycandakı
yubiley tədbirləri barədə çıxışlar
etdilər, Nizamidən etdikləri tərcümələri və
şairə həsr etdikləri şeirlərini oxudular.
XX əsr Litva ədəbiyyatının nəhəng
simalarından biri, ədəbiyyatşünas akademik, şair,
nasir və dramaturq Vintsas Mikolaytis-Putinas (1893-1967) tədqiqatlarında
yeri gəldikcə Nizaminin yaradıcılığına
istinad edib. Məsələn,
o, 1947-ci ildə yazdığı "Əlişir Nəvai və
onun Vətəni" adlı məqalədə, özbək
şairinin əsərlərinin mənbələrini
araşdırarkən, dönə-dönə Nizami "Xəmsə"sinin
bədii dəyərindən və Ə.Nəvainin
yaradıcılığına təsirindən bəhs edir.
1966-cı ildə Nizaminin 825 illiyi münasibətilə
də Litvanın bir sıra qəzet və jurnallarında
şairin həyat və yaradıcılığına dair
redaksiya məqalələri və ensiklopedik məlumatlar
çap olundu.
Baltik
xalqları ədəbiyyatşünaslığında
Nizaminin yaradıcılığı ilə bağlı
aparılmış elmi araşdırmalar içərisində
litvalı ədəbiyyatşünas, Vilnüs Universitetinin
dosenti Pyatras Ujkalnisin (1907-1984) "Nizami Gəncəvi"
oçerki xususi maraq kəsb edir. Oçerk P.Ujkalnisin ali məktəb tələbələri
üçün dərs vəsaiti olaraq 1969-1972-ci illərdə
Vilnüsdə iki cilddə litvaca çap edilmiş "Rudəkidən
Donelaytisə qədər" adlı monoqrafiyasında yer
alıb. Müəllif oçerkdə "Xəmsə"ni bütünlükdə araşdırıb təhlil
edib. O, elmi müddəalara müasir nizamişünaslıq
mövqeyindən yanaşaraq, tədqiqatı orta əsr Şərq
və Azərbaycan mədəniyyəti kontekstində
aparıb, həm də Nizaminin utopik-fəlsəfi
ideallarına münasibət bildirib və bir sıra anlatmalar
təqdim edib. P.Ujkalnis şairin fəlsəfi
görüşlərindən bəhs edərkən yazır:
"Bizə Nizaminin fəlsəfi və estetik məsələlərə
həsr etdiyi xüsusi bir traktatı məlum deyil. Lakin onun bədii
əsərləri göstərir ki, Nizami orta əsrlər fəlsəfəsinə
çox yaxın olub. Şairin feodalizm
quruluşunda sosial məsələlərdən bəhs etməsi
xüsusilə maraqlı və qiymətlidir".
Litvada Nizami sənətinə üz tutub əsərlər
yazan müəlliflərdən biri də yazıçı,
dramaturq və ədəbiyyatşünas Yokubas
Sklyutauskasdır (1925-2004). Həm də Litva-Azərbaycan
ədəbi əlaqələrinin tədqiqatçısı
kimi tanınan Y.Sklyutauskas ötən əsrin 50-cı illərin
sonlarında bir neçə dəfə Bakıya gəlib.
Burada ədəbi klassik Abdulla Şaiqlə və bir sıra
digər Azərbaycan ziyalıları ilə
görüşüb, Nizami ədəbiyyat muzeyini ziyarət
edib, sonralar "Nizami" adlı oçerk yazıb və bu əsər
onun 1982-ci ildə Vilnüsdə nəşr edilən
kulturoloji məqalələrdən ibarət "Qızıl
köklər" adlı toplusunda çap olunub. Y.Sklyutauskas
Nizamiyə həsr etdiyi oçerki bu sözlərlə
bitirir:
"Azərbaycan xalqının dahi nəğməkarının
muzeyini ziyarət etdikdən sonra, bir daha əmin oldum ki,
feodalizm cəmiyyətində yaşayıb-yaratmış
Nizaminin baxışları bizim dövrə yönəlmişdi,
onun bədii sözünün qüdrəti və
ideyalarının əzəməti zamanın axarında itərək
yox olmayıb".
Nizami ədəbi irsinin Baltik ölkələrində
tanıdılması ilə bağlı Azərbaycan alimləri
də bir sıra uğurlu tədqiqatlar aparıblar. Bu sahədə
XX əsrin 70-ci illərindən başlayaraq mühüm
işlər görmüş alimlərdən biri, Azərbaycan-Baltik
ədəbi əlaqələrinin tədqiqatçısı,
ədəbiyyatşünas professor Vaqif Arzumanlıdır
(1947-2014). Professorun bu mövzu ilə
bağlı həm Baltik ölkələrində, həm də
Azərbaycanda bir sıra araşdırmaları çap edilib
və bu işlərin böyük qismi onun 1997-ci ildə
Bakıda "Elm" nəşriyyatında işıq
üzü görən "Nizami Gəncəvinin dünya
şöhrəti" adlı monoqrafiyasında yer alıb.
İndiyədək Nizami poeziyasının Baltik
xalqlarının dillərində yayımlanması sahəsində
ən möhtəşəm işi litvalı tərcüməçi
Linas Broga (1925-2005) görüb. Bu, ilk növbədə,
onun "Leyli və Məcnun" poemasını Litva dilinə
çevirməsi ilə bağlıdır. Poema 1985-ci ildə Vilnüsdə kitab şəklində
14 min nüsxə ilə nəşr olunub. L.Broga kitaba poema ilə yanaşı, Nizamidən tərcümə
etdiyi 5 qəzəli, 8 rübaini və 2 qəsidəni də
daxil edib. O, "Leyli və Məcnun"un
tərcüməsinə həm də 10 səhifədə
müfəssəl izahatlar hazırlayıb, xüsusi
lüğət tərtib edib və elmi tədqiqat səviyyəli
geniş bir sözardı yazıb. Müəllif
sözardını belə ibrətamiz fikirlərlə
tamamlayır:
"Əsl sənət, əsl gözəllik - həqiqi
bir dəyərdir və başqaları ilə
bölüşəndə tükənmir. Odur ki,
Nizaminin poetik sərvəti biz litvalılara da məxsusdur.
Hərçənd bu sərvəti əxz etmək
asan deyil. Nizami kimi nəhəng bir
şairi orijinaldan layiqincə tərcümə etmək
üçün biz hələ çox işlər görməliyik".
"Leyli və Məcnun"un Litva tərcüməsi
barədə litvalı şair-tərcüməçi
Alfonsas Bukontasın (1941) və filoloq
araşdırmaçı Mahir Həmzəyevin birgə
yazdığı "Şam kimi, sən də öz xəzinənlə
yan" başlıqlı resenziya Vilnüsdə
"Pergale" ədəbi jurnalının 1985-ci ildə
çıxmış 12-ci sayında çap edilib.
***
Nizami yaradıcılığı Azərbaycan
xalqına xidmət etməklə yanaşı, digər xalqlar
üçün də böyük əhəmiyyət
daşıyır. 1991-ci ildə Azərbaycanda və digər
ölkələrdə Nizami Gəncəvinin anadan
olmasının 850 illiyi münasibətilə yubiley tədbirləri
keçirilməli idi. Bu yubiley şərəfinə
1991-ci il UNESCO-nun təşəbbüsü
ilə "Nizami İli" elan edilmişdi. Lakin o zaman həm
Azərbaycanda və digər sovet respublikalarında, həm də
bəzi Şərqi Avropa ölkələrində gedən gərgin
proseslər, geosiyasi durum, hökm sürən dərin iqtisadi
böhran, inflyasiya və devalvasiyalar, silahlı münaqişələr,
Qarabağ müharibəsi, SSRİ daxilində getdikcə
güclənən mərkəzdənqaçma meylləri,
1991-ci il Avqust qiyamı və Belovej razılığı - bir sözlə, Sovet
İttifaqının və sosialist düşərgəsinin
dağılması prosesləri Nizaminin 850 illik yubileyini
dünya miqyasında və layiqli səviyyədə
keçirməyə imkan vermədi.
Buna baxmayaraq, mütəfəkkirin yubileyi Azərbaycanda
və UNESCO-nun nəzdində müəyyən səviyyədə
qeyd olundu, həmçinin, bəzi ölkələrdə sadə
yubiley tədbirləri keçirildi. Bu baxımdan bir
nizamisevər kimi, mən də şanslı olmuşam. Müstəqil Litvada Nizami Gəncəvinin 850 illik
yubileyini ictimai diskursda qeyd etmək mənim və bir sıra
litvalı sənət dostlarımın payıma
düşüb. O dövrdə mən Litva kitabsevərlər
cəmiyyəti Vilnüs şəhər təşkilatının
məsul katibi olaraq çalışırdım. Və bu təşkilatın nəzdində ölkənin
kiçik qrafika sənəti sahəsində
çalışan bir sıra rəssamları və kitab
nişanı kolleksionerlərini birləşdirən məşhur
ictimai təşkilat - Litva "Ekslibris" kitabsevərlər
klubu fəaliyyət göstərirdi. Tanınmış
Litva rəssamı, həm də Azərbaycan mədəniyyətinin
yaxın dostu Alfonsas Çepauskas bu klubun sədri idi. 1990-cı ilin 13-14 oktyabr günlərində
"Ekslibris" klubu və Vilnüs şəhər kitabsevərlər
təşkilatının birgə təşkilatçılığı
ilə Litva paytaxtında ekslibrisçilərin IV Beynəlxalq
seminarı keçirildi. Seminarda Litva
ekslibris ustaları ilə yanaşı, Latviyadan, Estoniyadan,
Belarusdan, Ukraynadan və Rusiyadan dəvət olunmuş bir
çox sənət adamları da iştirak edirdilər.
Seminar təşkilatçıları son panel iclasında tədbir
iştirakçılarını 1991-ci ildə Nizami Gəncəvinin
anadan olmasının 850 illik yubileyinə həsr olunmuş
Beynəlxalq ekslibris müsabiqəsinin keçirilməsi barədə
qərarın layihəsi və müsabiqənin şərtləri
ilə tanış
etdilər. Müzakirələrdən
sonra müsabiqənin keçirilməsi ilə bağlı
müvafiq sənədlər qəbul olundu, təşkilat
komitəsi və münsiflər heyəti yaradıldı.
Bu sənədlər, eləcə də
müsabiqəyə dəvətnamələr həm seminar
iştirakçılarına təqdim edildi, həm də bir
sıra xarici ölkələrdə fəaliyyət göstərən
kitabsevərlər təşkilatlarına və peşəkar
ekslibrisçilərə göndərildi. Beləliklə, beynəlxalq Nizami ekslibris müsabiqəsi
başlandı. Vilnüsdə qərar tutmuş Təşkilat
komitəsinə 1990-cı il dekabrın
sonlarından başlayaraq həm litvalı, həm də xarici
ölkələrdə yaşayan rəssamların Nizaminin 850
illik yubileyinə həsr etdikləri ekslibris əsərləri
daxil olmağa başladı. Əfsus ki, 1991-ci il Vilnüs
yanvar qırğını və daha sonra Litvada baş verən
digər dramatik hadisələr və faciəvi olaylar,
"Yedinstvo" interfront təşkilatı tərəfindən
ictimai obyektlərə edilən basqınlar, istiqlalçı
xadimlərə qarşı törədilən təxribatlar,
mülki ərazilərdə aparılan hərbi əməliyyatlar,
Milli radio və televiziya yayımları şirkətinin, qəzet
və jurnal redaksiyaları binalarının, nəşriyyat və
mətbəələrin, həmçinin, mədəniyyət
evləri və digər maarif təşkilatları ofislərinin
Sovet ordu hissələri tərəfindən zəbt edilməsi
halları sözügedən Beynəlxalq müsabiqəni
uğurla başa çatdırmağa mane oldu. Bununla belə,
müsabiqə işlərindən bir neçəsini -
ukraynalı rəssam Volodimir Taran və litvalı qrafika
ustası Algirdas İndraşyusun dahi Azərbaycan şairinə
həsr etdikləri ekslibrislərin görüntülərini
nümunələr qismində təqdim edirik (Bax: şəkil
4,5,6-səh.15).
Daha sonra
Nizami ədəbi irsinin Litvada yayımlanması ilə
bağlı qeyd edək ki, 11 mart 1990-cı ildə bu ölkədə
müstəqilliyin bərpasından sonrakı dövrdə - 2001, 2005, 2009, 2020-ci illərdə buraxılan ensiklopedik nəşrlərdə,
Şərq-Qərb mədəniyyətlərarası dialoquna
aid araşdırma kitablarında, elmi-populyar məcmuələrdə
və lirik əsərlərdən ibarət toplularda dahi
şairin yaradıcılığı haqqında məqalə
və resenziyalar, əsərlərindən bəzi tərcümələr
çap olunub.
2015-ci ildə isə Litva Rus Dram Teatrında Nizaminin
"Yeddi gözəl" əsəri əsasında Yonas
Vaytkusun (1944) rejissorluğu ilə eyniadlı musiqili tamaşa
səhnələşdirilib. Tamaşa rus dili ilə
yanaşı, Litva dilinə tərcümə edilərək
qaçan titrlər vasitəsilə təqdim olunub. Hərçənd bu tamaşa istisna olunmaqla,
müstəqillik dövründə görülmüş digər
işlərin böyük qismi yeni faktlar deyil, sadəcə
1990-cı ilə qədər Litvada işıq üzü
görmüş publikasiyaların təkrarıdır.
***
Ümumən,
Nizami sənətinin Litvada tanıdılması vektorunda indiyədək
görülmüş bir çox işləri, həm
çoxəsrlik Litva-Azərbaycan ədəbi əlaqələri
tarixində çoxdan öz layiqli yerini tutmuş ədəbi
faktlar kimi, həm də dahi sənətkarın poetik irsinin
dünya xalqlarının mənəvi dəyərlər xəzinəsinə
daxil olmasını əks etdirən zəngin salnamənin qiymətli
səhifələri tək dəyərləndirmək
mümkündür.
Qeydlərimi Edvardas adlı bir litvalı oxucunun "Leyli və Məcnun" poemasının Litva tərcüməsi haqqında 2007-ci ildə dərc edilmiş məqaləsindən belə ritorik bir mülahizə ilə tamamlamaq istərdim:
"Poemanı oxudum və öz-özümə dedim, - əsərləri əsrlərin sınağından çıxmış, minlərlə, daha doğrusu, milyonlarla oxucunun hisslərindən və qəlbindən keçmiş, onları daim vəcdə gətirmiş və zövqünü formalaşdırmış Azərbaycan xalqının bu nəğməkarı və filosofu barədə hər hansı bir tənqidi fikir söyləməyə zərrəcə də olsun haqqım varmı? Yox, mənim belə bir haqqım yoxdur və onun az qala kosmik uzaqlıqdan gəlib bizə çatmış poeziyasına yalnız heyran qala bilərəm.
Bu poeziyaya XXI əsrin yüksəkliyindən nəzər salaraq, onu bu günün praqmatik baxış prizmasından dəyərləndirib nəsə deyə bilərəmmi? Ola bilsin, deyə bilərəm. Amma bu günün hansısa bir filisterin (obıvatelin) baxışı və fikirləri, Nizami kimi əbədi bir ədəbiyyat nəhəngi üçün hər hansı bir əhəmiyyət kəsb edə bilərmi?!"
Bəli, Poeziya dünyasının dahisi Gəncəli Nizaminin irsi ölməzdir, əbədiyaşardır! Litvaya gedən Nizami yolunda, onun poeziya işığında sizinlə yenidən görüşmək ümidi ilə...
P.S: Oçerk, dahi şair Nizaminin 880 illik yubileyi münasibətilə 2021-ci ildə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunda M.Həmzəyevin etdiyi məruzə əsasında hazırlanıb.
Vilnüs - Bakı,
24-25 noyabr 2021-ci il.
Mahir
HƏMZƏYEV
Litva
Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva
Respublikası Hökuməti yanında Milli İcmalar
Şurasının üzvü
m.gamzajevas@gmail.com
525-ci qəzet.- 2022.- 14 may.- S.14-15.