Rusiyanın gələcəyi necə olacaq ?

 

 

Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərində Qərb dövlətləri bütün diplomatik mexanizmlərdən istifadə edərək hərbi əməliyyatların dayandırılmasına çalışırdı. O zaman Rusiya bütün təklifləri rədd edirdi. Hətta BMT Baş Assambleyasının qətnaməsi Rusiyanın mövqeyinə təsir göstərmədi. İndi isə vəziyyət dəyişib. Ukrayna onun müttəfiqləri diplomatik danışıqlara maraq göstərmədiyini nümayiş etdirir. Rusiya isə Avropa dövlətlərini sülhə təşəbbüs göstərməməkdə ittiham etməyə başlayıb. Aydın görünür ki, döyüş meydanında Rusiyanın uğursuzluğa məruz qalması mövqelərdə ciddi dəyişikliyə səbəb olub.

 

Rusiyanın bir neçə günlük nəzərdə tutduğu "xüsusi hərbi əməliyyat" 80 gündür ki, davam edir. Müharibənin zaman bitəcəyi isə məlum deyil. Rusiya ağır sanksiyalara məruz qalıb, böyük itkilər verir. "Bloomberg"agentliyi Rusiya Maliyyə Nazirliyinin daxili istifadə üçün hazırladığı proqnozda bu il ümumdaxili məhsulun 12 faiz azalmasının qeyd edildiyi haqqında məlumat yayıb. Rusiya Maliyyə Nazirliyi bu məlumatı təkzib etsə , yayılan xəbərin həqiqəti əks etdirdiyi heç kimdə şübhə doğurmur. Çünki Rusiyanın ümumdaxili məhsulunun bu il 15 faiz azalacağını proqnozlaşdıran nüfuzlu mərkəzlər mövcuddur. Oxucularda aydın təəssürat yaranması üçün qeyd edək ki, Sovet İttifaqı dağıldıqda Rusiyanın ümumdaxili məhsulu 14.6 faiz azalmışdı. Əgər Rusiyanın ümumdaxili məhsulunun 15 faiz azalacağı ilə bağlı proqnoz təsdiqlənsə, Ukraynaya qarşı müharibənin Sovet İttifaqının dağılmasının doğurduğu təsirdən güclü olacağı təsdiqlənəcək. Əlbəttə, daha bədbin proqnozlar da var.

 

Qeyd etmək lazımdır ki, Ukraynaya qarşı müharibənin başlamasından bir həftə sonra Rusiyanın öz məqsədlərinə çatmayacağı aydın idi. Müharibənin üçüncü həftəsində isə Rusiyanın məğlubiyyətinin qaçılmaz olduğu aydınlaşdı. Müharibənin 6-cı həftəsi arxada qalanda bu müharibədəki məğlubiyyətin Rusiyanın tarixi boyu üzləşdiyi ən ağır dağıdıcı məğlubiyyətlərdən olacağı məlum oldu. Müharibənin 11-ci həftəsinin arxada qaldığı indiki zamanda Rusiyanın öz bütövlüyünü qoruyub saxlamağın mümkün olmayacağı qənaəti yaranıb. Ona görə Rusiyanın bütövlüyünün pozulacağı halda doğuracaq risk imkanlar müzakirə olunmağa başlayıb. Artıq belə rəy formalaşmağa başlayır ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Sovet İttifaqının dağılmasından sonra formalaşmış dünya düzənini dağıdaraq yeni dünya düzəninə keçidi başladıb. Bu prosesin geridönməz olduğunu təsdiqləyən məqamlardan biri ABŞ Nümayəndələr Palatasının Ukraynaya 40 milyard dollar yardım ayırmasıdır. Bu vəsaitin yarısından çoxu Ukraynaya silah alınması üçün sərf ediləcək. Onu da nəzərə almaq lazımdır ki, Nümayəndələr Palatasının ayırdığı 40 milyard dollar ancaq oktyabr ayına kimi olan dövr üçün nəzərdə tutulub. ABŞ-da maliyyə ili oktyabr ayının ilk günündən başladığından 40 milyard dollar ancaq sentyabr ayının sonuna kimi olan dövrü əhatə edəcək. Avropa Birliyi, Böyük Britaniya digər ölkələrin yardımlarını nəzərə alanda Rusiyanı gözləyən fəlakətin mənzərəsi qismən aydın olur. Rusiyanın düşdüyü fəlakətin tam mənzərəsini isə müəyyən etmək mümkün deyil.

 

Qərb dövlətləri Ukraynaya ayırdıqları yardımla kifayətlənməyərək rusiyalı oliqarxların müsadirə olunan sərvətlərini Kiyevin ehtiyacları üçün istifadə etmək niyyətindədirlər. Artıq bununla bağlı qanunvericilik təşəbbüsləri mövcuddur. Bu isə on milyardlarla dollarlıq əlavə vəsait deməkdir.

 

Ukraynanın müharibəni davam etdirməsi üçün imkanlar sürətlə artdığı bir zamanda Rusiyanın resursları sürətlə tükənir. Bu isə Rusiyada ciddi təsirlər doğurmağa başlayır. Hələlik təşkilatlanmış etirazlar olmasa da, hakimiyyətə qarşı gizli mübarizənin da başladığı aydın görünür.

 

Rusiyanın düşdüyü bataqlıqdan salamat çıxa bilməyəcəyi aydın olduğu üçün Moskva ilə münasibətlər dəyişir. Estoniyanın Rusiya Federasiyası ilə 2014-cü il fevralın 18-də imzalanmış quru dəniz sərhədinin müəyyən edilməsi müqaviləsindən imzasını geri çəkmək niyyəti, Yaponiyanın Kuril adaları ilə bağlı mövqeyini sərtləşdirməsi, hətta Çinin rəsmi mətbuatında Rusiyanın parçalanacağı ilə bağlı xüsusi verilişin yayımlanması yeni dünya düzəninə keçidin doğurduğu təsir kimi qəbul olunmalıdır. Artıq Rusiyanın gələcək taleyi ilə bağlı ekspertlər səviyyəsində ilk müzakirələr başlayıb.

 

Rusiya rəsmiləri isə yenə nüvə müharibəsi ehtimalından danışmağa başlayıblar. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedyev Ukraynanın Qərb silahları ilə silahlandırılması, "muzdlu əsgərlər göndərilməsi", Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi təlimlər keçirməsinin Şimali Atlantika Alyansı ilə Rusiya arasında birbaşa müharibə ehtimalıni artırdığı haqqında açıqlama yayıb. Prezident Putinə ən yaxın şəxslərdən hesab olunan Medvedyev NATO ilə münaqişənin böyük nüvə müharibəsi riski yaradacağı ilə bağlı xəbərdarlıq edib və Qərbi öz hərəkətlərinin nəticələri barədə düşünməyə çağırıb. Rusiya prezidentinin köməkçisi Dmitri Peskov da Medvedyevin fikirlərini başqa ifadələrlə təkrarlayıb. Aydın görünür ki, Rusiya yenidən nüvə müharibəsi mövzusunu gündəmə gətirir. Qərb isə bir neçə ay əvvəl olduğu kimi, daha bu təhdidlərin qarşısında geri addım atmır. Əksinə, Qərbdən Rusiyaya xəbərdarlıq edilir ki, nüvə silahından istifadə etmək niyyətinə düşsə, dərhal cavab veriləcək. Belə görünür ki, Rusiyanı düşdüyü vəziyyətdən nüvə müharibəsi ehtimalı, hətta onun gerçəkləşməsi də xilas edə bilməz.

 

 

Xaqani CƏFƏRLİ

 

525-ci qəzet.- 2022.- 14 may.- S.8.