Azərbaycan nəzm və nəsrində Şuşanın bədii təsviri

 

 (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu)

 

***

 

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!"

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

***

 

Üç tərəfdən səkkiz yüz metr yüksəklikdə yerləşən sıldırım qayalarla, Qırxqız, Kirs, Murov, Bağrıqan, Sarıbaba dağları ilə əhatə olunan Şuşa yaşayış məskəni salındığı vaxtdan bədii ədəbiyyatın diqqət mərkəzindədir. Şuşanın Azərbaycan xalqının milli şüurunda özünəməxsus yeri olması Ulu öndərimiz Heydər Əliyev tərəfindən vurğulanmışdır: "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa Qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanılması üçün Şuşa şəhərini, Qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox - bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaş üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir Qaladır, əziz bir abidədir. Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur".

 

Şuşanın xalqımızın həyatındakı önəmi bədii nümunələrdə əksini tapır. Şuşanın tərənnüm və təsvir edilməsi Müstəqillik dövrü milli ədəbiyyatımızın ayrılmaz ana xəttinə çevrilir. Birinci Qarabağ müharibəsi dövrünü əhatə edən bədii nümunələrdə Şuşanın azad olunacağına olan ümidlə yanaşı, Şuşa dərdi, Şuşa harayı əksini tapır. Vətən müharibəsindən əldə edilən zəfərdən sonra Şuşa qalibiyyət rəmzinə çevrilir.

 

Azərbaycan ədəbiyyatında mədəniyyətimizin beşiyi olan Şuşa müxtəlif ədəbi növ və janrlarda tərənnüm və təsvir edilir. Müasir dövrümüzdə Şuşa obrazı klassik şeir janrlarında, aşıq yaradıcılığının janrlarında, sərbəst şeir şəklində, qarışıq janr nümunələri olan dastan və poemalarda və sairdə təqdim olunur.

 

Müasir Azərbaycan ədəbiyyatında klassik Azərbaycan şeirinin ən geniş yayılmış janrlarından olan qəzəl janrında Şuşanın vəsf edilməsi təqdirəlayiqdir. Məsələn, kütləvilik xarakteri daşıyan qəzəl janrında Vətən müharibəsi zəfərindən sonra Şuşanın tərənnüm edilməsi Teymur Kərimlinin "Şuşamız" qəzəlində əksini tapır.

 

Teymur Kərimlinin 7 beytdən ibarət olan "Şuşamız" qəzəlində strateji əhəmiyyətə malik olan Şuşanın gözəlliyi və ona olan məhəbbət yer alır.

 

Canımın parçası, canımda canımdır Şuşamız,

Damarımda dolaşan isti qanımdır Şuşamız!

 

Vətən övladına açmış qucağın yaz günütək,

Yağıya buz kimi sərt, qar-boranımdır Şuşamız.

 

Vaqif Bəhmənlinin 7 beytli "Şuşa" qəzəli Birinci Qarabağ müharibəsi dövründə qələmə alınmışdı. Qəzəldə Vətənin alınmazlıq qalası olan Şuşa tərənnüm edilməklə yanaşı, keçdiyi tarixi məqamlara işıq salınır.

 

Dağı dağ üstdə duran dağlı səməndərdi Şuşa,

Necə bəs dil-dil ötür gül-gül açan dərdi Şuşa?

 

Aşıq yaradıcılığında rast gəlinən "Ay ağalar, gəlin sizə söyləyim" kimi xitaba müraciət müasir ədəbiyyatımızda rast gəlinir. Bu xitab Xəstə Qasımın "Aşnalığı", "Deyərlər", Aşıq Alının "Dolandırı" qoşmalarında istifadə edilmişdir. Akademik Teymur Kərimli də Şuşaya həsr etdiyi "Əziz Şuşa! Biz qayıtdıq!" qoşmasını "Ay ağalar, gəlin sizə söyləyim" kimi xitabı ilə başlayır:

 

Ay ağalar, gəlin sizə söyləyim:

Baş tacıdır bizim zəfər Şuşanın!

Başımıza min il qaxınc olardı,

Yolu bağlı qalsa əgər Şuşanın.

 

Azərbaycan poeziyasında şairlərimizin tez-tez müraciət etdikləri vəznlərdən biri də sərbəst şeir şəklidir. Səpkili şeirdə qələmə alınan bədii nümunələrdə Şuşa qəhrəmanlıq, yenilməzlik rəmzi kimi tərənnüm edilir. Rəsul Rzanın "Şuşam mənim" adlı səpkili şeirində səslərin alliterasiyası poetik nümunəyə ritmik-melodik ton gətirir. Şuşanın əsrarəngiz obrazını poetik dillə təqdim edir:

 

Sinəsi qabarıq,

nağıllardan gəlmiş

pəhləvandır

Şuşam mənim;

Mərdliklə, gözəlliklə

qoşam mənim.

Azərbaycan torpağının nur parçası.

 

Zahid Xəlilin "Şuşa" nəğməsi də sərbəst şeir şəklində qələmə alınıb. Müəllif poetik nümunədə Şuşanın obrazını yaradır:

 

Gözün aydın,

Şuşam mənim!

Cənnət kimi

Guşəm mənim.

 

Zahid Xəlilin qələmə aldığı səpkili şeir nümunəsində misraların, hecaların sayı, qafiyə sistemi konkret bir ideyaya tabe tutulur. Poetik fikrin mərkəzində işlədilmiş qafiyələr bir-birini izləyir.

 

Şuşa mövzusunun dördlüklərdə də əksini tapması ilə rastlaşırıq. Məsələn, Hüseyn Kürdoğlunun bir bənddən ibarət olan dördlüklərində qayalar başında yerləşən əfsanələşmiş Şuşanın tərənnümü əksini tapır:

 

Sən də bir yadına sal qayaları,

Gəmi qayaları, sal qayaları.

Toy xonçası kimi başında tutub

Şuşanı dağların sal qayaları.

 

Özündə epik və lirik növün xüsusiyyətlərini daşıyan poema janrında da Şuşa təsvir edilir. Bu zaman bir tərəfdən, təhkiyə yolu ilə müəyyən hadisələrin nəql edilməsi, digər tərəfdən isə, hiss-həyəcanların ifadəsinə yer verilir. Asim Yadigar "Zəfər yolu" lirik poemasında Azərbaycan xalqının həyatında baş vermiş tarixi hadisələri əks etdirən qələbə sevincini, qazanılan nailiyyətləri, zəfər yolunun əzəmətini təsvir edir.

Sabir Rüstəmxanlının "Qarabağa dönüş" poemasının adına da çıxarılmış Qarabağa dönüşü Şuşanın azad edilməsi ilə eyniləşdirən müəllif fikirlərində haqlıdır. Şuşanın düşmən tapdağından xilas olmanı Azərbaycanın işğal altında olan torpaqlarının azad olmasının simvoluna çevirir. Sənətkar Şuşanın azad olmasını Qarabağa dönüş kimi təqdim etməkdə haqlı olduğunu bədii dillə də əks etdirir.

 

Xalq şairi Xəlil Rza Ulutürk "Şuşa səfəri" (1979) adlı lirik poemasında Şuşanı vəsf edərkən poetik obrazını yarada bilir:

 

Şüşə deməliyəm bəlkə də sənə,

Şüşədən işıqlı, mərmər şəhərim.

Dağ bülluru kimi pardaxlı, parlaq,

Mənim yaqut qalam, gövhər şəhərim.

 

Xəlil Rza Ulutürk "Şuşam" adlandırdığı digər poemasında da Şuşanı tərənnüm edir.

 

Xalq şairi Vahid Əziz "Şuşam mənm" şeirində Şuşanın coğrafi məkanı göz önündə canlandırılır. Müəllif Şuşanı qartal əzəmətli olmasını da vurğulayır:

 

Doymaq olmur boylandıqca,

Gül çiçəyinə, daşına.

Gözəl Şuşa qartal kimi,

Qonub dağlar başına.

Şuşam mənim.

 

Qasım Qasımzadə "Zümrüd tac" adlı şeirində Şuşanı Qarabağın tacı kimi təqdim edir:

 

Bədxahı boğmaqçün qəsdinə duran

Xaçın, Qarqar onun qoşa sazıdır.

Başının üstündə yanıb bərq vuran

Şuşa Qarabağın zümrüd tacıdır.

 

Məmməd Araz "Şuşada bir gecə" şeirində Şuşanın dağlar qoynunda yerləşməsini poetik şəkildə qələmə alır. Həmçinin, Şuşanın göz önündə canlı mənzərəsini yaradır:

 

Gecənin qoynunda yanır dağ şəhər,

əzadan asılı çilçıraq şəhər.

Dağlar öz ovcunda yandırıb onu,

Ulduzlar qoynuna qaldırıb onu.

Bu dağlar vüqarı, bu dağlar gücü.

Bu gecə kəşf etdim bir Şuşa bürcü,

Bir Şuşa bürcü,

Tamaşa bürcü.

 

Zivər Ağayeva "Şuşa" şeirində Şuşanın sehrkar təbiətə malik olmasını, həmçinin, doğma el olmasını tərənnüm edir:

 

Bir yanı göydələn zirvə düzümü,

Bir yanı tər-təzə zümrüd meşəli,

Baxıram ətrafa elə bil Şuşa,

Dağların ovcunda büllur çeşmədi.

 

Səyavuş Məmmədzadə "Şuşanı qar gördüm" şeirində Şuşanın Birinci Qarabağ müharibəsi dövründəki obrazını yaradır:

 

Şuşanı qar gördüm, qar gördüm,

Elimi var gördüm, var gördüm,

Səslədim ötən günləri,

Daşları kar gördüm, kar gördüm.

 

Rəşad Məcidin "Şuşa" şeirində də Şuşanın poetik dillə canlandırılmış obrazı təqdim edilir:

 

Qoynuna hər gələn yüz xəyal eylər,

Uzaqdan baxanlar qeylü-qal eylər,

Birini coşdurar, birin lal eylər,

Tilsimdir, ovsundur, cadudur Şuşa.

 

Azərbaycan ədəbiyyatının epik növünün müxtəlif janrlarında Şuşanın obraz kimi təqdiminə rast gəlinir. Roman, povest, hekayə, pritça və sair nəsr janrlarında Şuşa canlı obraz kimi təqdim edilir: Güllü Məmmədovanın "Fatehlərin zəfəri", Azad Qaradərəlinin "Cəbrayıl əfsanəsi", Şəmil Sadiqin "Ödərlər" romanları, Fariz Yunislinin "Adı burda, özü Qarabağda" pritçası, Mehdi Şərifovun "Yaddaşın dumanlı ləkələri" hekayəsi və sair.

 

Eyni ad altında müxtəlif poetik nümunələrin yaranması ədəbi mühitin və ədiblərin Şuşaya olan böyük marağının bədii ifadəsidir.

 

44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra Şuşanın azad, məğrur obrazı ədəbiyyat və mədəniyyətin müxtəlif ədəbi növ və janrlarında yaradılacağına əminik. Biz Şuşanın əzəmətini, sındırıla bilməyən qürurunun, qalibiyyətin rəmzi kimi bədii ədəbiyyatda tərənnüm və təsvir ediləcəyinin şahidi olacağıq. Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Molla Pənah Vaqif, Üzeyir bəy Hacıbəyli, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Xan Şuşinski, Bülbül kimi böyük şəxsiyyətlərin öz milli təfəkkürləri ilə böyük ədəbi irs qoyması Azərbaycanın qazandığı Qələbənin rəmzi olan Şuşa ədəbi mühiti ilə bağlıdır. Şuşanın təsviri milli ədəbiyyatımızda zamanlara səpələnmiş şəklində deyil, xalqın sevgi və ehtiramını kainatın sonsuzluğunda bütövləşmiş bir şəkildə əks etdirir.

Xalqın gen yaddaşına çevrilmiş, şeir-sənət mərkəzi, ecazkar mədəniyyətimizin rəmzi olmuş Şuşanın Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi bu ənənənin davam etdiriləcəyindən xəbər verir.

 

 

Salidə ŞƏRİFOVA

AMEA-nın professoru,

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2022.- 17 may.- S.14.