Müəllim canlı abidədir
"Azərbaycanın
əldə etdiyi bütün nailiyyətləri əsasında
müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti
durur"
İlham
Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
***
Müəllimlik peşəsi ən çətin və
eyni zamanda ən şərəfli peşələrindəndir. Dərin
inamıma görə, müəllimlərin böyük əksəriyyəti
bu peşəni yalnız əmək haqqına, karyera qurmaq
üçün deyil, həm də ürəklərində
uşaqlara (gənclərə) olan sevgi və qayğıya,
onları vətənə layiq vətəndaş kimi
yetişdirməyə kömək etmək istəyinə
görə seçiblər. Müəllimlərin
üzərinə şərəfli vəzifə və məsuliyyət
qoyulub, çünki uşaqların (gənclərin) onlardan
alacağı bilik və bacarıqlar cəmiyyətin gələcəkdə
inkişafı üçün istifadə edəcəyi səriştədir.
Çoxları düşünür ki, müəllim məktəbdə,
universitetdə işləyən adi bir insandır. Əslində
isə müəllim bizim üçün cəmiyyətə
qapılar açan, gələcəyimizi xırda kərpiclərlə
quran, insani keyfiyyətləri başa düşməyə
kömək edən bir şəxsiyyətdir,
ömrünü şam kimi insanlığın gələcək
inkişafı yolunda əridən İNSANDIR.
Əlbəttə, müəllim də birmənalı
tam mükəmməl insan olmaya bilər, çünki o, təkcə
yaxşı cəhətlərdən formalaşmayıb. Ancaq məsələ də
elə bundadır - müəllimlik peşəsi elədir ki,
onu ən yaxşı tərəfləri ilə uşaqlara (gənclərə)
doğru çevirmək lazımdır...
Bəllidir ki, hər bir insanın həyatında ilk
müəllimləri onun valideynləri hesab olunur. Onlar bizə həyatda
ilk dəfə yeriməyi, danışmağı,
yazmağı, saymağı, insanlar arasında necə
davranmağı öyrədirlər.
Şübhəsiz ki, məktəbə qədərki
dövrdə çox şey, daha doğrusu, uşağın
xarakteri, dünyagörüşü və ilkin mədəniyyəti
valideynlərdən (məktəbəhazırlığa cəlb
olunan uşaqlarda həm də müəllimindən)
asılı olur. Sonra uşaq içərisində
"Əlifba" kitabı (indi "Azərbaycan dili"
adlanır) olan məktəb çantası ilə ibtidai siniflərə
daxil olaraq irəliyə doğru ilk addım atır. O,
burada ibtidai sinif müəllimi ilə tanış
olur. Təəssüf ki, bir çoxları zaman keçdikcə
vaxtilə bizə dünyanın necə qurulduğunu izah edən, yazı
qaydalarını və vurma cədvəlini öyrətmək
üçün çoxlu əsəb və vaxt sərf edən,
bizi müstəqil və yetkin həyata hazırlayıb yola
salan, uğurlarınıza sevinən və fəxr edən
insanları - müəllimləri unudurlar.
Lakin dərindən düşünəndə
bütün müəllimlərə yalnız səbr və cəsarətlərinə
görə "Sağ olun, əziz müəllimlər! Bütün müəllimlərə,
müəllimliyin təkcə peşə deyil, həm də məsuliyyətli
vəzifə olduğuna inanan hər kəsə sonsuz təşəkkürlər",
- demək istəyirsən. Ümummilli lider Heydər Əliyev
gözəl demişdi: "Mən müəllim adından
şərəfli ad tanımıram". Böyük öndər
Mustafa Kamal Atatürk də müəllim əməyini
yüksək qiymətləndirmişdi: "Müəllim bir
şama bənzər, özünü əridərək
başqalarına işıq verər".
Bəli,
biz müəllim statusuna hörmətimizi nümayiş etdirməyə sadəcə
məcburuq. Ona görə ki, ölkənin hər
bir vətəndaşını müəllim yetişdirir.
Hər bir millətin, hər bir dövlətin təməlində
təhsil, tərbiyə durur. Millətin,
dövlətin gələcəyini təmin edən gəncliyin
də formalaşması, yetişdirilməsi ilə müqəddəs
peşə sahibləri olan müəllimlər məşğul
olur. Dünya fatehlərinin hamısı
öz müəllimini hər zaman hörmət və ehtiramla
anıblar. Axı, onları yetişdirən
həmin müəllimlər olub.
Düşünürəm
ki, hər bir cəmiyyətdə müəllim statusuna
hörməti nümayiş etdirən elementlərdən biri də
müəllimə abidə ucaldılması ola
bilər... Bu problemin aktuallığı ən
azı ondan irəli gəlir ki, ölkəmizin şəhər
və rayonlarında, ayrı-ayrı nümunələr istisna
olmaqla, küçələrə, meydanlara və məktəblərə
müəllim adlarının verilməsi geniş
yayılmış təcrübə deyil. Üstəlik
də, rayonlarda "Müəllimlər evləri" praktiki
olaraq yoxdur.
Vaxtilə Bakıda "Müəllimlər evi" fəaliyyət
göstərib. Təəssüf ki, sonralar bu "evlər"
unudulub.
Eyni zamanda, ölkəmizin bir çox görkəmli
şəxsiyyətlərinin şəhər və rayonlarda
ucaldılmış abidələrini də xatırlatmaq
lazımdır, onların bəziləri həyatının
müəyyən mərhələsində müəllimlik
ediblər. Eyni sözləri küçələrə, məktəblərə
müəllim adlarının verilməsi haqqında da demək
olar.
XIX əsrdə Tiflis gimnaziyasında Azərbaycan dilindən
dərs deyən yazıçı-maarifpərvər, şair,
filosof və ictimai xadim Mirzə Fətəli Axundzadənin
(1812-1878) xatirəsinə Bakıda ucaldılmış abidəni
ilk növbədə qeyd etmək istərdik.
Paytaxtın bağlarından biri XX əsrin əvvəllərinin
görkəmli satirik şair Mirzə Ələkbər Sabirin
(1862-1911) adını daşıyır və onun abidəsi də
orada ucaldılıb. Şair vaxtilə Balaxanıda fəhlə
məktəbində dərs deyib.
İçərişəhərdə Azərbaycan Milli
Ensiklopediyasının Baş redaksiyasının
keçmiş binası qarşısında maarifçi və
publisist, Azərbaycan dilində ilk "Əkinçi" qəzetinin
yaradıcısı Həsən bəy Zərdabinin (1837-1907)
abidəsi ucaldılıb. O da Bakı Realnı Məktəbində
(indiki Azərbaycan Dövlət İqtisad Universitetinin binası),
təbiət elmləri müəllimi olub.
Gəncə,
Qazax və Quba rayonlarının kənd məktəblərində
ədəbiyyatdan dərs deyən görkəmli Azərbaycan
şairi, dramaturqu və ictimai xadimi Səməd Vurğunun
(1906-1956) xatirəsi Bakı şəhərinin mərkəzində
onun şərəfinə ucaldılmış möhtəşəm
abidə ilə əbədiləşdirilib.
Bir
neçə il Bakı məktəblərində
ədəbiyyatdan dərs deyən yazıçı və
şair Mikayıl Müşfiqin (1908-1938) şərəfinə
ucaldılmış abidəni də qeyd etməmək
mümkün deyil.
Gəncə
və Gədəbəyin məktəblərində, eləcə
də Bakı Dövlət Universitetində vaxtilə müəllimlik
etmiş görkəmli Azərbaycan yazıçısı,
alimi, ədəbiyyatşünası, filologiya elmləri
doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi Mir Cəlal
Paşayevin (1908-1978) Gəncədə ev-muzeyi fəaliyyət
göstərir. Bakıda küçələrdən
biri Mir Cəlal adlanır, Gəncədə isə
küçələrdən biri, həmçinin, 39 nömrəli
məktəb Mir Cəlal Paşayevin adını
daşıyır.
40 ildən
artıq Bakı Dövlət Universitetində dərs demiş
Azərbaycanın Xalq şairi, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü Bəxtiyar Vahabzadənin
(1925-2009) şərəfinə Şəkidə
ucaldılmış abidəni də qeyd etmək
lazımdır.
Bakının küçələrindən biri Azərbaycan
və Türkiyənin görkəmli ictimai xadimi, siyasətçi,
jurnalist, müəllim, yazıçı və türkoloq
Əhməd bəy Ağaoğlunun (1869-1939) adını
daşıyır. O, Şuşa Realnı Məktəbində, Bakı
Kommersiya Məktəbində fransız dili, İstanbul
Universitetində Konstitusiya hüququ, türk-monqol tarixi və
rus dillərindən dərs deyib.
Pedaqogika elminin görkəmli nümayəndəsi,
tanınmış ictimai xadim Mehdi Məmməd oğlu Mehdizadənin
(1903-1984) adı da paytaxt küçələrindən birinə
verilib. O, Cəbrayıl
rayonunda ibtidai məktəbi də müəllim, müdir vəzifəsində,
sonra Azərbaycan Pedaqoji İnstitutunun Pedaqogika kafedrasında
müəllim işləyib, uzun müddət Azərbaycan
SSR-nin maarif naziri olub.
Heç şübhəsiz ki, öz əmək fəaliyyətində
bu və ya digər şəkildə pedaqoji fəaliyyətlə
bağlı olmuş Azərbaycanın görkəmli şəxsləri
haqqında bu siyahını və məlumatları istənilən
qədər davam etdirmək və tamamlamaq da olar. Ancaq nəzərə
almalıyıq ki, adını çəkdiyimiz və
çekə bilmədiyimiz bu şəxsiyyətlərə
abidə müəllim işlədiklərinə görə
deyil, elm, mədəniyyət və ədəbiyyat sahəsində
xidmətlərinə görə qoyulub, onların vətən
və millət qarşısındakı xidmətləri nəzərə
alınmaqla adları əbədiləşdirilib.
Bunları xatırlamaqla məqsədimiz konkret maarif
xadiminə, ayrıca bir müəllimə heykəl və ya
digər xatirə abidəsinin qoyulmasından getmir.
Biz ayrı-ayrı konkret şəxslərdən, müəllimlərdən
danışmırıq. Bu gün Azərbaycanda 4432 ümumtəhsil məktəbində
149 mindən çox müəllim çalışır ki,
onların da 71 faizini qadınlar, 29 faizini kişilər təşkil
edir. Müəllimlərin böyük əksəriyyəti
öz vicdanlı əməyi, peşəsinə sədaqəti
və ziyalılığı ilə insanların hörmət
və ehtiramını qazanıblar.
Şübhəsiz ki, müəllimlərin şərəfinə
adsız abidələrin ucaldılması da elm nuru səpən,
ağlı, xeyirxahlığı, əbədiyaşarlığı,
öz işinə sədaqəti ilə şagirdlərin,
valideynlərin və xalqımızın məhəbbətini
qazanan müəllimlərə olan dərin hörmət, məhəbbət
və minnətdarlıq nişanəsi olardı.
XX əsrin sonlarından başlayaraq günümüzdə
dünyada kiçik ölçülü abidə-heykəllər
də geniş yayılmağa başlayıb. Onlar daha
çox təbii ölçüdə hazırlanır və
postamentdə quraşdırılmır, birbaşa
küçə səviyyəsində (bu tipli heykəllərin
ilk nümunəsi bu yaxınlarda dövlət
başçısı İlham Əliyevin sərəncamı
ilə Bakı şəhərində böyük
maarifçi-xeyriyyəçi, ictimai xadim Hacı Zeynalabdin
Tağıyevin şərəfinə qoyulub) qoyulur. Real insanlarla yanaşı, kollektiv obrazlar, müxtəlif
peşələrin nümayəndələri, o cümlədən,
pedaqoji fəaliyyətlə bağlı olanlar da belə
obrazın obyektinə çevrilirlər. Bu
xüsusda Belçika, İspaniya, Qazaxıstan, ABŞ,
İsrail, Rusiya Federasiyası, Ukrayna və digər xarici
ölkələrin şəhərlərində adsız
müəllim abidələrinin olduğunu da xüsusi
vurğulamaq lazımdır.
Mətləb aydınlığı üçün bu
məqalədə bir sıra xarici ölkələrin şəhərlərində
adsız və adlı müəllim abidələrinin
fotoşəkilləri təqdim olunur.
Belə abidələrin ölkəmizdə ucaldılması uşaq və gənclər, eləcə də gələcək nəsillərimiz üçün də çox vacibdir. Əminəm ki, ucaldılacaq belə adsız abidənin yerləşdiyi məkan həm də Qarabağ müharibəsində şəhid olan və itkin düşən müəllimlərin xatirəsini yad etmək üçün insanların ibadət və ziyarət yerinə çevrilər. Bununla yanaşı, böyük şəhərlərdə və regionlarda "Müəllim evləri"nin bərpasına da ciddi ehtiyac var. Bu "evlər" və qurulacaq abidələr gənc nəslin vətənpərvərlik tərbiyəsində, cəmiyyətdə müəllim nüfuzunun qaldırılmasında müstəsna rol oynamış olar.
Düşünürəm ki, müəllimlərin şərəfinə adsız abidələrin ucaldılması həm də müxtəlif nəsillərdən olan məzunların görüş yerinə, gənclər arasında ünsiyyət məkanına çevrilə, eyni zamanda vətəndaşların müəllimlərə - əsl təhsil fədailərinə səmimi minnətdarlıq hissini, dərin ehtiramını əbədiləşdirməyə imkan yarada bilər.
Sonda qeyd etmək lazımdır ki, bu məsələ, görünür, geniş ictimaiyyətin müzakirəsinə çıxarılmalı, sonra qərar verilməli, eyni zamanda abidənin variantları haqqında danışılmalıdır.
Məqaləmin sonunda müəllimlərə heykəl qoyulmasının zəruriliyi haqda böyük şairimiz, unudulmaz müəllim Bəxtiyar Vahabzadənin illər öncə yazdığı "Müəllim" şeirindən bir parçanı burada xatırlamaq yerinə düşərdi:
Gəl ey heykəltaraş! Bu mərmər, bu gil,
Düşün müəllimi, sonra alış, yan!
Onun heykəlini mərmərdən deyil,
Yarat
özü kimi nurdan, işıqdan...
Rövşən
Ağayev
525-ci qəzet.- 2022.- 17 may.- S.12;13.