V "Xarıbülbül"
Festivalının unudulmaz təəssüratları
Əvvəllər Şuşamızın, indi
isə bütün Azərbaycanın və Qarabağ zəfərli müharibənin simvolu olan Xarıbülbül gülü bu günlərdə yenə
də dillərdə dastan idi. Tarix boyu
Qarabağa gələnlər
bu gülün seyrinə dalarmışlar.
İndi isə bütün dünyanın dilində yenidən "Xarıbülbül"
səslənir. Özü də
indi bu Xarıbülbül
təkcə gül deyil, qələbədir, əzəmətdir, vüqardır,
mədəniyyətdir, festivaldır.
Hə, söhbət qələbəmizdən
sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
yenidən bərpa olunan və bu il
5-cisi keçirilən "Xarıbülbül" beynəlxalq
festivalından gedir. Məşhur xanəndə
Seyid Şuşinskinin
100 illik yubileyi ilə əlaqədar
1989-cu ildən keçirilməyə
başlayan və hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin
iştirakı ilə
gerçəkləşərək, təkcə Azərbaycanda
deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri
hesab olunan "Xarıbülbül" Beynəlxalq
Festivalı artıq iki ildir ki,
yenidən Şuşamızın
adını dünyaya
duyurmaqdadır.
Mayın
12-də Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa
şəhərində V "Xarıbülbül" Beynəlxalq
Folklor Festivalının
açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva festivalın açılışında
iştirak etdilər.
Şuşa şəhərinin
270 illiyi ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə
elan edilən "Şuşa İli"ndə
keçirilən V "Xarıbülbül"
Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi
və Şuşa
Şəhəri Dövlət
Qoruğu tərəfindən
təşkil olunmuşdu.
Mayın
14-də başa çatan
festivala xarici ölkələrdən müxtəlif
folklor üslublarında
çıxış edən
musiqiçilər, rəqs
kollektivləri, həmçinin,
Azərbaycanın müxtəlif
regionlarından folklor
kollektivləri qatılmışdılar.
Bir əsrə yaxındır
Azərbaycan mədəni
həyatında və
yaradıcılıq təhsilində
önəmli rola malik, ölkəmizin əsas yaradıcı ali məktəblərindən
biri olan Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti
(ADMİU) də bu festivalda çox aktiv və layiqincə
təmsil olunurdu. Başda rektor olmaqla, universitetin müəllimlərinə,
məzunlarına və
tələbələrinə qədər çox sayda ADMİU-lu incəsənət nümayəndələrimiz
"Xarıbülbül" festivalında həm iştirakçı, həm
də tamaşaçı
kimi təmsil olunurdular. Onların bəziləri həm V
"Xarıbülbül" festivalı, həm də Şuşa
səfərləriylə bağlı
hisslərini "525-ci qəzet"lə
bölüşdülər.
"Şuşada keçirilən
bu cür festivallarla qürur duyuram"
V "Xarıbülbül" festivalının
açılışında iştirak edən ziyalılarımızdan biri,
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
rektoru, professor Ceyran Mahmudova Şuşa səfəri və festivalın ona bənzərsiz duyğular
yaşatdığını deyir: "Mayın 12-də
Şuşanın azadlığından
sonra ora ilk səfərim baş tutdu. Əlbəttə, bu, mənim
həyatımda çox
böyük hadisə
idi. Mən Şuşada tələbəlik
illərimdə olmuşdum.
1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının ikinci
kurs tələbəsi
idim. Həmin ilin yayında
bizi Şuşaya təcrübəyə - folklor
nümunələri toplamaq
üçün aparmışdılar.
Ondan sonra isə məlum səbəblərdən uzun
illərdir ki, mən də hamı kimi Şuşa həsrətini
çəkirdim. Çox şadam
ki, nəhayət Şuşaya getmək nəsib oldu. Heydər Əliyev Fonduna xüsusi təşəkkür
edirəm ki, V "Xarıbülbül" festivalının
açılış mərasiminə
dəvət olunan qonaqlar arasında mən də vardım. Bu mərasimdə iştirakımla
böyük fəxr duyuram.
Şuşaya gedən Zəfər yolunu qalxdıqca qəhrəman ordumuzun, xüsusi təyinatlılarımızın müharibə boyunca çəkdiyi zəhmətlər, Şuşa uğrunda göstərdikləri şücaətlər, müharibə günləri və ondan sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışları gözüm önünə gəlirdi və Şuşanın fəthinin nə qədər böyük əhəmiyyətə malik olduğunu düşünürdüm. Doğrusu, bu fikirlər heç ağlımdan çıxmırdı. Zəfər yolu necə də gözəl təmir olunub. Bu əzəmətli şəhərin o cür yüksəklikdə yerləşməsinə baxmayaraq, oraya çəkilən yol sayəsində getmək də rahatdır.
Şuşada festivalın açılışı da çox əzəmətli idi. Cənab Prezidentin və I vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı hamımızı ruhlandırırdı. Güclü yağış yağmasına baxmayaraq, əhvalımız çox yüksək idi və istər tamaşaçılar, istərsə də səhnədəki çıxışçılar böyük şövqlə, ruh yüksəkliyiylə orda iştirak etdik.
Mədəniyyət paytaxtımız olan Şuşadan çox böyük təəssüratlarla qayıtmışam. Çox istərdim ki, bizim universitetimizin tələbələri orada tamaşalarıyla, konsert proqramlarıyla çıxış etsinlər. İnanıram ki, yaxın gələcəkdə Şuşada həyat öz normal axarına qayıtdıqca bütün bu istəklərimiz, arzularımız da reallaşacaq. Şəhərin küçələrini gəzdikcə orda gedən abadlıq, quruculuq, bərpa işlərinin şahidi olduq.
Mən hər kəsi gözəl Şuşamızı ziyarət etməyə çağırıram və ümid edirəm ki, biz də Mədəniyyət və İncəsənət Universitetinin kollektivi olaraq yaxın zamanda bu gözəl şəhərimizi birlikdə ziyarət edəcəyik".
"...hər kəs buna iş kimi deyil, mənəvi borc kimi yanaşırdı"
Festivalın baş rejissoru, Əməkdar incəsənət xadimi, ADMİU-nun dosenti Hafiz Quliyev
festivalın hazırlanma prosesi haqqında
yüksək fikirlər səsləndirdi: "Gözəl
Şuşamızda keçirilən V
"Xarıbülbül" festivalı həm mənəvi
baxımdan, həm də öz gözəlliyiylə
möhtəşəm idi. Bir rejissor kimi deyə
bilərəm ki, builki proqram çox zəngin idi. Bura dünyanın
müxtəlif ölkələrindən
- Türkiyə, Gürcüstan,
Misir, Bolqarıstan,
Pakistan, Özbəkistan, Malidən
və başqa ölkələrdən, eləcə
də Azərbaycanın
regionlarından xeyli sayda folklor kollektivləri
dəvət olunmuşdu.
8 konsert keçirildi.
Professional ansambllar iştirak edirdi. Bir-birindən maraqlı, rəngarəng
proqramlar baş tutdu və biz ayrı-ayrı xalqların
folklor nümunələrini
Şuşadan bütün
dünyaya təqdim etdik. Çox sevindirici haldır ki, bu festivalda
əməyi olan hər kəs buna iş kimi
deyil, mənəvi borc kimi, eyni
zamanda, böyük sevgi və ürəklə
yanaşırdı. Sanki hamı istəyirdi ki, öz ürəyinin
töhfəsini bu tədbirə qatsın".
"Sanki
Şuşa özü
bizi sevir və öz qoynunu bizə elə doğmalıqla açır ki, kimsə ondan doymur"
ADMİU-nun
nəzdində Humanitar
Kollecin direktoru, sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
dosent Nərmin Qaralova özünü nağıllar aləmində
hiss etdiyini deyir: "Təbii ki, Şuşaya getmək hər kəs kimi mənim də arzum idi.
Bu səfərimə səbəb isə "Xarıbülbül" festivalı
olduğu üçün
çox xoşbəxtəm.
Bütün bu festivalların,
beynəlxalq tədbirlərin
də əsas məqsədlərindən biri
insanları bir araya gətirmək, mədəniyyətlərarası birlik yaratmaqdır. V "Xarıbülbül" festivalı isə xalqların folklorunun Şuşada görüşməsi
idi.
Xəyallarımızın şəhəri Şuşada keçirdiyim hissləri ifadə edəcək bir söz tapa bilmirəm. Özümü sanki nağıllar aləmində hiss edirdim. Məsələ, təkcə gözəllikdə deyil. Şuşanın mistik, cazibədar, sehrli aurası var, məncə. Sanki Şuşa səma altındakı bir muzeydir. Bu ecazkar şəhəri festivalda səslənən musiqi sədaları altında gəzmək isə tamam ayrı ab-hava yaşadırdı.
Bəlkə də Şuşa sevgim, Şuşa həyəcanım dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə olan sonsuz sevgimdən qaynaqlanır. O, uşaqlıqdan mənimçün tamam başqa insan olub və hətta həmişə düşünürdüm ki, kaş, Üzeyir Hacıbəyli ilə eyni dövrdə yaşayardım. Bakı Musiqi Akademiyasına da onun orda heykəli var, o, orda olub, orda gəzib deyə qəbul olmuşdum. Ora qəbul olacağım günü o qədər böyük səbirsizliklə gözləyirdim ki. İndi isə təsəvvür edin ki, Üzeyir Hacıbəylinin yaşadığı, yaratdığı, havasını udduğu, suyundan içdiyi, küçələrində gəzdiyi Şuşaya ayaq basmaq mənimçün necə fövqəladə bir hadisə idi. Sanki ayağımı yerdən kəsmişdilər. Şuşalı deyiləm, heç vaxt da orda olmamışam. Amma bu şəhər mənə o qədər doğma idi ki, sanki burda doğulub, burda böyümüşəm. O hissi yaradan da Şuşanın isti enerjisidir, yəqin. Sanki Şuşa özü bizi sevir və öz qoynunu bizə elə doğmalıqla açır ki, kimsə ondan doymur. Şuşa birliyin, mərdlik, gözəllik, mədəniyyət və ən gözəl ənənələrin simvoludur".
"Orda keçirdiyim iki günü hələ də nağıl kimi hiss edirəm"
ADMİU-nun məzunu, VII Muğam Televiziya Müsabiqəsinin qaliblərindən gənc və istedadlı xanəndə Rəvan Qaçayev də festivala öz gözəl səsiylə rəng qatan ifaçılarımızdan oldu: "Bu gözəl şəhərin haqqında çox eşitmişdik, arxiv fotolarında, videolarında görmüşdük. Amma mən bu qədər böyük möhtəşəmliklə qarşılaşacağımı təsəvvür etmirdim. Onun havası, suyu, doğmalığı bambaşqa ab-hava yaradırdı. Orda keçirdiyim iki günü hələ də nağıl kimi hiss edirəm.
Şuşa şəhidlərimizin, qazilərimizin qanlarıyla aldığımız müqəddəs torpağımızdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Ordakı hər anımızda hamımız məhz onları anır, ruhlarına rəhmət oxuyurduq.
İnşallah,
şuşalılar öz yurd-yuvalarına
qovuşsunlar, orda daimi məskən salsınlar, yaşayıb,
yaratsınlar. Biz də hər zaman könül
rahatlığıyla Şuşaya gedib-gələ
bilək. Etiraf edim ki, bu səfərimlə mən
həm də orda yetişən sənətkarlarımızın
- Seyid Şuşinskinin,
Xan Şuşinskinin, Bülbülün və başqalarının
niyə bu cür
möhtəşəm səsə malik
olduqlarını anladım. Oranın havasındakı,
suyundakı, torpağındakı enerji ilə
böyüyən insan başqa
cür ola da bilməzdi".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 17 may.- S.11.