"XIX əsr Qarabağ şairləri antalogiyası"ndan

 

Əziz oxucular!

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

 

***

 

Qasım bəy Zakir

 

Qasım bəy Əli bəy oğlu Zakir klassik şair, Azərbaycan ədəbiyyatında ictimai satiranın banisi, aşıq poeziyasının varisi davamçısı, milli realizmin ilk görkəmli nümayəndəsidir. Şairin zəngin poetik irsi, yaratdığı sənət əsərləri həmişə gündəmdə olmuş, öz təsir gücünü, bədii təravətini, hissi-emosional qüdrətini heç zaman itirməmiş, nəsildən-nəslə ötürülərək yeni vüsət tapmışdır.

 

Qasım bəy Zakir Qarabağ xanlığının əsasını qoyan əsilli-nəcabətli Qarabağ əmirlərinin nəsildəndir. O, 1784-cü ildə Ağdam şəhərinin yaxınlığında yerləşən Yedditəpə ərazisindəki Sarıcalı kəndində anadan olmuş, ilk təhsilini orada aldıqdan sonra Şuşa şəhərinə köçərək özlərinə məxsus evlərində yaşamış burada təhsilini davam etdirərək fars-ərəb dillərini mükəmməl öyrənmişdir.

 

Xan nəslindən olmasına baxmayaraq şairin mübarizələrlə dolu həyatı o qədər xoş keçməmişdir. Bir tərəfdən ictimai haqsızlıqlara dözə bilməyərək onu törədənləri kəskin tənqid etməsi, digər tərəfdən isə qardaşı oğlu Behbud bəyin haqq işi uğrunda mübarizəyə qoşularaq qaçaq düşməsi şairin ictimai mövqeyinə təsirsiz qalmamış, hətta, ömrünün ixtiyar çağında üzərinə atılan şər böhtanın qurbanı olaraq üç ay müddətinə göz dustağı kimi Bakı şəhərinə sürgün edilmişdir. Başda Mirzə Fətəli fətəli Axundzadə olmaqla yaxın dostlarının qayğı köməyi sayəsində zindandan xilas ola bilmişdi.

 

Q.Zakir 1857-ci ildə Şuşa şəhərində vəfat etmişorada Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir. 1983-cüı ildə şairin məzarı üstündə onun büstü qoyulmuşdur. Lakin mənfur erməni vandalları işğal zamanı xalqımızın digər maddi-mədəniyyət abidələri kimi, onun qəbirüstü abidəsini də yerlə-yeksan etmişlər. Şairin yaradıcılığından seçmələr onun 1964-cü ildə çap olunmuş "Əsərləri"ndən, Raqub Kərimovun "Qasım bəy Zakir və müasirləri" (2013) adlı monoqrafiyasından və AMEA ƏYİ-nin arxivində saxlanan nəşr olunmamış əlyazmalardan götürülmüşdür.

 

 

Raqub KƏRİMOV

Filologiya üzrə elmlər doktoru,

professor

 

 

525-ci qəzet.- 2022.- 18 may.- S.23.