Azərbaycan var hər kəsin
gur səsində...
Hamımızın həyatında misilsiz rol oynayan, bəlkə
də, ömrümüzü iki yerə bölən II
Qarabağ müharibəsi hələ çoxları tərəfindən
yetərincə dərk olunmur, layiq olduğu səviyyədə
dəyərləndirilmir. Baxmayaraq ki, bu barədə
elə bu müqəddəs savaşın
başladığı ilk günlərdən xeyli şeir,
hekayə, oçerk, reportaj və b. bədii əsərlər
yazılmış və bu gün də yazılmaqdadır.
Məni belə düşünməyə vadar
edən səbəb nədir? Doğrusunu deyim ki, bu
günlərdə Binəqədi rayonundakı 182 saylı tam orta məktəbdə
keçirilən bir tədbirdən sonra bu qənaətə gəldim.
5-10 nəfər şagirdin iştirakı ilə
təşkil olunmuş, 44 günlük II Qarabağ
savaşına həsr edilmiş möhtəşəm tədbir
bizə hansı müəzzəm duyğuları
yaşatmadı?! Onu da qeyd edim ki,
başımızı uca, alnımızı açıq edən
həmin müharibəyə ithaf olunmuş şeirləri
ölkəmizdə deyil, vətənimizin güney hissəsində
– Güney Azərbaycanda yaşayan, yazıb-yaradan şairlər
qələmə alıblar. Əlbəttə ki, Esmira
Fuadın yaxınlarda nəşr olunmuş “44 günlük Vətən
Müharibəsi Güney Azərbaycan Ədəbiyyatında”
adlı yeni kitabından seçilmiş şeirləri deyirəm.
Esmira
xanım Güney Azərbaycan ədəbiyyatı və mədəniyyətinin
respublikamızda tədqiq olunması sahəsində böyük əməyi
olan alimlərimizdəndir. AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı
şöbəsinin aparıcı elmi işçisi, filologiya
elmləri doktoru E.Fuad güneydə yaşayan
soydaşlarımız arasında da yaxşı
tanınır, məqalə və əsərləri o tayda da
nəşr edilir. Güney Azərbaycan ədəbiyyatı sahəsində
tanınmış mütəxəssis olan Esmira xanımın
haqqında danışdığımız kitabı ona
görə dəyərli və aktualdır ki, qanlı
savaşların getdiyi dünyamızda bizə birlik və
bütövlük duyğularını aşılayır, gənc
nəslə vətənimizin yalnız Arazın bu tayından
ibarət olmadığını, Azərbaycan adlı məmləkətin
daha böyük sınırları qapsdığını,
50 milyonluq xalq olduğumuzu əyani faktlarla açıb
göstərir.
30 illik
düşmən tapdağında qalmış
torpaqlarımızın işğaldan azad edilməsi
uğrunda aparılan ədalətli müharibə zamanı
ölkəmizin vətəndaşlarıyla yanaşı,
bütün dünyadakı, özəlliklə, güneydəki
soydaşlarımızın bizdən az
sevinmədiyini, Arazın sahilində toplaşıb
şanlı ordumuzun zəfər yürüşünü
alqış və göz yaşlarıyla müşahidə
etdiklərini unutmaq mümkündürmü? Arazın
o tayında atasıyla birgə döyüşləri izləyən
azyaşlı uşağın “Ata, bizim ordumuz hansıdı?”
– sualına atasının göz
yaşları içərisində “Baax, o atəş
açanlar bizim əsgərlərdi, bir azdan hücuma
keçəcəklər” – sözləri kimin gözlərini
yaşartmamışdı?
İlk baxışda adi ailə-məişət söhbəti
kimi görünüən bu kimi hadisələr, fikrimizcə,
dünya ədəbiyyatı tarixinə şedevr əsərlər
verə biləcək romanlara mövzu ola
bilər.
Doğrudur,
müəllifin özünün də qeyd etdiyi kimi, “Vətən
uğrunda şəhid olan və özü də vətənləşən
Polad Həşimov” və eləcə də II Qarabağ
savaşında şanlı döyüş yolu keçən
cəngavərlərin, özəlliklə, Şuşa fatehlərinin
“əfsanəvi qəhrəmanlıqlarını...
obrazlaşdıran mükəmməl əsər-poema, povest,
yaxud hekayə hələ ki, yazılmayıb, ancaq bu barədə
yetərincə şeir və nəsr örnəklərinin
olduğu da danılmaz faktdır...” Elə
E.Fuadın haqqında danışdığımız
kitabı da bu kimi şeirlərlə zəngindir. Kitabı vərəqlədikcə əslən
Güney Azərbaycandan olan yazarların bu qısa müddət
ərzində neçə kitablıq şeir və poema
nümunələri yaratdıqlarını görürük.
Esmira
xanım topluya yazdığı ön sözdə 2020-ci il 12
iyulda Tovuzda erməni daşnaklarının növbəti təxribatları
nəticəsində əfsanəvi general Polad Həşimov və
bir neçə yüksək rütbəli zabitlərimizin
şəhid olmasından sonra Azərbaycan xalqının
Koronavirus pandemiyası qadağalarına baxmayaraq küçələrə
axışması, hamının bir ağızdan qisas tələb
etməsinin ən yeni tariximizdə dönüş nöqtəsi
olduğunu əsaslandırır, 2020-ci ilin 8 noyabr
gününü isə tariximizin yeni mərhələsinin
zirvəsi hesab edir. “Çünki bu gün dünyanı heyrətdə
qoyan mərdlik nümunəsi – əlbəyaxa döyüş
örnəyi göstərən və dünya hərb tarixində
yeni səhifə açan igidlər – xüsusi təyinatlılarımız
Qarabağın tacını – Şuşanı erməni
neofaşistlərindən azad etdi və möcüzə şəhərin
mərkəzinə üçrəngli, ay-ulduzlu
bayrağını əslən Şuşadan olan qəhrəman
Səbuhi Abdullayev sancdı. Azərbaycanın hər
yerindən və bütün Türk dünyasından
“Qarabağ Azərbaycandır! Şuşa bizimdir!...” səsləri göylərə bülənd
oldu...”
Topluda əsərləri yer almış 27 Güney Azərbaycan
şairi haqqında qısa bioqrafik məlumatlar da verilib. Hər şairin bir neçə
şeirini təqdim edən müəllif Rəsul Qədirinin
onun danışdığı rəvayət əsasında
yazdığı “Xarı bülbül” və Əli
Daşqının “Əsir torpaq-Qarabağ” adlı
poemasına da antologiyada yer ayırıb. Maraqlıdır
ki, Esmira xanım “Güneyin tanınmış aydını,
şair, nasir, çevirmən, dilçi-türkoloq kimi məhsuldar
ədəbi-bədii və elmi yaradıcılığı
ilə diqqət çəkən Ə.Daşqının
1992-ci ildə göz yaşlarını içinə
axıda-axıda, ürəyinin qanı ilə qələmə
aldığı “Əsir torpaq-Qarabağ” poemasını epik
şeirin ən mükəmməl örnəyi kimi son söz əvəzi
olaraq” kitabda yerləşdirdiyini bildirir. Oxuduqdan sonra
Esmira xanımın nə qədər haqlı olduğunu
anladan həmin poemadan örnək gətirdiyi
aşağıdakı misraları isə ruhumu qarsdı və
heç vəchlə unuda bilmədim:
Azərbaycan
var hər kəsin gur səsində...
Sənin
daşın,
Qarabağa
verdiyin öz yaraşığın
Türkün
varlıq simgəsidir...
Göz bəbəyi, alın təri,
Qeyrət
qanı, namus-arı,
Söy-kökünün dayağıdır...
Şuşa!
Qarabağın ağ qapısı,
Elm-sənətin
ilk yapısı...
Bəli, xeyli kitab-monoqrafiyalar müəllifi və tərtibatçısı,
bir çox fəxri ad və mükafatlar laureatı olan Esmira
Fuadın növbəti kitab-tərtibatı onun
yaradıcılığında ayrıca yer tutur. Bu kitab əsasında
Binəqədi rayon 182 saylı tam orta məktəb şagirdlərinin
hazırladığı təqdimat mərasimindən isə
ayrıca danışmağa dəyər. Çünki
çox maraqlı film-tamaşanı xatırladan bu qısa və
dolğun məzmunlu təqdimatda hər şey nəzərə
alınmışdı: istər Azərbaycanın tarixi,
coğrafiyası, istərsə də onun elmi və ədəbi-bədii
əsərlərdə əksi. Təqdimat mərasimini
sonadək seyr edən hər kəs burada mükəmməl
bir rejissorluq fəaliyyəti olduğunu təsdiq edə bilər.
Əslində isə hər şey həmin məktəbin
şagird-müəllim kollektivi tərəfindən təşkil
olunmuşdu.
O
taylı-bu taylı Azərbaycanda tanınan və sevilən
müğənni, mərhum Yaqub Zürufçunun məşhur
“Ayrılıq” mahnısının sədalarıyla
açılan mərasimdə qonaqları salamlayan
aparıcı şagird hamını bu möhtəşəm
qələbənin əldə edilməsində misilsiz xidmətləri
olan şəhidlərimizin xatirəsinə bir dəqiqəlik
sayğı duruşuna dəvət etdi. II Qarabağ
savaşının başlanması səbəbləri və
şərtlərindən, bu savaşın bir növ preambulasını təşkil
edən Tovuz döyüşləri və bu zaman şəhid
olan general P.Həşimov və dostları da
xatırlandıqdan sonra yenə həmin mahnının kədərli
notlarının müşayiəti ilə qoca Şəhriyar
ağır və ləngərli addımlarla səhnəyə
çıxır və “Heydərbabaya salam” poemasından bir
neçə bənd söyləyir.
Bu zaman mərhum xalq artistimiz, əslən
güneyli olan Rübabə Muradovanın ifasında “Heydərbabaya
salam” mahnısının sədaları salona yayılır.
Elə bu mahnının müşayiəti altında
şagird-aparıcı 2020-ci ilin 27 sentyabrından
başlayaraq bütün Güney Azərbaycan, Təbriz,
Miyana, Astara, Culfa, Urmiya, Sulduzun ayağa qalxdığı,
soydaşlarımızın Araz çayı boyunca
toplaşaraq qan və can qardaşları ilə bir səngərdə
azğın düşmənə qarşı vuruşmaq istəyi
ilə çağırışlar etdiyini dilə gətirir.
“Həmin ərəfədə və savaşdan sonrakı
dönəmdə Güney yazarlarının Qarabağa və
44 günlük savaşda yazılmış yeni şərəf
tariximizə həsr etdikləri şeir və poemalardan örnəkləri
o taylı-bu taylı Azərbaycanın oxucularına
sunmağı özümüzə borc bildik” – deyir Esmira
Fuad…”
Bu yerdə alqışlar altında E.Fuadın
ayrı-ayrı tədbirlərdə çəkilmiş şəkillərindən
ibarət slaydlar səhnədə qoyulmuş monitorda göstərilir,
həyat və yaradıcılığı haqqında dolğun
məlumatlar verilir, kitabları, təltif və
mükafatları sərgilənir. “El bir olsa, dağ oynadar yerindən,
güc bir olsa zərbi kərən sındırar” misallı
cümlələr arasında Bəhram Əsədinin sətirləri
arasında məhz sözə çevrilən gerçəklər
yaşayır...
Dünən qucaqlarda gedən
körpələr,
Bu
gün tank üstündə dönür yurduna.
İşğalçı daşnaklar, qorxaq köpəklər,
Yenik düşmədədir
Qafqaz qurduna...
Güneyli
şair Rəsul Qədirinin Qarabağ xanı Pənahəli
xanın nəvəsi, İbrahim xanın qızı və
Xurşidbanu Natəvanın bibisi Ağabəyim Ağanın
faciəli taleyini əks etdirən “Xarı bülbül”
poemasının səhnələşdirilməsi də olduqca
təsirli idi. Fətəli şahın Tehranda
Ağabəyim ağanın könlünü almaq
üçün saldırdığı “Vətən
bağı”ndakı güllərin azyaşlı şagirdlər
tərəfindən canlandırılması hələ də
gözlərimin önündən getməyib. Çox
maraqlıdır ki, bütün bunlar başqa bir şagirdin
sazda çaldığı “Qarabağ şikəstəsi”nin yanıqlı sədaları altında
baş verirdi. Burada balaca fidanların canlı olaraq
yaratdığı gül obrazları şux və təravətlidir,
təkcə Xarı bülbül çiçəyi soluxmuş-büzüşmüş
halda göstərilir və məşhur “Xarı
bülbül” mahnısının niskilli sədaları
eşidilir. Sonda yenə şagirdlərin ifasında “Zəfər
nəğməsi” səsləndirilir:
Deyirdin, bəs
yalnız xatirələrdə,
Bir də
nəğmələrdə qaldı Qarabağ.
Otuz
qarlı-qışlı dağları aşıb,
Qolun boynumuza saldı
Qarabağ...
Bu cür
nikbin notlar fonunda pərdə çəkilir, əzəmətli
Şuşa qalası görünür,
Xarıbülbül və digər gül obrazları
qalanın qarşısında rəqs edirlər. Prezident
İ.Əliyevin Dünya Azərbaycanlılarının V
Qurultayındakı çıxışının sonunda
söylədiyi: “Yaşasın Şuşa! Yaşasın
Qarabağ! Qarabağ Azərbaycandır!” –sözlərini
bütün şagirdlər xorla təkrar edirlər. Və
güneyli şair Vüqar Nemətin “Qarabağım”
şeirindən ürəyi riqqətə gətirən
aşağıdakı misralar səslənir:
Bu
şeiri nə mən, nə sən,
Ancaq
biz yazacağıq!
Bu
şeiri bitirmirəm
Bu
şeir sənlə başlanıb,
Zəngəzurdan da keçib.
Müəbbəd bir ülküdə,
Əbədi bir ölkədə
Turanda bitəcəkdir.
Bunu böylə
bitirsəm,
Əlim, qolum qurusun!
Yarası sağalmayıb
Mehri, Qafan, Gorusun…
Öndə
işimiz çoxdur,
Vətən
bütövləşənədək
Bu
şeir yarımçıqdır...
Doğrudan da, böyük bir Millət olaraq, bizim birlik şeirimiz, bütövlük dastanımız hələ bitməyib və yarımçıqdır. Bunu hamılıqla - birlikdə yazmalı, birlikdə tamamlamalıyıq. Beləliklə, bu qısa, lakin yüksək ideyalı, dolğun məzmunlu təqdimat başa çatır, bu məqamda Şəmistan Əlizamanlının ifasında “Azadlıq marşı” səslənir. Bütün kompozisiya iştirakçıları – şagirdlər, hətta başlanğıcda soluxmuş Xarı bülbülü canlandıran zərif fidan qızcığaz da, artıq qalib ordunun əsgərləri kimi, əllərində Azərbaycan bayraqları ritmə uyğun rəqs edirlər.
Əslində bu yadda qalan tədbirin keçirilməsində zəhmət payı olan məktəb direktoru, təcrübəli pedaqoq Zinyət Tağıyeva və rejissorluq vəzifəsini uğurla yerinə yetirən dil-ədəbiyyat müəllimi Raziyə Şükürovanın və başqalarının əməyi ayrıca qeyd olunmalı, onların haqqında daha çox xoş sözlər deyilməliydi.
Ancaq təqdimat-tamaşa məni o qədər təsirləndirdi ki, belə rəsmi etiket qaydalarına, demək olar ki, əməl eləyə bilmədim, sadəcə öz təəssüratımı böıüşməyə üstünlük verdim. Sonda təqdimat mərasiminin araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsi bir daha minnətdarlıqla xatırlayır və Güney Azərbaycan ədəbiyyatını Quzeydə və Türk dünyasında tanıtmaq missiyasını uğurla üstlənən və bu yöndə yorulmadan çaba göstərən kitabın tərtibatçi-müəllifi, filologiya elmləri doktoru, dosent Esmira Fuada yeni yaradıcılıq uğurları arzulayıram.
Zəkulla
Bayarmlı
Filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2022.- 18 may.- S.22.