"Onun daş nağılı"nın
nağıl dünyasına səyahət
...Qırx dörd günlük vətən müharibəsinin qazisi olmuş şagirdimi ziyarətə gedəndə
onun balışının
altında bir kitab gördüm. Üzqabığı, vərəqləri didilmiş bir kitab. Götürüb vərəqlədim. Kitab diqqətimi çox cəlb elədi. Kitabın müəllifinin
və özünün
adını oxudum: Mahirə Nağıqızı,
"Onun daş nağılı". Döyüşlərdən çıxmış nağıllaşmış, daşlaşmış
bir kitab.
Adətimə uyğun olaraq, kitabın 111-ci səhifəsini
açdım və aşağıdan birinci bəndlə şairlə
tanış oldum:
Tək sənin evində məsud oluram,
O daş-divarınnan ruhum dincəlir.
Sən tikən eviydi, artırmasında,
Sənin ulduzunu gəzdim gecələr.
Aparmaq ümidi
ilə kitabı əlimdə saxladım. Bu, qazi şagirdimin diqqətindən yayınmadı.
Utancaq halda kitab haqqında danışmağa başladı:
- Müəllim, bu kitabı mənə döyüş bölgəsində
bir əsgər yoldaşım bağışlamışdı.
Sonra mən yaralandım və onu bir
daha görmədim.
Hospitalda
bu kitab mənim sirdaşım oldu. Səngər dostumun ətrini
bu kitabdan alıram. Hospitalda olanda da bu kitab əldən-ələ
gəzirdi. Hətta polkovnik-leytenant
rütbəli həkimim
də onu aparıb oxudu. Yenə özümə qaytardı.
Biz palatada bu
kitabdan bir-birimizə şeirlərdən əzbər
deyirdik.
Sonra qazi-şagirdim
"Durnam" şeirini
azərbaycanca, türkcə
və rusca əzbərdən söylədi. Çox təsirləndim.
Kitabı bir daha vərəqlədim.
Bu ziyarətdən bir neçə gün sonra "Onun daş nağıl"nı gənc folklorşünas dostum Elnur Baxışın şəxsi kitabxanasından
əldə elədim.
Kitabı mütaliə etməyə
başladım.
Etiraf edim ki, son zamanlar
oxuduğum şeir kitabların hamısından
daha çox zövq aldım və mütəəssir oldum. Kitabın bütün səhifələrindən
sonacan "O" - yəni,
ana, bir ana xətt kimi
təsvir, tərif, təşviq və təqdim edilir.
272-ci səhifədə "Anama"
şeirinin ilk misrasından
səksən üç
yaşlı anam boylandı:
...Yadımdan çıxmaz ki, hər səhər
erkən,
Elə gəzinərdin
evdə yavaşdan.
Nə cür çatdırırdın,
deyə bilmirəm,
O boyda işləri durub o başdan...
Kitaba Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, dilçiliyimizin keşikçisi və ədəbiyyatşünas alim Möhsün Nağısoylu "Daşlaşan həqiqətin poeziyası" adlı "Ön söz", filologiya elmlər doktoru, professor Qurban Bayramov isə "Mahirə Nağıqızının portreti..." adlı "Son söz" yazıb. Hər iki məqalədə müəllifin yaradıcılığına güzgü tutulur, elmi, publisistik və bədii təhlili verilir. Hər iki məqalə səriştəli ədəbiyyatşünas, alim, tələbkar tənqidçi qələminin məhsulu kimi şairin yaradıcılığının bəhrəli məhsulu olan "Onun daş nağılı"na bələdçilik edir.
Mən isə ədəbiyyatşünas alimlərin bədii yanaşmasından sonra kitabın təhlilinə aid heç bir əlavəyə yer vermədən oxucu kimi təəssüratlarımı söyləməklə kifayətlənməli oldum.
Kitabda hər bir şeir ənənəvi poeziya qaydalarına uyğun müasir bədii çalarla naxışlanmış şəkildə qələmə alınıb. Hər bir şeir mənasına, məzmununa, poetik tutumuna, bədii əhəmiyyətinə görə bütöv bir bədii əsər kimi təqdim edilir.
Şeirlərdə elm, məntiq, həqiqət leytmotiv kimi keçərək zövq, ilham və hisslər silsiləsi təşkil edir. Müəllif vəznindən, qafiyəsindən, rədifindən asılı olmayaraq hər şeirini mükəmməl əsər səviyyəsində təqdim etməyə nail olmuşdur. Hər nümunə fəlsəfi fikir, elmi həqiqət, məntiq və poetik gözəllik, xoş səmimiyyət məhsulu kimi ürəklərə yol tapır.
Şeirlərin heç bir izaha, təhlilə, təsvirə və tərcüməyə ehtiyacı yoxdur. Sözlər, kəlmələr, misralar, bəndlər şeirlər ilıq bir məlhəm kimi oxucu qəlbinə axıb dolur.
Şair bu poetik nümunələrin hər birində öz anasının timsalında bütün anaların poetik portretini çəkməyə nail olub:
Atamla yanaşı daş qaldırardı,
Bilirdi, o daşlar ocaq daşıdı.
Bir dəfə yoruldum, bezdim - demədi,
Anam sinəsində ocaq daşıdı...
Kitabın özəlliklərindən biri
də yaradıcılıq
məhsullarının xronoloji
ardıcıllıqla verilməsidir. Bu ardıcıllıqda zaman,
məkan, məqam və insan amili
ilə yanaşı
hiss, ovqat, əhvali-ruhiyyə
vəhdət şəkildə
öz məqamında,
məkanında və
zamanında yerində
təqdim edilir. Səhifədən-səhifəyə, şeirdən-şeirə, bənddən-bəndə, beytdən-beytə,
misradan-misraya, kəlmədən-kəlməyə,
sözdən-sözə müəllif
öz daxili dünyasını, poetik portretini təqdim edir.
Hər nümunədə
ədəbi dillə danışıq dilinin, elmlə məntiqin, poeziya ilə prozanın, hisslərlə
düşüncənin, zərurətlə
həqiqətin, xəyalla
gerçəkliyin vəhdəti
bədii boyaların fonunda oxucuya çatdırılır. Şeirlərdə arxaik sözlər və kəlmələr neologizm libasında oxucu qəlbinə yol tapır. Şairin dili oxucuya öz
dilinin incəliklərini,
doğmalığını, qədimliyini xatırladır.
Mahirə
Nağıqızı təbiət
və cəmiyyətin
bir çox problemlərinin həlli yollarını poetik şəkildə təqdim
etməyə nail olub.
Azərbaycanın son otuz ildə
üzləşdiyi problemlər,
faciələr, ağrılar
yüksək sənətkarlıqla
təsvir olunduğu kimi həlli yolları da yüksək sənətkarlıqla
göstərilir. Onun poetik
arzularından böyük
hissəsi müzəffər
Ali Baş Komandanımız
və müzəffər
ordumuz tərəfindən
reallaşaraq öz həllini tapdı.
İnsan amili, ekologiya, dostluq, humanizm, sevgi, sədaqət və digər insani amillər müəllifin müraciət
etdiyi əsas mövzulardır. Şair "Onun daş
nağılı"nda özünün
kövrək və sərt, sentimental və tələbkar, rəhmli və ədalətli, zərif və sərt, qayğılı
və duyğulu hisslərindən bir poetik çələng toxumuşdur. Bu çələngin naxışlarında
Azərbaycanımızın tale yüklü problemləri və onların həlli yolları, onun insanları və onların taleləri, təbiət mənzərələri, milli
adət-ənənələrimiz, "İyirmi yanvar"dan başlanan mücadilə tariximiz, ustad-şagird münasibətləri, baba-nənə,
ata-ana, övlad-nəvə
münasibətləri poetik
mizanını tutub.
"Onun daş nağılı"nın təkcə mündəricatı özü
bir əsər tutumuna malikdir. Kitabı oxuyandan sonra mündəricata nəzər yetirəndə
oxucunun xəyal dünyasında göydən
üç alma düşür. Bu üç
alma o qədər bərəkətli və böyükdür ki, ondan müəllifinə və geniş oxucu təəssübkeşlərinə
yetərincə pay düşür.
Mahirə Nağıqızı öz
poeziya qatarında oxucusunu yurdumuzun bölgələrinə, dünyanın
müxtəlif regionlarına
səyahətə aparır,
o yerlərin təbiət
mənzərələrini, insanlarını, xarakterik
adət-ənənələrini poetik şəkildə təsvir edir. Əsas
təsvir obyektini isə xalqımızın
milli mentaliteti, adət-ənənəsi, ölkəmiz,
dövlətimiz və
dövlətçiliyimiz, müqəddəs
rəmzlərimiz təşkil
edir:
Hopub, bağrına hopub, hopub şəhid qanları,
Sənə bürünüb gəlib
min-min yurd qurbanları.
Dədə əmanətisən - qızları, oğlanları
Bu vətənin səninçin
yar - bayrağım, dalğalan...
Xalqımızın inkişafı və təkamülü isə heç zaman diqqətdən kənarda qalmır. "Onun daş nağılı"nın daş yaddaşında əbədi
və ədəbi yaşamaq məqamına yetişir:
Beləcə boylandım keçmişə
tərəf,
Bir daha görəm ki, orada nə
var...
Tarixi xalqımın düzülüb
səf-səf,
Dilək qatarıymış İyirmi
yanvar.
Mahirə Nağıqızı poeziyasının
bütün məqamlarında
poetik ifadələrinə,
duyğularına, hisslərinə
sərkərdəlik etməyi
məharətlə bacarır.
Gör həmin zamandan neçə vaxt keçib,
Dəyişib dünyanın ovqatı, rəngi.
Dəyişməz bir səs var yadımda mənim,
Unuda bilmirəm sonuncu zəngi...
Yarım əsr ötsə də, "Son zəng"
bir alimin nostalji hisslərinin şah əsəri kimi təqdim olunur.
"Onun daş nağılı" kitabında Mahirə Nağıqızının dilçi-alimliyi də görünür. Sözlərin məqamında işlədilməsi, məna çalarlarına dərindən bələdlik,dialekt və arxaik sözlərdən poeziyada yüksək dəqiqliklə işlədilməsi şairin Azərbaycan dilinin incəliklərinə bələd olmağından xəbər verir.
Poeziya şair qələmindən süzülən ilham məhsulu, elm alim zəkasının nemətidir. Alim-şairin təqdimatında isə poeziya elm libasında, elm isə poeziya naxışları ilə bəzənmiş şəkildə ərsəyə gəlir.
Bu əsərlərin hər biri xanım şairin poeziyasına xas bir incəlik, zəriflik, sadəlik, inam, sədaqət, səmimiyyət, qayğı, mehribançılıq, ülviyyət hissləri ilə yoğrulmuş şəkildə təqdim edilir.
Mahirə Nağıqızı poeziyası həqiqətlə, haqq-ədalətlə, vətən sevgisi ilə, saf məhəbbətlə naxışlanmış poeziyadır. Şair sevgi və səmimiyyəti poeziya yaraşığı kimi təqdim etməklə mükəmməl fikirlər və hisslər çələngi yaratmağa nail olub.
Kitaba şairin türk və rus dillərinə tərcümə olunmuş bir neçə şeiri də daxil edilib.Tərcümə zamanı dil və üslub xətti Azərbaycan poeziyasının qanunauyğunluqlarına xas şəkildə saxlanıb. Həmin şeirləri sanki öz ana dilimizdə oxuyuruq. Buna misal olaraq qazi şagirdimin də əzbərdən söylədiyi "Durnam" (Türkcə "Turnam", rusca "Juravlğ") şeirini misal göstərmək olar.
Mahirə Nağıqızı yaradıcılığı haqqında çox yazmaq, çox danışmaq olar. Biz onun "nağıl dünyası"nın yalnız az bir hissəsinə səyahət edə bildik.
İsgəndər SƏKLİKOV
Əməkdar müəllim, Azərbaycan
Yazıçılar Birliyinin üzvü
525-ci qəzet.- 2022.- 18 may.- S.20.