"Həyat" və
"İrşad" qəzetlərinin səhifələrində
Şuşa hadisələri
Çar Rusiyası ilə
İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra məğlub ölkədə yaşayan erməni millətindən olan əhalinin bir hissəsi Qarabağa, o cümlədən, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşaya köçürülür. Azərbaycanın bu cənnət məkanında məskunlaşan
ermənilər çox
keçmir ki, çirkin xislətlərini göstərərək
yerli əhaliyə qarşı fitnələr, qətl-qırğınlar
törətməyə başlayır. Bədxah ermənilərin XX
yüzilliyinin başlarında - 1905-1906-cı illərdə
Şuşada yerli camaata qarşı törətdiyi cinayətkar
əməllərin - qanlı qırğınların
birbaşa şahidi olmuş dövrüm tanınmış
ziyalısı, yazıçı və rəssamı Mir
Möhsün Nəvvab (1833-1918) bütün bu hadisələri
"1905-1906-cı illərdə erməni-müsəlman
davası" adlı kitabında qələmə alıb. Həmin
illərdə ermənilərin yerli müsəlman əhalisinə
- Azərbaycan türklərinə qarşı törətdikləri
cinayətlər, məkrli əməllər o dövrün ən
məşhur mətbuat orqanlarından olan "Həyat" və
"İrşad" qəzetlərinin səhifələrində
obyektiv şəkildə işıqlandırılıb. Məlum olduğu kimi, "Həyat" qəzetinin
(1905-1906) redaktorları Əli bəy Hüseynzadə
(1864-1940) və Əhməd bəy Ağayev - Ağaoğlu
(1869-1939) olmuşlar. 1906-1907-ci illərdə
isə Bakıda nəşr olunmuş "İrşad" qəzetinə
Əhməd bəy Ağayev rəhbərlik etmişdi. Məlum olduğu
kimi, Əhməd bəy Ağayev eyni zamanda erməni cinayətkar
dəstələrinə qarşı yaradılmış
"Difai" gizli təşkilatının (1906) qurucusu olub.
Ətraflı
"Həyat" qəzetində Şuşada ermənilərin
törətdiyi cinayətlər haqqında məlumatlar, əsasən,
"Qarabağ xəbərləri" başlığı
altında dərc olunub. Bu məlumatların bir hissəsi
dövrün erməni qəzetlərində Şuşada
baş vermiş hadisələrin mənfur
qonşularımıza xas olan xüsusi bir saxtakarlıqla
işıqlandırılması və "Həyat" qəzetinin
bu cür yalan xəbərlərə yazdığı şərh
və təkziblərdən ibarətdir. "Həyatın
ilk belə yazısına 18 avqust 1905-ci il tarixli nömrəsində
rast gəlirik. "Qarabağ xəbərləri"
başlıqlı kiçikhəcmli bu yazıda Şuşa hadisələri haqqında ümumi
bilgilər verilir. Yazıda bu "qəmavər hadisənin"
avqustun 15-də başlanması və iki gün ərzində
45 nəfərin öldürülməsi, onlardan 11 nəfərin
erməni millətindən, 34 nəfərin isə müsəlman
olması göstərilir. Müəllifi göstərilməyən
həmin məqalə bu cümlə ilə bitir: "Bu
günə (cür -
M.N.) bizim torpağımızda olan hadisələr
bizim təvarixlərə (tarixlərə - M.N.) tazə qara
sütunlar daxil edib". Sözügedən yazıda qəzet
rəhbərliyinin "təftiş olunmamış xəbərləri
yazmaqdan"
çəkinilməsi də diqqətə
çatdırılır.
"Həyat"
qəzetinin 9 sentyabr 1905-ci il tarixli
yazısı isə Müslim adlı bir şəxsin qələmindən
çıxmışdı. "Qarabağ xəbərləri"
başlıqlı
nisbətən irihəcmli məqalədə Müslim
Şuşada baş vermiş qanlı hadisələr
haqqında ətraflı məlumat
verir və onları təhlil süzgəcindən
keçirir. Məqalə müəllifi öncə
"Qarabağda neçə illərdən bəri ermənilərin
kəmali-sürətlə gələcəkdə gözlənilən
bir böyük müharibəyə, bir əzim müqatiləyə
(qətlə - M.N.)" hazırlaşmaları, müsəlmanların
isə buna əhəmiyyət verməmələrini
özünəməxsus bir şəkildə qeyd edir.
Müəllifin fikrincə, müsəlmanlar
ağıllarına belə gətirmirdilər ki,
"arşun və tərazudan qeyr bir şey tanımayan millət",
yəni erməni birdən-birə əlinə tüfəng
götürüb müsəlmanla dava edə bilər. Məqalədə
göstərilir ki, bu məsələni yaxşı bilən
ermənilər öz işlərində idilər:
açıq-aşkar bir şəkildə silah toplayır və
könüllü dəstələr yaradırdılar. Bunu
görən müsəlmanlar bir qədər şübhələnsələr
də, ermənilər onlara: "Bu hazırlaşmaq sizin
üçün deyil", - deyib müsəlmanları qəflət
yuxusuna saldılar. Müəllif onu da qeyd edir ki, Bakı,
Naxçıvan, İrəvan hadisələrindən sonra ermənilərin
əsl məqsədi müsəlmanlara bir növ bəlli olsa
da, ermənilər onları aldadaraq dedilər: "Bizim yerin əhalisi
sair yerlərin əhalisinə bənzəməz: bizlər qədimdən
dost-qonşuyuq, hətta bir-birimizlə qohum da olmuşuq". Sadəlövh müsəlmanlar yenə bu hiyləyə
inanıb sakitcə öz yerlərində oturdular. Ermənilər isə altdan-altdan öz işlərini
görürdülər. Avqustun 15-də
gecə saat 2-də 4 nəfər erməni bir nəfər
biçarə iranlını xəncərlə
doğrayır. Yazıq iranlı can verməmişdən
qabaq bircə bunu deyə bilir ki, onu 4 nəfər erməni
heç bir səbəb olmadan öldürdülər. Daha
sonra məqalədə göstərilir ki, avqust ayının
16-da bir kazak bir erməninin silahını
almaq istəyir, lakin erməni əmrə tabe olmur. Bu halda kazak ermənini öldürür. Ermənilər
bu hadisədən məharətlə istifadə edərək
şayiə yayırlar ki, ermənini müsəlmanlar öldürüb. Alovu daha da
qızışdıran erməni diş həkimi Maşuryan
isə deyir ki, yaxınlıqdakı Zarıslı kəndində
müsəlmanlar dörd erməni öldürüblər. Ermənilər bu uydurma yalandan istifadə edərək
onların bazarında olan müsəlmanların çoxunu
öldürdülər. Müsəlmanlar da öz bazarında olan
bir neçə ermənini öldürsələr də,
şəhərin müsəlman ağsaqqalları 60-dan
çox ermənini öz evlərində gizlədib
saxlayırlar.
Şuşada baş vermiş bu hadisə bir tərəfdən
ermənilərin nə qədər zalım və qəddar, məkrli
və hiyləgər olduğunu göstərir, digər tərəfdən
isə müsəlmanların bir o qədər ürəyiyumşaqlığına
və hədsiz sadəlövhlüyünə dəlalət
edir.
Bütün
məqalə boyu hiss olunur ki, onun müəllifi ermənilərin
riyakar xislətinə yaxşı bələd olan yüksəksavadlı
və dərin təhlil qabiliyyətli bir şəxsdir. Məqalə müəllifi ermənilərə fitva
verən başlıca təşkilatçı qurumun kilsə
olmasını da vurğulayır. O yazır ki, erməni diş həkimi
Maşuryan yuxarıdakı xəbəri yaydıqdan sonra kilsədən
nazik naqus (zəng) səsi eşidilir və bütün ermənilər
özlərini kilsəyə salır. Çox keçmir ki,
ermənilər bir növ "teatr" çıxarırlar:
bir nəfər yaralını ata mindirib yarasından qan axa-axa
bazarlarına tərəf gedir və ermənilərə deyirlər:
"Müsəlmanlar bizi qırır". Bunu görən
ermənilər onların bazarının yanından ötən
müsəlmanların
çoxunu öldürür. Sonra isə
səngərlərdən və uca yerlərdən şəhərin
müsəlmanlar yaşayan hissəsinə güllə
yağdırırlar. Ermənilərin
"bu növ bihəyalığını görən müsəlmanlar
ağsaqqallarının əlindən çıxıb
düşmənə hücum etdilər və onları geri
oturtdular". Müəllif yazır ki,
"ermənilər qoyun sürüsü kimi qaçıb
özlərin kazarmaya salmağı qənimət bildilər". Məqalə müəllifi
bununla ermənilərin havadarlarının ruslar, kazaklar
olduğuna işarə edir. Müslim burada bir diqqətçəkici
məqamı da xüsusi olaraq qeyd edir: "Dava bitəndən
sonra məlum oldu ki, şəhərin müsəlmanlar
yaşadığı hissəsində olan erməni dükan və
mağazalarının hamısı salamat və şeylərinə
əl vurulmamış qalır. Amma erməni bazarında olan
müsəlman dükanlarını ermənilər öylə
dağıdıb ki, heç bir asar (əlamət - M.N.)
qalmayıb". Məqalənin sonunda müsəlmanlar və
ermənilərin bu davada verdikləri itkilər də göstərilir: "Müsəlmanlar tərəfindən
qətl olunan və yaralanan cümlətan yüzdən əksikdir.
Erməni tərəfdən isə neçə
yüzlərə baliğ (çox - M.N.) olmağı yəqindir,
amma özləri nədən isə ölənlərin
hesabın gizlədirlər". Bi məlumat
bir tərəfdən Şuşada yaşayan əhalinin
çoxunun müsəlmanlar olduğunu müəyyən mənada
sübut etməklə yanaşı, digər tərəfdən,
bizcə, məqalə müəllifinin müsəlmanların
igid və şücaətli olmasını qabartmaq niyyətindən
irəli gəlir.
Məqalənin sonunda yazının davamının
olması da göstərilir. Məqalənin davamı "Həyat"
qəzetinin 29 sentyabr 1905-ci il tarixli
nömrəsində "Mşaqın iftirasına cavab"
başlığı altında dərc olunmuşdu. Məqalə müəllifi Müslim öncə qeyd
edir ki, "Mşaq" və başqa erməni qəzetləri
yenə də əvvəlki kimi yalan yazmaqda davam edirlər,
çünki həmin mətbuat orqanlarında
çalışaların niyyəti yalan üzərində
qurulub. Müəllif sonra əsl mətləbə
keçərək "Mşaq"ın 177-ci nömrəsində
"Şuşadan gələn məktub"
başlıqlı məqalədəki yazılanların cəfəngiyyat
olduğunu diqqətə çatdırır. Müslim sözügedən məqaləyə
münasibət bildirərək yazır ki, avqust ayının
26-da (1905-ci ildə - M.N.) yenə erməni və müsəlmanın
nüfuzlu şəxsləri general-qubernator Taqayşvilinin
hüzuruna gələrək baş vermiş hadisələr ətrafında
söhbət edirdilər. "Müsəlman bəgləri
bu barədə erməniləri müqəssir sayaraq dedilər:
"Ermənilərin komitələri var, hansılar ki, Qafqazda
erməni-müsəlman tayfasının arasında dəhşətli
və xunriz (qanlı - M.N.) hadisələr törədiyorlar,
həmçinin də Şuşada. Əgər bu komitələr
olmasa, erməni-müsəlman qırğını ola bilməz. O komitələri tərk (ləğv
- M.N.) etmək lazımdır". Müslim yazır ki,
general-qubernator onlara belə cavab verdi: "Cənablar,
Rusiyanın hansı tayfasının (xalqının - M.N.)
komiteti, ya inki firqəsi (qrupu, partiyası - M.N.)
yoxdur?" Məqalə müəllifi buraya kimi yazılanlar
doğru olduğunu, amma general-qubernatorun bu sözlərinin ermənilər
tərəfindən quraşdırıldığını
diqqətə çatdırır: "Sizin də komitəniz
var, bizə məlumdur. Erməniyə sataşan
olmasa, o, hərəkət eləməz". Məqalə müəllifi burada incə bir məqama
toxunaraq Taqayşvilinin dilindən yazır ki, Avropaya gedən bəzi
ermənilər haray-həşir salıb buradakı bəzi
insanların tövsiyəsi ilə özləri
üçün müstəqil bir dövlət qurmaq fikrinə
düşdülər. Ermənilər bu
xam xəyala inanıb qayıtdılar öz
yaşadıqları yerə. Onlar gördülər ki,
bu iş üçün pul lazımdır. Pulu
əldə etmək üçün isə komitə yaratmaq
lazımdır. Komitə üçün
pul yığmaq xatirinə onlar bir neçə tüccar ermənini
öldürdülər. Komitə
başçıları özlərini iş görən kimi
göstərmək üçün bir neçə rus
hakimini də qətlə yetirdilər. Müslim
məqalənin sonunda onu da vurğulayır ki,
"Taqayşvili onun dilindən qayrılıb
"Mşaq" ruznaməsinə (qəzetinə - M.N.) dərc
olan iftiraları ozü rədd eləsin".
Dövrün digər erməni qəzetləri də həmin
vaxt böhtan və iftira yazmaqda geri qalmayıblar. Belə erməni qəzetlərindən
biri "Taraz"
adlı mətbuat orqanı olub. Həmin qəzetin 1905-ci il 15-16 avqust tarixlərində Şuşa şəhərində
baş vermiş erməni-müsəlman davası ilə
bağlı yazısında iddia edilir ki, guya bu hadisədə
müsəlmanlara "Həyat" qəzetinin redaktoru Əhməd
bəy Ağayev başçılıq etmişdi. Əhməd
bəy Ağayev bu yazıdan xəbər tutan kimi "Taraz"
qəzetinin rəhbərliyinə təkzib məktubu yazaraq
bildirir: "Özümə lazım bilirəm sizə izhar
edim ki, budur üç ildir ki, mən Şuşaya getmirəm
və bu müddətin ərzində bir dəfə də
Şuşada olmamışam. Və əlavə
diqqətinizi buna cəlb ediyoram ki, "Mşaq" qəzetəsində
dəxi bir öylə mənim barəmdə böhtan
yazılmasına görə "Mşaq"ın mühərriri
Tiflisdə sülh və islah verən məclis iniqadı vəqtində
mənim özümdən üzr istəyib, əfv etməsini
istida (xahiş - M.N.) etmişdi." Əhməd
bəy Ağayev məktubunun sonunda "Taraz"dan təcili
surətdə bu böhtanın təkzibini tələb edir.
Qeyd edək ki, Ə.Ağayev Şuşada
doğulub.
"Həyat" qəzetində sözügedən
hadisə ilə bağlı dərc olunan yazılardan o da məlum
olur ki, erməni yalanlarını yayanlar sırasında din
xadimləri daha canfəşanlıq edirmiş. Məsələn, həmin
günlərdə yepiskop Aşotun erməni qəzetlərində
dərc olunmuş yazısına görə, 26 avqustda
keşiş Ter-Voskanyan Hadrutdan yazır ki, "İran tərəfdən
hədsiz-hesabsız silahpuş (silah geyinmiş - M.N.) olmuş
müsəlmanlar ermənilərin üstə basqu etmək
niyyəti ilə Aras çayının bu tərəfinə
keçiblər". Keşişin
yazdığına görə, onlar Hadrutdaki erməni evlərini
odlayıblar. Qeyd edək ki, tarixi qaynaqlarda
belə bir hadisə haqqında heç bir məlumata rast gəlmirik.
"Həyat"
qəzetinin 13 sentyabr 1905-ci il tarixli
nömrəsindəki məqalə ermənilərin
"Arşaloys" qəzetində Şuşa hadisələri
ilə bağlı dərc olunmuş yazının
materialları əsasında hazırlanmışdı. Həmin
qəzetin yazdığına görə, avqust ayının
16-da "müsəlman bazarında 2 nəfər erməni və
1 nəfər rus qətlə yetişdilər və bu səbəbdən
qırğın od kimi alışdı..." Müsəlmanlar erməniləri
qırmağa şüru etdilər (başladılar - M.N.).
Qeyd edək ki, bütün mötəbər mənbələrdə
Şuşada sözügedən qanlı hadisənin avqustun
15-i gecə başlaması və bunun kökündə 4 erməninin
bir iranlı zavallını öldürməsinin dayandığı
göstərilir. Erməni qəzeti bu hadisəni özlərinə sərf
edən şəkildə təsvir etdikdən sonra qeyd edir ki,
"erməni tərəfindən qırılanlar yüzdən
yuxarı degil, likən müsəlmanların tərəfindən
tələf olanların ədədi mindən
yuxarıdır". Qeyd edək ki, ermənilərin müştəbehliyini,
özlərini tərifləməsini bir daha sübut edən
bu məlumat hadisə şahidlərinin yazdıqlarının
tam əksinədir, ağ yalandan ibarətdir.
Qeyd edək
ki, "Həyat" qəzeti "Arşaloys"dakı bu yazını dərc
etdikdən sonra ona şərh də yazır. "İdarədən"
başlıqlı bu şərhdə Əhməd bəy
Ağayev yazır: " Əcəba, erməni mətbuatının
"sadiq", "arif" vəkilləri "doğru"
məqalələr yazıyorlar?" Sözügedən
şərhdə daha sonra qeyd edilir ki, ermənilər
Şuşanın müsəlman mərhəllərinin məscidlərini
odladıqları halda, müsəlmanlar yaşayan yerdə erməni
mağazalarının salamat qalmağı hamıya məlumdur.
Bundan əlavə sözügedən erməni mətbuatının
biri digərini təkzib edən bu qəbildən olan
yazıları onların ikisinin də yalan olduğunu
aşkara çıxarır.
Əhməd
bəy Ağayevin redaktorluğu ilə 1906-1907-ci illərdə
Bakıda nəşr olunmuş "İrşad" qəzetində də ermənilərin
Qarabağda, o cümlədən Şuşada törətdikləri
qətl-qırğınlar haqqında bir sıra məqalələr
dərc olunmuşdu. Həmin məqalələrdən biri qəzetin
28 fevral 1907-ci il tarixli nömrəsində
dərc olunmuş "Xüsusi müxbirimizdən. Şuşa uyezdindən" başlıqlı
yazıdır. Məqalə
"Şuşa uyezdində sakin olan Gülablı
camaatının (indi Ağdam rayonuna tabedir - M.N.) rişsefidləri
(ağsaqqalları - M.N.) Rza Həsən oğlu, Məşədi
Abbas Mustafa oğlu, Məşədi Tağı, Kərbəlayi Məhərrəm
oğlu və qeyriləri" tərəfindən
yazılmışdır. Kiçikhəcmli bu yazıda
göstərilir ki, ətraf "erməni camaatları bizi kəndlərimizdən
çıxarıb, evlərimizi yandurub və
olan-qalanlarımızı qarət edib aparublar və
özümüz qaçub hər on ev,
igirmi ev, bir kəndin küncündə, hava altında
qalmışıq. Aclıq bir tərəfdən,
soyuq bir tərəfdən. Allahi-əzimüşşən
heç bir müsəlman qardaşlara bu günü göstərməsün
ki, biz çəkirik". Məqalədə
maraq doğuran məqamlardan biri də sapı
özümüzdən olan baltaların kasıblara etdiyi
zülmün vurğulanmasıdır. Məqalə
müəllifləri diqqəti bu məsələyə
çəkərək yazırlar: "Təəccüb
burasıdır ki, bizim bu erməni kirvələrimiz
(seçdirmə bizimdir - M.N.) bizim üstümüzə
tökülüb bizləri bu günə salan zamanlarda bizim bu
igidlərimiz nərəyə girmişdilər?!"
Verilmiş nümunədən göründüyü kimi, Şuşa şəhəri və ətrafının
yerli sakinləri ermənilərə mehriban
davranırmış və onları kirvə
adlandırırmışlar. "İrşad" qəzetinin
30 aprel 1906-cı il tarixli nömrəsində
"Qafqaz xəbərli: Şuşadan" başlıqlı
yazıda da erməni zülmündən
danışılır. Kiçikhəcmli bu məqalədə
göstərilir ki, Malıbəyli ağsaqqallarından Məşədi
Nəcəfqulu və Məşədi Nərimanı Xankəndindən
qayıdarkən yolda ermənilər boğub
öldürüb, Balahacı Məmmədi isə
qılçasından yaralayıblar.
Qəzetin
18 iyul 1906-cı il tarixli nömrəsində
"Şuşa əhvalatı" başlıqlı
yazıda göstərilir: "Şuşa müsəlmanları
naçar qalubdurlar. Müsəlman hissəsinin
yarısı yanubdur. Qoloşçapov
(Şuşanın general-qubernatoru - M.N.) ermənilər ilə
bir yerdə iş görür. Atışma
bir-iki saat kəsilib sonra təkrar başlandı. Qoloşçapov dünən yüzdən artıq
top atdurdı. Səsi aydın
eşidilirdi. Bu topların hamısı
müsəlman hissəsinə atulubdur". Məqalədə
daha sonra ermənilərin Şuşanın müsəlman hissəsinə
od vurmaları, yolları bağlamaları
qeyd olunur.
Qəzetin həmin tarixli nömrəsində
dövrün tanınmış ictimai xadimi, görkəmli
dilçi alimi, Fərhad Ağazadənin (1882-1931)
"Ağlar günümüz" adlı məqaləsi də
dərc olunmuşdur. F.Ağazadə məqalənin əvvəlində
yazır: "Məmməd şaha (Ağa Məhəmməd
xan Qacar - M.N.), Abbas Mirzəyə basılmayan biçarə Şuşa imdi nə günlərə qalıbdur?
Kimlərin ayaqlarunun altında
dağılıyor? Arvad-uşaqların ahü nalələri,
qəbirlərdə yatan Qarabağ banilərinə rahatlik
verirmi?...Şuşa imdi kimlərin əlində
xar və zəlil olubdur?... Rus generalı Qoloşçapov
hansı günahi-kəbirün (böyük günahın -
M.N.) üstə binəva Şuşa müsəlmanlarını
erməni bədəfkarlarına mühasirə etdirub topların ağzını məzlumların
evlərinə bağlatdurublar? Qazarov gibi erməni
əfsərlərinə (zabitlərinə - M.N.) ixtiyar
verüb şəhərin bir yarısını odlara
dutdurur?" F.Ağazadə çox dəyərli bu publisistik
yazısında Qoloşçapovu "vicdansız general"
adlandıraraq yazır: "Yolları bağlayub da şəhəri
mühasirə edüb də mənzurunuz (məqsədiniz -
M.N.) müsəlmanları qətli-am etməkdirmi?" Müəllif
daha sonra Qoloşçapovu " daşnaksyonun,
aşotların, komissiyonların rəsmi pişxidməti
(baş xidmətçisi - M.N.) adlandıraraq yazır: "Cənab
Qoloşçapov bir şəxsin qəbahəti üstində
on iki min müsəlmanı qətlə yetirmək
mümkünmidir?"
Şuşada
doğulmuş, məşhur Qori Müəllimlər
Seminariyasını bitirmiş görkəmli ictimai xadim və
dilçi alim sözügedən məqaləsini bu sözlərlə
bitirir:
"Ey mənim anam və bacılarım! Sizə bir
çarə qalmayıbdır. Şan və
namusunuzu müdafiə etmək üçün Dəlikdaş
adanlı qayadan atın özünizi üzi
aşağa!!"
Maraqlıdır ki, "İrşad" qəzetinin sözügedən nömrəsində dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin (1885-1948) "Filankəs" imzalı "Oradan-buradan" başlıqlı məqaləsi dərc olunub. Məqalə bu sözlərlə başlanır: "Qarabağda - Şuşa şəhərində "sülh" olubdur: hər kəs öz "işinə" məşğuldur. Məsələn, hakimin "işi" odur ki, hökm edüb camaatı qırdırsun. Şuşa hakimi haman bu "işə" məşğuldur. Qoşunun "işi" odur ki, top və tüfəng atub evləri darbadağın etsün. Şuşa qoşunu haman bu "işə" məşğuldur". 1906-cı ildə ermənlərlə müsəlmanlar arasında bağlanmış sülhə istehza ilə yanaşan müəllif məqaləsini bu sözlərlə bitirir: "Qərəz şəhərdə "sülh"dür: hər kəs öz işində, öz gücində və hər yerdə tamam sakitlik və bərqərardır. Görünür ki, general Qoloşçapovu Qarabağa "sülh" içün göndərən həriflər çox arif və gələcəgi nəzərdə dutan adamlar imişlər ki, bu gunə (cür - M.N.) təcrübəli iş dutublar. Həqiqət, rəvayət edirlər ki, Şuşa şəhərində bu gün "sülh", "qayda", "sakitlig"in davamı yalğuz bir generaldan asılıdır. Odur ki, onun Qarabağdan çıxıb sair yerlərə getməsini "sülh" tərəfdarları heç bir vəqt arzu etmiyorlar".
Məsələ ilə bağlı qeyd edək ki, məqalədə adı çəkilən Qoloşçapov açıq-aşkar bir şəkildə ermənilərin tərəfini saxlayır və müsəlmanları qırmaqda onlara hər cür kömək etmişdi. Bu məqamda onu da qeyd etmək lazımdır ki, 1988-ci ildə mənfur ermənilər Xankəndində məlum hərəkətə başladıqdan və onlar tərəfindən çoxlu qırğınlar törədildikdən sonra keçmiş SSRİ-nin ovaxtkı rəhbərliyi Qarabağda sülh yaratmaq üçün Volskinin başçılığı ilə bir komitə yaratmışdı. Volski də eyni ilə sələfi Qoloşçapovun yolunu davam etdirərək ermənilərə əlindən gələn köməyi edirmiş.
"İrşad" qəzetinin 20 iyul 1907-ci il tarixli nömrəsində dərc olunmuş Məmmədağa Şaxtaxtinskinin məqaləsində də Qoloşçapovun Şuşadakı ermənilərə açıq-aşkar dəstək göstərməsindən danışılır. Müəllif yazır: "Qafqaz əyalətinin hamı müsəlman əhalisinin adından ehtirami-tamam ilə təvəqqe edirik ki, ...mirqəzəb Qoloşçapov həmin dəqiqə Şuşadan qovulsun".
Beləliklə, "Həyat" və "İrşad" qəzetindəki Şuşa hadisələri ilə bağlı yazılar ermənilərin müsəlmanlara qarşı qəddarlığını və bu işdə rusların onlara havadarlıq etdiklərini açıq-aşkar sübut edir.
P.S. "Həyat" qəzetində Müslim
imzalı məqalə müəllifinin kimliyi ilə
maraqlandıq. Məlum oldu ki, dövrünün görkəmli
publisisti olmuş Haşım bəy Vəzirov (1868-1916) bir
sıra məqalələrini bu imza ilə yazıb. H.Vəzirov
Şuşada doğulub, Bakıda vəfat edib.
Möhsün
NAĞISOYLU
AMEA-nın
həqiqi üzvü, AMEA Nəsimi adına Dilçilik
İnstitutunun direktoru
525-ci qəzet.- 2022.- 18 may.- S.18;19.