Kirayə ev  

 

 

Azərbaycana qayıdacağım ağlıma gəlməzdi. Son dəfə Bakıdan ayrılanda bərk küskün üzgün idim. Evimi heç neçəyə, şor qiymətinə satıb Ukraynaya köçdüm. Bu ölkəni çox sevdim, o da məni sevdi. Lap doğma anamı tapan kimi idim. Çox işləyirdim, çox qazanırdım, inkişaf edirdim. Amma indi sözüm-söhbətim bu haqda deyil.

 

Bakıya dönmüşəm, şəhərin prestijli yerində üçotaqlı ev kirayələmişəm. Sahibəsi rəhmətə gedib, ev qohumlarına qalıb. Elə kirayə işinionlar həll elədilər. Müqaviləni imzalayan kimi açarı verdilər.

 

Gələndə gördüm ki, evdəki əşyalar olduğu kimi qalıb. Hamamda çoxlu şampun var - həm qadın, həm də pişik şampunları. Görünən bu ki, evdə bir neçə pişik olub. Hər yerdən pişik qoxusu gəlir. Amma pişik-filan yoxdur. Çox güman ki, cənazə evdən çıxan kimi pişiklər də didərgin salınıb. Mətbəxdə bahalı qablar, fujerlər var. Amma hamısı istifadə olunub. Fujerlərdən daima qırmızı şərab içildiyi bilinir. Qonaq otağının bir divarı kitab rəfidir. Bəzək üçün, rəngi-rənginə, dəngi-dənginə kitablar yığılmayıb. Tez-tez oxunanlar da burdadır, yeni alınanlar da. Üç dildə oxuyurmuş rəhmətlik -  azərbaycanca, türkcə, rusca. Hər şey oxuyurmuş: bədii ədəbiyyat, psixologiya, qadın baxımı, tarixi şəxsiyyətlər...Bir də zamanında KP MK-nın tanınmış bir siması haqqında bir neçə kitab var. Tirajı hələ də burdadır. Heç kimə lazım olmayan xatirə kitablar.

 

Bir yeni toxumağa başladığı bir parça muline sap... toxuyacağı bəlli deyil, təzə başlayıbmış...

 

Yataq otağını oturuşmuş ətir qoxusu bürüyüb. Şkafı açan kimi həmin qoxu məni vurdu. Paltarların çoxu yoxdur. Tələm-tələsik yığışdırıldığı hiss olunur. Bəzisinin kəmərləri düşüb qalıb. "Qadının övladı yoxdur" - deyə düşünürəm, varsa da, oğlu var. Qızı olsaydı, anasının pal-paltarı ilə bu qədər acımasız davranmazdı.

 

Yatmazdan öncə "Qurani-Kərim" oxuyurmuş. Kitabı vərəqləyirəm. Ən çox oxunan yer "Yasin" surəsidir. qəribə müsəlmançılıq var dövrümüzdə - şərab da içmək var, yatmazdan öncə Yasin oxumaq da... Amma indi bunu yazmaq yəqin doğru çıxmaz. O, artıq Haqq mühakiməsindədir. Bu bizdən -  bəndələrdən çıxıb.

 

Yataq ağlarını dəyişirəm. Qəttəzə, açılmamış bahalı qutudan yataq dəstini çəkib çıxardıram. Öz aramızdır, əslində, bu, mənim işim deyil, evi kirayə verən hər şeyi yeniləməli idi.

 

Üç gündür bu evdə qəribə bir hisslə yaşayıram: qəfildən ev sahibəsinin içəri girib, "məktəb zavuçu" ədası ilə "Siz burda gəzirsiniz?" - deyəcəyini gözləyirəm. Gəlmir. Altşüurum mənə tabe olur. Qadın gələsi olmadı. Bir axı niyə gəlsin ki? Onu burada özləyənmi var? Yoxdur. Artıq kirayədə qazandığı pulla işləmək ehtiyacı qalmayan qohumları onun nəyinə lazımdır? Pişiklərini qovublar. Gəlib mənimlə oturacaq? Gülməli fikirlərimə gülmək istəyirəm. Hələ alınmır. Ukraynada çox şey itirmişəm. Demək olar ki, bankrotam.

 

Dördüncü gün yuxudan oyananda hər şeyi başa düşdüm. Yerimdə uzanıb gülürəm. Gözlərimdən yaş axır. Sevincimdən ağlayıram. Bankrot mən deyiləmmiş. Bankrot rəhmətlik ev yiyəsi imiş. Onun getdiyi yerdən çıxış yoxdur. Mən bahalı kirayə evdə yaşayan sağlam, xoşbəxt bir insanam.

 

Qadın bu gecə gəlmişdi... Mənə dedi ki, sənin də, mənim də əşyalarım, əmlakım özümüzə qismət olmadı. Hər günü, hər saatı yaşa, ürəyin istədiyini elə, ye, , geyin, gəz. Yedin dadındır, geydin adındır, gəzdin yadındır. Axırda da dedi ki, amma mən bankrotam - həyat əlimdən birdəfəlik getdi.

 

Ya Rəbb, mən səni sevirəm, mən bu kirayə evi sevirəm, pişikləri də sevirəm. Pişik şampunlarını da tullamamışam, bəlkə, bir pişik alım?

 

Ukraynada həyatını itirən həmvətənlərimizə Yasin oxuyuram...

 

 

Gülər MİKAYILQIZI

 

525-ci qəzet.- 2022.- 18 may.- S.17.