Təkanlar və ya Abbas Zamanovun Zamanı  

 

 

Yetmiş yaşımın tamamında, daha bir yaşıdımı torpağa tapşırandan sonra belə bir qərara gəldim: nə qədər ki, əlim qələm tutur, nə qədər ki, yaddaşım mənə dönük çıxmayıb, "taleyimdən keçən" və artıq, dünyasını dəyişən tanınmış insanlar haqqında ayrı-ayrılıqda nə isə yazım. Hətta beynimdə, şərti olaraq, bir siyahı da tutdum. Fərman Kərimzadə, Cəmil Əlibəyov, Zeynal Cabbarzadə, Emin Mahmudov, İshaq İbrahimov, Əzizə Cəfərzadə, Mansur Vəkilov, Tamara Kalyakina, Sabir Əhmədov, Bayram Bayramov, Camal Yusifzadə, Fikrət Qoca, Səyavuş Sərxanlı, İsi Məlikzadə, Abbas Zamanov, Natiq Səfərov, Tofiq Abdin və ...

 

Artıq müxtəlif illərdə Fərman Kərimzadə, İshaq İbrahimov, Emin Mahmudov, Səyavuş Sərxanlı, Əzizə Cəfərzadə haqqında (gələcəyin xəyali kitabında), əsasən, yaddaşıma arxalanaraq, yazmışam və mətbuata çıxarmışam. Bu sırada "növbə" Abbas Zamanova qəfildən çatdı. Əsas təkan Xalq yazıçısı Elçindən, daha doğrusu, Elçinin Abbas Zamanov haqqındakı, artıq məşhur  "Ədəbiyyat və cəsarət tərcümanı" başlıqlı essesindən gəldi. Çünki adıçəkilən essedə və eləcə də eyniadlı kitabda elə kövrək məqamlara toxunulub ki, onları bu millətin əksəriyyəti kimi, mən də bilmirdim. Mən də bilmirdim ki, 1960-cı ilin yazında, Elmlər Akademiyasının keçmiş binasında Səməd Vurğunla bağlı növbəti təntənəli tədbir keçirilərkən, hələ heç bir elmi titulu olmayan, yalnız İkinci Dünya müharibəsindən gətirdiyi hərbi ada arxalanan, 49 yaşlı Abbas Zamanov çıxış etmək üçün söz alıb və bu yubiley yığıncağının rəsmi gündəliyinə dəxli olnayan bir çıxışla, bir qədər də bəlağətli söyləsəm, ÖZ ZAMANINI sarsıdıb.

 

O yığıncağın sıravi iştirakçılarından biri olan, məktəbli Elçinin xatiratından bəlli olur ki, Moskvada yenə erməni daşnaklarının fəallaşması nəticəsində, dövlət səviyyəsində Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsi gündəmə gətirilibmiş və bundan, artıq çoxlarının xəbəri olsa da, yüksək tribunadan, ziyalı ordusu qarşısında, bu mənfur niyyətə qarşı səsini qaldıran Abbas Zamanov olub və o tədbirdə məktəbli Elçin də Abbas Zamanovu ayaq üstdə alqışlayanlardan biri imiş.

 

Elçin müəllimin - o hadisənin canlı şahidinin essesindən bir haşiyə:

 

 "...Mülayim bir adam olan və başı daşdan daşa dəymiş (vaxtı ilə Mir Cəfər Bağırov onu " türk şpionu" adlandırmışdı) rəhmətlik Arif müəllim (Məmməd Arif nəzərdə tutulur - M.O.) rəyasət heyətində ayaq üstdə dayanıb, zalın sakitləşməsini gözləyirdi, zal isə sakitləşmək bilmirdi və nəhayət, Arif müəllimin səsi eşidildi:

 

- Abbas Zamanov buradakı çıxışında hissə qapıldı. Mən inanıram ki, o özü də bu çıxışından peşman olacaq.

 

 Bu zaman Abbas müəllim yerindən qışqırdı:

 

- Çətin!..

 

Və bu bir kəlmə sözə görə yenidən qopan alqış, yenidən aləmi lərzəyə saldı".

 

Bəs sonra nələr olub? Hə, bu sualın cavabını da Elçin müəllimin yuxarıda adı çəkilən essesində oxuya bilərsiniz. Mənim niyyətim başqadır... Mən yuxarıda adı çəkilən essseni araşdırmaqdan çox uzağam. Yalnız onu söyləmək istəyirəm ki, Abbas Zamanov amansız və haqsız təzyiqlərə tab gətirib, Kommunist partiyası sıralarından və işindən kənarlaşdırılmasına baxmayaraq, sona qədər mübarizə aparıb və bu "savaş"dan qalib çıxıb.

 

Deyilənə görə, bu hadisə ölkənin Birinci şəxsinə - Xruşşova da çatıbmış. Nikita Sergeyeviç nə deyib, necə deyib, bunu heç kim bilmir, amma fakt budur ki, Naxçıvanın Ermənistana birləşdirilməsi, 1960-cı ildən sonra bir də gündəmə gətirilməyib.

 

lll

 

...1969-cu ilin əvvəllərində məlum olanda ki, dörd ildən bəri əyani təhsil aldığım Azərbaycan Dövlət Universitetində diplom işimin mövzusu satirik "Məzəli" jurnalı ilə bağlıdır və diplom rəhbərim də filoloji elmlər doktoru Abbas Zamanovdur, dərhal etirazımı bildirdim. Əvvəla ona görə ki, Abbas Zamanovu uzaqdan-uzağa tanıyırdım; o da Mərzə Cəlilin, Abdulla Şaiqin və əsasən, Sabirin yaradıcılığından bəhs edən tədqiqatlarına görə. İkincisi də, mənə çoxdan bəlli idi ki, 1914-1915-ci illərdə fasilələrlə çıxan "Məzəli" jurnalı ərəb hürufatı ilə nəşr olunub və mən də bu əlifbanı lazımınca bilmirəm...

 

Düzdür, tələbəlik illərində bu əlifbanı gözəl insan və həm də həkim olan Əli Fəhmi bizə tədris eləmişdi, amma 26 tələbənin arasında bu hürufatı, yalnız, bir nəfər mənimsəmişdi; o da sonradan jurnalist yox, molla oldu.

 

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin birinci mərtəbəsində, öz kabinetində məni qəbul eləyən Abbas müəllim, məni bir anlıq dinləyəndən və sonra da qiymət kitabçamı açıb vərəqləyəndən sonra, soruşdu:

 

- Əski əlifbamızı, yəqin ki, bilirsən...

 

Bu ilkin sorğu-sualın təfsilatını, əlbəttə, xatırlamıram, amma birdən-birə mənim ailə vəziyyətimlə də maraqlananda və mən bu sualların haradan doğduğunu anlayanda, söylədim ki, heç bir sıxıntım yoxdur, özüm də, üç aydır ki, işləyirəm.

 

- Harda?

 

- "Azərbaycan gəncləri" qəzetində.

 

- Vəzifən nədi?

 

- Ədəbi işçi.

 

Bu dəfə maraqla soruşdu:

 

- Bəs universiteti bitirməyə-bitirməyə, səni necə işə götürüblər?

 

Mən cavab əvəzinə, özümlə gətirdiyim "Azərbaycan gəncləri" qəzetinin üç-dörd sayını, daha doğrusu, bu nömrələrdə dərc olunmuş oçerklərimi Abbas müəllimə göstərdim. Və o, bu yazılara ötəri nəzər salandan sonra yüngülcə gülümsədi:

 

- Belə görürəm ki, daha sənin heç diploma da ehtiyacın yoxdur. - Və sonra əlindəki karandaşla kiməsə üç-dörd kəlməlik məktub yazdı. O kimsənin adını unutsam da, işgüzar çöhrəsini və ləhcəsini hələ də xatırlaya bilirəm. Mərkəzi kitabxanamızda əməkdaş olan o ucaboy, ortayaşlı kişi bir ay ərzində satirik "Məzəli" jurnalının, kitabxanın fondunda olan bütün saylarının surətini və üstəlik də, 27 dekabr 1914-cü il tarixli 1-ci sayının üzqabığının foto surətini çıxardıb mənə verdi və onun hüsnü-xətti o qədər aydın idi ki, o yazıları makinaya verməyə ehtiyac qalmadı və mən, təxminən, iki həftə müddətində, məndən öncə çox epizodik araşdırılan satirik "Məzəli" jurnalı haqqında diplom işimi tamamlayıb, yenə gəldim Abbas müəllimin qəbuluna.

 

O hadisələrin üstündən yarım əsrdən də çox keçib və bu ötən illər ərzində mən kirayə mənzillər dəyişə-dəyişə, ilkin əlyazmalarımın əksəriyyətini itirsəm də, bu diplom işinin bir surətini qoruyub saxlamışam. Axı orda həm də Abbas Zamanovun, necə deyərlər, daşdan keçən rəyi var:

 

"Məzəli" jurnalının ictimai-siyasi platformasını, jurnalın tənqidinin başlıca xüsusiyyətlərini qiymətləndirərkən, tələbə haqlı olaraq, onu "Molla Nəsrəddin"in davamçısı kimi səciyyələndirir. Diplomantın ümumiləşdirmələri, hökmləri, nəticələri düzgün elmi-metodoloji bünövrə üzərində qurulmuşdur. Diplomantın əsəri XX əsr Azərbaycan mətbuatının tarixini öyrənən tələbələr üçün vəsait ola bilər".

 

 

 

Yadımdadır, bir günəşli may günü diplom müdafiəsində, növbə mənə çatanda, yalnız, Abbas müəllimin bir səhifəlik rəyini oxudular, məndən heç nə soruşmadılar və təbii ki, bu, diplom rəhbərimə böyük hörmət, ehtiram əlamətinin nəticəsi idi. Axı, necə deyərlər, Abbas Zamanovun zamanı idi. Bir il qabaq müdafiə etdiyi namizədlik dissertasiyasına görə, onu birdən-birə doktorluq elmi rütbəsinə layiq görmüşdülər və bu, elm aləmində nadir hadisələrdən biri kimi dəyərləndirilirdi. Nizami adına Ədəbiyyat Muzeyi kimi mötəbər bir qurumun rəhbəri idi. Sistemin soyuq münasibətinə baxmayaraq, Türk dünyasının seçilən şəxsiyyətləri ilə məktublaşırdı və yeri gəldikcə, bu yazışmaları mətbuata çıxardırdı, Sabirin "Hophopnamə"sini tərtib etdiyi və ön söz yazdığı yeni nəşrlərlə Türk dünyasına, Yaxın Şərqə yayırdı.

 

Və üstəlik də, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin Mirzə Cəlil haqqında, rus dilində yazdığı xatirələrini ana dilimizə çevirmişdi, sanballı ön söz yazmışdı və mən hələ ikinci kursda ikən, bu xatirələri birnəfəsə oxumuşdum, yeri gəlmişkən, bu əsər, oxuduğu fakültədən asılı olmayaraq, bütün tələbələr arasında yayılmışdı və demək olar ki, o zamanın bəzi sevgi romanları kimi bestsellerə çevrilmişdi. Diplom işimlə bağlı olaraq, növbəti dəfə görüşəndə bu xatirələrə məftunluğumu da dilimə gətirdim.

 

- Bu, Həmidə xanımın xatirələrinin, təxminən, yarısıdı, - təəssüflə dedi, - xeyli ixtisar etməli oldum çevirəndə.

 

Hiss etdim ki, səbəbini soruşmağa ehtiyac yoxdur, o, özü də bu barədə heç nə söyləmədi...

 

2012-ci ildə mən Həmidə xanımın "Mirzə Cəlil haqqında xatirələrim" əsərini Mehriban Vəzirin təqdimatında kitab dükanlarında görəndə, təbii ki, o söhbəti xatırladım və kitabı da ona görə aldım ki, Abbas müəlllimin variantı ilə tutuşdurum, görüm Abbas müəlllim, Sovet senzurasından keçsin deyə, nələri ixtisar etməli olub.

 

Böyük Mirzə Cəlilin ömrünə ayna tutan bu əsərin, məhz, Mehriban Vəzir tərəfindən yenidən çevrilməsi isə, məni sevindirdi. Çünki Mehriban xanımın qələminə və istedadına bələd idim, hətta "Yazıçı" nəşriyyatında tərtib olunmuş almanaxda dərc olunan hekayələri haqqında, elə həmin almanaxdaca, xoş sözlər də yazmışdım.

 

Diplom müdafiəsindən, təxminən, bir ay sonra bir dəstə gül alıb, Nizami Muzeyinə getdim ki, Abbas müəllimə təşəkkür eləyim. Təbii ki, məni səmimi qarşıladı və əlimdəki gülləri, dərhal alıb katibəsinə verdi. O, son dərəcə mehriban bir tatar qızı idi. Abbas müəllim ənənəvi hal-əhvaldan sonra soruşdu:

 

- Yəqin elmi işini davam etdirmək, aspiranturaya girmək niyyətin var?

 

Sakitcə başımı buladım və bu dəfə təbəssümlə soruşdu:

 

- Bəlkə evlənmək istəyirsən?

 

Mən yenə də həyalı bir tələbə rolunda, onun üzünə baxmadan başımı buladım.

 

Və yenə Abbas müəllim təbəssümlə soruşdu:

 

- Demək, nə aspiranturaya girmək istəyirsən, nə də evlənmək, bəs onda fikrin nədir?

 

Son dərəcə sıcaq bu suala bir qədər fikirləşəndən sonra cavab verdim:

 

- Mən hələ əsgərliyə getməliyəm...

 

Və dünyanın işləri elə gətirdi ki, mən iki il sonra - 1971-ci ilin yayında Biləcəri stansiyasından ümumi eşalonla hərbi xidmətə yola düşərkən, yenə Abbas müəllimlə qarşılaşdım. Bir qohumunu yola salmağa gəlmişdi və hiss olunurdu ki, burada Hərbi Komissarlığın qarşısında yola salanlar çağırışçılardan, bəlkə də, iki dəfə çoxdur. Abbas müəllim dolu bədənli o qohumu ilə məni tanış eləyəndən sonra:

 

- Eyni yerə düşsəniz, sən buna göz olarsan, - dedi, - bu, həm cavandı, həm də dəlisovdu...

 

O isti yay günündə insanlar qarışqa kimi qaynaşırdı, necə deyərlər, ağız deyəni qulaq eşitmirdi, mən isə fikirləşirdim ki, görəsən, insanlar, heç nəyin fərqinə varmadan, onlara qaynayıb-qarışmış bu nəhəng insanı - bu böyük şəxsiyyəti niyə tanımırlar? Niyə imkan vemirlər ki, o da ağacın kölgəsində dayansın?

 

O iyirmi vaqonluq eşalonda Abbas müəllimin qohumu ilə yollarımız tez ayrıldı, Mahaçqalanı keçəndən sonra onu qatardan düşürtdülər, mən isə Volqa boyu Saratova, ordan da hələ Balaşova qədər gedib çıxdım.

 

Əsgərlikdən qayıdandan sonra Abbas Zamanovu axtarmamağıma indi təəssüflənirəm. Amma gecdi, necə deyərlər, qatar çoxdan keçib. Təsəllim, Abbas Zamanovla bağlı rast gəldiyim yeni yazıları, təzə araşdırmaları oxumaqdı. Abbas müəllimlə bağlı hər hansı yazı məni o günlərə qaytarır. Elçin müəllimin yuxarıda bəhs etdiyim yazısı da onlardan biri oldu. Hələ bu günlərdə İntiqam Qasımzadənin "Şuşanın dolayları" essesi də, bir parçası ilə, mənə Abbas müəllimi xatırlatdı.

 

İntiqam müəllimin atası şair, tərcüməçi Böyükağa Qasımzadə ilə Abbas müəllim Birinci Dünya müharibəsində əsgər yoldaşı olublar. Və Böyükağa müəllimin vəfatından sonra, Abbas müəllim İntiqamla ilk dəfə tanış olanda deyib: "Mən həyatımda sənin atan qədər ailəsinə bağlı insan görməmişəm, o, əsgərlikdə bizə hər gün verilən iki tikə qəndi yemirdi, yığırdı ki, balalarına çatdırsın". Və bu söhbət də İntiqamı üç yaşına qaytarıb və ona atasının cəbhədən gətirdiyi qəndlə, Şuşada, babasının mülkündə ilk dəfə içdiyi şirinçayı xatırladıb.

 

Və İntiqam müəllim Şuşa ilə bağlı essesində bu hadisəni beləcə də yazıya alıb, amma sözüm onda yox, İntiqam bu hadisəni mənə onuncu, bəlkə də iyirminci dəfə danışarkən sözünü kəsib: - Ay İntiqam, - demişdim, - sən mənə bu hadisəni, yalan olmasın, iyirminci dəfədir, danışırsan, hamısında da eyni cür, bir cümlə də o yan-bu yan olmur, bəs sənin fantaziyan hanı? O, ucadan gülmüşdü, mən də ona qoşulmuşdum. Əlbəttə, mən yalnız, ərkim çatan insana belə zarafat edə bilərdim... Və o anda mənə elə gəlmişdi ki, biz bu zarafatla, bu ovqatla həmin o şirinçayı yarı böldük. Dəfələrlə şahid olmuşam, o yaşda uşaqlar paylaşmağı çox sevirlər.

 

Bir neçə kəlmə də, mənim bu söhbəti başlamağıma daha bir təkan verən satirik "Məzəli" jurnalı haqqında... "Molla Nəsrəddin"i zaman yaratdığı kimi, onun davamçılarından sayılan "Bəhlil"u da (1907), "Arı"nı da (1910-1911), "Kəlniyyət"i də (1912-1913), "Məzəli"ni də, digərlərini də zaman yaratmışdı, hətta bu barədə Mirzə Cəlil özü də yarızarafat, yarıgerçək yazmışdı:

 

"... Heç bundan qabaq belə zarafatlar yox idi; indi hamı "Molla Nəsrəddin"ə baxıb başlayıblar zarafatnan yazmağa".

 

"Məzəli"nin redaktoru və naşiri isə, əslən şuşalı Haşım bəy Vəzirov idi və o, dərgisinə Əzim Əzimzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar, Cəfər Cabbarlı, Əliabbas Müznib kimi yaradıcı simaları cəlb eləmişdi.

 

Sözümün sonunda yenə də Elçin müəllimin yazısına qayıtmaq istəyirəm: bəli, Abbas Zamanov hələ "Kür, Araz, Ararat" deyə bağırışdığımız bir zamanda səsini qaldırmışdı, "oyan, ey millət, - demişdi, - erməni yatmayıb!", lakin bu harayın cavabında bizlər ona neynədik? Hə, bu sualın müfəssəl cavabı da Elçin müəllimin "Ədəbiyyat və cəsarət tərcümanı" kitabındadır...

 

lll

 

1991-ci ilin payızında xəbər tutdum ki, Abbas müəllim xəstədir, Mərkəzi Klinikada müalicə olunur. Üzümə üz bağlayıb getdim yanına. Elə bilirdim, məni tanımaz, amma məlum oldu ki, həmin il "Köçürülmə" romanına görə aldığım mükafatdan da xəbəri var... Susurdu və hərdənbir mənə Qarabağda baş verən son hadisələr haqqında suallar verirdi...

 

Bəli, keçmişə boylananda çox şeylərə təəssüflənirəm. Və bir də ona təəssüflənirəm ki, Abbas müəllim də, ömrünü bu xalqın, millətin yolunda - Naxçıvan, Qarabağ naminə şam etmiş onlarca, yüzlərcə ziyalılarımız kimi bu günləri görmədi...

 

Bu gün də Abbas Zamanovun Zamanıdı, bir söz adamı olaraq, ən etibarlı bələdçimiz isə onun kitablarıdı. Elçin müəllim demişkən, onun kitabları bu gün də nəşr edilir və xatirələr, bu nəşrlər onun ömrünün XXI əsrdəki davamıdır.

 

3 aprel 2022

 

 

Məmməd ORUC

 

525-ci qəzet.- 2022.- 18 may.- S.16;17.