"YaxşI pyes
yaxşI dialoqlardan ibarətdir"
"ULDUZ" JURNALI İLƏ
"525-Cİ QƏZET"İN BİRGƏ
LAYİHƏSİ - IV DƏRS
Başlığa çıxardığım bu fikirlə
kimlərsə razı olmaya bilər. Deyərlər, əsas
ideyadır, mövzunun aktuallığıdır,
personajlardır və ya dərslərimizin birində mənim
iddia etdiyim kimi süjetdir və s.
Əlbəttə,
bu fikirlərin hər birində həqiqət payı var, amma
unutmayaq ki, fikir də, ideya da, mövzunun aktuallığı
da, lap elə pyesin əsas komponenti olan süjetin özü də
tamaşaçıya replika və dialoqlarla
çatdırılır. Personajların kimliyi
və xarakterləri də dialoqlarda açılır.
Replikalar, dialoqlar nə qədər dolu, məzmunlu, lakonik,
informativ, döyüşkən, hazırcavab, gözlənilməz,
bəzən paradoksal olsalar və xətti-hərəkəti
dayanmadan irəli, inkişafa doğru aparsalar, əsərin bədii
yükü, hadisələrin inkişaf dinamikası bir o qədər
yüksək və keyfiyyətli olar.
Dialoqların əhəmiyyəti kinoda da çox vacib və
özünəməxsusdur. Hollivudda qara çərçivə
deyilən bir anlayış var. Ssenaridə dialoqlardan başqa
nə mətn varsa (təsvir və remarkalar), qara çərçivəyə
alınır, uzun mətnləri oxumağa hövsələsi
çatmayan kino məmurları, çox vaxt çərçivədən
kənarda qalan mətni, yəni dialoqları oxuyur və
ssenariyə qiymət verirlər, başqa sözlə,
ssenarinin taleyini daha çox dialoqlar həll edir. Biz tez-tez Hollivud
filmlərinin titrlərində rast gəlirik: 1. ssenarinin müəllifi;
2. dialoqların müəllifi. Deməli,
ssenarinin müəllifi bir dramaturq, dialoqların müəllifi
isə məhz dialoqlar üzrə ixtisaslaşmış
başqa dramaturqdur.
Teatrda bu
yanaşma mümkün deyil, çünki pyes ancaq dialoqlardan ibarətdir, təsvir
yox, remarkalar da cüzi miqdarda. Yeri gəlmişkən,
gənc həmkarlarımın diqqətinə
çatdırım, rejissorlar və aktyorlar remarkanı sevmirlər.
Çox vaxt elə pyesin birinci oxunuşunda onun
üstündən xətt çəkirlər. İddia edirlər ki, remarka rejissorun və aktyorun
yaradıcı fantaziyasını buxovlayır. Beləliklə, dram əsərində dialoq yeganə
informasiyaverici vasitədir. Ona görə də,
əziz həmkarlar, dialoqları elə qurmalısınız
ki, onlar parlaq, poetik, iti, tikanlı,
qıcıqlandırıcı, hətta zəhərli və
unikal olsunlar, hər bir söz hədəfə dəysin,
replika qığılcım saçsın.
Müasir mövzularda yazılan pyeslərdə
dialoqların qurulması tarixi mövzulara nisbətən
asandır. Bu da təbiidir. Axı biz
müasirlərimizin danışığını hər
gün eşidirik, özümüz də elə o dildə
danışırıq. Tarixi mövzuda
yazılan əsərlərdə isə dramaturqu çətin
imtahan gözləyir. O, tarixin dərin qatlarında
qalmış qəhrəmanının
danışığını eşitməyib. Deməli, uydurmaq lazımdır, amma elə uydurmaq
ki, reallıqdan və tarixi həqiqətdən daha
güclü, təsirli və inandırıcı olsun. Elə yazmalısan ki, müasir tamaşaçı
həm mətni tam anlaya bilsin, həm də o dövrün
danışıq dilini eşitdiyinə inansın. İnansın ki, Hacı Zeynalabdin Tağıyev, məhz
"Mesenat" pyesindəki kimi danışırmış.
Ağa Məhəmməd şah Qacarın sarayında isə
saray əyanları və Qacar özü məhz dramaturqun təklif
etdiyi kimi dil açmalıdırlar: hikmətli, didaktik,
pafoslu, poetik, ərəb-fars tərkibli. Eyni
zamanda çağdaş tamaşaçı mətni tam
anlamalı, çaşbaş qalmamalıdır. Bu yerdə
"Şah Qacar"dan kiçik bir parça:
Qacar. Ceyran xanım, niyə məni intizarda qoymusan?
Ceyran. Halım heç yaxşı deyil, şahım,
başımda bir uğultu var. Mən haqq dünyasının
səsini eşidirəm.
Qacar.
Ceyran xanım, bizim bu gün naxoş
olmağa haqqımız yoxdur. Mən elə bir
uçurum qarşısındayam ki, çox şeyi dərk
etmək iqtidarında olan bəlalı başım coşan
hisslərim qarşısında acizdir. Məsləhətdir
yanımda olasan.
Ceyran. Şahım, qəlbim çırpınır, nə
bəladırsa, yaralı quş kimi partlayır yerində.
Elə bil müdhiş bir hadisə baş verəcək,
mən də onun şahidi olacam.
Qacar. Bu nə sözlərdir deyirsən, Ceyran xanım?
Ceyran. Nə bilim, oğlum, bəlkə həddindən
artıq həssaslıq göstərirəm. Fikir vermə. Bəs Cəfərqulu
hardadır? Niyə görünmür?
Tonkabuni (gəlir). Şəhriyari-İranı gümrah ovqatda görmək
biz bəndələrə ziqiymət ərməğandır!
Qacar. Doğrudur, şeyx Cəfər, bu gün mən
Allahın ən xoşbəxt bəndəsiyəm. Odur ki, Rəbbimizə şükranlıqdan
usanmıram, hətta naxələflərin yerinə də
şükür edirəm.
Tonkabuni.
Xudavəndi-aləm insanların bir qismini digər
bir qismi ilə dəf etməsəydi, Yer üzü fitnə-fəsad
yuvası olardı. Allah bütün aləmlərə
qarşı lütfkardır.
Ceyran. Onda, şeyx Cəfər, niyə Yer üzünü
zillət çəkənlərin fəryadı
bürüyüb?
Tonkabuni.
Ülyahəzrət, axı damağı
çağ olanlar deyil, məhz zillət çəkənlər
ah-fəqan edir.
Ceyran. Nə yaxşı dünya əzabından qurtulmaq
üçün ölüm var.
Tonkabuni.
O da Allahın bir mərhəmətidir, ülyahəzrət.
Qacar. Elədir, şeyx Cəfər, hamı o mərhəmətdən
dadır.
Bu dialoq və dramaturqun təklif etdiyi dramaturji vəziyyət
(settinq), fikrimcə, yuxarıda dialoqlara göstərdiyimiz tələbləri
tam ödəyir. Tamaşaçı deyilənləri
çətinlik çəkmədən anlayır və
inanır ki, Qacar sarayında məhz bu dildə
danışırmışlar. Tamaşaçı həm
də hiss edir ki, nəsə çox "müdhiş"
bir hadisə baş verəcək. Bu, əsərin
ən gözlənilməz hadisələrindən birinə -
peripetiyaya hazırlıq səhnəsidir. Əslində,
bu hazırlıq xeyli əvvəldən örtülü
(niqablı) şəkildə başlamışdı.
Bir müəllif kimi onu da etiraf edim ki, misal gətirdiyim fraqmentdə Qurandan bəzi ayələr olduğu kimi, bəziləri müəllif interpretasiyasında istifadə olunub. Müəyyən məqamlarda hədislərə də işarələr var. Ümumiyyətlə, rejissorun təklifi ilə "Şah Qacar" adı ilə tamaşaya qoyulmuş "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" tarixi dramında dialoqların böyük bir qismində Quran ayələrindən, hədislərdən, Sədidən və Hafizdən istifadə edilmişdir. Bu da təbiidir və ən vacibi - lazımdır! Orta əsrlər Şərq təhsilində "Qurani-Kərim" öyrədilib, Sədi Şirazı ilə Hafiz Şirazinin əsərləri isə dərs vəsaitini əvəz edib.
Bildiyimiz kimi, janr pyesin bütün komponentlərinə, o cümlədən, dialoqlara da güclü təsir edir. Əgər biz komediya yazırıqsa, dialoqlar komik, ironik, paradoksal olmalıdır. Dram və faciənin dialoqları isə təkbətək döyüşü xatırlatmalıdır. Biz unutmamalıyıq ki, dialoq real nitq deyil, real nitqdən doğan effektdir. Məişət söhbətlərinə küçədə qulaq asa bilərsən, pul ödəməyə də ehtiyac yoxdur. Səhnənin isə öz tələbləri var. Dialoq elə qurulmalıdır ki, insanlar onu dinləmək üçün para ödəsinlər. Əgər dialoq parlamırsa, qığılcım kimi od saçmırsa, titrətmirsə, o, publikanın diqqətini cəlb etməyəcək, bəlkə də, publikanın diqqətinə layiq deyil desək, daha doğru olar.
Dialoq yazarkən sözlərdən qənaətlə istifadə etməliyik. Dramaturq kinoda olduğu kimi az sözlə çox şeyi ifadə etməyə çalışmalıdır. Hər cümlənin öz təyinatı olmalıdır. Dialoq bir həmlə ilə iki vəzifənin öhdəsindən gəlməlidir: personajın xarakterinin açılması və süjetin inkişaf etdirilməsi. "Alkatrasdan qaçış" filmində çox sevdiyim qısa bir dialoq var. Həbsxana psixoloqu dustaqdan soruşur: "Sənin uşaqlığın necə olub?" Dustaq cavab verir: "Qısa". Bircə sözlə o, özünün fərəhsiz uşaqlığını, səfil mühitin yetirməsi olduğunu deyir və bu, daha təsirli alınır. O, həm də öz xarakterinin ciddi bir cizgisini göstərmiş olur.
Usta dramaturqun yaratdığı personaj çox vaxt düşündüyünü demir və ya birbaşa demir, müəmmalı danışır. Dramaturq personajı incə psixoloji oyun oynamağa məcbur edir. Personajın dili ilə dadı, qoxunu, mənəvi və ya fiziki ağrını ustalıqla təsvir edir, tamaşaçıya hiss etdirir.
Bəzən yazı prosesində hiss edirsən ki, personajları danışdıra bilmirsən, ya da saxta, qeyri-təbii dialoq qurursan, səbəb çox sadədir, sən onları yaxşı tanımırsan. Elə ki onları yaxından tanıyır, məqsədinə, məramına, kimliyinə, xarakterinə bələd olursan, onlar özləri danışmağa başlayırlar, sənə isə eşitdiklərini yazıya almaq qalır.
Çox sevdiyim dramaturqlardan Oskar Uayld və Tennessi Uilyamsın pyesləri parlaq dialoqları ilə heyrətləndirir. Birincinin məşhur "İdeal ər" və "Ledi Uindermerin yelpiyi" pyeslərində ilk replikadan tutmuş, son replikaya qədər bütün dialoqlar hazırcavablıq, gözlənilməzlik, ironiya və incə yumor, absurd və paradoks ifadələr üzərində qurulub. Ən gözəli odur ki, bu fliqran işlənmiş "qıvrım" dialoqlar əsas funksiyalarını - xarakterlərin açılmasını və hadisələrin inkişaf dinamikasını təmin edirlər. O.Uayldın əsərlərində işlətmiş olduğu, artıq aforizmə çevrilmiş bir neçə replikanı yada salaq: 1. Adamlar həmişə hamıdan çox sevdiklərini məhv edirlər; 2. Özün ol, qalan rolların yiyəsi var; 3. Rəzil hər şeyin qiymətini bilsə də, heç nəyi qiymətləndirməyən adamdır; 4. Bütün dünya teatrdır, amma bu teatrda rollar çox pis bölünüb.
Bəs
Tennessi Uilyams nə deyir: 1. Əgər qayıqda iki nəfər
varsa, onlar bir-birini qorumağa məhkumdurlar; 2. Deyəsən,
lap əvvəlindən belə olub: əzab çəkəndə
insanlar daha səmimi olurlar; 3. Çox sağ olun, siz mərhəmətlisiz.
Mənim bu saat... mərhəmətə necə
böyük ehtiyacım var; 4. Məğlubların
cazibəsi... mən bunu qocalarda və sağalacağına
ümidini itirmiş xəstələrdə görmüşəm.
Dramaturq yazdığı pyesi ucadan oxuyanda yazıda ideal
hesab etdiyi dialoqların başqa cür səsləndiyini, hətta
saxta olduğunu hiss edir, deməli, dialoq yazıda bir, oxuda
başqadır. Mətnin səsləndirilməsi
yazıda gizlənmiş qüsurları aşkara
çıxarır. Odur ki, pyesi dramaturq özü dəfələrlə
ucadan oxumalı, onu dilə yatmayan sözlərdən, ifadə və
cümlələrdən təmizləməlidir.
Əsər
üzərində işləyən dramaturq tez-tez özünə
sual verməlidir: bu replika süjetin inkişafına xidmət
edirmi və ya demək istədiyimi daha yığcam, daha
orijinal və daha effektli ifadə edə bilərəmmi? Bir dramaturq kimi mən dediklərimə nə dərəcədə
əməl edirəm, deyə bilmərəm, amma buna
çalışıram. Bəlkə elə
bu çalışmanın nəticəsidir ki, son dövrlərdə
yazdığım pyeslərin həcmi əvvəlki pyeslərimlə
müqayisədə xeyli kiçilib, 50-60 səhifədən
35-40 səhifəyə düşüb. Bu məsələdə
sözə qənaət və çağdaş
zamanımızın həyat ritmi həlledici rol oynayır.
Sonda dərsimizin başlığına qayıdır
və təkid edirəm: yaxşı pyes yaxşı
dialoqlardan ibarətdir.
Əli
ƏMİRLİ
525-ci qəzet.- 2022.- 18 may.- S.15.