"Əgər öz yerində deyilsənsə,
demək, heç kimsən"
TANINMIŞ
OPERA MÜĞƏNNİSİ, AZƏRBAYCAN RESPUBLİKASININ
ƏMƏKDAR ARTİSTİ GÜLÜSTAN ƏLİYEVA
İLƏ SÖHBƏT
-
Gülüstan xanım, siz həm şəhid bacısı, həm
də şəhid xanımısınız. Bildiyimə
görə, şəhid və qazi ailələrilə mütəmadi
görüşüb, onların dərdinə şərik
olursunuz. 44 günlük Vətən
müharibəsi və şanlı zəfərimiz. Gəlin, söhbətə də elə bu
mövzudan başlayaq.
- 44
günlük Vətən müharibəsi, şanlı zəfərimiz
haqqında nə qədər danışsaq da, yenə
azdır. Otuz illik həsrət
xalqımızı qələbəyə səfərbər
elədi. Nə yalan deyim, bəzən
fikirləşirdim ki, görəsən, işğaldan sonra
doğulan, o torpaqları görməyən gənclər bir
gün gedib o torpaqlara çıxa biləcəklərmi,
torpaqlarımızın xilası üçün
çalışarlarmı? Hərdən
daxilimdə ruh düşkünlüyü yaranırdı.
Amma heç demə, belə deyilmiş.
Ömründə Qarabağı, Şuşanı görməyən
gənclərimiz vətən üçün səfərbər
oldular, canlarından keçdilər, Azərbaycana zəfər
yaşatdılar. Bu səadəti bizlərə
bəxş edən şəhidlərimizin
qarşısında baş əyirik, qazilərimizə minnətdarlığımız
sonsuzdur, biz onlara ömür boyu borcluyuq. Hələ
Birinci Qarabağ savaşında igidlərimiz şəhid
olanda biz qürurlu idik, sınmamağa
çalışırdıq. Amma
bütün bunların qarşılığında
torpağımızı itirdiyimiz üçün qəlbən
sınıq idik. Mən özüm sənət
adamı kimi dünyanın bir çox yerlərində qastrol
səfərlərində, tədbirlərdə iştirak edəndə
utanırdım, sıxılırdım. Haqq
sözü demək üçün bir məkan, bir məqam,
səni eşidə bilən insanlar və dünya
olmalıdır ki, onu deyə biləsən. Ölkəmiz
bu otuz il məhz bunun üçün
çalışdı. Ümummilli lider Heydər
Əliyev də, dövlətimizin başçısı
İlham Əliyev də hər zaman inamla deyirdilər ki,
Qarabağ mütləq işğaldan azad olunacaq. O
vaxtlar bu sözlər xəyal kimi görsənirdi. Amma gördüyümüz kimi, Ali Baş Komandan
bütün bu arzuları bir-bir həyata keçirdi. Azərbaycan əsrlərdən bəri bir
qarış torpağımızı geri qaytara bilməmişdi.
Amma Prezidentimiz beyin savaşıyla, təmkin və
səbrlə bu qələbəni qazandı, bu xoşbəxt
günləri bizlərə yaşatdı. Bax qələbə,
böyük zəfər mənim üçün bu
deməkdir.
- Siz həm
məşhur sənətkar, həm ailəcanlı ana, həm
də nənəsiniz. Üçünü də
bir ömrə sığdırmaq çətin deyil ki?
- İnsan nələrə qadir deyil ki, nələri
sığdırmır ki, ömrünə? Ayrılıqları,
həsrətləri, ölümləri, sevgiləri,
vüsalları. Əgər bu dünyaya gəlmisənsə,
sənə verilən ömrü dolu-dolu yaşamalısan.
Bütün ömrümüz məqamlardan ibarətdir.
Yaşlanmısansa, demək, o xoşbəxtliyə
çatmısan. Yaşa dolmaq özü
bir səadətdir. O qədər insanlar gənc
yaşlarında dünyadan vaxtsız gedirlər ki. Onlar bu həyatın gözəlliyini, həyatın
dadını görmədən həyatla vidalaşırlar.
Amma yaşlanmaq, yaşlana bilmək, üstəlik
də, dəyərli yaşlanmaq, nənə olmaq, sevilən
qadın, sevilən sənətkar olmaq - bunlar hamısı
insanın özünün bacardığı bir şeylərdir.
Təki ölüm-itim olmasın. Bircə ölümə çarə yoxdur. Əlbəttə ki, bütün bunları və
daha artığını ömrümə
sığdırmağı bacarmışamsa, nə xoş mənə.
-
Hansı janrda əsərlər ruhunuza daha doğmadır? İfaçı olmaq sizin üçün nədir?
-
Yaradıcılıqla məşğul olan insanlar bir
ömür öyrənirlər, dinləyirlər və
yaradıcılıqlarında bunları əxz edirlər. Mənim üçün pis janr, pis mahnı,
hansısa sevmədiyim mövzu yoxdur. İnsanın
ruhu nəyi dinləmək istəyirsə, ona müraciət
edir. O zaman da sənətkar nəyi hiss edirsə, onu
oxuyur, onu yaşayır. İnsan
yaşadığı mühitin məhsuludur. Hər bir
müğənni, xanəndə, vokalçı, kim olur-olsun, öz həyatını, qəlbinin
səsini, sevgisini oxuyur, hisslərini tamaşaçı ilə
bölüşür. Bunun
qarşılığında da sevilir, alqış, sevgi qazanır.
Kim olursan ol, yaşadığın
dövrün müasirisən, o insanların düşüncə
tərzi də, fikirləri də səninlə eyni olur, səsləşir.
Bir fərq odur ki, sən onu öz səsinlə,
musiqiylə çatdıra bilirsən. Sən
onlara qəlbində oxuduqlarını dinlədirsən. Əlbəttə, bu, çox gözəldir. Hər insan dünyaya gələndə bir
missiyası olur. Yəqin ki, mənim də
missiyam budur. İnsanlara sevgi, gözəl,
xoşbəxt hisslər bəxş edə bilirəmsə,
buna görə özümü xoşbəxt sayıram.
- Xanəndə
olmaq öz arzunuz idi, yoxsa valideyn istəyi?
- Mən
uşaqlıqdan oxuyurdum. Valideyn övladının hansı
istiqamətə yönləndirmək lazım olduğunu
övladının uşaqlığından hiss etməyə
başlayır, böyüdükcə ona dəstək
olmağa çalışır. Atam uşaq
yaşlarımdan məni də, mənlə bərabər
bacılarımı da musiqiyə yönləndirdi. Atamız istəyirdi ki, biz savadlı, intellektli olaq,
dil bilək, dünyagörüşümüz geniş olsun,
cəmiyyət üçün yararlı insanlar olaq. Biz rayonda yaşayırdıq. Atamın
və anamın çox gözəl səsi var idi. Atam məni musiqi məktəbinə, pioner evinə,
konsertlərə aparırdı. Beləcə,
mən oxuya-oxuya böyüyürdüm. Bir
gün rayonumuzda gənc istedadlar müsabiqəsinin
keçiriləcəyi xəbəri gəldi. Məni də müsabiqəyə dəvət etdilər.
Dəyərli sənətkarlarımız
münsif idilər. Məni dinlədilər və
Bakıda Bülbül adına Musiqi Məktəbinə
qəbul olundum. Peşə məni seçdi, mən
peşəni seçmədim. Kim
olacağımı, gələcəyimin hara gedib
çıxacağını, nə vaxtsa məşhur
olacağımı bilmədən addım-addım bu sənətdə
addımlamağa başladım.
- Bu sənətdə
hansı ustadlardan dəstək görmüsünüz?
-
Başda maestro Niyazi olmaqla dəyərli sənətkarlarımızdan
- müəllimim, profesor Arif Babayevdən, Canəli Əkbərovdan,
Əlibaba Məmmədovdan, unudulmaz sənətkarlarımız
Şövkət Ələkbərovadan, Sara Qədimovadan,
Tükəzban İsmayılovadan, İslam Rzayevdən dəstək
görmüşəm. Nə qədər ki
ömrüm var, onları hörmətlə anacağam. Onlar bu sənət yolunda mənə etimad göstərdilər.
Mən bu gün Gülüstan Əliyeva
olmağıma görə onlara borcluyam.
- Qənaətcil
insansınız, yoxsa tələbxərc? Ən
çox nələrə pul xərcləyirsiniz?
- Qənaətcil
sayılmaram. Lazım olmayan yerlərdə
çox pul xərcləyirəm, lazım olmayan yerlərdə
çox qənaətcil oluram (gülür). Belə bir xarakterim var, bir şey, əgər
xoşuma gəlirsə, onu alıram, baxmıram ki, neçəyədir.
Ola bilər ki, həmin an xoşuma gəlir,
bir həftə sonra xoşuma gəlməyəcək, amma yenə
də mən onu alıram. İnsanın
ömrü, yenə deyirəm, anlardan, məqamlardan ibarətdir.
Əgər o anda, o məqamda hansısa bir
şey mənim könlümü, ruhumu oxşayırsa, onu niyə
etməyim?
- İstərdim dostluqdan danışasınız. Dost dediklərinizdən zərbə
aldığınız çox olub, yoxsa daha çox sadiqlik
görmüsünüz? Dostluq nədir
Gülüstan Əliyeva üçün?
- Dostluq mənim
üçün o qədər müqəddəs məfhumdur
ki, dost üçün mən canımı qurban verərəm.
Dostluq etməyi sevən və bacaran bir insanam.
Əlbəttə, illərlə zərbələr
almışam, illərlə yanılmışam. Hətta 30-40 illik dostlarımı həyatımdan
çıxarmışam. Əslində,
insanlar mən düşündüyüm kimi deyilmişlər.
Sən demə, mən onlar üçün
istifadə mənbəyi imişəm. Mənim
adımdan, maddi vəziyyətimdən, şan-şöhrətimdən
istifadə edərək yaşayıblar. İndi
çox deyil, cəmi bir-iki dostum qalıb, onlar da sənət
həmkarlarım deyil. Bilirsiniz, insan yaşa dolduqca
düşünür ki, əvvəl özünlə dost
olmalısan. Tək-tənha oturub
düşünməyi, hansısa restorana gedib tək yemək
yeməyi, təkbaşına kofe içməyi, təkbaşına
ölkədən ölkəyə getməyi, özünü
sevməyi bacarmalıdır insan. O zaman insana,
düşünürəm ki, heç kimsə lazım deyil. "Dostsuz insan qanadsız quşdur", "təklik
zülmdür" kimi sözlərin hamısı cəfəngiyyat
imiş.
- Sərt
karantin dönəmində özünüzlə
baş-başa qalmağa zamanınız oldu. Yarım
qalan işlərinizdən hansını tamamlaya bildiniz? Bu fürsəti necə dəyərləndirdiniz?
Həmin dönəmdə səhnə
üçün çoxmu darıxdınız?
- Nə qədər
iş görsən də, yenə də
yarımçıqdır. Biz olmadan da bu
dünya var idi, biz olmayanda da var olacaq. Olduğumuz
həyatda həmişə çalışır,
vuruşuruq ki, nələrsə edək. Ən
önəmlisi, mənim düşünməyə, insanlara
münasibətimi, fikirlərimi tamamlamağa, bitən hər
şeyi yaşamağa zamanım oldu. Bəzi
insanlarla artıq yollarım ayrılmalı idi. Bunları etdim, edə bildim və bunun
üçün çox şadam. Biz hamımız bu
formada yaşayan insanlarıq: hər gün səhər
yerimizdən qalxıb bir stəkan çay içib
qaçırıq iş dalınca. Həyatımız
bu cür davam edir, ömrümüz qaçaqaçla
keçir. Yəni biz buna məcburuq.
Həyatımızın bəlkə də,
gözəlliyi elə budur. Mən
bütün bunları düşünməyə, hər
şeyi yerinə qoymağa zaman tapdım, bu şansı əldə
etdim. Övladımla, nəvələrimlə
vaxt keçirməyə zamanım oldu. Bu,
mənim ən böyük qənimətim oldu. Bir tərəfdən isə səhnə
üçün burnumun ucu göynəyirdi, gözlərim
dolurdu. Doğma teatrın səhnəsi
üçün, konservatoriya üçün çox
darıxırdım.
- Tələbələrinizdən
razısınızmı?
- 17 ildən
artıqdır Milli Konservatoriyanın müəllimiyəm. 4 ildən çoxdur ki, dosentəm. İnsan peşə seçəndə öz yerində
olmalıdır. Yerində olanları da
var, olmayanları da var. Tələbələr də eynən.
Ola bilər ki, birinin çox böyük səsi yoxdur, ola bilər ki, o, məşhur müğənni
olmayacaq, amma o qədər gözəl insandır ki. Belələrini biz böyük səs tembrləri
olmadığı üçün heç vaxt kənara
qoymuruq, cəmiyyət üçün dəyərli insanlar
yetişdirməyə çalışırıq. O gənclərin
elə müsbət xüsusiyyətləri gözümüz
önünə gəlir ki, düşünürsən, vacib
deyil ki, o, mütləq məşhur müğənni olsun,
qoy gözəl bir müəllim olsun, gözəl ailə
başçısı, gözəl ana, ata, gözəl bir mədəniyyət
işçisi olsun. Belələri cəmiyyətin
qazancıdır, cəmiyyətə lazım olan
insanlardır. Məncə, tələbələrə
bu cür yanaşmaq lazımdır, onlarla dost olmaq
lazımdır. Mən belə
düşünürəm. Əgər tələbə
müəllimi sevirsə, o, dərsdə özünü təsdiqləmək
üçün edə bilməyəcəyi şeyləri də
edəcək. Mənim belə tələbələrim az deyil. Mən onları çox
sevirəm. Olduqları kimi qəbul edirəm
və bildiklərimi onlarla paylaşıram. Dərsdən əlavə, mən onlara söhbətlər
edirəm, tam başqa mövzulara ayrıca
danışıram. Bütün bunlar gənclərin
formalaşmasına müsbət təsir göstərir.
Mən həmişə bunları etməyə
çalışıram.
- Bilirik
ki, çalışmağa düşkün insansınız.
Bəs istirahətə necə, meyliniz varmı?
- Bəli,
çalışmağa düşkün insanam. Bir də gözümüzü açırıq
ki, artıq tətildir, teatr da, konservatoriya da bağlanır.
Biz tətildə də
çalışırıq, işləyirik. Yeni mahnılar, layihələr edirik. İnsan sənətilə məşğul
olduğu zaman dəyərlidir. Kim olursan
ol, əgər öz yerində deyilsənsə, demək,
heç kimsən.
- İnsanlarda hansı insani keyfiyyətə
üstünlük verirsiniz?
- Səmimiyyət mənim üçün ən birinci şərtdir. Bir də ədalət, səxavət və vicdan. Bunlar hamısı bir-birini tamamlayır. Ədalətli insan vicdanlı olacaq, vicdanlı insan isə səxavətli. Əgər sənin səxavətin varsa, deməli, sən vicdanlısan və ədalətlisən. Qarşındakı insana sevgini də, ona ehtiyacı olan pulu da, söhbəti də səxavətlə verirsən. Bütün bunlar hamısı bir-birinə bağlıdır. Düzlük, dürüstlük çox vacibdir. Yalana nifrət edirəm. Bütün bu cəhətlər bir insanda varsa, o insanda nə yalan, nə xəyanət olar.
- Gülüstan xanım, sevgi sizin üçün nəyi ifadə edir? Sevgisiz yaşamağın fəsadları nədir?
- Sevgi mənim üçün hər şeydir, geniş məfhumdur. Onu hər şeydə və hər yerdə görürəm. Bir qadının bir kişiyə olan sevgisindən də daha çox mənanı bildirir sevgi. Həyata sevgiylə sarılmaq səni insan edir və ona sevgiylə baxmaq zövqünü formalaşdırır. Hər şeyin kökündə sevgi dayanır. Ola bilər ki, həyatın hansısa bir zaman kəsiyində sənin həyatında sevdiyin biri olmasın, amma dünyaya normal açıq gözlə baxan kamil bir insansansa, sevgini başqa bir şeylərdən də, başqa bir formada da ala biləcəksən. Sənətindən, doğmalardan, təbiətdən və sair.
Aysel KƏRİM
525-ci qəzet.- 2022.- 18 may.- S.14.