"Gənc oğlanın portreti
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Şəmsinur
Əhmədovadır. Onunla rəssam
Mirzə Qədim İrəvaninin "Gənc
oğlanın portreti"
haqqında danışacağıq.
***
- Müsahibəmizə bu sualla başlayaq: Nə idi İrəvaninin
fərqi?
- XIX əsrdə yaşayan Azərbaycan portretçi rəssamı Mirzə Qədim İrəvani
panel rəssamlığının əsasını qoyub. Onu digər rəssamlardan fərqləndirən əsas
xüsusiyyətlərdən biri də odur
ki, İrəvani işlərinin tarixini qeyd etmirdi, amma
onları imzalamağı,
eləcə də üzərlərində portreti
çəkilənin adını
yazmağı xoşlayırdı.
Mikloşevskayaya əsasən deyə
bilərik ki, Mirzə Qədim İrəvani rəsmi çəkilənin psixoloji
xarakteristikasını verməyə
çalışırdı. Təəssüflər olsun ki, rəssamın orijinal əsərlərinin hamısı
bizə çatmayıb.
- Mirzə Qədim
İrəvaninin tanınmış
əsərlərindən biri
də "Gənc oğlanın portreti"dir.
- Rəssam insanın zahiri görünüşünə
böyük maraq göstərirdi. Elə bəlkə də
bu səbəbdən portretlər Mirzə Qədim yaradıcılığında
üstünlük təşkil
edirdi. Rəssamın belə əsərlərindən
biri də "Gənc oğlanın portreti"dir. Əsər
XIX əsrin ortalarında
çəkilib. Rəsmin orta
əsrlərin miniatür
şərq ənənələri
ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə
cəmləşdirib. Həm də bu
hansısa müstəvi
fonda yox, konkret interyerə malik üçölçülü
məkanda təsvir edilib, bu isə
Azərbaycanın təsviri
sənətində yeni
dövrün başlanmasının
göstəricisi idi.
- Portretə diqqətlə baxanda üfüqi zey üzrə yerləşən sarı-qəhvəyi
rəngli zolaqda yazı olduğunu görürük.
- Bəli, orada "Nəvvab Vəcihulla Mirzə həzrətlərinin
portreti. Təvazökar Mirzə Qədim
İrəvani tərəfindən
çəkilmişdir" sözləri yazılıb.
Bu yazının səhv oxunuşu zaman, adverilmədə xəta olduğu aşkarlandı. Muzeyin inventar
kitabına yazılarkən
"Nəvvab" sözü
ad kimi oxundu. Bunun nəticəsində gənc
adamın portreti Mir Mövsüm Nəvvabın
gənclik portreti kimi müəyyənləşdirildi.
- Əsər hazırda
harda saxlanılır?
- Portret hazırda Milli İncəsənət
Muzeyində saxlanılır.
- Rəsmin kompozisiyası və rəng koloriti haqqında
nə deyə bilərsiz?
- Ölçüsü 21x12 sm olan əsər Mirzə Qədim İrəvaninin kağız üzərində sulu boya ilə çəkdiyi rəsm əsəridir. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi, burada da dekorativlik həcmli plastik forma ilə uyğunlaşdırılıb. Qədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilib. Gənc adamın üzü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnib. Qaşları çatma təsvir olunan oğlanın dodaqlarının dumanlı şəkli sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var. Arxalıq açılmış şəkildədir və onun altında mavi "don" görünür. Tünd göy şalvar geyimə əlavə parlaqlıq verir.
- Bu rəsm bizə nə deyir?
- Mirzə Qədim İrəvani yaradıcılığında tək portret işi sözügedən "Gənc oğlanın portreti"ilə kifayətlənmir. O, portretlərində sadə təbəqəyə aid insanları deyil, daha çox üst təbəqənin insanlarını təsvir edib. İstər geyim motivlərində, istərsə də üz ifadələrində rəssam bunu insanlara dəqiqliklə çatdırıb. Oğlanın nisbətən özündən razı halda çəkilməsi, onun baxışlarında da əks olunur.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 18 may.- S.12.