Rafael Hüseynovun dərsləri
Birinci dərs
70-ci illərin əvvəliydi. Ya 72, ya da 73. Şıxov çimərliyində futbol yaman dəb
düşmüşdü. Özü də peşəkar
futbolçular arasında yox, müxtəlif peşə sahibləri
arasında... Onda mən Azərbaycan Radiosunda
işləyirdim. Yekə
çıxmasın, biz qələm sahibləri də
ayrıca komanda düzəltmişdik; şənbə, ya bazar
günləri özümüzü Şıxov çimərliyinə
çatdırırdıq, özü də burdakı
oyunlarımıza əməlli-başlı
yanaşırdıq. Udurduq, arabir uduzurduq.
Komandamızda Ələkbər Salahzadə, İsa
İsmayılzadə, Mövlud Süleymanlı, İntiqam
Mehdizadə (yadıma düşəni deyirəm) kimi şair
və tanınmış qələm sahibləri vardı... Qol-qıçımıza olan xəsarətlər də
qulağımıza deyildi. Bir də ki, ən
böyük "təbibimiz" də yanımızdaydı
- Dənizi deyirəm. Ağrı-acılarımıza elə
tumar çəkirdi ki, - deməyən kimi... Heyif o günlərdən...
İndi dəniz o dəniz deyil. Heç adamlar da o adamlar deyil. Onların
sayı da az qalıb... Sözüm onda
deyil... Orasını deyirdim axı... Bir gün İntiqam
özüylə bir tələbə gətirdi... Tələbəliyi elə üzündən,
çöhrəsinə yaraşan eynəyindən bəlliydi.
"Komanda" uşaqlarından hansısa gəlməmişdi.
Gəlməyənin yerinə çarəsizlikdən o eynəkli
tələbə oynadı... Əvvəlcə
bir oyunçu kimi ondan gözüm su içmədi.
Dedim, - eynəyindən muğayat ol, sındırmasınlar. Bir də onda baxdım ki, bu eynəkli tələbə
hara baxıramsa, ordadı. Rafael (adı Rafaeliydi,
özü də universitetin şərqşünaslıq
fakültəsində oxuyurmuş), təkbaşına həm
hücumda oynayır, həm müdafiədə... (çarəsi olsaydı, eyni vaxtda qapıda da
dayanardı)...
Rafaellə sonradan zərrəcə heyifsilənmədiyim
tanışlıq beləcə başladı. O vaxt büruzə verməsəm
də, o şirvanlı tələbə istər-istəməz
mənim marağımı özünə çəkdi. Üstəlik, eşitdim ki, Rafael məşhur
İsmixan müəllimin ingilis dili kurslarına gedir. İstər-istəməz özümlə Rafael
arasında bir yaxınlıq, doğmalıq duydum. Mən
də fars, eləcə də ingilis dilinə
böyük həvəs göstərirdim. Hətta
əsgərlikdən sonra (universitetin 5-ci kursundan
aparmışdılar) MDU-nun Şərqşünaslıq
fakültəsinə dəyişmək istəyirdim və
söhbətdən də uğurla keçmişdim. Bunu
sözgəlişi dedim, əslində
söhbət gecə-gündüz "yoruldum" deməyən
Rafaeldən gedir. O Rafael Hüseynovdan ki, vaxtilə hörmətli
Anarın təxminən 60 il bundan əvvəl
radio layihəsi olan "Axşam görüşləri"nin
47 ildir ki, aparıcısı o vaxtkı tələbə,
bugünkü akademik Rafael Hüseynovdur...
İkinci
dərs
Mənim
üçün ikinci dərs - Rafael Hüseynovun neçə
il bundan əvvəl çapdan
çıxan üç kitabıdır: "Millətin zərrəsi",
"Əbədi Cavid", "Söz heykəli".
Həmin
kitablar bu torpaqda bitib boy atan bir alma qələməsi
kimidir, bir oxucu kimisə həqiqətən sinəmi
qabardır. Çox da döşümüzə
döyməyək, - Rafaelin həmin üç
kitabının mən deyərdim ki, hələ ki tayı-bərabəri
çox təəsüf ki, yazılmayıb. Özüm üçün də qəribədir,
heç sözsüz boynuma alım ki, özümdən
ixtiyarsız vaxtilə həmin kitablardan
özümçün lazımi qeydlər
götürmüşəm. Nə gərəkli iş
görmüşəmmiş. Və bu yazını yazmazdan əvvəl
mən çox yerdə vərəqləri qopmuş həmin
dəftərçəmi vərəqləyirəm... Budur, Turan Cavid atası, qardaşı
Ərtoğrolu xatırlayır, olub keçənləri
danışır, xalvar ağırlığında dərdi-sərini
ələkdən-xəlbirdən keçirir.
Yeridirmi, ya yox - deyim ki, İstanbula yolumuz düşəndə
ömür-gün yoldaşım Şəfəq xanımla,
köhnə, vaxtilə Cavidin oxuduğu İstanbul
universitetinin qənşərindəki oteldə qalırıq. Cavidin ruhu,
gözümüzün qabağında, həndəvərimizdə
olur. Bəlkə də pensne arxasından
bizə baxır və gülümsəyir. Biz də hər
səhər tezdən əski universitetə gedənlərə
baxırıq, qəribədir ki, gözümüz yox yerdən
tam ümidsiz də olsa Cavidi axtarmaqda...
Rafael o 3
cildliyində, əksərimizin çox təəssüf ki, hələ
də yaxşı tanımadığı, haqlarında
çox vaxt bir-iki cümlə, ya düz deyilən, ya da deyilməyən
şəxsiyyətlərdən ətraflı söz
açır, tələbəsindən tutmuş aliminəcən
lazımınca o rəhmətlikləri tanıtmağa
çalışır...
Və
tanıtdırır da...
Böyük
ədib və şəxsən mənim xatirəsini çox
uca tutduğum rəhmətlik Ənvər Məmmədxanlının
vaxtilə adı qələmlə öz gündəliklərində
dediyi kimi, "o faciələrə hamilə günlərdən"
ətraflı bəhs edir... O kəslərdən ki, "həyat
onlarçın kişnər bir kəhəriydi". Onu öyrənirik ki, Müşfiqin yoxluğundan
sonra Dilbər Axundzadə ondan boşanma ərizəsi
yazmış, ancaq "şairin ölüm xəbəri rəsmən
verilmədiyindən, eləcə Müşfiqin arvadı kimi
qalmışdı". Müslüm
Maqomayev Müşfiqin sözlərinə bir mahnı bəstələyibmiş.
Görən o mahnıdan soraq verən varmı?
"O ömürlər mənim həyatımın uzaq
adalarıymış" - bu cümlə də həmin
kitabdandır. Ancaq bilmirəm, o cümlə
Müşfiqindir, Ənvər Məmmədxanlının, ya
elə Rafaelin özününkü. Kimin
olur-olsun. Onun altından mən özüm də həvəslə,
həm də ürək ağrısıyla qol çəkərdim...
Sonra Rafael müəllim illərin nə
yağışıyla, nə selləri-suyuyla silinməz olan
talelərin iziylə düşüb gedir. Bu vaxta qədər
dönüb baxmadığımız, daha doğrusu,
gözucu nəzər yetirdiyimiz ömürlərə
uzun-uzadı boylanır baxır, baxır... Bunların
hamısını Rafael Hüseynov toz basmış arxivlərdən,
lazım gələndə pıçıltı ilə, həm
də göz yaşı ilə islanmış bağırtı-çığırtılara
bələnmiş söhbətlərdən eşidibdir.
Rübabə Muradovadan yazanda haqqına deyir ki, "hər
nəğmənin içində tarixlər uyuyur". Buna nə
vaxtdan bəri oxunan "Qaragilə"lərin hər birində,
hər bir avazında rast gələrsən. Bunların hər birini Rafael Hüseynovun sətirləri
arasından eşitdim, qələm zümzüməsində
dinlədim.
...Xədicə
xanım Qayıbovadan, Mir Cəfərin ona olan qəribə
vurğunluğundan söz açır. Hətta
Bağırov vaxtilə onun ad günündə evinə də
gəlibmiş, necə deyərlər, yerin altından da olsa,
qışın oğlan çağında Xədicə
xanımın xoşladığı bənövşəylə
moruq gətizdiribmiş. Bu, çox qəribə
məhəbbətmiş. Zaqafqaziya
müftisi Hüseyn Qayıbovun oğlunda ərdə olan Xədicə
xanım Mir Cəfərin hədiyyə kimi qızına
göndərdiyi gəlinciyi də qəbul etməyə məcbur
idi. Ancaq Xədicə xanım Mir Cəfərin bu qəribə
sevgisini görünür ki, qəbul etmir və təbii ki...
bunun cəzasını çəkir... Onu deyim ki, Xədicə
xanım vaxtilə Şərq Konservatoriyasını
yaratmışdı, orda təhsil görən musiqiçilərin
əksəri o vaxt üz bağlayan Şərq orkestrinə
daxil oldular... Yeri gəlmişkən ərz eləyim
ki, Niyazidən danışanda Rafael müəllim belə bir
fikir söyləyir ki, "Bəstəkarlarımızın
çoxusunu Niyazi yetişdirmişdi və onlar birlikdə
çox qüvvətliydilər..." - Çox dəqiq və
özül sanılası bir fikirdir. Bəli, birlikdə...
Hər halda mən də bu fikirdəyəm.
Həmişə olduğu kimi, Rafaelin bu fikri həqiqətə
söykənir...
...Akademik
Rafael Hüseynovun o üç kitabından və onlardan
sonrakıların hər birindən xeyli danışmaq olar.
Rafael hər yazısında təfərrüatlara varır -
özü də elə-belə yox, adlarını
eşitdiyimiz, əsərləri, fikir və düşüncələri
ilə mümkün qədər tanış
olmağımızı istədiyi insanları o, ötəri,
hətta mən deyərdim ki, bir qaraltı şəklində
təqdim etməyi bizə, heç özünə də rəva
bilmir.
Bura çatanda mən çox böyük hörmətlə
Cümhuriyyət dövrünün baş üstünə
qaldırılası simalarından biri olan - Əhməd
Pepinov və onun əvvəlki-sonrakı şəcərəsi
haqda Rafaelin qələmə aldıqlarından bəhs etmək
istəyirəm. Əslində bu, bir nəslin
xırdalığına qədər qələmə
alınmış "portretidir". Rafael
o Pepinovdan bəhs edir ki, onun barəsində bu vaxta qədər
belə əhatəli nə danışılıb, nə də
yazılıb. Axalsıx türklərindən
olan Əhməd bəy Pepinov parlament sədri Həsən bəy
Ağayevin kürəkəni, Ömər Faiq Nemanzadənin
bacısı oğluydu. İlk müstəqilliyimiz
də Tiflisdə onun, Həsən bəy Ağayevin dilində
elan olunub. İlk milli parlamentimizə də
məhz o, başçılıq edib. Axı
Əlimərdan bəy Topçubaşovun sədr kimi adı
vardı, xaricdə, Parisdə olduğundan heç vaxt sədr
kimi öz kürsüsündə oturmadı. Xurşud xanımın qızı Sevda deyirmiş
ki, 20-ci ildə bizi evdən çıxardılar və evi
Qriqoryana verdilər. Onda Kirovun
vaxtıydı. Sonra 11-ci ordunun qərargahı
da onların evində yerləşdi. Yeri gəlmişkən,
Cümhuriyyət Parlamentinin son iclas protokolundan bir cümlə
göz yaşardır: "Azərbaycan" qəzetinin
redaktoru Şəfi bəy Rüstəmbəyov
ağlayır". Bəli, onda istiqlalımız təhvil
verilirdi... Kitabdan dəxi bir cümlə: "Türklər
axı Bakını alıb bizə vermişdilər. Buna bir
abidə - nişangah lazımdır, ya yox?.."
Rafaelin çox gərəkli cümləsidir.
- "Söykənəcək yerimiz yoxdur, millət
gərək özünə söykənsin" və yaxud,
"Ruhunun istiqlalını qoruya bilməyən bir kəs (ya
da millət - V.Ə.). Vətənin
istiqlalını hifz edə bilərmi?" Bu da Əhməd bəy Pepinovun cümləsidir.
Axı Cümhuriyyətin ideoloji cəbhəsində
canla-başla vuruşanların sırasında Əhməd bəy
Ömərbəyov ən qabaqdaydı. Pepin
ağacının gürcücə adıdır, o vaxtın
siyahıya almasında döndərib eləmişdilər - nə
var, nə var - atasının meşəliyi varmış...
Qardaşının taleyi də maraqlıdır - Moskva
universitetinin iki fakültəsini bir vaxtda bitirmişdi. Ta Moskvada
oxuyandan bəri bəzi idarələrlə
bağrı-badaş olmuşdu. O idarələr Əhməd
bəyin saqqızını da oğurlamağa cəhd göstərdilər.
Ancaq qardaşlar arasında yerlə göy qədər fərq
varıydı...
Əhməd bəy on iki dil bilirdi. Marksı,
Engelsi almanca oxumuşdu.
Sevda
xanımın nənəsi ilə atası bəzən
fransızca danışırdılar... Pepinov
36-nın dekabrında həbs olundu. Güllələnmə
10 il həbslə, sonra da 5 il
sürgünlə əvəzləndi... O vaxt həbsxana
karamel fabrikinin yerindəydi. Bəzən
arvad-uşağı ilə görüşə izn verirdilər.
İçəridən çöl
görükürdü, çöldənsə içəri
yox. Əhməd bəy öz balasıynan
beləcə görüşmüşdü. Uşaq bilirdi ki, atası pəncərədən onu
görəndə həmişə ağlayır. Sürgündən qayıdandan sonra isə deyir ki,
"mən Firuzgilə getmək istəyirəm". Qayınanası qayıdır ki, "Firuzgildə nə
işin var? Axı o səni satıb..." "Orda ayrı cür danışmaq mümkün
deyil. Onu qınamıram". Əlavə
edibmiş: "Mənə baxma..."
Arvadı
Xurşud xanım Əhməd Pepinov tutulandan sonra ondan
boşanıb ərə getmişdi... Xədicə
xanım bunu həmişə qızının başına
qaxardı. Əhməd bəy
sürgünü çəkib qurtarandan sonra qayınanası
Xədicə xanımgilə gəlir və keçmiş
arvadını görəndə əlindən öpür.
Bu dərd ömrünün axırınacan
Sevdayla oldu.
Sevdanın adını Hüseyn Cavid qoymuşdu.
Bura çatanda özünün yüksək sənətiylə
xatirələrdən silinməyən, azman aktyor Lütfəli
Abdullayevi bir insan kimi göylərə qaldırmaya bilmirsən. Onun insaniyyəti,
böyük ürəyi, halallığı, sədaqəti
onu istəməyənlərə belə görk idi və
olmalıdır da...
Rafael öz sənət
çılçırağında o kəslərin
işığını bizə paylayır ki, onların hərəsi
Azərbaycan incəsənətində parlaq bir ulduzdur və
il-il üstə gəldikcə onlar öləzimir, əksinə,
onlar daha artıq şölə saçmaqdadır. Hərəsi unudulmaz bir
örnək, ağlı-qaralı dünya,
görüb-götürüləsi bir tarixi şəxsiyyət,
hərəsi bir yazılmamış kitabdır...
Onu deməyi
özümə borc bilirəm ki, Rafael Hüseynov
üçün indinin özündə belə təəssüf
ki, çox geniş yayılan "bu kiminsə qohumudur",
yaxud "karlı vəzifədə işləyənin
yaxınıdır" prinsipi yox dərəcəsindədir.
Onun istər yazdıqları, istər
danışdıqları bu baxılqandan uzaqdır. Nə
yaxşı ki, xeyli uzaqdır...
Üçüncü
dərs
Mən bilən, akademik Rafael Hüseynovun
Üçüncü dərsinin "müdavimləri"
lap çoxdur, günü-gündən də artmaqdadır. Rafael müəllim
o dərsi həftədə bircə kərə, sözün əsl
mənasında, bir də təkrar edirəm -
sayı-hesabı bilinməyən auditoriya
qarşısında, özü də təkbaşına
aparmaqdadır. Şəxsən mənim
tele-mühitimizdə, boynuma alıram ki, böyük həvəslə
baxdığım veriliş - Rafael Hüseynovun başdan
ayağa özününkü olan (ssenarisi, rejissorluğu,
musiqi seçimi, montajı və qeyri özəllikləri də
həmçinin) "Vətənim" adlı müəllif
proqramıdır. Bir saat boyunca, hər bir
tamaşaçı ilə təklikdə, üzbəüz
qalmaq, onunla çox maraqlı həmsöhbət olmaq hər
aparıcının, hər alimin, hər bilicinin işi deyil
(Hətta Sovet vaxtı 1980-ci illərdə Mərkəzi TV-də
maraq göstərdiyim İrakli Andronikovun müəllif
proqramı belə, məncə, Rafaelin bu proqramına tay
tutula bilməz).
Cazibədə saxlayan Rafaelin öz fikri-zikriylə, bəlağəti,
görkəmiylə, aparıcı kimi nitqiylə və ən
başlıcası, çoxunun, hətta mütəxəssislərin
belə yetik olmadığı qatlardan söz
açmağıdır.
Hər dəfə Rafaelin "Vətənim"inə
baxandan sonra ondan dərs götürürsən ki, mən gərək
iş-güc başdan aşsa da, bu çağadək
bunları bilməyə borcluydum.
Rafael Hüseynov "Vətənim"də təkcə
ədəbiyyat və incəsənətimizdən bəhs etməklə
kifayətlənmir, bildiyimiz və eləcə çox vaxt da
bilmədiymiz xırdalıqları üzə
çıxarır. Alim Rafael televiziyamızda öz bildiklərini, daha
doğrusu, illərlə istər şəxsi, istər kitabxanalar,
istərsə də dövlət arxivlərini birər-birər,
vərəq-vərəq arayıb-axtarmaqda, sonra da bizlərə
özünə məxsus səriştə ilə təqdim
etməkdədir...
Səbr,
dözüm, həvəs - alim kimi Rafaelin başlıca
şakəridir, öz axtarışlarında həm irəliyə,
həm də tariximizin, ədəbiyyat və incəsənətimizin
daha dərin keçmişinə varmaq - Rafael Hüseynovun bir
tədqiqatçı kimi ən ümdə məziyyətidir.
Bayaq ərz elədiyim kimi, əsasən o, bu vaxta qədər
bildiklərimizi deməyi gərək bilmir,
tanıdıqlarımızı daha yaxından
köklü-köməcli, bütün xırdalıq və
cizgiləriylə tanıtmağı özünə borc
sayır. Elə
bil bu vaxtacan dərsliklərdən, ensiklopediyalardan, tədqiqat
əsərlərindən təsəvvürə gətirdiyimiz,
adi cizgilərlə gözəyarı, qələmlə
çəkilən, bir az da dumanlı
görükən portretləri ətə-qana gətirir, rəng,
dəqiqlik, mən deyərdim ki, bütövlük,
doğmalıq bəxş eləyir. Özü
də bayaq dediyim kimi, həmin şəxsiyyətlərin bir
parası ədəbiyyat, söz adamları deyil. Biz onların kimisini hətta musiqi dünyasından,
rəssamlıqdan, oyma-tişə sənətindən, elmdən,
yaxud da tanıqlı əslindən-nəslindən xəbərdarıq.
Məsələn,
başqalarına nisbətən daha erkən formalaşan Azərbaycan
cazının əzəlində duranlardan biri kimi
tanıdığımız Pərviz Rüstəmbəyov,
vaxtilə amerikan cazının pərəstişkarı tək
qara siyahıya düşməmək xətrinə gah
Bakı, gah Moskva musiqiçiləri arasında, gözdən-qulaqdan
aralı canını gəzdirirmiş... Əgər
bütün tənə və sərkilərə baxmayaraq, o,
ayağını geri qoysaydı, sonradan Bakıda boy verən
caz, eləcə estrada musiqisi Tofiq Quliyev,
Rauf Hacıyev, Rəşid Behbudov kimi azmanlar yetirməzdi.
Rafael
Hüseynovun bir alim, bir tədqiqatçı, bir TV
aparıcısı təkin məharəti ondadır ki, nədən
danışır-danışsın, kim olursa olsun, həmin
şəxsiyyətin, onacan heç kəsin fərqinə
varmadığı, sözün əsl mənasında bilmədiyi
cəhətləri üzə çıxarır və arxivlərdə,
şəxsi qovluqlarda Rafaelə qədər işıq
üzü görməyən sənədlərə söykənir.
Mən deyərdim ki, belə tükənməz
həvəsdə o, "Vətənim"dəki portretlərdən
biri - torpağı sanı yaşasın, - elə bil rəhmətlik
Salman Mümtazın əlindən su içmiş kimidir.
Tərif
olmasın, Salman Mümtaz və
tanıdığımız-bildiyimiz, müasirimiz Rafael
Hüseynov olmasaydı, ədəbiyyat və sənət
tariximiz, eləcə televiziyamız, həm də radiomuz
çox şey itirmiş olardı...
Lap elə
bizim müasirimiz olmuşların özü belə Rafael
Hüseynovun təqdimatında, gec də olsa, bu
çağacan bizə bəlli olmayan cinahdan xatırlanır.
Məsələn, mən şəxsən özüm rəhmətlik
şair Ənvər Əlibəyli Azərbaycan TV-Radiosunun sədri
işləyən vaxtda radioda işə girmişəm. Məncə,
bizim TV-Radionun ən yaddaqalan çağlarıydı və
TV-Radio qələm sarıdan çoxlarına örnəkiydi.
Rafael də o sədri, o şair Ənvər
müəllimi bizə doğmalarının sözü ilə
daha yaxından tanıtdırır.
Şirməmməd müəllim Hüseynov şəxsən
mənə dərs deməyib, amma bu sahədə kimi dindirsən,
onu özünə ustad saydığını deyər. Rafael
Hüseynov Şirməmməd Hüseynovun ömür-gün
yoldaşı ilə elə ustalıqla həmsöhbət
olur ki, Rafaelin Şirməmməd müəllimdən dərs
aldığına şəkkin-şübhən qalmır.
Heykəltaraş
məşhur Nizami heykəlinin yaradıcısı, Xalq rəssamı
Fuad Əbdürrəhmanov da eləcə...
Orasını bilirik ki, vaxtilə Mehdi Hüseynzadəni
bizə layiqincə üzə çıxardıb
tanıtdıran məhz Ulu öndərimiz olub. Məzarı qəriblikdə
qalan Mehdinin yalnız haqqında yazmaq, veriliş hazırlamaq
yox, Vətəndən uzaqlarda nuzeyini yaratmaq da Rafael
Hüseynovun işidir...
Ağır
illərdə gözünün yaşı qurumayan,
sürgünlərdə gün keçirən, ərlərinin,
qohum-qardaşlarının möhnətinə tab gətirən
qadınlarımızın - Seyid Hüseynin həyat
yoldaşı Umgülsüm xanım, Xədicə
Qayıbova, eləcə Rəfibəyli nəslindəki
qadınlar barəsində doğru-dürüst xatirələri
də Rafael Hüseynovun "Vətənim" verilişində
görüb eşitmişik.
Azərbaycan operasında qadın rollarının ilk
ifaçısı Əhməd Ağdamski haqqında qoşa
verilişlə də, məncə, unudumaz sənətkar
Rafaelin təqdimatında heç şübhəsiz ki, öz
layiqli dəyərini aldı. Ona baxdıqca, 1985-ci ildə Tokioda
"Kabuki" qədim yapon teatrı necə
yaranmışdısa, eləcə qadın rollarını
oynayan maskalı (indiki maskalardan yox) kişi
aktyorları xatırladım.
Xalq sənəti və onun ustalarının Rafael
Hüseynovun "Vətənim"ində daim yeri var. Şəbəkə
ustası Əbdülhüseyn Babayev Rafael Hüseynovun
neçə illərdən sonra yadına düşməsəydi,
bəlkə də bilmərrə unudulub gedəcəkdi.
Ömrünü bizim atalar sözlərini toplamağa həsr
edən Əbülqasım Hüseynzadə. Zər qədrini zərgərcə
bilən, folklor vurğunu Rafael olmasaydı, bəlkə də
bu gün Əbülqasım kişi gələcək
nəsillərin "telefon yaddaşından" hardasa
düşüb itəcəkdi.
Gəlişigözəl söz xətrinə demirəm, - akademik Rafael Hüseynovun "Vətənim"dəki bir-birindən dəyərli, həm də çox gərəkli dərs saydığım verilişlərin sırasını xeyli artırmaq yerinə düşərdi. Mənim öz fikrimdir - bu verilişlərin hər biri janr baxımından cəsarətlə deyərdim ki, apayrı televiziya filmləridir. Əslində bir tamaşaçı kimi məndən ötrü onların hər biri qat-qat qiymətlidir. Çox təəssüf ki, bu "filmlərin" təfərrüatına, xırdalığına qədər vara bilmədim. Xüsusi olaraq qeyd etməyi özümə borc bilirəm ki, bunlardan birincisi - moğol şair-hökmdarı Məhəmməd Bayramxandır. Məhəmməd Bayramxan öz şeirlərini farsca və Azərbaycan dilində yazırdı. Həm şair, həm də hökmdar kimi qüdrətliydi. Çox təəssüf ki, onun haqqında biz lap az bilirik, ya da heç bilmirik. Halbuki Yaxın Şərqin öyüləsi, eləcə örnək olası şəxsiyyətlərindən biriydi. Rafael Hüseynov bir yaradıcı, bir tədqiqatçı alim kimi Yaxın Şərqə istər qəlbən, istər qələm sahibi kimi necə deyərlər, bir köynək yaxın olduğundan Məhəmməd Bayramxanı onun qətlindən yüz illər keçsə də, daha yavuqdan tanış etməyi vacib sayır. Tərəfimdən böyük çıxmasın, düz də eləyir (onu da deyim ki, orta əsrlərin Yaxın Şərq ədəbiyyatı ilə hər cəhətdən məşğul olanların əski əlifbadakı xətt çeşidlərini, farscanı, ərəbcəni lazımınca bilməyi, məncə, hava-su qədər vacibdir).
Rafael Hüseynov həm də "Vətənim"də yeri gəlmişkən dünyada ta qədimdən bəri hər vaxt hökm sürən, insan övladı üçün "pandemiyadan" betər bir mərəzdən söz açır. Görünür, dünya durduqca, sənət var ikən, bu çarəsiz azar da zərrəcə sağalan deyil. Bu azarın adı həsəd, daha doğrusu, paxıllıqdır. Bu hiss nə xalqa, nə millətə, nə qövmə baxır, çox sənətkarların qəlbinə, ruhuna hakim kəsilir, yandırıb-yaxır. Saray şairliyinə heç cürə özünü rəva bilməyən dahi Nizami bütün saray şairlərinin həsədinə tuş gəlmədimi? Leonardo da Vinçi ilə Mikelancelonun emalatxanaları bir binadaydı. Paxıllıqdan bir-biriylə kəlmə kəsib danışmırlarmış. Elə bunun ucbatından Leonardo ömrünün axırında fransız kralına pənah gətirir. Şərqdə də həmçinin. Elə şair-hökmdar Məhəmməd Bayramxan bunun qurbanı olmadımı?
Rafael Hüseynovun "Vətənim"də ürək ağrısı ilə bəhs elədiyi Şərqin kimsəyə bənzəri olmayan böyük filosofu və şairi Sühraverdiyə həsr elədiyi, verilişdə (mən buna ürəyimcə olan "TV-filmi" deyərdim) müəllifin bu qəbildən bütün hissləri qabarıq idi. Neynəmək olar? Biz özümüz də qoca Şərqin bir parçasıyıq. Maşallah, yorulmaq bilməyən, cəfakeş Rafael müəllim Hüseynov o verilişə sanbal, daha artıq bədiilik gətirən aktyor "Suhraverdi"nin kadrlarını görən hardan, hansı verilişdən, yaxud hansı filmdən axtarıb tapmışdı? Şişirtmək olmasın, mən onun əsl Sühraverdi olduğuna təpədən-dırnağa özümü inandırdım. İnandım ki, bu şəxs "onsuz da məni öldürəcəksiniz, ən yaxşısı məni ac saxlayıb öldürün" deyən Sühraverdidir...
Başqa tamaşaçılara xırda görükən, amma məndən ötrü heç də xırda olmayan bir məziyyəti mütləq qeyd etmək istərdim. Sözümün gerisində demişdim. Rafael öz verilişinin həm ifaçısı, həm rejissoru, həm musiqi tərtibçisi, bir sözlə, "Vətənim"in başdan-ayağa yaradıcısıdır.
Bu verilişin ən dəyərli cəhətlərindən birini də xatırladım. "Vətənim" bütövlükdə əsasən Nizami muzeyində lentə alınır. Və biz veriliş boyu muzeyin bütün zallarını gəzib, mövzuya yaraşan eksponatlarını demək olar ki, görmüş oluruq. Bu yolla hər birimiz, "Vətənim"in hər bir tamaşaçısı istər-istəməz bu dəyərli muzeyə daha da isnişir, doğmalaşır, hər birimizin ora ayaq açmaq, orda olmaq könül borcu olur...
"Vətənim"ə görə akademik,
millətimin tanınmış oğlu, TV-Radionu süd əzbər
bilən, əvəzolunmaz ziyalı Rafael Hüseynova
üzümü tutub deyirəm: Maşallah olsun,
qardaşım! Ardını görək!
Vaqif
ƏLİXANLI
525-ci qəzet.- 2022.- 18 may.- S.10-11.