"Artıq mənim Qarabağ adlı problemim yoxdur"

 

Söz vaxtına çəkər. İki il əvvəl bu vaxtlar sosial şəbəkələri zəbt edən bir xəbər adı Azərbaycanla bağlı olan hər kəsin hiddətini tarıma çəkmişdi. Şuşanın Gənclər Mədəniyyət sarayında qondarma "andiçmə" mərasimi keçirilmiş və Vovanın oğlu Nikol Cıdır düzündə sevincindən əl-ayağı bir-birinə dolaşa-dolaşa öz aləmində yallı da getmişdi. O zaman gücümüz sosial şəbəkə üzərindən müharibə aparmağa yetdiyindən, bacardığımız qədər dünyaya bunun absurd olduğunu yaymaqda idik. Həmin ərəfədə rastıma belə bir paylaşım çıxdı: "Biz qürbətdə yaşamağa məcbur olan qəriblərin Vətən həsrətinin üstünə bir Vətən dərdi də əlavə olub. Bu dərdin adı Qarabağdır. Azərbaycan bu məsələdə o qədər ədəb göstərib ki, artıq hədd deyilən bir şey qalmayıb, alicənablığımızı kifayət qədər dünyaya bəyan etmişik. Biz bu məsələdə kənar müdaxilələrdən usanmışıq, icazə verin məsələmizi özümüz həll edək. Artıq insanlarda inam tükənib, bu, məni çox narahat edir. Mən artıq Qarabağ haqqında yazılan şeir oxumaq istəmirəm, heç dinləmək də istəmirəm. Mən Qarabağın özünü istəyirəm, uşaq vaxtı hər il yay tətilində getdiyim Şuşanı istəyirəm. Baxımsız, səliqəsiz, yarıdağıdılmış olsa da, o pansionatı istəyirəm, mənə qəbuldur. Bir neçə gün əvvəl bir sürü zavallı Şuşada "andiçmə" keçirtdi və bu münasibətlə o torpaqda yallı da getdi. Hələ də o görüntülərin ağırlığı altındayam. Mənim dövlətimin gücü, qüdrəti, ordusu, hərbi texniki bazası yetər ki, torpaqlarını alsın. Bu qədər nəzakət göstərib susmaqmı olar? Biz müharibə tərəfdarı deyilik, halal torpaqlarımızın sahibi olmaq istəyirik. Məndən yurdumu xəbər alanlara verəcək bir cavabım yoxdu, çünki mənim olan hələ ki mənim deyil. Bax, buna görə utanmaq istəmirəm. Mən Vətənimi istəyirəm". Bu kiçik üsyankar monoloqun müəllifi  okeanın o tayında yaşayan bir həmyerlimiz idi. Uzağı bir göz qırpımında yaxın edən şəbəkə vasitəsilə həmin xanımla tanış oldum. Daimi ünsiyyət qiyabi dostluğa çevrildi. O zaman hamımız bir neçə aydan sonra baş verəcək hadisələrdən bixəbər idik... Amma 44 günə olan oldu, bütün dünyaya bir şüar yayıldı: QARABAĞ  AZƏRBAYCANDIR!

 

Beləcə, iki il keçdi... Ötən ay keçirilən Zəfər qurultayı ərəfəsində axır ki, bizim həmin xanımla əyani görüşümüz reallaşdı. Fürsəti əldən verməyib bu dəfə Hyuston-Bakı Qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti, həmyerlimiz İradə Axundovanı rubrikamızın qonağı etdik.

 

- Əslimiz Bakının Maştağa kəndindəndir. Ulu babam Mir Hüseyn Axundov 17 ilə yaxın İraqda mükəmməl dini təhsil alıb. Vətənə qayıtdıqdan sonra doğma kəndində məscid tikdirib. Yeganə bacısı Zəhranın adını verdiyi bu məscidin axund-qazisi olub. Hər üç oğluna ali təhsil verən Mir Hüseyn ağanın övladları sırf ateist olub. Həyat yoldaşı Aminə Bahbahani ilə İrakda evlənib. Hazırda çox böyük nəsil olan Bahbahanilər Küveytdə və İngiltərədə kübar,  zəngin bir təbəqə kimi tanınır.

 

Bakıda böyüyüb boya-başa çatan İradə xanım Axundova 1974-cü ildə 7 saylı məktəbi, 1981-ci ildə indiki BDU-nun Filologiya fakültəsini bitirib, oxuya-oxuya Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda çalışıb. Ali təhsili bitirdikdən sonra 20 saylı məktəbdə pedaqoji fəaliyyətə başlayıb. Azərbaycanın müstəqilliyinin ilk illərində həyat yoldaşının işi ilə əlaqədar Vətəndən ayrılmalı olub. Əvvəl İspaniyada, daha sonra Səudiyyə Ərəbistanında yaşayıb. 1997-ci ildə isə təməlli olaraq Amerikaya köçüb. O gün-bu gün Texas ştatının Hyuston şəhərində yaşayır, Vətənini yorulmaq bilmədən tanıdır və təmsil edir.

 

-  Universiteti bitirəndə gördüm ki, o zaman məktəblərin rus bölmələrində Azərbaycan dili və ədəbiyyatı fənnlərinin tədris saatı atmağa başlayıb və ibtidai sinif müəllimi olan mərhum babam Seyidəli Axundovun yolunu davam etdirmək qərarına gəlib təhsil sahəsinə yönəldim. Pedaqoji fəaliyyətimin ilk və son ünvanı Bakıda prestijli olan 20 saylı məktəb oldu. 8-11-ci siniflərdə dərs saatlarım müəyyən edildi və İradə Axundova müəllim oldu. On illik pedaqoji fəaliyyətimin həyatımda xüsusi yeri var və mənim üçün çox müqəddəsdi. Etiraf etmək lazımdı ki, o dövrlərdə rus bölməsində təhsil alanlar Azərbaycan dilinə barmaqarası baxırdı. Bu hal bir filoloq və müəlim kimi mənim heysiyyətimə toxunurdu. Şagirdlərin doğma dilini səlis bilməsi, ədəbiyyatını, onun klassiklərini tanıması üçün mümkün olan nə vardısa, ona əl atırdım ki, uşaqların maraq dairəsi genişlənsin.buna nail oldum.

 

1988-ci ildən respublikada yaranan gərginlik xalqı ayağa qaldırdı. Belə bir şəraitdə qanı qaynayan yeniyetmələri idarə etmək hünər tələb edirdi. Onları yola gətirmək, vəziyyəti başa salmaq üçün dəridən-qabıqdan çıxırdıq. 20 Yanvar hadisəsindən sonra isə vəziyyət daha da kəskinləşdi. Şagirdlər açıq şəkildə haqlı etirazını bildirir, ipə-sapa yatmır, biz də şirin dillə, yumşaq tərzdə onları qorumaqla məşğul idik. Mən öz fənnimi uşaqlara elə sevdirə bildim ki, bir gün şagirdlər hay-küylə yanıma gəlib: "İradə müəllimə, kollektiv olaraq "Leyli və Məcnun" operasına gedirik, sizə də bilet almışıq" deyəndə, mən bunu qələbə kimi qəbul etmədim, sevindim ki, müəllim borcumu yerinə yetirə bilmişəm. İndi həmin İradə müəllimə çox uzaqlardan boylanan kövrək bir xatirə olsa da, qürbət eldə hələ də özünü pedaqoq kimi hiss edir.

 

Bir gün sinfə daxil olub şagirdlərlə salamlaşan İradə müəllimə görüb ki, uşaqlar yerinə oturmur və onun üzünə baxmır. Çaşqın halda soruşub ki, niyə oturmursuz? Məlum olub ki, şagirdlər onlara ev tapşırığı kimi verilən "On beş qardaş" şeirinə qarşı birmənalı olaraq etiraz əlaməti olaraq oturmur. Sonra üsyankarcasına deyiblər ki, biz on beş qardaş deyilik və şeiri öyrənməyəcəyik. İradə müəllimə: "Mən sizinlə razıyam, bu şeiri öyrənmirik. Bundan sonra Nizamini, Füzulini, M.F.Axundovu, Mirzə Cəlili öyrənəcəyik" deyəndən sonra hamı yerini tutub.

 

Daha sonra İradə xanımla Vətəndən uzaqlara üz tutduq.

 

- 1993-cü ilin sentyabr ayında biz artıq Madriddə olmalı idik, lakin qızımız birinci sinfə gedəcəkdi deyə, istədim ilk dəfə məktəb qapısını Vətənində açsın. Elə də etdik, bir aydan sonra Bakı ilə döyünən ürəyimi Vətənimdə qoyub getdik. Çılğın xarakterimə sakitlik yad olduğundan, burda da bir yerdə qərar tuta bilmədim. Azərbaycanlıları axtarıb tapdım, ünsiyyət yaratdım, Vətən üçün darıxan özümü bununla ovundurdum. Avropadan sonra daha iki il ünvanımız  Yaxın Şərq oldu. Səudiyyə Ərəbistanına getməyimiz mənə böyük xoşbəxtlik bəxş etdi, çünki daha iki il Məkkənin yaxınlığında yaşadıq.Müqavilənin bitməyinə yaxın yoldaşıma Amerikadan daimi iş təklifi gəldi. Və beləcə, üç nəfərdən ibarət kiçik bir ailə son olaraq Texasın Hyuston şəhərinə köçdü. Artıq 25 ildi ki, Vətənimlə məni bir okean qədər məsafə ayırır.

 

İki dəfə məkan dəyişmişdi deyə, yeni mühit başlanğıcda İradə xanımı bir o qədər də təəccübləndirməyib, baxmayaraq ki, bura Amerika idi. Lakin dərk edəndə ki, məhz bu Amerika artıq onun daimi yaşayış yeridi, onda qürbət sözünün əsl mənasını anlayıb, Tanrının yazdığı bu qədərlə barışaraq, illəri yola salıb.

 

Söhbətimizin növbəti dayanacağı Hyuston oldu.

 

- Biz bura gələndə azərbaycanlıları barmaqla saymaq olardı. Soraqlaşa-soraqlaşa onları tapıb ünsiyyət yaratmağa başladım. Yad yerdə dili, dini, əqidəsi, dünyaya baxışı fərqli insanların arasında: "Salam, necəsən?" kəlmələrini eşitməyin həzzini, istiliyini onu yaşayanlar bilər. Tanış olduqca, tez-tez bir yerə yığışmağa başladıq. Özümüz üçün bir divar qəzeti təsis etdik. Bayramlarda, əlamətdar günlərdə qəzetin nömrələrindən birini çıxarıb divara vurur, qarşısına masa qoyub üstünü bəzəyir, milli yeməklərimizi bişirib yeyib, çalıb-oynayırdıq. Bax, beləcə özümüzə Azərbaycan abu-havası yaradardıq. Hələ məktəbdə oxuyan zamanlarda eşitmişdim ki, Hyuston-Bakı qardaşlaşmış şəhərlərdi. Bunu xatırlayıb bir-neçə həmyerlimizlə şəhərin meriyasına gəldik. Orada bir qapının üstündə Hyuston-Bakı Qardaşlaşmış şəhərlər Assosiasiyasının Prezidenti yazılmış lövhədə fars soyadı qeyd olunsa da, o adamı tapa bilmədik. Onun əvəzinə farsdan əvvəl ora rəhbərlik edən bir amerikalının ünvanına çıxa bildim. Ağır xəstə olduğundan mənə təyin olunmuş görüş gününə qədər o dünyasını dəyişdi. Lakin buna baxmayaraq onun xanımı məni evlərinə dəvət edəndə, heyrətlə yanaşı bir çaşqınlıq da yaşadım. Amerikalı holland olan bu insanın evini Azərbaycana aid xalça, şəkillər, suvenirlər, digər əşyalar bəzəyirdi. Bunu görmək hədsiz xoş idi. Bir neçə ildən sonra o zaman Azərbaycanın Amerikadakı səfiri Hafiz Paşayev zəng şalıb dedi ki, Hyustona gəlirəm, azərbaycanlıları cəm elə, səni assosiasiyaya rəhbərlik etmək üçün meriyaya təqdim edəcəyəm. Təklifdən çox həyəcanlanan mən dedim ki, bacarmaram, ingilis dilində hələ sərbəst danışa bilmirəm. Hafiz müəllimdən bir cavab eşitdim: "İradə xanım, siz amerikalı deyilsiz və ingilis dilində də sərbəst danışmağınıza məcburiyyət yoxdur, İnanıram ki, bu işin öhdəsindən gələ biləcəksiz". Artıq 22 ildir ki, bu assosiasiyanın prezidentiyəm. Əsas məqsədimiz yad, bizi tanımayan bir dövlətdə Azərbaycanı tanıtmaqdır. Bu gün çox xoşbəxtəm ki, yaşadığım Hyustonda merdən tutmuş bütün meriyanın əməkdaşları Azərbaycan kəlməsini düzgün tələffüz edir.

 

İki şəhər arasında uzaq illərdən bu günədək davam edən qardaşlığın qorunması, inkişafı, haqq səsimizin düzgün təbliği kimi bir missiya bu zərif xanımın çiyinlərindədir. Onun ən böyük arzusu Amerikanın istənilən bucağında Azərbaycan adı çəkiləndə, bayrağı görünəndə onu tanımayan bir amerikalı belə qalmasın.

 

İllərdir ürəymizdə qövr edən bir yaradan, sonunda tarixi qələbəmizin qəhrəmanı olan Qarabağdan danışmamaq mümkün deyildi. İradə Axundova Amerikadan Vətənə Zəfər Qurultayında iştirak etmək üçün gəlmişdi axı.

 

- Əminliklə deyə bilərəm ki, istər xaricdə, istər keçmiş postsovet məkanında yaşayan azərbaycanlıların, tutduğu mövqedən asılı olmayaraq, ilk düşündüyü Vətəninin ərazi bütövlüyü olub. Sözünü də deyib, təbliğatını da aparıb, çünki üstündə Azərbaycan boyda bir ad daşıyır. Azərbaycan həqiqətlərini yorulmadan hər tərəfə car çəkdiyim vaxtlarda məni lobbiçi adlandıranlar da oldu, əleyhimə "yan"ların əli ilə amerika mətbuatında yazanlar da çox oldu. Bunu qəti  inkar edərək, hamıya bəyan edirdim ki, mən müəlliməm və məqsədim Vətənimi olduğu kimi tanıtmaq, təbliğ etməkdir. Bu mübarizəmiz 30 ilə yaxın bir vaxt apardı. Və günlərin bir günü illərlə hamının gözlədiyi əks-hücum əmrinin verildiyini eşidəndə, keçirdiyim hissi indinin özündə də yaşayıram. Düz 44 gün biz yuxunu unutduq. Amerikanın bütün ştatlarında yaşayan azərbaycanlılar Vətəninə yardıma qalxdı. Bir məqsədimiz vardı - bunu etməliyik, vəssalam. Sonda dəmir yumruğun ətrafında birləşərək, biz bunu etdik. Artıq mənim Qarabağ adlı bir problemim yoxdur. Nə başım aşağıdı, nə də bir utancım var. Söz, sənət beşiyi olan Şuşa indi tədbirlər məkanına çevrilib. Biz Dünya Azərbaycanlıları növbəti qurultayın Şuşada keçiriləcəyini biləndə, günlərimizi saya-saya gəlib Vətənə çatdıq. Şəhidlərimizin qanı, qazilərimizin canı bahasına qazanılan bu qələbə dünya tarixinə bir möhür vurdu. Və indi mən çox rahatlıqla, qürurla, ürəklə  deyə bilirəm ki, BU VƏTƏN BİZİMDİR!

 

Tamilla M-zadə

 

525-ci qəzet.- 2022.- 18 may.- S.9.