Hiyleyi İdariyyə - "Sənin düzün əyridir"
Hekayə
...Diksinərək yuxudan hövlanək ayılıb, qeyri ixtiyari ətrafa boylandı. Çaşmışdı. Şüuru yerinə qayıdınca məşuqə ilə deyil, digər evdə olduğunu anladı. Saata baxdı. 4 idi. İki gündü qəribə yuxular görürdü. Bu dəfə gördüyü yuxu, dünənkinin tam əksi idi. Heç vaxt görmədiyi amma ağızdan ağıza uşaqlıqda eşitdiyi ağ paltarlı, ağ saçlı, nurani ixtiyar ona məsləhət vermişdi. Amma nədənsə bu məsləhətlər canına qorxu-üşütmə salmışdı. Niyə qorxduğunu heç özü bilmirdi. Tək bir şeyi hiss edirdi və anlayırdı – canında qorxu var... Nəfəsi daralmışdı, sinəsindən qarnına doğru sanki istilik hərəkət edirdi. Bu istilik yayıldıqca qarın hissəsində küt ağrı dolaşır, ayağının süstlüyü isə getdikcə artırdı... Gecələr gördüyü yuxular zehnində canlanmağa başladı...
1-ci günün yuxusu:
Müavini yanına gəlmişdi. Yeni kadrın vəzifəyə təyin olunmasını təklif edirdi:
- Çox yaxşı oğlandı. Başını kəssən, söz danışmaz. Bizim tərəflərdəndi. Çox sınaqlardan keçirmişəm. Fərasətlidi maşallah!
- Nə deyir?
- Yüz min.
- Sonra zibili çıxmaz ki? Axı rəhbərliyə söz vermişəm düz işləyəcəm.
- Bəyəm siz pul alırsınız ki? Pulu birbaşa bizə vermir. Çerez başqası. Guya özünü tapşırtdırır. Sizə sadəcə xahiş edirlər, siz də xahişdən keçmirsiniz. Bəyəm xahişə baxmaq olmaz?! Sizin dostunuz olmamalıdı?! Əşi, kim nə deyir desin..
- Sonra şey olmaz?
- Qəti!
- Yaxşı... İndi o qədər demoqoqlar artıb ki, bilmirsən kim yaxşıdı, kim pis.
- Fikir verməyin! Onlardan o qədər görmüşük ki. Dostlarımız çoxdu, deyərik başını əkərlər, heç özünün xəbəri olmaz...
Müavinin “Başını əkəcəklər” sözü ona təsir etmiş, qüruruna toxunmuşdu:
- Əlbəttəəə! Qələt edirlər!
Sən bilirsən də mən şeylə dostam.
Deyərəm evindən
başına torba salıb apararlar.
- Bəli, bəli... bilirəm, müəllim...
- O sən gətirən mizan avadanlıqları nə yerdə qaldı? Şey deyir ki, düz ölçmür.
- Qələt edir həll etdim.
- Ok, axırı elə et ki, şey
olmasın.
- Olmaz!
...
1-ci günün yuxusu
gündəlik hadisələrə
oxşar olduğu üçün həmin günü yadına düşməmişdi. Amma 2-ci günün
yuxusu və xofu hər ikisini
yada salmışdı.
2-ci günün yuxusu:
...Hər tərəf ağ rəngə
bürünmüşdü. Çox qəribə yer idi. Tam sakitlik.
Sanki buludların üstündə yeririyirdi.
Kimisə, nəyisə axtarırdı
elə bil. Sonu görünməyən bu
böyük yer onu vahimələndirirdi.
Birdən qarşısında kiminsə baxdığını
anlayıb durdu.
Bu eştdiyi, filmlərdən
xatırladığı ağ paltarılı,
ağ saçlı, nurani ixtiyar idi. Çöhrəsində nurla yanaşı,
qəzəbə bənzər
hissin olduğu da sezilirdi.
- Oğul, bəxtin gətirdi ki, nə qədər gec deyil, rastlaşdıq.
Sənə vacib deyəcəklərim
var.
Rəhbərlik təkəbbürü bir anlıq ixtiyara həddini başa salmaq, onu söymək, danlamaq və ağır sözlər demək duyğusunu yaratsa da, özünü
güclə saxladı
və:
- Bir az tez de vaxtım yoxdu!
- Ay oğul, cəmiyyətdə
üzdə görünən
rəhbər olmaq, üstünlük yox, bir məsuliyyətdir. Sənin atdığın hər bir addım növbəti nəsil üçün örnəkdir.
Gələn nəsil işgüzarlığı
və şəxsi keyfiyyətləri həm də səndən öyrənir. Əgər sən
ədalətsizlik edərsənsə,
kütbeyin və uyğunsuz kadrları ləyaqətli və bacarıqlı adamların
yerinə təyin edərsənsə onda cəmiyyətin əxlaqına
mənfi təsir edərsən, insanlarda inamsızlıq yaradarsan.
Gələn nəsilə də
belə əyriliyi miras qoyarsan. Dəvəni uzunqulağın
quyruğuna bağlamazlar
oğul! Həm də, sən rəhbərliyin qəbulunda
ona düz işləyəcəyinə söz
verdin axı!
- Axı mən düz işləyirəm!
Bir adam
deyə bilməz şəxsən mənə
nəsə verib və ya təşkilatın
pulunu sənədsiz-sübutsuz
götürüb şəxsi
məqsədimə xərcləmişəm.
Diqqətlə qulaq asan nurani ixtiyar:
- Ay oğul, sən Əbdürrəhim Bəy
Haqverdiyevin “Xortdanın
cəhənnəm məktubları”
əsərini oxumusanmı?
- Xeyr! Mənim vaxtım var
kitab oxumağa?!
- Qoy danışım qulaq as, lazımın olar. Həmin bu əsərdə
Hacı Mehdiqulu adında bir mömin var, özü də tacirliklə məşğuldur.
Bazarda bütün tacirlərin ona ili 66 faizlik
müamilə ilə həmişə borcu olur. Lakin o müamilə işini
elə edir ki, şəriətin faiz vermək qaydası pozulmur, işlər də düz olur. Belə ki, hacının
yanına 6 ay üçün
500 manat borca gələn adama borc alanın razılığı ilə
qiyməti 20 qəpiklik
yaylığı 150 manata
satır. Beləliklə adamın 500 manat
nəğd puldan, 150 manat da yaylıqdan
cəmi 650 manat borcu yaranır. Göründüyü kimi burada şəriətin qaydası
pozulub faiz anlaşması olmur.
Sadəcə 20 qəpiklik yaylıq
borc alanın istəyi ilə 150 manata satılır.
Alan da razı, satan da
razı. İşlər
də düpbədüz!
Bax bunun adına deyirlər
“Hiyleyi Şəriyyə”.
İndi oğul, sən də əgər bahalı binanı su qiymətina satın alıb, satanı vəzifəyə təyin
edirsənsə, pulumu
verib malı almışam deyirsənsə,
özünə məxsus
obyektləri rəhbərlik
etdiyin təşkilata
baha qiymətə arendaya verirsənsə, şəxsən sənə
verilməsə də,
başqa üsulla ötürülmüş pulların
qarşılığında, xahiş adıyla, ya tapşırıq adıyla vəzifəyə adam təyin edirsənsə, idarə tərəfindən
görülmüş işlərin
dəyərini dəfələrlə
şişirdib öz şirkətlərinin adına
sənəd-sübutla, yerli-yerində
bağlayırsansa onda
dediyin kimi sən də düz işləyirsən.
Rəhbərliyə verdiyin sözə
də sadiqsən.
Sadəcə sənin düzün
əyridir. Və
bunun da öz adı var. “Hiyleyi İdariyyə”
- Nə?!
- Hiyleyi İdariyyə!!!
Nurani ixtiyar sonuncu sözü o qədər qəzəblə dedi ki, adam
səsdən diksindi...
...özünü toparlayıb yuxunun təsirindən çıxmağa çalışdı. Saat artıq 5 idi. Bədəni sanki keyimişdi. Durub su içmək üçün mətbəxə keçərkən pıçıltı ilə təkrarlayırdı “Hiyleyi İdariyyə”... “Hiyleyi İdariyyə”... “Hiyleyi İdariyyə”...
Müəllif: İdarəetmə üzrə mütəxəssis
Şamil Şahbazov
525-ci qəzet.- 2022.- 19 may.- S.15;16.