Ana dilimizin tədrisinə
mühüm töhfə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", eləcə də 17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Prezident Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Dövlət Proqramının 4.1.14-cü maddəsi, yəni Azərbaycan dilini öyrənən xarici vətəndaşlar üçün dərs vəsaitlərinin hazırlanmasını qarşıya tələb kimi qoyur. Bu günlərdə işıq üzü görən "Əcnəbilər üçün Azərbaycan dili dərsliyi"nin çap olunması Sərəncamlardan irəli gələn vəzifələrin icrası ilə bağlı həyata keçirilən uğurlu addımlardan biridir. Bu müddəanın reallaşdırılmasının əsas məqsədi Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün dünya standartlarına uyğun olaraq A, B, C səviyyələri üzrə doğma dilimizi başlanğıc səviyyəyə uyğun olaraq öyrətməkdir. İlk təcrübə olaraq maraq oyadan bu əsər Naxçıvan Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatı" kafedrasının müəllimi Nicat Yaqubov və "İngilis dili və tərcümə" kafedrasının əməkdaşı Rəcəb Cəfərli tərəfindən Əcnəbi tələbələrin hazırlığı üçün tərtib edilib. "Əcnəbilər üçün Azərbaycan dili dərsliyi" Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 31 mart 2021-ci il tarixli qərarı ilə "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində 64 səhifə həcmində yüksək tirajla çap olunmuşdur. Əsərin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Akif İmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərovadır. Kitabla ilk tanışlıqda diqqəti cəlb edən məqam onun incə zövqlə tələbələrin göz yaddaşına xitab edəcək şəkildə hazırlanmasıdır. Foto və illüstrativ materiallar ilkin təmasda yaddaşa hopur və şəkillər üzrə iş apararkən səmərəlilik daha da artır.
Məlumdur ki, istənilən ölkədə yüksək səviyyədə təhsil almaq üçün əvvəlcə həmin respublikanın dövlət dilini öyrənmək lazımdır. Əgər təhsil almaq üçün müraciət edən abituriyent tələbə adını qazandıqdan sonra ən azı bir il müddətində - yəni hazırlıq mərhələsində həmin ölkənin tədris aparılan dilini mənimsəyə bilmirsə, ilkin mərhələdə məişət danışığı üçün zəruri sözlərin sadədən mürəkkəbə doğru qavraya bilmirsə, yüksək səviyyədə təhsil almaqdan və öz ölkəsinə savadlı kadr olaraq yetişməkdən söhbət gedə bilməz. Yüksək səviyyədə təhsil almaq üçün ilk növbədə dili öyrənmək zəruri məsələdir. Bunun üçün də peşəkar müəllimlərin əcnəbi tələbələrə ana dilimizi öyrətmək üçün dərslik, dərs vəsaiti və ya bu kimi tədris materiallarına ehtiyacı var. İlk növbədə qeyd edək ki, bu dərsliyin hazırlanması prinsipləri ənənəvi dərsliklərin hazırlanması prinsiplərindən ciddi surətdə fərqlənir. Bu dərslik hazırlanarkən dünyada qəbul olunmuş müasir yanaşmalar təhlil edilmiş, sonra qabaqcıl təhsil sistemlərinin müvafiq dil öyrətmə sürətinin, öyrənmə təlimin pedaqoji prinsipləri öyrənilib, hazırda işıq üzü görən bu dərsliyin strukturu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər konseptual prinsiplər ümumiləşdirilərək yüksək poliqrafik tərtibata malik dərslik hazırlanıb və artıq tələbələrin istifadəsindədir. Yeni dərslik sadəcə tələbələrin deyil, biz müəllimlərin də işini asanlaşdırır. Mən 1999-cu ildəndir ki, müxtəlif fasilərlə əcnəbi tələbələrə dərs demişəm və bizim həmişə dərslik problemiz olub və hər müəllim bu boşluğu doldurmaq üçün özünə fərdi plan tutub, dili öyrətmək üçün müxtəlif üsullardan istifadə edib. Kompleks nəticə əldə etmək üçün vahid bir dərsliyin olması hər bir müəllimin çoxdankı arzusu idi ki, həmkarlarımızın təşəbbüsü ilə bu arzu reallığa çevrildi.
Mən bu dərsliyin quruluşu və əsas məziyyətləri ilə bağlı bəzi vacib məqamları da oxucuların diqqətinə çatdırmaq istəyirəm. Onu deyə bilərəm ki, Azərbaycan dilini xarici tələbələrə tədris etməyi nəzərdə tutan bu kitabdakı mövzular 5 bölməyə ayrılmışdır. Hər bir bölmə də öz növbəsində 30-a yaxın dərsi ehtiva edir. Hər bir dərs özündə oxu, şifahi nitq və qrammatika hissələrini birləşdirir. Bu hissələrin hər birində mövzuya uyğun olan bir sıra tapşırıqlar verilmişdir.
Dərslik "Salam" bölməsi ilə başlayır. Bu bölmənin A səviyyəsinin ilk mövzularını tanış olma, salamlaşma, arzular kimi ən vacib nitq etiketləri təşkil edir. Burda günlük məişət tələbatını ödəmək üçün və söz ehtiyatının möhkəmlənməsi kimi vərdişlər nəzərdə tutulur. B səviyyəsində ən vacib və təxirəsalınmaz mərhələ kimi Azərbaycan dili əlifbası sait və samit səslər - fonetik xüsusiyyətlər öyrədilir, C səviyyəsində isə "bu nədir?", "o kimdir" kimi maraqlar öyrənmə obyektinə gətirilir, foto və illüstrativ materialların köməyi ilə piktroqrafik yazı üsulu ilə öyrədilir.
Günlük danışıq tələbatının qarşılanması üçün ardıcıllıq və sistematiklik baxımından "Harada?" bölməsi də çox əhəmiyyətlidir. Bu bölməyə daxil edilən "Məktəbdə" və "Şəhərdə" mövzuları altında qurulan dialoqlar hər bir tələbənin danışıq üçün və dostları ilə ünsiyyət saxlaması üçün karına gələn dialoqlardır. Oxumaq üçün verilən "Məktəb" adlı kiçik mətn də əcnəbi tələbələrin təhsil aldıqları universitetlərini tanıtmaq üçün söz ehtiyatlarını zənginləşdirir. Həmçinin, bu bölmədə əlifbadan sonra rəqəmlərin öyrədilməsi də məntiqi ardıcıllığın zəruri nəticəsidir. Bu bölmənin qrammatika hissəsində ənənəvi dilçilikdə öyrəndiyimiz ismin halları uzun-uzadı qaydalarla və ya öz ardıcıllığı ilə deyil, əcnəbi tələbəyə lazım olan şəkildə yerlik haldan və onun şəkilçilərinin öyrədilməsi ilə başlayır. Dilin bu qaydası müstəqil bir gerçəklik vahidi kimi təqdim olunur. Və bu da tələbənin yerli və ya bu dili daha yaxşı bilən dostları ilə ünsiyyətini asanlaşdırır. Həmçinin, əcnəbi tələbələr üçün rəsmi və işgüzar sənəd nümunələrinin - yəni məlumat formunun doldurulması, qonaqlar üçün ən vacib yəni günlük gecələmək üçün otel blanklarını doldurmaq, şəxsiyyətini qısaca təqdim etmək, yəni özünü tanıtmaq və bu haqda uyğun qrafalara yazmaq üçün kitabda nümunə üçün blanklar verilmişdir ki, bu da müəllimlərin işini asanlaşdırmaqla yanaşı, tələbələrin yazma vərdişini təkmilləşdirir və Azərbaycan dilinin öyrənməsinə xidmət edir.
"Nə edirsən?" bölməsi də maraqlı və öyrənilməsi vacib bölmələrdən biridir. Nə edirsən sualının qoyuluşu altında verilən cavablar və cəmləşən mövzular haqqında da məlumat vermək istəyirəm. Burda A səviyəsində "Bir günüm", B səviyyəsində "Asudə vaxtım", C səviyyəsində "Naxçıvanda gəzirəm" maraqlı mövzulardan biridir. Bu mövzular məişət danışığı üçün zəruri sözlərin öyrədilməsinə xidmət edir. Yeri gəlmişkən qeyd edim ki, bütün bölmələrdə, yəni hər 5 bölmədə qrammatik materiallar bütövlükdə sintaktik zəmində verildiyindən bütün işlər cümlə üzərində aparılır ki, bu da praktik nitq üçün çox faydalıdır.
Dərsliyin dördüncü bölməsi "Mənim həyatım" adlanır. Bu bölmənin A və B səviyyələrinin mövzuları "Ailəm" və "Dostlarım", C səviyyəsində isə "Aləmdən uzaqda" başlıqları altında verilir. Çox qısa oxu mətnləri və dialoqlar, verilmiş tapşırıqlar, lüğət və suallar, kiçik mətnlər tələbələrin Azərbaycan dilini öyrənməsi və mənimsəməsinə xidmət edir.
Dərsliyin sonuncu - "Zaman, ətraf mühit və biz" bölməsində isə "Saatlar", "Bayramlar" və s. mövzular üzrə öyrədici iş aparılır. Burda verilən şəkillər mövzularla birbaşa bağlıdır, onların şərhinə, şəkil ətrafında düşünməyə və sadə izahata xidmət edir. Dərsliyin bütün bölmələrində verilən dialoqlarda yalnız keçilmiş və izah olunmuş söz formalarından, söz birləşmələrindən istifadə edilir. Dialoqlarda dil öyrənən şəxslər izah edilməyən və ya məlum olmayan formaya, birləşməyə və ya struktura rast gəlmirlər. Həmin mətn və dialoqlar sadə həyat hadisələrindən başlayır A, B, C səviyyələri üzrə tərtib olunr: A səviyyəsini, yəni başlanğıc səviyyəni mənimsəyən şəxslər Azərbaycan dilində gündəlik məişət ehtiyaclarına uyğun səviyyədə ünsiyyət qura bilərlər.
Dərsliklə tanış olmayanlar üçün xülasə hazırlasaq, qısaca belə yaza bilərik: "Bu kitab Azərbaycan dilini öyrənən əcnəbi tələbələr, habelə Azərbaycan dilinə müstəqil yiyələnmək istəyənlərə öyrətmək məqsədi ilə hazırlanıb. Bu kitabda Azərbaycan dilinin "Qrammatika"sı ilə bağlı "Çalışma"lar verilir. Bu əsasda "Danışıq" və "Yazma" vərdişləri aşılanır və bu kontekstdə əcnəbi tələbələr özləri özlərini "Nələr öyrəndik?" sualı ilə test edir və özünü qiymətləndirir. Və artıq müəllimin sual verməsinə gərək qalmadan tələbə özü aydın şəkildə Azərbaycan dilini hansı səviyyədə, yəni A, B, C səviyyələrində mənimsədiyini dərk edir".
Son olaraq
qeyd edərdim ki, təqdim
olunan bu nəşr indiki kitab versiyası ilə
Azərbaycan dilinin əcnəbilərə
öyrədilməsi işinə xidmət edən ən müasir dərs vəsaitidir. Onun
köməyi ilə dilimizi əcnəbilərə
və digər şəxslərə tədris etmək, dilimizi onlara asan yolla öyrətmək
mümkündür. Bu
dərsliyin qısa müddət ərzində interaktiv
elektron vəsaitə çevrilməsi və
internetə yerləşdirilməsi, beləliklə, dilimizi öyrənmək arzusunda
olanların istifadəsinə
verilməsi daha uğurlu
nəticələrin əldə edilməsinə yol aça bilər.
Zülfiyyə
İSMAYIL
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi
525-ci qəzet.- 2022.- 19 may.- S.14.