"Ağ
qoç, qara qoç": sosial mühitin bədii mənzərəsi
Bir çox araşdırıcıların fikrincə,
Xalq yazıçısı Anarın
yaradıcılığında önəmli yer tutan əsərlərindən
biri "Ağ qoç, qara qoç" romanıdır. Bu roman öz
janrına, üslubuna, problematikasına görə Azərbaycan
ədəbiyyatında tamamilə yeni, orijinal bir əsərdir.
2003-cü ildə qələmə alınan bu
roman dünya ədəbiyyatı tarixində ilk dəfə
utopik və antiutopik janrın birləşməsindən, ahəngindən
yaranıb. Anarın keçmişə və gələcəyə
ekskursiyası ilə diqqəti cəlb edən bu romanda
xalqın qarşısında 2 yol durur: ağ
qoçla işıqlı dünyanın, qara qoçla
qaranlıq dünyanın yolları. Birinci nağılda ağ qoç işıqlı dünyaya,
ikinci nağılda qara qoç qaranlıq dünyaya aparıb
çıxarır...
Romanın qəhrəmanı Məlik Məmmədli
Çağdaş Radio-TV kanalında şərhçi və
müəllif-rejissor işləyir. Oğlu - Beyrək nəqliyyat
mühəndisi, qızı - Burla Kərkükdə Füzuli
universitetində Azərbaycan ədəbiyyatı və dilindən
dərs deyir. Arvadı - Aypəri isə Təbrizdə
teatr rəssamı işləyir.
Əsərdə milli-mənəvi köklərə
bağlılıq elə ilk cümlədən diqqəti
çəkir.
"Məlik Məmmədli Dövlət Himninin
sədalarına oyandı. Daha doğrusu,
tam oyanmamışdı". Burada qəhrəmanın əsl
vətənpərvər ziyalı olduğunu hiss etməmək
mümkün deyil. Vətənini nə qədər
sevəsən ki, bilgisayarın vaxt xidmətinə bu musiqini
qoşasan. "Artıq durmaq vaxtı idi.
Məlik ani bir sıçrayışla
yatağından qalxdı. Artıq vərdiş
halını almış bir duruşla himni sonacan ayaq üstə
dinlədi". Təkcə Məlik Məmmədlinin
sevgisini bundan duyuruqmu? Deyərdim ki, yox.
Övladlarının adlarını belə ən
qədim yazılı abidə olan "Kitabi-Dədə
Qorqud"dan götürmüşdür - Beyrək və
Burla. Məlik yuxudan fərəh hissi ilə
oyanmışdı - axı bu gün bayram idi. Yazar bu duyğuları Novruz bayramı fonunda təsvir
etmişdir. Biz bilirik ki, Novruz bizim milli
kökə, adət-ənənələrimizə
bağlılığımızı, milli ruh, milli dəyər
anlayışına sadiqliyimizi ehtiva edən bayramdır.
Novruzun öz ruhu, fəlsəfəsi və
mahiyyəti var. Beyrək Şuşadan atasına zəng
vurduğu zaman funikulyordan daha çox, Şuşada
keçirilən axır çərşənbədən
danışır. "İlk dəfə idi ki, axır
çərşənbəni Şuşada
qarşılamışdı və Cıdır düzündəki
Qarabağ qaçağanlarının yarışından,
Çovqan oyunundan, içinə üzərlik atılan və
ta gecə səhərə qədər yanan, üstündən
uşaqların belədən belə atıldığı
tonqallardan, Qarabağın hər tərəfindən
görünən atəşfəşanlıqdan, xanəndələrin
zili bütün ətraflara yayılan səsindən, səkkiz-on
yaşlı uşaqların - “Qarabağ bülbülləri”nin
"Qarabağ şikəstəsi"ndən və
yaşlı xanəndələrin hamısına qalib gəlib
"Xarıbülbül" mükafatı almalarından elə
şövqlə danışırdı ki, Məlik
özünün də iki dəfə Şuşada
keçirdiyi bu bayramı sanki yenə öz gözləriylə
görürdü".
Nə yazıq, təsadüf elə gətirib ki, Məlikin
ailəsi bayramda yanında deyil. Bu yerdə
"Keçən ilin son gecəsi" hekayəsi yada
düşür. Orada Həmidə xala
bayramı tək keçirmişdi. Bu hekayəni
22 yaşında yazmasına baxmayaraq, müəllif həmin
yaşlı insanın psixologiyasını, onun nə hisslər
keçirdiyini duymuş, olduqca təsirli əks etdirmişdi.
Anar öz müsahibələrinin birində
deyib ki, mən gənckən bu hekayəni yazmağıma
baxmayaraq, indi də Həmidə xalanın tərəfindəyəm,
ananın tərəfindəyəm.
Anar bu romanı ilə dünyaya bu günün pəncərəsindən
baxır. Arzuladığı Azərbaycanın gələcəyini
romanın birinci hissəsində təsvir edib. Bu o Azərbaycandır ki, əhalisinin rifah səviyyəsinə
görə ərəb əmirliklərini arxada buraxıb,
iqtisadi və mədəni inkişafı etibarı ilə ən
qabaqcıl Avropa ölkələrinə çatıb. Hətta ölkənin, hər bir vətəndaşını
narahat edən dərdimiz, ən ağrılı yaramız -
Qarabağ problemi də həll olunub. Qalibiyyətimizin
simvolu olaraq yeddi bulvardan birinə Qarabağ adı verilib.
Anar əsərində milli psixologiyanı ümummilli dəyərlər
üzərində kökləməyə
çalışır. Romanda diqqəti çəkən məqamlardan
biri milli özünəqayıdış, kökədönmədir.
Azərbaycanın parkları, bulvarları, küçələri
xalqın milli azadlığı uğrunda mübarizə
aparan Şeyx Məhəmməd Xiyabaninin, böyük sənətkar
Füzulinin, Qarabağın, Arazın, Xəzərin, Azərbaycan
dilinin qoruyucusu Xətainin, xalqın toy məclislərinin
yaraşığı aşıqların adlarını
daşıyır. Yazar bu əsərdə həm
tarixə, həm sərkərdəyə, həm sənətkara,
həm qüdrətli dövlət başçısına
yüksək dəyər verib. Bakıda türk dünyasının
əbədiliyini istəyən Mustafa Kamal Atatürkün,
üç böyük Səlcuq hökmdarları - Sultan
Toğrulun, Alp Arslanın, Məlik Şahın heykəlləri
ucaldılıb. Eyni zamanda, M.F.Axundovun,
Füzulinin, N.Nərimanovun, M.Ə.Rəsulzadənin,
Ə.Topçubaşovun, Fətəli xan Xoylunun nəşlərinin
Bakıya gətirilib torpağa tapşırılması
yazıçının ülvi arzusudur.
***
Əsərin ikinci hissəsində böyük güclərin
siyasi-iqtisadi maraqlarının kəsişdiyi Azərbaycan
BMT-nin qərarı ilə zonalara bölünmüş,
dövlətçiliyi, ərazi bütövlüyü, dili əlində
alınmış vətəndir. Əgər ona
artıq vətən demək mümkünsə. Belə ki, ölkənin paytaxtı Bakı
üç hissəyə - zonaya parçalanıb. Birinci zona Behişti-Badi-Kübə, ikinci zona
Bakı Kommunası, üçüncü zona isə Baku-Siti
adlanır.
Azərbaycandan
qovulmuş Məlik Məmmədlinin arvadı islam adətlərinə
görə mollalıq edir, oğlu rus çinovniklərinin
istədiklərini yerinə yetirir, Beyrək adını itirib
Borya çağrılır, qızı Burla artıq Bura
çağrılır, göbək rəqsləri ilə kef
məclislərində məşhurlaşıb. Bir-birinin üzünə həsrət qalmağa məcbur
edilən ailə üzvləri mənsub olduqları məmləkətin
digər üzvləri kimi zamanın faciəsini yaşayır
(G.Pənah).
Bu gün
islam coğrafiyasında istər dini
yaşamda, istərsə də müxtəlif sosial məsələlərdə
fanatizmi görmək mümkündür. Bu
fanatizmin bir növü də dünyadakı radikallıqdır.
Bunun əsas səbəbi dini yanlış
anlamaq və dinə hədsiz sərhədlər, sərt
qayda-qanun qoymaqdan irəli gəlir. Fanatizmin
yaranmasını bəzi mütəxəssislər cahillikdə,
savadsızlıqda, maariflənmənin zəif olmasında
görürlər. Bəs Aypəri
savadsız, cahil qadındırmı? Öz
yoldaşına naməhrəm deyib əl verməməsini,
övladlarını günah adlandırmasını nə ilə
anlatmaq olar?
Novruz bayramı yazarın sevimli bayramıdır deyə
düşünürəm. Romanın birinci hissəsi
də bu bayramla başladı. Məlikin
ailə üzvlərinin yanına getməsi də bu bayrama təsadüf
edir. Baş obraz hər üç zonada
olarkən Novruzla bağlı müxtəlif düşüncələrə
rast gəlir. O, Aypərini təbrik edəndə
"Mahrux" (Aypəri adını dəyişmişdir) təəccüblə
"nə bayram?" deyə soruşur. İmamqulu
söhbətə müdaxilə edərək "Həzrət
Əlinin taxta çıxdığı gündür"
deyir.
***
Oğlunun onu soyuq qarşılaması Məliki məyus
edir. Oğlundan niyə qara eynək taxdığının
səbəbini soruşur. Beyrək
cavabında bunu yoldaş Maratla həmrəylik nişanəsi
olduğunu deyir. Bundan sonra oğlunun dedikləri
Məliki daha da təəccübləndirir. Oğlu atasına Maratın gözlərinin
qırdığı insan qanından tutulduğunu deyir. Maratın biblioqrafiyasında guya azərbaycanlı
olduğu bildirilir, amma Beyrəyin dediklərinə əsasən
onun Azərbaycan dilində danışa bilməməsi məlum
olur. Marat vaxtı ilə dəllək
işlədiyini bilənlərin hamısını ilim-ilim
itirmiş, hətta izləri-tozları belə
qalmamışdır. Əvvəl baş
qırxan Marat indi də baş kəsir. Maratın
ilahiləşdirilməsi, Marat şəxsiyyətinə pərəstiş,
"böyük rəhbər" simasının
yaradılması bizə yaxın keçmişdə Azərbaycan
xalqının sovet hakimiyyəti dövründə
yaşadığı şəxsiyyətə pərəstiş
illərini xatırladır. Bu rejim müstəqil
dövlətçilik ənənəsini, milli mənlik ruhunu
əhalinin şüurundan çıxarmaq üçün
xalqın mənəviyyatına hücuma keçmişdi.
Azərbaycan dili
sıxışdırılır, milli kadrların
hazırlanması kəskin surətdə məhdudlaşdırılırdı.
Ruslaşdırma siyasəti həyata
keçirilirdi. Xalq "qırmızı
terrorun" qurbanı olurdu. Millətin
say-seçmə adamları - görkəmli dövlət
xadimləri, qabaqcıl ziyalılar, siyasi xadimlər, alimlər
məhv edilirdi.
Məlik Məmmədli obrazının təhlilini aparsaq, savadlı jurnalist, mütəxəssis, qələm ustası olduğundan yola çıxaraq onun, əslində, bir ziyalı kimi təqdiminin doğruluğunun mübahisə yaratdığı qənaətinə gələrik. Bunu əsərdən sitatla təsdiqləmək gərəkirsə, onun oğlu ilə dialoqunu xatırlamaq yerinə düşər. "Bu hadisələr, elə sən burda olanda başlamadı? Sən ölkənin tanınmış jurnalisti idin, görmürdün ki, hadisələr hansı məcrada gedir? Qəzetlərin nə yazdığını oxumurdun, televizorda, radioda nə səsləndiyini eşitmirdin? Bilmirdin ki, bir-birinə ədavət, kin püskürən bütün bu yazıçılar, çıxışlar, bu qan-qan deyən adamlar cəmiyyətdə elə bir nifrət potensialı yaradır ki, bir gün böyük partlayış baş verəcək, hər şey alt-üst olacaq? Oldu da. Qurunun oduna yaş da yandı.
- Partlayış mən gedəndən sonra, cəmisi on-on beş günün içində oldu.
- Amma sən
burda olanda qarşısını ala bilmədin.
-
Qarşısını necə alaydım?
- Niyə,
ölkənin nüfuzlu ziyalısıydın. Adamları
ağıllarını başlarına yığmağa
çağırardın, deyərdin ki, qardaşlar, bunun
axırı fəlakətdir, qandır, ölümdür,
bir-birinizə qənim kəsilməyin, qardaş qanı
tökməyin".
Bəlkə də Beyrək haqlı olaraq atasına soyuq
münasibət göstərir. Axı ziyalı
insanlar cəmiyyətdə mayak rolu oynamalıdır. Əslində, çox da diqqət olunmasa belə,
ziyalılar cəmiyyəti doğru yola yönəltmək,
dövləti, vətəni, milləti dünyada düzgün
tanıtmaqda xüsusi rol oynamalıdırlar. Əsərdə Beyrək bu fikrə gəlir ki,
atası öz üzərinə düşən missiyanı
kifayət qədər yerinə yetirə bilməyib, nəticədə
cəmiyyət və xalq çox ağır hallarla üzləşməli
olub.
Vüsalə
ARZUM
Bakı
Dövlət Universitetinin magistrantı
525-ci qəzet.- 2022.- 19 may.- S.13.