"Ömrüm cahanın nəqşini
yaşatma şamıdır..."
Bulaqlar,
çeşmələr duruluğuna görə sevilir. Çıraq
işığına görə, dan yeri sökülüncə
ağacların budağından sürüşən meh həzinliyinə
görə, çiçəklərin ləçəklərinə
sığınan şəbnəm-meh cazibədarlığına
görə.
Yaz yağışından sonra göy üzünə
sarılan qövsi-qüzeh gözəlliyinə görə, ... Bunlar təbiətin bəşərə
verdiyi könül xoşluğudu. Ürəyinin gözləriylə
baxanlar görür ki, bəşərdə də belə
qüdrət var. Kimidə biri, kimidə ikisi, ...
, kimidə hamısı. Kamil insanın xasiyyətində (buna xarakter də
deyilir) bunları yaşadan vətənsevərlik də olur,
xeyirxahlıq da, dərin zəka da, güclü məntiq də,
dünyaduyumu da. Bunlar yaşam fəlsəfəsini
müəyyənləşdirən amillərdəndir.
İnsanı kamilləşdirən bu fəlsəfənin
mahiyyətidi, bir də xalqa, millətə, Vətənə dərin
sevgidi...
Bu düşüncələr Elbrus İsayevi
tanıdığım anlardan sonra yaşadığım
anlara ad olan düşüncələrdi. Tanışlıq
deyilənlərlə - eşidilənlərlə
başlanır, ünsiyyətlə təsdiqlənir, təəssüratlarla
davam etdirilir, sonra yaddaşa hopur. Mən də
yaddaşıma güvənib xalq üçün, dövlət
üçün, dövlətçilik üçün
yaşanılan dəyərli bir ömrün ömürlərə
düşən işığını, bu işığa
sevgimi nişan verirəm...
Elbrus
İsayev 1979-cu il oktyabrın 7-də
Naxçıvan şəhərində anadan olub. Anadan olma ifadəsinə dünyanı salamlama da deyə
bilərik. Uca ruhlar bu gəlişə
"xoş gəldin" deyir. Məqamı
çatanda illər keçdikcə əməlisalehlər
yüksək əxlaqıyla, milli-xəlqi dəyərlərə
bələdliyiylə (və onlara sevgiylə!),
dünyagörüşüylə, bu salama "əlüykümsalam"
deyir. Elbrusla ululuğun bircə kəlməlik
mükalimələşməsini bir Tanrımız bilib, bir də
Elbrusun özü. Bilib və göy üzünə
pıçıldayıb: "Əleyküm-salam". Bu, xalqa, Vətənə, dövlətə, dövlətçiliyə,
azərbaycançılığa, türk dünyasına sədaqət
andıydı. Bu and bir ömrün illərə
hesabatıydı sanki...
Elbrus bu andın işığında Naxçıvan
şəhər 11 saylı orta məktəbi bitirdi,
Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya
fakültəsinə daxil oldu. Seçdiyi ixtisası
mükəmməl öyrənmək üçün oxudu,
xalqımızın qədimdən də qədim tarixini, ədəbiyyatını,
mədəniyyətini, incəsənətini sevə-sevə
öyrəndi, öyrənə-öyrənə sevdi.
Onun fikir dünyasını, fikir dünyasının rişələndiyi
azərbaycançılığı, azərbaycançılığı
da yaşadan türkçülük dünyasını
"Kitabi-Dədə Qorqud" nurlandırdığı
kimi, Oljas Süleymanovun "Az i ya"
kitabının da işığı
nurlandırmışdı...
Nağıllarımızı nağıl kimi dinləmişdi. Yeniyetməliyində
onları xalq hikməti kimi oxumuşdu. O da hər
nağılı xalq hikmətinin mənəvi səyyarəsi
bilmişdi. Nələr öyrənmişdi
nağıllarımızdan? Sonralar həmsöhbətlərinə
deyirdi ki, nağıllarımızdan qəhrəmanlıqları
öyrənmişdim, qəhrəmanları
tanımışdım, nağıllarımızda
xeyirxahlıqlar görmüşdüm, xeyirə sevgi,
torpağa sevgi, şərə üsyan, böyüklərə
ehtiram, ... görmüşdüm.
Görmüşdüm ki, nağıllarımızda neçə-neçə
elmi əsərin aşılaya bilmədiyi mənəvi dəyərlər
var. Nağıllarımızı özünə ustad bilənlərdənəm...
NDU-nun magistratura səviyyəsini fərqlənmə
diplomu ilə bitirmişdi. Magistratura səviyyəsində
təhsil alarkən, Azərbaycanda siyasi repressiyaları öyrənirdi.
Bu, dövlətçiliyə sevgininmi təzahürüydü,
dövlətçilik mücahidlərinə vətəndaş
sevgisiydimi, tarixi öyrənmə marağıydımı, həvəsiydimi,
istəyiydimi, niyyətiydimi. Öyrənə-öyrənə,
öyrəndiklərini ümumiləşdirə-ümumiləşdirə
tariximizin tarixi utandırası bir mərhələsinin
gizlinclərinin açılmasında etiraf edilən (və
ediləcək!) xidmət göstərdi. Alim xidməti
formatında vətəndaşlıq xidməti!..
Elbrus İsayev 1998-ci ildən 2001-ci ilə kimi
Universitetin Gənclər Təşkilatının sədri,
2002-ci ildən 2008-ci ilə kimi Tələbə Həmkarlar Təşkilatının
sədri olub.
Bu vəzifələr Elbrus müəllimin özünün də,
tələbələrin də dünyaduyumunun
formalaşmasında, gənclərin Vətənə
bağlılığına elmi, elmi-metodoloji zəmin
hazırlanmasında əhəmiyyətli olmuşdu...
Azərbaycançılığın
əsgəri olanlar həm də
türkçülüyün əsgəri olur...
Elbrus
müəllim Əmir Teymuru da sevib, İldırım Bəyazidi də,
Sultan Səlimi də sevib, Şah İsmayıl Xətaini də.
Sevdiyi üçün o döyüşləri
törədən səbəbləri də, döyüşləri
də qınayıb, türk dünyasının göylərinə
yadların arzuladığı qara buludlar gətirdiyinə
görə qınayıb. Bu qınaqlar
türk dünyasının yaxasına çökən
qınaqlar kimi türk dünyasına sayğısı
olanların hamısının qınaqları olub. Türk dünyasının mənəvi əsgərlərindən
biri kimi o da təəssüflənib. Təəssüf
nəyi (və nələri) dəyişə bilərdi ki...
Elbrus müəllim Mustafa Kamal Paşa Atatürkü də
sevib, sevir, Heydər Əliyevi də. "Azərbaycanın
sevinci bizim sevincimiz, kədəri isə kədərimizdir"
kəlamı da, "Bir millət, iki dövlət" kəlamı
da düşüncələrindədi. Elbrus
müəllim Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevi də sevir, Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı
da. "Azərbaycan torpaqları illərdi
həsrət qaldığı Tərtər
çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının
başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq
azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun
axacaq. Araz nəğməsini daha
güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan
nəfəslər daha yüksək, daha güclü
olacaqdır", "Dünya miqyasında Türkiyə və
Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə
tapmaq mümkün deyil..." kəlmələri türk
dünyasına sədaqət nümunəsi kimi hopub
yaddaşına...
Cəmiyyətdə fəal mövqeyə malik olmaq asan
deyil. Bunun üçün yüksək savad, güclü
(və dönməz!) məntiq, inandırma
bacarığı, hadisələrə fəal müdaxilə
və faktlar arasında uyğunluqları müəyyənləşdirmə
duyumu, ünsiyyətyaratma səmimiyyəti lazımdır.
Xarakteri müəyyənləşdirən bu
amillər Elbrus İsayevdə var.
Elmə maraq ifadəsi ilə elm fədaisi ifadəsi
olmaq arasında bir insan ömrü qədər fərq var; fədailər
elmin istiqamətini müəyyənləşdirir, elmə
marağı olanlar elmin istiqamətinin yolçusu olur. Elbrus müəllim
elm fədaisi idi. O, 2006-cı ildə dünyəvi
iqtisadi müqavilələrin ən gərəklisini sevdiyi (və
Yaradanın yer üzündə nəqşi bildiyi!) Naxçıvanın
iqtisadi inkişafına təsiri mövzusunda
yazdığı "Böyük İpək Yolu və
Naxçıvan" mövzusunda dissertasiya müdafiə edərək
tarix üzrə fəlsəfə doktoru adı aldı. Bu elmi ümumiləşdirmə ilə dünya
iqtisadçıları Naxçıvanı dünyanın
iqtisadi siyasətinin obyekti kimi qəbul edəcəkdilər.
Budur Vətənə xidmət! Budur mənəvi borcödəmə!
Tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev
"Böyük İpək Yolu və Naxçıvan"
(2012), "V - XV əsrlər beynəlxalq ticarət və Azərbaycan"
(2012) kitablarının, 2 metodik vəsaitin, 50-dən çox
tarixi-siyasi sənədli filmin müəllifidir. ABŞ-da, Cənubi
Koreyada, Almaniyada, Gürcüstanda, Malayziyada, Türkiyədə,
İranda beynəlxalq simpozium və konfranslarda iştirak edib.
Elbrus
müəllim Naxçıvan Dövlət Universitetinin Azərbaycan
tarixi kafedrasında müəllim ((2000-2008), Beynəlxalq
münasibətlər və xarici dillər fakültəsinin
"Beynəlxalq münasibətlər" kafedrasında
baş müəllim (2008-2012),
Beynəlxalq münasibətlər və xarici dillər
fakültəsinin "Beynəlxalq münasibətlər"
kafedrasının dosenti (2012), İdarəetmə fakültəsinin
dekanı (2014-2018), Naxçıvan Müəllimlər
İnstitutunun rektoru (2018-2019) işləyib. 2019-cu ildən
Naxçıvan Dövlət Universitetinin rektorudur...
Elbrus İsayev tədqiqat işlərində tarixi proseslərin
analogiyalarını, obrazlı şəkildə desək, mənzərəsini
yaratmaqla, beynəlxalq ticari-diplomatik əlaqələrin daha
çox ictimai-siyasi, sosial-iqtisadi və mədəni
inkişafı məqamlarını təhlilə cəlb edir
və bu, elmi araşdırma baxımından bəyənilən,
təqdir edilən elm sahələrindəndir. Elbrus müəllim
nəşr etdirdiyi kitablarında tarixşünaslıqda
aktual mövzulardan olan, müasir dövrdə mədəniyyətlərarası
münasibətlərin inkişafında mühüm rol oynayan
tarixi əlaqələri də böyük elmi məsuliyyətlə
tədqiq etmişdir. Beynəlxalq sosial-iqtisadi xüsusiyyətlərin
tarixi dəyişkənliyini və inkişafı şərtlərini
dəqiqləşdirmiş, müasir mədəni-tarixi əlaqələrdə
qazanılan uğurların hansı zəminə əsaslandığını
müəyyənləşdirməyə müvəffəq
olmuşdur. Elmi yanaşmalarında tədqiqat
obyektinə sistemli yanaşma, hadisələri sosial zaman
kontekstində nəzərdən keçirmə, dövlətlərarası
diplomatik əlaqələri daha geniş rakursda
araşdırma kimi elmi üslub bəyəniləndir.
Elbrus müəllim ziyalıdır. Ziya ifadəsinin
mahiyyətini istər elmi fəaliyyətində, istər rəhbərlik
etdiyi elm məbədində əsl azərbaycançılıq
məfkurəsi kimi yaşadır. O, həm elmi-pedaqoji, həm də ictimai fəaliyyəti ilə
böyük ehtiramlarla əhatələnənlərin
sırasındadır.
Yüzlərin, minlərin könül
dünyasının səyyarəsi kimi Elbrus müəllim
universitetin hər tələbəsini azərbaycançılığın
əsgəri bilir və onların belə bir mənəvi zənginliyə
vaqif olmaları üçün, bu mənəvi dəyərlərlə
formalaşması üçün böyük tarixi şəxsiyyət
Heydər Əliyevin siyasi irsinə dünyəvi dərslik deyir.
Tələbələr Vətəni, xalqı, dövləti,
dövlətçiliyi bu səviyyədə sevən elm təşkilatçısının
tövsiyələrini ən yadda qalan (və düşüncələrə
yazılmalı!) mühazirə bilir.
Naxçıvan
Dövlət Universiteti dünyanın etibar etdiyi ali təhsil ocaqlarından biridir. 55 yaşında
olan universitetin 12 fakültəsində dünyanın 17
ölkəsindən və ölkəmizin müxtəlif
rayonlarından gələn 8 min
tələbə təhsil alır. 108 hektarlıq ərazisinə,
binalarına və kampustipli olmasına görə Azərbaycanın
digər ali təhsil ocaqlarından fərqlənir.
Universitetdə yaradılan elmi mühit və təşkilatçılıq
olduqca yüksək səviyyədədir. Bu
elmi mühit, bu tədris mühiti təqdir olunmalıdır.
Təhsil prosesi ən müasir üsullara əsaslandığından
tələbələrin elmi bilikləri mənimsəmə
mexanizmi dünyanın qabaqcıl universitetləri ilə
müqayisə edilə bilər. Bu etimada,
bu inama görədir ki, Naxçıvan Dövlət
Universiteti dünyanın, bu sıradan Türkiyənin bir
sıra universitetləri ilə etibarlı əlaqə
saxlayır. Bu əlaqələr elektron kitabxanaların
inteqrasiyasından, tələbə mübadiləsindən,
elmi nailiyyətlərin qarşılıqlı
paylaşılmasından, müxtəlif ortaq sosial əlaqələrin
tətbiqindən və s. ibarətdir. Elmin sərhədi
yoxdur, yetər ki təşəbbüskarlıq olsun. Naxçıvan Dövlət Universiteti də bu
istiqamətdə çox böyük strateji addımlar ata
bilib.
Elbrus İsayev də böyük tarixi şəxsiyyət Heydər Əliyevin ömür yolunu öyrənə-öyrənə azərbaycançılığın mahiyyətini öyrənib. Öyrəndiklərini rəhbərlik etdiyi universitetin tələbələrinin öyrənməsinin cəfakeşlərindəndir...
Elbrus İsayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ideoloji kursunu azərbaycançılığın ideoloji əsası bilənlərdəndir. Vətən müharibəsini xalqın müharibəsi adlandıran Elbrus müəllim deyir ki, Vətən müharibəsində Zəfər Azərbaycan Ordusunun qüdrəti, Ali Baş Komandanın sərkərdəlik məharəti və xalqın ruhu ilə qazanıldı...
Övladları həmişə qürurla deyəcək ki, ömrünü xalq üçün, dövlət üçün, dövlətçilik üçüb yaşayan bir alimin övladıyam!..
Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev azərbaycançılığın cəfakeşlərindəndir və bu, onun yaşam fəlsəfəsidir. O, həm də bu fəlsəfəyə görə bunca sevilir.
Cahan "Ömrüm cahanın nəqşini
yaşatma şamıdır..." kəlmələrini də
and bilir...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2022.- 19 may.- S.12.