İki baxış bucağı
Bəzi şairlər, niyəsə
elə zənn edirlər ki, şeiri qafiyəsiz yazdılarsa, oldu verlibr, sərbəst şeir. Amma əslində, bu,
heç də belə deyil. Sərbəst şeir, bir
qayda olaraq biliyin tamam başqa
növünə köklənir
və bununla da ənənəvi şeirdən fərqli olur.
Məsələ burasındadır ki, insan iki cür
düşüncəyə, iki cür biliyə
malikdir. Bunlardan biri rasional,
digəri isə intuitivdir. Rasional bilik insanın
aldığı, topladığı
məlumata, sözlərə
və müqayisəyə
əsaslanır; intuitiv
bilik isə, buna ehtiyac duymur,
o, belə demək mümkünsə, keçirdiyimiz
duyğular, hisslər,
iztirablar və sair nəticəsində qəlbimizə, varlığımıza
təsir edən təcrübə üzərində
yaranır.
Boyük fransız yazarı, Nobel mükafatı laureatı
Andre Jid rasional biliyi, yəni aldığımız məlumatlara
əsaslanan biliyi heç bilik saymırdı, o deyirdi, bu, sadəcə yaddaşımıza lillənən
məlumatdır. Bilik isə, onun fikrincə, insanın qəlbində, varlığında
yeni lay, yeni qat açan təsir vasitələridir.
Bu, bədii ədəbiyyat
da ola
bilər, bədii film
də, musiqi də, rəsm əsəri də...
İntuitiv bilik, rasional bilikdən fərqli olaraq, öz obyektini başqa obyektlə müqayisə etmədən, sözlərlə
hissə-hissə təsvirə
ehtiyac duymadan bütünlüklə bilavasitə
əhatə edir.
Məsələn, rasional bilikdən istifadə edən bir nəfər tanıyıb bildiyi gözəl bir xanım barədə bizə məlumat vermək istəyirsə,
o, qadını sözlərlə,
ayrı-ayrı sifətlərlə
təsvir etməlidir. Xanımın gözlərinin rəngini,
gül çöhrəsini,
incə belini, şirin dilini və s. bircə-bircə sadalamalıdır. O, nə
qədər canfəşanlıq
göstərsə də,
öz rasional biliyinə əsaslanaraq bilik obyektini bizim üçün müqayisə və sözlərlə heç
vaxt olduğu kimi təsvir edə bilməz. Təsvir etdiyi obyektin beş
səciyyəvi cəhətini
göstərəndə on beşi
təsvirdən kənar
qalır. Həm də sözlər
həmişə qeyri-dəqiqlik
və natamamlıq hissi də yaradır.
əgər o desə ki, qızın
çöhrəsi ağdır,
yenə də məlum deyil, o, nə dərəcədə
ağdır, desə ki, qar kimi
ağdır, aydın
məsələdir ki,
yenə qeyri-dəqiqliyə
yol verərək ifrata varmış olur.
Bu cür bilik imkanının əksinə
olaraq intuitiv biliyə malik olan adama öz
bilgi obyektini ani olaraq təsəvvür
etmək kifayətdir ki, həmin obyekti şəkil kimi bütünlüklə
canlandırsın.
İnsanın malik olduğu həmin iki növ bilik öz əksini ədəbiyyatda, xüsusən
poeziyada tapır. Bizi maraqlandıran
da məhz budur. Poeziya aləmi, ələlxüsus
da sərbəst şeir, əslində, intuitiv biliyə ən çox yaxın olan bir sahədir. Hər halda verlibrin təbiəti və mahiyyəti bunun belə olmasını tələb edir.
Zənnimcə, poeziyanın həmin bilik növlərindən hansına daha çox əsaslanmasını
bu və ya digər millətin
mədəniyyətində ümumpoetik təmayül
əvvəlcədən müəyyənləşdirir
və onu daxili prosesə söykənən ənənəyə
çevirir. Bunun nəticəsidir ki, bəzi ədəbiyyatlarda
rasional biliyə əsaslanan heca vəznində yazılan poetik nümunələr üstünlük təşkil
edir, bəzilərində
isə bunun əksinə olur.
XIX əsrin sonunda və XX əsrin əvvəllərində yaşayıb-yaratmış
yapon şairi İsikava Takuboku "Köhnə çamadanda"
şeirində yazır
ki:
Dostum açdı köhnə çamadanı,
Tökdü döşəməyə içindəki
kitabları.
Zərif
işığında əriyən
şamın
Vərəqlədi əski cildləri.
Nəhayət tapdı
Sarı
vərəqlərin arasındakı
Foto şəkili.
"Bu odur!" - dedi.
Özü pəncərənin yanına
çəkilib
Əsəbi-gərgin
Həzin
fit çaldı dodaqlarında.
Şəkildən gənc bir xanım
baxırdı.
Nə bilim, mən ona gözəl deməzdim...
Fikir verin, yapon şairi
şeirdə eşq-sevgi,
həsrət, intizar, ayrılıq, tənhalıq,
qara qaşlar, al yanaqlar, bal dodaqlar, uzun tellər və sair sözlər
işlətmədi, hər
şeyi oxucunun intuitiv biliyinin, qabiliyyətinin öhdəsinə
verdi və onu şeirdəki iztirabların, ümumiyyətlə
bu ekspresiv əhvalatın bilavasitə
iştirakçısına çevirdi, onu olduğu yerdən və gündən götürüb əsərdəki
sevgi əhvalatının
zaman və məkanına gətirə
bildi. Özü də bunun öhdəsindən elə
gəldi ki, oxucunun heç ruhu da incimədi.
Zənnimcə, həmin qızın
barəsində heç
nə demədən onu intuitiv imkanlarımıza
verərək xəyalımızda
zərif bir yapon qızının obrazını da yaratdı.
Gəlin
indi belə bir eksperiment keçirək, - həmin
şeiri rasional bilik üstdə kökləyək:
Çoxdandır, görmürəm səni,
ay gözəl,
Surətin qəlbimdə, qanda, candadı.
Şəklini qorudum xatirən
kimi,
O, kitab içində, çamadandadı.
Yadıma
düşəndə qara
tellərin,
Şəhdü-şəkər kimi şirin dillərin,
Şəklinə uzanır titrək
əllərim,
O, kitab içində, çamadandadı.
İşləyir aşiqin eşq
iliyinə,
İnanmayan varsa qəlb dediyinə,
Baxsın
şəkildəki gözəlliyinə,
O, kitab içində, çamadandadı.
Zaman yaddaşımdan silməz çöhrəni,
Çəkilməz xəyaldan intizar çəni.
Deyərəm, soruşsa dost-qardaş səni,
O, kitab içində, çamadandadı...
Hiss edirəm ki, mahir oxucu mənimlə razılaşar, rasional biliyə əsaslanan bir şair həmin mövzuda yazsa, təxminən belə bir şeir yazardı.
Düşünürəm ki, rasional bilikdən doğan şeirin verdiyi duyğu və hisslər intuitiv biliyə əsaslanan yapon şeirinin yaratdığı duyğu və hisslərdən tamam fərqlidir. Bunlardan hansı daha yaxşı, daha üstündür, bilmirəm. Belə təsniflər bu yazının mövzusundan kənardır. Amma bir daha onu deyə bilərəm ki, sərbəst şeir intuitiv bilik tələb edir.
Yeri gəlmişkən onu da qeyd etməliyik ki, XX əsr türk poeziyası Nazim Hikmətin, Orxan Vəlinin, Fazil Hüsnü Dağlarcanın və bir sıra müasir şairin timsalında bütünlüklə intuitiv biliyə əsaslanır. Həmin poeziya sırf intuitiv bilik təmayüllü ədəbiyyat örnəkləridir.
Ədalət hissi bunu da qeyd etməyi tələb edir ki, bir çox çağdaş Azərbaycan şairi məhz intuitiv bilik üstdə köklənmiş poetik nümunələr yaratmağa meyillidir. Bu, poeziyamızda yeni bir ədəbi təmayül olsa da, əminəm ki, yeni-yeni poetik nümunələr yaranaraq, onun qarşısında geniş üfüqlər açılacaqdır.
İmir
MƏMMƏDLİ
525-ci qəzet.- 2022.- 20 may.- S.15;16.