Bizə bişir bir qayğanaq...
Unudulmaz
maestro Niyazinin ruhuna və söhbətlərindən bu
yazının mövzusunu götürdüyüm gənc,
istedadlı dirijor Mustafa Mehmandarova
***
Maestro
yuxudan oyanan kimi adəti üzrə saatına baxıb cəld
yerindən qalxdı - yayın cırhacırında Həcərin
təkidi ilə bura - xudmani istirahət evinə gəldiyi ilk
gündən özünə gün rejimi qurmuşdu və həmin
rejimin ilk bəndi belə idi: sübh tezdən qalxaraq dəniz
tərəfdən əsən sərin mehi ciyərlərinə,
pəncərədən içəri dolan
gül-çiçəyin ətrini ruhuna hopdurub
quşların cəh-cəhi ilə süslənmiş hələ
ki xəyali "Yay simfoniyası"nı dinləyə-dinləyə
bu asudəlikdən zövq almaq. Maestro heç
vəchlə bu şansı əldən vermək istəmirdi.
Ona görə də hər səhər
hamıdan tez oyanıb həyətə düşür, ən
azından 10-15 dəqiqə bu meh - ətir - cəh-cəh
ümmanına baş vurub ruhunu təzələyirdi.
Ətəyi
dizlərindən bir qarış aşağıda qurtaran
yüngül yay şalvarını geyinib nazik idman köynəyini
əyninə keçirdi, kimsəsiz dəhlizdən keçib
həyətə çıxdı və o andaca həmin o meh
güllərin ətrinə, quşların cəh-cəhinə
qarışıb elə bir aura yaratdı ki, maestro bir
anlığa harada olduğunu unutdu - ona elə gəldi ki, bədəni
burada, bu istirahət evinin həyətində olsa da, ruhu yerdən
uzaq hansısa məchul bir məkanda uçur; bu anlarda həmin
o sirli məkandan geri qayıtmaq öz xoşunla cənnətdən
imtina etmək kimi bir şey olardı və qətiyyən
maestronun planına daxil deyildi, çünki ruhu həmin o
sirli məkanda pərvaz etdikcə sanki qeybdən gələn
qəribə səslər eşidirdi - nə vaxtsa
yazılacaq, nota köçürüləcək "Yay
simfoniyası"nın ilk səslərini...
Ayaqları yerdə, ruhu isə göydə olan maestro həmin
o yazılmamış simfoniyanın ilk melodiyalarını
ürəyində səsləndirə-səsləndirə dar
səki ilə irəli yeridi, hər axşam nərd
oynadıqları kiçik gülafəngiyə tərəf
addımladı. Amma ora çatmaq maestroya nəsib
olmadı - təxminən 10-12 yaşlı bir oğlan
uşağı qəfildən sol tərəfdən səkiyə
çıxıb onu yüngülcə diksindirdi.
"Yəqin burda dincələn musiqiçilərdən
birinin oğludur" - deyə maestro fikirləşdi. - "Görəsən,
şirin sübh yuxusuna haram qatıb həyətdə nə
axtarır bu?"
- Sən
burada neynirsən, qırışmal?
Əslində
elə uşaq da bir az diksinmişdi -
maestro bunu dərhal hiss elədi. Amma
uşağın ona dikilmiş gözlərində təlaş,
təşviş, səksəkə yox, qəribə bir təəccüb
və maraq ifadəsi gördü.
- Nədir
ə, bir dillənsənə - maestro ərkyana tərzdə
uşağı bu naqolay vəziyyətdən çıxarmaq
istədi.
Nəhayət,
uşağın dili açıldı, titrək səsi
eşidildi:
- Niyazi əmi,
sizsiniz?
Maestro
gülümsədi:
- Nədir,
oxşamıram?
Uşaq
bir az çəkinə-çəkinə:
- Yox,
oxşamırsınız - dedi. - Üzdən
oxşayırsınız, amma...
- Nə
amma, bala? - maraq maestronu götürdü və
hiss elədi ki, özü də yavaş-yavaş
uşaqlaşır.
Uşaq ağzını doldurub nə isə demək istəsə
də, susdu - görünür, fikrindən keçənləri
deməyə cəsarət etmirdi.
- Qorxma
bala, de. Niyazi əminin canına and olsun ki, incimərəm.
Nəhayət,
uşaq bir az sakit, amma ürkək səslə
dedi:
- Mən
sizi bu paltarda təsəvvür edə bilmirəm ey, Niyazi əmi.
- Niyə?
Mənim paltarıma nə olub ki? - maestro başını bir az əyib
aşağıdan yuxarı özünü süzdü.
- Mən
sizi həmişə qara frakda, ağ
sviterdə görmüşəm. Özü də bir quş
var ey,.. hə qartal, bax
ona oxşayırsınız həmişə.
Maestro
içindən qalxıb boğazına dirənən
gülüşü zorla boğdu...
- İndi necə, sərçəyə
oxşayıram?
Uşaq qulaqlarının dibinə kimi
qıpqırmızı qızardı. Maestro
anladı ki, aralarındakı yaş fərqi ona bu uşaqla
ürəyi istədiyi kimi zarafat etməyə imkan verməyəcək
və aranı açmaq, tarazlıq yaratmaq üçün
o, nə isə etməlidir.
Qəfildən
uşağın qolundan tutub:
- Gəlsənə,
br az oturaq - dedi və cavab gözləmədən
uşaqla birgə gülafəngiyə tərəf
addımladı...
Bura istirahət evində maestronun ən
xoşladığı yer idi. Axşamlar isti səngiyəndən
sonra qonşu istirahət və yaradıcılıq evlərində
dincələn tanış
yazıçılar, şairlər də bura
yığışır, söhbət edir,
zarafatlaşırdılar. Sonra nərd
yarışması başlayırdı və lətifənin,
atmacanın biri olurdu bir qəpik - gülüş səsləri,
gülməli replikalar bir-birinə calanırdı, istirahət
evindəkilərin hamısı bilirdi ki, nərd
daşlarını şaqqıldadanlardan biri maestrodur.
Maestro
zarafatcıl, ünsiyyətcil adam idi, hərçənd
onu xoşlamayanlar, tələbkarlığından,
prinsipiallığından irəli gələn sərtliyini
kobudluq kimi qələmə verənlər də vardı. Amma onu yaxından tanıyanlar bilirdilər ki, maestro
uşaq kimi kövrək, böyüklə böyük,
uşaqla uşaq kimi davranmağı Azərbaycanda bəlkə
də hamıdan yaxşı bacaran sehrbazdır.
Düzdür, hərdən özünün də
uşağa dönüb şıltaqlıq eləməyi,
gözlənilməz, qəfil gedişlərlə
hamını təəccübləndirməyi vardı və əgər
xanımı Həcər yox, bir başqası olsaydı,
şələ-küləsini çoxdan
yığışdırıb maestronu köməksiz, tək
qoyardı.
Amma Həcər xanım onu təkcə həyat
yoldaşı kimi yox, həm də ərköyün,
şıltaq övladı kimi sevir, əzizləyir və
nazı ilə oynayırdı. Çünki ailə
həyatının ilk illərində
qarşılaşdıqları əziyyətləri, mərhumiyyətləri
əl-ələ, çiyin-çiyinə bir yerdə
keçmişdilər, kasibçılığın,
pulsuzluğun ağrı-acısını şirin zarafatlarla
zəqqumdan noğula, şəkərə çevirməyi
bacarmışdılar. Qəzeti bir neçə dəfə
qatlayıb Niyazinin yırtıq ayaqqabılarının
içinə qoyduqları günlərdə belə
inanmışdılar ki, yaman günün ömrü az olacaq. Azmı oldu, ya çoxmu oldu - demək
çətindir, amma bir vaxtlar ağır atletika ilə məşğul
olub neçə-neçə respublika rekorduna imza atan Niyazinin
sonralar ağır xəstəliyə - vərəmə
tutulmasında, ağ ciyərinin az qala bir tayını itirməsində
o yırtıq ayaqqabıların, o qatlanmış qəzetin
vəfasızının da heç şübhəsiz ki,
müəyyən rolu olmuşdu.
Xəstələnib yatağa düşəndə
Niyazinin şıltaqlığı, ərköyünlüyü
bəzən həddini aşıb cığallığa
dönürdü. Həcər idi ki hər şeyə dözürdü,
hər dəfə xanımının onun bu ağır xəstəliyindən
iyrənməməsinə əmin olmaq üçün yeməyi
öz qaşığı ilə götürüb - "Al,
birinci sən ye" - deyən ərinin qəlbini
qırmırdı... və beləcə onun Həcərlə
bağlı sərgüzəştləri, neçə il əvvəl
bir-birinə qoşulub qaçan bu iki sevgilinin az qala etalona,
meyara çevrilən məhəbbəti, sədaqəti barədə
bir az gülməli, qəribə əhvalatlar dildən-dilə,
ağızdan-ağıza keçib nağıllara
çevrilirdi.
Maestro
skamyada əyləşən kimi soruşdu:
- Adın
nədir sənin?
- Murad.
- Bura bax,
Murad bala, nəyə görə sən elə fikirləşirsən
ki, mən həmişə əynimə frak geyib,
boğazıma qalstuk bağlamalı və sən deyən kimi
qartala oxşamalıyam?
Murad
karıxdı, bir müddət cavab vermədi, handan-hana:
- Bilmirəm,
Niyazi əmi - dedi, - Bircə onu bilirəm ki, dirijorluq edəndə
siz özünüzdən böyük
görünürsünüz.
"Bu uşağın çox obrazlı təfəkkürü
var" - maestro fikirləşdi.
- Atam
deyir ki, Niyazi əmi dünyanın ən yaxşı
dirijorlarından biri, səslərin dilini hamıdan
yaxşı bilən qeyri-adi şəxsdir. Ona
görə də sizi bu paltarda təsəvvür edə bilmirəm.
Neçə gündür baxıram - siz
çox sadə adamsınız.
Maestronun xüsusi dirijorluq təhsili yox idi, nə vaxtsa qəzetlərin
birinə verdiyi müsahibədə etiraf etmişdi ki, bu sənətə
təsadüfən gəlib - respublikada peşəkar dirijor
olmadığına görə gənc yaşlarında
yazdığı əsərə elə özü dirijorluq
etmək fikrinə düşüb və bu təsadüf də
onun taleyini, ömür yolunu birdəfəlik müəyyənləşdirib. Amma indi onun həmsöhbəti
jurnalist yox, dünyanın isti-soyuğundan xəbəri olmayan
sadəlövh bir uşaq idi - onunla belə incə məsələni
xırdalamaq, fikir bölüşmək qətiyyən yerinə
düşməzdi...
- Ay
oğul, hamının birinci vəzifəsi Allahın boynumuza
qoyduğu insanlıq borcunu yerinə yetirməkdir də. Qalan şeylər sonra gəlir.
Bəlkə də maestronun dediklərinin məğzini
tam başa düşmədiyinə görə uşaq dinmədi.
Maestro da fikrə getdi. Qəfildən saatına baxıb
üzünü həmsöhbətinə tutdu:
- Bura bax,
gəlsənə ikilikdə Həcər xanıma bir
sürpriz edək?
Uşaq təəccüblə:
- Nə
sürpriz, Niyazi əmi? - soruşdu. Sonra sifətindəki ifadə dəyişdi,
gülümsəyə-gülümsəyə əlavə
etdi - Mən Həcər xala haqqında çox eşitmişəm.
Deyirlər, əla plov bişirir.
- Plov məsələsini
sonraya saxlayaq. Bax, səhər yeməyinə
xeyli var. Hələ hamı yatıb. Bizsə
bir yerdə durub gedəcəyik şəhərə - mənim
evimə, Həcər xanımın bişirdiyi
qayğanağı yeyib qayıdacağıq geri. Hə, necədir?
Uşaq
bu qeyri-adi təklifə bərəlib hədəqəsindən
çıxmış gözlərindəki qeyri-adi ifadə
ilə cavab verdi...
Maestro qəti
hərəkətlə ayağa qalxıb:
- Dur, əzizim
- dedi. - Yolçu yolda gərək.
- Bu
paltarda, Niyazi əmi? - uşağın səsi
sanki dərin bir quyunun dibindən gəldi.
- Hə,
bu paltarda. Nə olub ey, mənim paltarıma?
Yoxsa inanmırsan mənə?
- Yox,
inanmıram.
- Nəyə
inanmırsan, ay qırışmal?
- İnanmaram ki, bu paltarda şəhərə gedəsiniz.
- Gəl
mərcə girək - maestro bildi ki, uşaq əlini irəli
uzadıb mərc qoşmaq halında deyil. Ona görə də
irəli yeriyib uşağın sağ əlindən
yapışaraq qaldırdı və çeçələ
barmağını onun çeçələ
barmağına keçirib yüngülcə dartdı...
Təxmimən 40 dəqiqədən sonra onların əyləşdiyi
taksi Nizami kinoteatrının qarşısındakı
binanın həyətinə burulub maestronun mənzilinə
qalxan girişin ağzında dayandı. Maestro maşından
düşüb sürücüyə dedi ki, iki dəfə
uzun, bir dəfə qısa siqnal versin - bu, Həcərə
"maestro girişdədir" siqnalı idi.
Çox gözləmək lazım gəlmədi - bir
neçə saniyə sonra örtülü eyvanın
açıq pəncərəsində Həcər xanım
göründü.
- Bu nə
hələtdir, Niyazi? Paltarlarını
oğurlayıblar, nədir? - Həcər xanım yenə
uşağa
dönmüş ərinin növbəti
şıltaqlığını bu dəfə də zarafatla
qarşıladı.
- Mənim
paltarımı oğurlayanın gərək yeddi başı
olsun, Həcər. Balaca dostumla mərci udmuşam. Qayğanaq yeməyə gəlmişik. Keç mətbəxə. Necə deyərlər,
"Biz gəlmişik sənə qonaq,..
Bizə bişir bir qayğanaq..."
Ardınca da ürəkdən güldü və
nəyə görəsə başını qaldırıb
bir müddət tərtəmiz səmaya baxdı...
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2022.- 20 may.- S.13.