"...Böyük bir ədəbi sərvətin varisiyəm"

 

Gülşən Əliyeva-Kəngərli: "Allaha olan sevgimizə güvənərək, sufizm dəryasına dalırq"

 

Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, ədəbiyyatşünas alim, professor Gülşən Əliyeva-Kəngərlidir. Gülşən xanımla elmi yaradıcılığı, həyata, insana, ədəbiyyata dair görüşləri haqqında çox maraqlı söhbət etdik:

 

 

- Orta məktəbdə rus dilində təhsil alan Gülşən sonra necə oldu ki, sözə "əlahəzrət" deyib, bir ömür Azərbaycan dilinin, sözün qulluğunda durmağa qərar verdi? Özü də Füzuli kimi dühanı və sufizmi araşdırmaqla...

 

- Mən rus təhsilliyəm. Gənclik illərim təzadlı və təlatümlü səksəninci illərə təsadüf edir. Bu dövrdə isə ana dilini bilməmək, doğma dilində yaxşı danışa bilməmək utancverici idi. Qarşıma məqsəd qoydum ki, Azərbaycan ədəbiyyatının köklərini öyrənəcəm, klassik ədəbiyyatla məşğul olacam. Ustadlarım Füzuliyə yönəltdilər. Bir dəryaya düşdüm. Məqsədimə doğru inam və inadla irəlilədim. Bu, illərimi aldı.

 

Sufizmə marağım isə namizədlik dissertasiyası yazdığım dövrə aiddir. Bu çox böyük ədəbi-bədii cərəyana məni Füzuli sevgisi gətirib çıxartdı. Gördüm ki, sufizmi bilmədən Füzulini başa düşmək, ümumən orta əsrlər Azərbaycan ədəbiyyatından yazmaq mümkünsüzdür. Və mən azı iki-üç il sufizmlə, təsəvvüf fəlsəfəsi ilə məşğul oldum.

 

- Bu yaşınıza kimi ən böyük şansınız nəyi hesab edirsiniz?

 

- Düşünürəm ki, insanın şansı gözəl və ya yaraşıqsız olması, varlıqlı və ya yoxsul ailədə doğulması yox, hansı anaya sahib olmasıdır. İnsanın ən böyük şansı onu böyüdəcək və tərbiyələndirəcək anasıdır. Bu mənada çox şanslıyam.

 

- 20 ildən artıqdır ki, Mədəniyyət və İncəsənət Universitetində işləyirsiniz. Mədəniyyət və incəsənət sizin üçün nə deməkdir? Yetirmələriniz varmı? Füzulini sevirlərmi?

 

- Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışam. Bu, gələn il 100 yaşını qeyd edəcək unikal bir universitetdir. Müəllimlikdən prorektorluğadək yüksəldiyim doğma bir təhsil ocağıdır. Bir ədəbiyyatçı kimi özümü musiqi, teatr, kino və bütövlükdə incəsənət adamları içində rahat hiss edirəm. Bu tandemdən bəhs edən onlarla yazım var.

 

Səhv etmirəmsə, ədəbiyyat nəzəriyyəçilərindən biri, deyəsən, korifey Yaşar Qarayev deyib: "Tanrı öz kimliyini göstərmək üçün təbiəti, insan öz varlığını təsdiq etmək üçün ədəbiyyat və mədəniyyəti yaradıb. Mədəniyyət insanın özünə ucaltdığı abidə, ədəbiyyat onun əbədiliyinin təminatıdır".  Alman şairi H.Heyne deyib ki, "Ölüm həyatın, musiqi incəsənətin zirvəsidir". Məncə, teatr cəmiyyətin canlandırılmış modelidir. Rejissorlar idarəedici, aktyorlar icraedicidir.

 

Mühazirə vaxtı hansı ədəbi dövrdən, hansı ədəbi şəxsiyyətlərdən danışıramsa danışım, mütləq gətirib Füzuliyə bağlayıram, ondan bir qəzəl deməsəm, auditoriyadan çıxmıram, çox vaxt tələbələr qəzəl deməsəm, məni buraxmırlar. İndi Azərbaycanın hər yerində, mətbuatda, televiziyalarda, mədəniyyət mərkəzlərində (məsul işdə!) işləyən tələbələrim var. Hamısını da Füzulinin azarı ilə "xəstələndirib" buraxmışam...

 

- Özünüzü xoşbəxt elm xadimi hiss edirsiniz, yoxsa xoşbəxt qadın?

 

- Fəxr edirəm ki, böyük bir ədəbi sərvətin varisiyəm. Ədəbiyyatla, özü də klassik irslə məşğul olmaq xoşbəxtlikdir. Bunu sevərək edirəm. Bədii ədəbiyyat özünə inam yaradır, insanı ruhən qüvvətləndirir. Bədii ədəbiyyatla məşğul olmaq Ruhla məşğul olmaqdır, Ruh isə klassik poeziyada Can deməkdir. Ədəbiyyatın gücü səmimiyyətindədir. O, Allah vergisi olan istedadla təzahür edir, bədii forma şəklini alır. Sevilən övlad, xanım və anayam, bunlar isə xoşbəxtlik üçün bəs edir.

 

- Hazırda şəxsi yaradıcılığınızda vəziyyət necədir? Yeni kitab olacaqmı?

 

- Mən plan qurmuram, Allah beynimə və qəlbimə nəyi salsa, bacardığım qədər onu icra etməyə çalışıram. Son iki ildə "Nəsimi şeirinin poetikası" və "Xəyal və idrakın vəhdəti (Azərbaycan fəlsəfi - intellektual şeir təmayülü)" adlı həcmcə balaca, mənaca böyük bir kitab, necə deyərlər, "qalın yox, qalan" əsər yazmışam. Hər hansısa bir kitabın yaranması üçün onlarla kitab oxuyursan. Hələlik sufizmlə bağlı elmi araşdırmalarla məşğulam.

 

IX əsrdən üzü bəri bütün dünyanın düşünən adamlarının - filosof, yazıçı, şair, tarixçi, hüquqşünas və ədəbiyyat nəzəriyyəçilərinin diqqətini öz cazibəsində saxlayan SUFİZM elə bir bədii-fəlsəfi cərəyandır ki, onu dərk etmək çətindir. Sufizm ədədlər sırasında sonsuzluq, cümlədə üç nöqtədir. O, "Bəşəriyyət və Ədəbiyyat" problemidir. Məxluq Xaliqi görməyincə Sufizm bitməyəcək, həll olunmayacaq. Yer üzü yaranan gündən heç kim - nə peyğəmbər, nə sufi, nə mütəfəkkir Allahı görməyib. Ona görə də məxluqun xaliqə mistik - ilahi sevgi yolu - sufizm davam edir. Biz də Allaha olan sevgimizə güvənərək, Sufizm dəryasına dalırıq... Böyük sufilərin - Mənsur Həllacın, Bəyazid Bistaminin, Cüneyd Bağdadinin, Əhməd Yəsəvinin, Mövlanə Cəlaləddin Ruminin, Yunis Əmrənin, Hacı Bəktaşinin, Nizaməddin Mir Əlişir Nəvainin, Fəridəddin Əttarın, Marağalı Əvhədinin, Şeyx Mahmud Şəbüstərinin, Seyid İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, dahi Mövlanə Məhəmməd Füzulinin ilahi gözəllik, ilahi eşq bağçasından bir gül dəririk. Yəqin nəticəsi də olacaq.

 

- Ədəbi tənqidə münasibətiniz necədir? Hansı tənqidçi sizin düşündüklərinizə cavab verir?

 

- Jül Renar deyir: "Tənqidçi öz rotasına atəş açan əsgərə bənzəyir".  Bir dəfə Maksim Qorki söhbət zamanı xəstə yatan A.P.Çexovdan soruşub: "Anton Pavloviç tənqidə münasibətiniz necədir?" Çexov belə cavab verib: "Aleksey Maksimoviç, tarlada əzələləri gərilərək yer şumlayan at görmüsünüz? Bax tənqid o ata əngəl olan milçəyə bənzəyir". Bütün bunlarla yanaşı, tənqid ədəbiyyata lazımdır. Obyektiv və intellektual tənqid bədii fikrin inkişafına kömək göstərir. Bu mənada Xalq yazıçısı Elçinin, akademik İsa Həbibbəylinin, Şirindil Alışanlının, Vaqif Yusiflinin, Təyyar Salamoğlunun tənqidi məqalələrini faydalı hesab edirəm.

 

Xüsusilə, müstəqillik dövrünün ədəbiyyatşünaslığı öz nəzəri-intellektual səviyyəsi ilə xeyli maraq doğurur. Şablon, tərif azalıb. Ədəbiyyatşünaslıq ideologiyanın təzyiqi altından çıxıb. Bədii ədəbiyyat milli mənafelər baxımından təhlil edilməyə başlayıb, lakin hələ kəm-kəsirlər var.

 

- Klassikadan müasirliyə (həm həyatda, həm ədəbiyyatda) körpü... Bu haqda nə düşünürsüz?

 

- Keçmişi olmayanın gələcəyi də yoxdur. Necə deyərlər, keçmişə tapançadan atəş açsan, gələcək səni topa tutar. Bunu 20-30-cu illərin protokultçu nihiliziminin tarixi taleyi sübut etdi. Ümumiyyətlə, nəsillər arasında əlaqə qırılanda tarixi yükü ağırlaşır. Bunu da 37-ci ilin repressiyaları sübut edib. Ədəbi-nəzəri tədqiqatda ən sınanılmış metod müasir prosesin tarixi ənənələrini tapmaqdır. Ənənə və varisliyin əlaqəsi tarixi-müqayisəli metodun əsas prinısiplərindəndir. Müasirlik ənənəyə istinadən çağdaş dövrün tarixini yaratmaqdır.

 

- Romantikaya münasibətiniz? Füzulini tədqiq edən bir alim xəyallara dalırmı?

 

- Romantika həyatın və sənətin cövhəridir. Romantik adamlar, xüsusən, qadınlar zahirən və daxilən gözəl və sevimli olurlar. Mən təbiətən realist olsam da, gəncliyimdə böyük xəyal və arzularla yaşamışam. İndi romantik xatirələrin nurlu sarayında oturub həyat, ömür, tale barəsində düşünürəm.

 

- Gözəllik nədir?

 

- Rus filosofu - tənqidçi N.Q.Çernışevski "Sənətin varlığa münasibətləri" adlı kitabında bu barədə müxtəlif misalları və fikirləri təhlil edərək sonda iki sözlə cavab verir: "Gözəl həyatdır!" Gözəllik Allahın insana bəxş etdiyi ən qiymətli hədiyyədir, Allahın özüdür. Nəsimi deyir:

 

"Səni bu hüsnü-camal ilə, kamal ilə görüb,

 

Qorxdular haqq deməgə, döndülər insan dedilər".

 

Gözəllik sağlamlıqdır, sevgidir.

 

- İdealınız varmı?

 

- Dünyada ideal qadın və ideal kişi yoxdur. Ümumiyyətlə, ideal adam mənasız və maraqsız, robot kimi bir şeydir. İnsan öz səhvləri, problemləri, vaxtında ehkamları dağıtmaq qüdrəti ilə maraqlıdır. İdeal Allahdır, onu da heç kim görməyib.

 

- Nəhayət sevgi haqqında... Füzulini bir kənara qoya bilərikmi?

 

- Bəri başdan deyim ki, Füzulini kənara qoya bilməyəcəm. Hüsn, Eşq və Qəm bir-biri ilə bağlı, biri birindən doğan mənəvi-idraki anlayışlardır. Kitablarımdan biri "Hüsni-camal, əqli kamal" adlanır. Hüsni kamil olsa eşq də o qədər dərin və mənalı olar. Füzuli deyirdi ki, bilirəm dərdlisən, dərd şairliyin sərmayəsidir. Füzulidə Hüsn, Eşq və Qəm eyni səviyyədə vəhdətdədir. Eşq həmişə tarixi, həmişə müasirdir. Eşq Allaha qovuşmaq üçün ən qısa yoldur. Bu, ilahi eşqdir. İlahi eşq göydən düşməyi insanın insana olan məhəbbətindən pərvazlanır. "Allah məhəbbət olan qəlblərdə yaşayır". Sevgi nə qədər əzablı (xəstəlik!) olsa da, insana məxsus ən ali hissdir. Sevən bir cür, sevilən isə sevəndən daha xoşbəxtdir. Ümumiyətlə, eşq insan qəlbinin meyvəsi, insana məxsus ən böyük (ilahi!) məziyyətdir. O ki, qaldı Füzuliyə, eşqdən danışarkən ondan yan keçə bilmərəm. Şair öz yaratdığı qəhrəmanı qısqanır: "Məndə Məcnundan füzun aşiqlik istedadı var// Aşiqi sadiq mənəm Məcnunun ancaq adı var." Başqa bir qəzəlində deyir ki, Məcnun adını həyat lövhəsindən göz yaşımla silmişəm. Leyli Məcnundan daha qüvvətli aşiqdir, Füzuli Məcnundan çox Leyli sorağında özünü (Tanrını!) yaradıb. Təsadüfi deyil ki, sufizmdə aşiq insan, məşuqə Allahdır, ilahi sevginin düsturu belədir...

 

Sevgi həyatın gözəlliyi, onun hüsnüdür. Bəli, hər zaman, hər yaşda sevmək olar, bu barədə çoxlu nümunələr var. Mən şəxsən normal insan həyatını sevgisiz təsəvvür etmirəm. Sevgi bəşəriyyətin ən böyük kəşfidir. Eşq insan qəlbinin dilidir, nitqidir. Onu dinləmək ən böyük ləzzət, səadətdir. Eşq insanı Allah dərgahına aparan yol, haqqa qovuşduran imkandır.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 20 may.- S.12.