Torpağına qurban, Şuşa...
Şuşa haqqında hamı yazır, danışır
və bu, hər kəsin haqqıdır. Çünki əzəldən hər kəsə əziz olan Şuşa
azad olunduqdan sonra hamımız üçün daha doğma və əziz oldu.
Şuşanı ruhunda yaşadanlar
- şuşalılar isə
Şuşa haqqında sadəcə danışmır və yazmır, onlar Şuşanı yaşayaraq
vəsf edir, 28 il qəlblərində yaşadıqları o müqəddəsliyi
xəfif pıçıltı
ilə anladırlar. Çünki Şuşa
şuşalılar üçün
işğal olunmamışdı.
Şuşalıllar Şuşanı
qəlblərinin dərinliyində
yaşadır, bununla da özləri üçün Xan yurdunun paklığını
qoruyub saxlayırdılar...
Şuşa azad olunan gün
biz şuşalılar yenidən
gəldik dünyaya, ruhən yeni bir həyata başladıq. Dünya gözəlləşdi bizimçün. Torpaqlarımızın hər qarışının,
hər kəndin, hər rayonun azad olunmasına nə qədər sevinmişdiksə, Ali Baş
Komandanın “Şuşa,
sən azadsan!” nidası bizi hələ də izah edə bilmədiyimiz
bir aləmə apardı. Reallıqdan uzaqlaşdıq, nağıllar, xəyallar
aləminə düşdük
sanki.
Sonradan neçə-neçə
doğmalarla söhbətdə
də bir daha əmin oldum ki, hamı
bu və ya digər dərəcədə
oxşar hisslər keçirib həmin gün. Deməli, Vətən,
yurd nisgili və torpağa ruhi bağlılıq eyni hissləri yaşadıb bizlərə.
Hətta
hisslərimizdəki eynilik
və həmrəylik
də məni sevindirdi xeyli. Bəlkə illərlə ümidsizlikdən
də məhz həmrəyliyimiz və birliyimiz, ruhən yaşatdığımız doğma
yurd xəyalları sayəsində qurtula bilmişik elə.
Tək Azərbaycanın deyil, Türk dünyasının,
İslam dünyasının
cazibə mərkəzi,
şərq müdrikliyini
yaşadan Şuşa
mənə elə gəlir ki, dünyanın ən sadiq şəhəridir. Öz sahiblərinə sadiq qalan, bir qərinəyə
yaxın müddət
keçsə də, ruhunu dəyişmədən
qoruyub saxlayan, sahiblərinə qovuşduqdan
sonra ruhunun donu açılan Şuşam. Hər daşı,
hər ağacı, hər yolu, hər cığırı
müqəddəs Şuşam,
şükürlər olsun
ki, sənə vəfa borcumuzu qaytara bildik, sənə qovuşa bildik.
Şuşaya olan bütün sevgilər, bütün münasibətlər fərqlidir,
ən yüksək ehtirama layiqdir. Kiçik bir
uşaqdan ağsaqqaladək,
əsgərdən generala
qədər hər kəs Şuşaya öz doğması kimi münasibət bəsləyir. Bu cazibənin sirri də yəqin ki, Şuşanın müqəddəs ruhuna bağlıdır.
Ancaq düşünürəm
ki, bir münasibət
hamını təsirləndirir,
hər kəsi başqa cür həyəcanlandırır. Bu, Ali Baş
Komandanımızın – Prezident
İlham Əliyevin Şuşa haqqında
fikirləri və Şuşaya hər səfərində Qarabağın
tacına qarşı
müşahidə etdiyimiz
münasibətidir. Şuşaya ayaq basmağa ən çox haqqı olan müzəffər Ali Baş
Komandan sanki bu ulu yurdun
hər qarışına
sığal çəkir,
Şuşanın işğal
dönəmində çəkdiyi
acıları, aldığı
yaraları unutdurmağa
çalışır. Şuşada aparılan milli koloritli, sistemli və unikal quruculuq işləri, göstərilən
ali diqqət
həm də bu məqsəddən irəli gəlir.
Şuşa da yorulub, usanmışdı
işğaldan, yad tapdağından. Ona görə azad olunan gündən Şuşa bir
başqadır, quruculuq
meydanıdır, toylu-büsatlı,
çal-çağırlıdır. Varlığı ilə düşmənə
göz dağı olan Xan şəhəri,
öz əzəmət
və qürurunu qaytarmaqda, doğmalarını
qarşılayıb-yola salmaqdadır.
Yəqin
fikir verirsiniz, Şuşaya hər kəs müqəddəs məkan kimi sanki ziyarətə gedir, geri qayıdanda
ordan su, çörək gətirərək
yaxınlarına paylayır.
Əslən Şuşadan olan, hələlik özündə cəsarət tapıb Şuşaya gedə bilməyən, xəyalındakı şəhərini dağılmış görmək istəməyən nə qədər adam tanıyıram. Mən də əslən şuşalı olsam da, oraları 3 yaşından sonra görməmişəm. Ancaq valideynlərimin, doğmalarımın dediklərindən elə təsəvvür edirəm ki, o yerləri qarış-qarış tanıyıram. Bu yaxınlarda xəyallarımın Şuşasına səfər etməyi planlaşdırıram. Qəribə hisslər keçirirəm, uzun illərin həsrətinin ayırdığı doğmaların qovuşmadan öncə keçirdiyi həyəcansayağı duyğular yaşayıram. Şuşanı azad edən igid Vətən oğullarının, müqəddəş şəhidlərimizin ruhu və igid qazilərimizin qarşısında baş əyirəm. Nə etsək də, onlara bir ömür boyu borcumuzu qaytara bilmərik.
Səməd Vurğun o qədər gözəl vəsf edib ki, Şuşanı: “Səndə vardır başqa lətafət, Şuşa!”. İnanıram ki, doğma yurda qovuşanda hisslərimi daha aydın anlaya, ifadə edə biləcəm. Ona görə hələlik sonu vüsal olan həsrətin izaholunmaz hissləri də doğmadır mənə. Adı kimi hər anlamı doğma olan Şuşam kimi... Əziz Şuşam, sənə qovuşmağın həsrəti də gözəldir mənim üçün, bizim hamımız üçün, milyonlarla həmvətənimiz üçün. Canımızı fəda dediyimiz xan şəhərimiz, sən dönüşünlə ruhumuza güc verdin.
Ruhumun şəhəri, yəqin ki, sənə qovuşmaqla ikinci – daha məsum, daha rahat, daha əmin, daha şirin həyat dönəmimizə qədəm qoyacağıq. Sənin saflığın, sənin ucalığın, sənin qürurundan ruhlanaraq belə düşünürəm. Torpağına qurban, Şuşa...
Xədicə Məmmədova
Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin əməkdaşı
525-ci qəzet.- 2022.- 20 may.- S.11.