Müharibə aforizmləri və ya "Köhnə çamadanlar"ın təəssüratı

 

 

Ötən həftə Konqres Mərkəzindəki Qala gecədə, yeni ekran əsəri olan "Köhnə çamadanlar" filminin gurultulu alqışların müşayiəti ilə keçirilən nümayişini xalqımızın öz kinosuna böyük məhəbbətinin bariz, həm tarixi nümunəsi kimi dəyərləndirirəm. Xalq ekranda özünü, öz kədərini, qələbəsini görəndə isnişir kinosuna. O, məhz belə bir kinonun, öz dövlət rəsmilərilə əl-ələ verərək, konqreslər səviyyəsində təbliği arzusundadır. Həmən o Qala gecəsində məhz belə bir arzu reallaşa bilmişdi.

 

"Namus insanın qan bahasıdır".

 

Atalar sözü

 

Qeyd edim ki, filmin adı " Köhnə çamadanlar" adlansa da, çamadanın özü bir rekvizit kimi görünmür ekranda. Mənə görə, burda, əslində illər uzunu bağlı qalan sandıqlar nəzərdə tutulub. O sandıqlar ki, el arasında "Açaram sandığı, tökərəm pambığı" deyimi ilə bu günə kimi leksikonumuzdadır. Bəli, Xocalı faciəsində əsir düşmüş qadınlarımız, neçə illər, əzablarını belə sirr sandıqlarında saxlayıb, daha doğrusu özlərini sirr dağarcıqlarına çevirib yaşayıblar. Filmin qəhrəmanlarından biri (Əməkdar aktrisa Nəsibə Eldarova) elə belə deyir: "Düz otuz ildir mən bu hadisəni (əsirlikdə zorlanmasını) sirr olaraq saxladım, ancaq otuz ildən sonra oğlum intiqamımı (44 günlük müharibədəki qələbəmiz nəzərdə tutulur) alandan sonra açdım bu sirr-faciəmi".

 

Qadınlarımızın əsirlikdə zorlanması faktıyla bağlı tanınmış hüquq müdafiəçisi Tamella Zeynalova ilə görüşüb söylədikləri əsasında, bu gün mən faktı mühakimənizə vermək istəyirəm. Çünki bizim heç birimiz bu faktı xatırlatmaq belə istəməmişik bu günə kimi. Çox vaxt bu faktdan danışası olsaq da, onu üstüörtülü xatırlatmışıq. Tamella xanım Xocalıdakı fevral qətliamından sonra, mart ayında Ağdamda olmuş, ordan qaçıb qurtulan qaçqınlarla söhbət edib, faktları birər-birər qeydə almışdı. "Köhnə çamadanlar" da həmən o qadınlardan bir neçəsinin söylədikləri "olmuş hadisələr" deyə ekranlaşdırılsa da, Tamella xanımın söylədiklərinin mində biri deyil. Axı, ekran belə, bunları xalqa göstərsə dərddən partlayar...

 

Tamella xanımın söylədikləri: "Qaçqın qadınların söhbətlərini bu gün yada salanda qanım donur bədəndə. Deyirlər ki, ermənilər qadınları zorlayarkən səs gücləndiriciləri quraşdırırdılar ki, qadınların çığırtıları qonşu kəndlərdəki azərbaycanlılar tərəfindən eşidilsin. Söhbət etdiyim qız-gəlinlərin demək olar ki, əksəriyyəti " Yox, mənə heç edə bilməyiblər, toxunmayıblar" deyə faktı gizlədirdilər. Lakin onların birini həkim müayinəsindən keçirəndə dəhşət bürüdü həkimi. Qızın daxili param-parça olmuşdu, hələ üstəlik daxilinə öz kirli corablarını da yerləşdirmişdilər zorlayan alçaqlar".

 

 

 

"Köhnə çamadanlar"da ən ağrılı epizodlardan biri qadınların öz namuslarını, sözün həqiqi mənasında qanları ilə yumalarına dair kadrlar idi. Damarlarını kəsib, özlərinə qəsd edən qadınlar sırasında sağ qalanlar olsa da, sonra onlar bu faktı, sirr dağarcıqları olaraq gizlədib, intiqamımızı aldığımız qələbə gününə saxlaya bilmişdilər.

 

"Oğlunu müharibədə itirmiş ananın qarşısında bütün insanlar günahkardır"

 

Ukrayna yazıçısı V. Qrossman

 

Ağır, dəhşət doğuran kadrlardan (tövlə, əyinlərinə geyindikləri cırım-cırım olan qadınlar) sonra işıqlı mənzili, gözəl qamətli qadın (Əməkdar aktrisa Zemfira Əbdulsəmədova) nəğmə oxuyan qızlar tamaşaçını yormayan bir kino dili kimi filmin üslubi üstünlüyüdür. Qeyd edim ki, filmdəki ağır səhnələr, ağrıdan məni yumağa döndərsə , məhz filmin sonunda Qələbəmizi əks etdirən rəngarəng atəşfəşanlıq epizodlarını görəndə hönkürtüylə ağlamağa başladım. Belə çıxır ki, insanı ağlatmaqçın, tək filmdəki obrazları ağlatmaq kifayət etmir. İstedadlı aktrisa Zarina Qurbanovanın kamera qarşısında yaxşı ağlamağını filmin rejissoru Səidə Haqverdiyeva əməlli-başlı istismar edib. Bəlkə , rejissor ananın, həm onun qızının faciəsini bu fonda-ağlamaq fonunda verməyi münasib sayıb, ondandır. Ancaq anaların faciəsinə bunsuz da ağlamaq mümkündür.

 

Epizod belədir. Budur, ana mənzilə daxil olur. Qızı bir qrup şagirdlə piano arxasında Cəfər Cabbarlının "Ölkəm" şeirinə yazılmış məşhur mahnını məşq edir. Ana elə kandardaca dayanıb fəxrlə bu gözəl mahnıya qulaq asır. Lakin birdən kadr dəyişir ananın oğlu (Qazi Hacıseyidxan Surab) həmən o mahnılar bəstələnmiş gözəl ölkəsinin müdafiəsi üçün müharibə meydanına yollanacağını bildirir anasına. Ana yalvarır ki, getməsin.

 

Kadr dəyişir. Artıq cəbhədən oğlunun ölüm xəbəri gəlmiş ana oğluna qovuşmağa tələsir.

 

Cəfər Cabbarlının təşbehlərlə bəzədilmiş "Ölkəm" şeiri kimi bəzəkli olmaq istəyir ana. Üzünə ənlik kirşan, dırnaqlarına lak çəkir, oğluna xoş gələn donunu geyinir əbədi yuxuya getməkçin çarpayısına uzanır. Filmin ssenari müəllifi Sevda Sultanova bu epizodda, Ana-Vətən bağlılığının intuitiv təsəvvürünü yarada bilib. Bəli, Vətən uğrunda müharibələrdə analar oğullarını itirir, oğullarsa Ana Vətənlərinə qovuşurlar.

 

"Müharibənin qadın siması olmur".

 

Müharibənin ağır zərbələrinə, tək güc-qüvvət deyil, zəriflik hayqırtısıyla var olduğunu çatdıra bilir. Bütünlüklə qadın hekayələrini əhatə edən " Köhnə çamadanlar" da öz sırğasını itirən döyüşçü qadın da (aktrisa Zülfiyyə Nəzər Məmmədova) zərifliyin bir rəmzi olaraq maraqlı bir obrazdır. Gözlərində həyat eşqi parlayan bu döyüşçü qadının qulağındakı sırğa da elə gözləri kimi parıldayır.

 

 

 

Budur, o, əlləri bağlı erməni əsirinin (Türkay Cəfərli) qabağına qabda yemək qoyarkən, əlləri bağlı əsirin, xörəyi it kimi başını qaba əyib yeməsinə baxa bilmədiyindən, onun əllərini açıb əl ilə yeməsinə imkan yaradır. Lakin birdən görür ki, sırqasının bir tayı yoxdur. Təlaş içində əsirin üstünə cumub, sırqasını axtarmağı əmr edir, eyni zamanda da təpiklə xörək qabını vurub dağıdır. Sırqası ilə birlikdə zərifliyi bir anın içindəcə qeybə çıxır bu döyüşçü qadının.

 

Filmin digər epizodunda da müəllif sanki bu fikrini bir daha vurğulamaqçın bir əsgərimizin (Səmimi Fərhad) diliylə döyüşçü qadınlardan digərinə (Aygün Fətəliyeva) elə belə deyir: "Get evinizə, qayıtma döyüş meydanına, əsgər forması geyinmə, sənə yaraşmır".

 

"Müharibədə olmayan kəsin, müharibə haqda danışmağa haqqı yoxdur".

 

(aktrisa Marlen Ditrix)

 

Bu mənada " Köhnə çamadanlar"ın dəyəri həm də filmdə müharibə keçmiş qazilərimizin, müharibə əlillərinin iştirakındadır. Bütün bunlara rəğmən film, əsgərlərimizin ağrı-acısına qatlaşıb, onlara maddi və mənəvi dəstək göstərməyə məsul olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, "Dost" inkluziv inkişaf və yaradıcılıq mərkəzinin və eyni zamanda da, RS Productionun birgə əməkdaşlığı ilə ərsəyə gəldiyindən son illərin müharibə mövzusunda çəkilmiş filmləri sırasında ətrafında yaranmış ajiotajla diqqəti cəlb edir. Belə ki, bu film "kinomuzda və ədəbiyyatımızda müharibə və qələbəmiz haqda əsərlər yaranmır" iddiasına sonuna nida işarəsi qoyulası "səhvsiniz!" sözüylə cavab verə bildi. Filmdə 90 nəfərlik yaradıcı heyətin 20 nəfəri bayaq qeyd etdiyim kimi əliliyi olan şəxslərdir. Əgər bura Kukla Teatrı nəzdində yaradılmış "Oyun" inklüziv uşaq teatrının balaca aktyorlarını da əlavə etsək, demək olar ki, kino öz sözünü deməyə böyük bir ordu ilə gəlib ekranımıza.

 

 

 

Çəkilişləri keçən il başlamış bu ekran əsəri məhz 44 günlük müharibəmizdəki qələbəmizdən sonra tamamlanıb. Belə ki, filmdə, Qələbə sevinci yaşayan xalqımızın monumental obrazını yaratmaq üçün xronikal kadrlara da geniş yer ayrılıb. Tammetrajlı bir film olaraq, müharibənin ağrı-acılarına tab gətirmiş qadınlarmızın söylədiyi hekayətlərin olduğu kimi  əks olunmasını, məncə, nisbi qəbul etmək olar. İlk növbədə ona görə ki, danışılanlar otuz ildən sonra söylənilənlərdir; belə hekayətlərdə isə faktlardan çox, ağrı- acılar daha canlı olur və canlı olduğu üçünreal olur.

 

Tək elə filmə verilən ad fikrimi təsdiqləyə bilər. Rejissorun qeyd etdiyinə görə, filmə verilən "Köhnə çamadanlar" adı filmdəki qadın obrazlarının öz ürəklərinin gizlin guşəsinə bağlı saxladığı köhnə xatirələrinə işarədir, yəni çamadan burda rəmzdir. Əlbəttə, rejissor bu bənzətməsini tamaşaçıya öz dili ilə deyil, çəkdiyi kinonun dili ilə çatdırsaydı filmin adı tamaşaçıda çaşqınlıq yaratmazdı. Məhz elə buna görə, mən təxəyyülümə meydan verib, çamadanı sandıqla əvəz etdim. Çox istərdim ki, müharibə mövzusunda çəkilmiş filmlərimizlə dünya ekranlarında da sözümüzü deyə bilək. Sandığı açıb, pambığı tökərək 30 il haqq səsimizi boğanları hərbi tribunalarda, konqreslərdə ittiham edə bilək.

 

P.S. Ağrı-acımızı canlandırmaqçın, gərgin psixoloji stresslərə qatlaşaraq obrazlar yaradan, bu qısa məqalədə adını çəkə bilmədiyim bütün yaradıcı heyət qarşısında baş əyirəm; film təkrarən bizə Qələbəmizin sevincini yaşada bildi.

 

525-ci qəzet.- 2022.- 20 may.- S.10;11.