Dul qadının tənhalığı  

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Bir az əvvəl o, özünün fiziki gözəlliyi ilə fəxr etdiyi halda, bu gözəlliyin əmtəəyə çevrilməsi, alver vasitəsi olması onu əzirdi, şüurunu qamçılayırdı, vicdanında qanlı çapıqlar əmələ gətirirdi.

 

Onu üç adam xilas etdi və ömrü boyu onun nəzərindəki bu müqəddəs üçlüyə daim minnətdar olacaqdı. Xristian dinində Üçlük - Allahı, onun oğlu İisusu və Müqəddəs Ruhu nəzərdə tutur. Lakin dindəki müxtəlif cərəyanlar - arianlar və nestorianlar heç də bunu qəbul etmirdilər. İisusu Allahın oğlu hesab etmir və onu Allahla bərabərləşdirməyin əleyhinə çıxırdılar. Onlar İisus haqqında danışanda onu ancaq "Mariyanın oğlu" adlandırırdılar. Quranda da İisusa İsa peyğəmbər kimi böyük ehtiramla yanaşıldığı halda, adı çəkiləndə hər dəfə məhz "Məryəmin oğlu" ifadəsi işlənir. İndi də İisusun Müqəddəs Ruhdan doğulduğuna şübhə edənlər az deyildir, çünki biologiyanın özünə də insanın müqəddəs ruhun köməyi ilə yaranması yaddır, çünki rüşeym şəklində uşaq yalnız iki əks cinsin - kişi ilə qadının intim yaxınlığının nəticəsi kimi meydana gəlir. Övladsız qadınlar isə Ruhiyyənin özü kimi surroqat anaların xidmətindən istifadə edir, burada axırıncının yumurtalığına kişidən olan sperma bioloji material kimi daxil edilir və bu mayalanmadan embrion əmələ gəlir.

 

 

 

Alim qızla Şekspir barədə söhbət

 

Ruhiyyəyə mobil telefonda tanımadığı nömrədən zəng gəldi və danışan özünü Südabə xanımın tələbəsi kimi təqdim etdi. Lətafət adlı bu qız "Şekspir və Şərq ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyası üzərində işləyirdi. Südabə xanımın rəhbərliyi və köməkliyi ilə filologiya üzrə fəlsəfə doktoru adını almışdı, arzusu professor-doktor olmaq idi. O, Südabə xanımın Ruhiyyəyə qəyyumluq etməsindən, onu ərə verməsindən də hali idi. Son vaxtlar qəzetdə Ruhiyyə Səfərli barədə çap olunmuş tərifli məqalədən sonra, onun fars ədəbiyyatına yaxşı bələdçiliyini nəzərə alaraq, İranda Şekspirə münasibətin hansı səviyyədə olması, Şekspir pyeslərinin yerli teatr səhnələrinə qədəm basması vəziyyətini daha dərindən öyrənmək üçün ona müraciət etməyi lazım bilmişdi.

 

Ruhiyyəyə Lətafətin müəllimi və elmi rəhbəri Südabə xanım haqqında dediyi sözlər çox xoş gəldiyindən onu evə dəvət etdi. Lətafət görüşün təşəbbüskarı olduğundan, Dənizkənarı bulvardakı restoranların birində birgə vaxt keçirməyi təklif etdikdə, Ruhiyyə dedi ki, restoranda iki cavan qadının gəlişinə müəyyən maraq göstəriləcək, həm də onların özlərinə ər axtarması, hətta başqa məqsəd güdməsi qənaətinə gələcəkləri variantı nəzərə alındıqda, evdəki görüş daha sakit və rahat xarakter daşıya bilər. Lətafət onun məntiqinin düzgün olduğu qərarına gəldiyinə görə, təkliflə razılaşmalı oldu.

 

Bir axşam onlar görüşdülər. Ruhiyyə qonağını yaxşı şam yeməyinə və mürəbbəli çaya qonaq etdi. Lətafətə dedi ki, bunu da rəhmətlik Südabə xanımdan öyrənmişdir, o, qonağa hökmən yemək verməyi vacib şərt hesab edir və deyirdi ki, dəxli yoxdur, qonaq toxdur, ya acdır, ev sahibəsinin süfrəsindən bir qismət almalıdır. O, bədəvi ərəblərdən misal gətirirdi, gecə vaxtı yoldan keçənlər ərəbin alaçığının qarşısındakı işığı görüb, ona yaxınlaşanda, kasıb həyat keçirən ailə yolçulara üç şey təklif edirdi - yemək, ocaq və yatmaq üçün yer. Yolçu üçün bu, ən böyük qonaqpərvərlik əlaməti hesab olunurdu. Ona görə də qonağı şama dəvət etməməyi milli xüsusiyyətimizə də hörmətsizlik sayırdı.

 

Süfrə yığışıldıqdan sonra Lətafət gəlişinin məqsədini yenidən təkrar etdi. Sonra o bildirdi ki, elmi işi ilə əlaqədar məşhur dramaturq barədə biliklərini zənginləşdirməyə çalışmışdır, lüğətdən geniş istifadə də ona fayda vermişdir. Ruhiyyə özünün də Şekspirin pərəstişkarı olduğunu qeyd etdikdən sonra qonağının öz tədqiqatında nələrə nail olduğu ilə maraqlanıb, ondan yeni nə varsa ona da söyləməyi xahiş etdi. Onun xahişinə Lətafət sevindi və dedi ki, bilirəm ki, Südabə xanım sizdə də ona böyük maraq oyatmışdır. Bu sözlərdən sonra o, bir nəfərə ünvanlanmış mühazirəsinə başladı.

 

- Şekspir planet tərəfindən qeyd-şərtsiz qəbul edildiyindən, onun üçün heç bir örtülü və ya naməlum coğrafi ərazi yoxdur. Britaniya imperiyasının yaranması da görkəmli dramaturqun dünyada populyarlaşmasında mühüm rol oynamışdır. Onun yaradıcılığı böyük dənizi xatırladır. Bizim dövrə onun 39 pyesi, 4 poeması, sonetləri və digər şeirlərdən ibarət zəngin irsi gəlib çatmışdır. İngiltərənin tarixinə həsr olunmuş pyeslərinə kralların adını vermişdir. Qədim Roma tarixini dahiyanə qaydada araşdırmışdır. O, bütün dünyanı fəth edə bilmişdir.

 

Şekspir 180 dilə tərcümə edilmişdir, onun böyük irsi əsasında ayrı-ayrı ölkələrdə yerli xüsusiyyətlər nəzərə alınmaqla məşhur pyeslərinə nəzirələr, təfsirlər meydana gəlmişdir. Bu sahədə də yaponlar başqalarını üstələmişlər. Azərbaycanda Şekspirin əsərləri yüz il əvvəldən tərcümə olunmuş, səhnəyə çıxarılmışdır, lakin uyğunlaşdırılmış Azərbaycan variantı yaradılmamışdır. Bəlkə də, bu əsərlərin mükəmməlliyi, kamilliyi onlara bənzətmənin keyfiyyətinin yüksək olmayacağı nöqteyi-nəzərindən bu işə girişilməmişdir. Dram teatrında tamaşaya qoyulan uğursuz pyeslərin isə Şekspir əsərləri ilə müqayisə edilməsi kimi o qədər də düzgün olmayan hallar da olmuşdu. Adi məişət konfliktinin Montekki-Kapuletti düşmənçiliyinə bənzətməklə primitiv dram əsərini "Romeo və Cülyetta" səviyyəsinə qaldırmaq cəhdi edilmişdi. Azərbaycanın meyvəçiliklə ad çıxaran bir əyaləti bu yolla Veronaya çevrilmişdi.

 

Qərb, Avropa monqol istilasına qədər Şərqin gur çiçəklənən siviliziyasından çox şey öyrənirdi. Səhradan çıxmış ərəblər İspaniyada möcüzəli arxitektura nümunələri, şəhərsalma prinsipləri yaratmışdılar. XVI əsrdən, Şekspirin yaradıcılığa başladığı dövrdən isə Qərb mədəniyyəti, Renessans dünyaya insan ruhunun yüksəkliyi dərsini verməyə başlamışdı.

 

Şekspir əvvəlcə İngiltərənin milli şairi idi, dramaturq kimi bütün dünyaya məxsus oldu, o, ehtirasları və uzun məsafədəki ölkələrin siyasətçilərini "Qlobus" teatrının səhnəsinə çıxardı. Əsrlər ərzində Yer kürəsinin özü onun mənəvi hökmranlığı altına keçdi. Tezliklə Şekspirə bütün dünya ehtiram göstərdi. Tarixdə heç bir dramaturq belə təsir gücünə malik olmamışdır. Onun əsərləri yenidən yazılmış, modernləşdirilmiş, hətta parodiyaya məruz qalmışdır və onlar operalar, baletlər, rəsm əsərləri və kino-filmlərin yaranmasını ilhamlandırmışdır.

 

Şekspirin beynəlxalq aləmi fəth etməsinin sirri nədir? Bir cavab belə ola bilər ki, Şekspir universal nağılçı idi, onun pyesləri ən sadə dilə və ya uzaq ölkəyə də çatmışdır. Əsərlərində zaman və məkan göstərilsə də, onlar çox vaxt zamansız və məkansız görünür. Çoxlu personajları, hətta yunan, latın, italyan və ispan adlarındadır və bunlar həqiqətən ekzotik təsir bağışlayır, axı Aralıq dənizi torpaqları İngiltərə sahillərindən çox uzaq idi. O, Qədim Roma tarixinin tədqiqatçısına çevrilir və pyesləri həmin dövrün cəzbedici hadisələrini təsvir edir. Xalq əhvalatlarına, köhnə rəvayətlərə, Yunanıstandan gələn klassik mifologiyaya dərindən tanış olduğunu göstərir. İngilislər üçün bu, qeyri-adi yeni bir dünya idi. İngiltərədən kənarda da Şekspirin qələmə aldığı əhvalatlar çox vaxt onlara yaxın olduğunu göstərdiyindən asanlıqla yeni dillər və mədəniyyətlər tərəfindən həzm olunurdu. Hətta Şekspirin İngiltərəyə məxsus olmasına da şübhə yaranırdı. Təsadüfi deyil ki, XVIII əsrdə Semuyel Conson Şekspiri yüksək zirvəyə qoyaraq demişdi: "Onun əsərləri həyatın xəritəsi hesab oluna bilər".

 

Avropa ölkələrindən ilk olaraq Almaniya Şekspiri ağuşuna aldı. XVII əsrin Höte, Şiller və digərləri kimi böyük alman yazıçıları onun təbii yazı üslubunu çox bəyənmişdilər. Almanlar onun poeziyasına da yüksək qiymət verirdilər. Fransada Volter ilk dəfə İngiltərədən sürgündən qayıtdıqdan sonra Şekspirə ictimai diqqəti yönəltdi, o, ingilislərin"barbar" olması ideyasını rədd etdi. Şekspirin pyesləri Paris səhnəsinə ayaq açdı. Erkən XIX əsrdə elə Viktor Hüqo kimi yazıçılar Şekspirin əsərlərinin orijinal xarakter daşıdığını qəbul etdilər.

 

Rusiya imperatriçəsi II Yekaterina alman və fransız tərcümələri ilə Şekspirə aludə olmuşdu. Puşkin, Turgenev və Çexov isə onun pərəstişkarları idi.

 

XX əsrdə Şekspirin ən tanınmış pyesləri daha çox başlıca dillərə tərcümə olundu. Britaniyalıların təsiri ilə Şekspir Persiyaya və ərəb dünyasına yayıldı. Bu ölkələrdə pyeslər çox vaxt ədəbi nəsr şəklində tərcümə edilirdi, adları dəyişdirilir və onlara mahnılar əlavə olunurdu. "Antonio və Kleopatra" Misirdə daha populyar idi, mavr Otelloya Mərakeşdə böyük maraq yaranmışdı. "Hamlet"in bir neçə ərəb versiyası meydana gəlmişdi. Hətta indi də belə rəvayət mövcuddur ki, Şekspirin özü ərəbdir və onun adı Şeyx əl-Zubairdir. Hindistanda ilk dəfə Şekspir müstəmləkə həvəskar teatr qrupu tərəfindən göstərilmişdi, indiyədək pyeslər ingilis dilində nümayiş etdirilir. XIX əsrin ortalarından bəzi pyeslər Hindistanın xeyli başlıca dillərinə tərcümə olundu.

 

Şekspir Yaponiyaya nisbətən gec gəlmişdir, axı Meyci Bərpasına qədər bu ölkə və xalq dünyadan tam izolyasiya şəraitində idi. Burada da onun pyesləri dəyişikliklərə məruz qaldı. "Yuli Sezar" və "Venesiyalı tacir" pyesləri Kabuki teatrının ənənəsinə uyğunlaşdırıldı. İndi də pyeslərin tamaşaya qoyulması onları əsasən yapon tamaşalarına bənzədir.

 

Avropa teatrlarında Şekspir faciələri və tarixi pyesləri XX əsr üçün qan tökülməsi ilə çirklənmiş güzgü rolunu oynayırdı. "Otello" və "Venesiyalı tacir" tamaşaları, həmçinin, irqi stereotipə qarşı çağırış xidməti göstərir. Qadınların ağalıq etdiyi feminizm hərəkatı pyeslərdəki atalar, ərlər və məşuqların təmsil etdikləri patriarxal dəyərləri axtarırdılar.

 

Lətafət Şekspir dünyasının çox geniş olduğunu qeyd etməklə yanaşı, ölkəmizdə onun həqiqi bilicisi professor Südabə Səfərlidən sonra özününşekspirşünas adlanması ilə razılaşmadığını bildirdi. O qeyd etdi ki, mənə məlumdur ki, siz oğlunuzu Şekspirin oğlunun şərəfinə Hamnet adlandırmısınız. Şekspirin 21 yaşı olanda arvadı Anna ona əkiz uşaq doğmuşdu, onlardan biri Cudit, digəri isə Hamnet idi. Yeganə oğlu olan bu uşaq 11 yaşında. atasının sağlığında dünyadan getmişdi. Atası isə 31 yaşlı həmin qızı Cuditin toyunda çox içdiyindən, onu titrətmə tutmuş və 52 yaşında ölmüşdü. Görünür, bu əkizlər ailəyə ölüm müjdəsi gətiribmişlər, biri özünə, digəri isə atasına bunu rəva görmüşdü.

 

Şekspiri sağlığında bəyənməyənlər də olmuşdu. Rəqibi və bu dahiyə paxıllıq edən Robert Qrin onu "bəzəkli lələklərlə gözəlləşən bambılı qarğa" adlandırmışdı. Az sonra bu haqsız və qərəzli rəy sahibi həyatdan getmişdi.

 

Lətafət dedi ki, Şekspirə sitayişə bənzər həvəsi ona Südabə xanım öyrətmişdi. Onun üçün dramaturqun zəif əsəri yox idi. Onu sonetlərini də fəlsəfi mövzudakı poeziya inciləri hesab edirdi. O, heyifsilənirdi ki, Azərbaycan Dövlət Dram Teatrı yalnız onun dörd əsərini - "Qış nağılı"nı, "Otello"nu, "Antoni və Kleopatra"nı və "Hamlet"i tamaşaya qoymuşdur. Nədənsə otuz-qırx il müddətində dahi müəllif kənarda qalmış, onun şedevrləri əvəzinə səhnəni yerli dramaturqların, əsasən, məişət mövzularında yazılmış əsərləri tutmuşdu. Qonşu Gürcüstanın Rustaveli adına Dram Teatrında "Kral Lir" pyesi isə böyük uğur qazanmışdı.

 

Mən Südabə xanımın arxivində işləmiş, onun çap olunmamış məqalələrini və eskizlərini öyrənmişəm. Həmin materiallar göstərdi ki, o, Şekspiri bütün uzunluq və en dairələrində öyrənmiş, onun hər bir əsərinə tədqiqatçı gözü ilə nüfuz etmişdir. O, gündəliyində "Kral Lir"dən götürdüyü sözləri özünə birbaşa aid edərək yazırdı ki, "biz taledən xəstə olanda, çox vaxt öz davranışımız bizi doyuzdurur". Həyatın faniliyinə sarkazm qaydasında yanaşaraq, yenə Şekspirə müraciət edərək deyir ki, belə isə "niyə it, at və siçovul da həyata malik olmamalıdır".

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 21 may.- S.22.