"Təkrarın tənhalığı"ndakı
Fərid Hüseyn
"Mənim ömrüm
bir Füzuli qəzəlinin ardıymış,
həyata bəhanəymiş
elə-belə" - misraları
Fərid Hüseynin
"Təkrarın tənhalığı"
kitabındandır. Füzulinin qəzəlləri
nəinki Azərbaycan,
hətta dünya ədəbiyyatının qəzəl
zirvəsidir. Deməli, müəllifin
söylədiyi "...həyata
bəhanəymiş elə-belə"
sətirləri sadəcə
gözdən pərdə
asmaq üçünmüş.
Qısacası, bənzətmə çox müdrikcəsinə
seçilib. Fərid
Hüseyn ömrü Füzuli qəzəlləri
kimi bütün ölçü-biçimləri yerində olan ömürdür...
Bu ömrün müəyyən
epizodlarına da şeirlərində yer ayrılıb. "Anam xörəklər kimi ömrünü də ədalətlə bölüşür",
"mən "rəhmətliyin
oğlu" və
"bacım "rəhmətliyin
qızı"dı" - sətirlərində ata adı çəkilmir, lakin ilk baxışdan ana, qardaş, bacı üçbucağı
təsiri bağışlayan
bu cümlənin məntiqi vurğusu ata sözünün üzərinə düşür.
Və müxtəlif misralarda müxtəlif üsullarla özünütəqdimin
cizgilərini görürük:
"İnsanı öz
taleyi qədər heç nə təəccübləndirmir, bu
xəbərsizlikdən doğur
min dona girmiş arzular", "yaşadıqca
insan ömür sarvanından günah karvanının dəvəsinə
çevrilir", "Özümdən
böyük qablarla su daşıyıram, bədənimin bütün
xəritəsindən tər
axır", "Sən
paklığına qovuşacağını
düşünürsən, ancaq insanlar inanmır sənin dəyişəcəyinə".
"Ürəyim yaralar
muzeyidi", "ayaqlarım
gəzdiyimiz yerlərdən
izlərini gəmirir"
- Ürək Azərbaycan
dilində sinonimi olan bədən üzvüdür. Ayaq isə əllə
əl-ələ verib
mürəkkəb söz
yaradır, ancaq ona yaraşan antonim başdır. Doğrudan da, bəzi sözlərin
gizli sövdələşməsi
çox başayaq olur. Fərid isə ürək
və ayaq sözlərindən həm
təzad, həm də doğmalıq yaradıb. Öncə yaralar muzeyi
olan ürək, sonralar "qəfəsə
bülbülün xatirəsini
danışır ürəyim"
- misraları ilə başqa bir görəvdə xidmətini
davam etdirir. Ürək işləri sevgisiz alınmır.
Fəridin sevgili misraları da bənzərsizdir. "Qəhrəmanları sevməyən
qadınlar qəhrəmandı,
sağ ol, sən də məni sevdin" - unutmaq olmaz ki,
bu eşqin qəhrəmanı da sən özünsən.
Lirik qəhrəman həm də öz sevdiyinin qəhrəmanlığını
vəsf edir. Başqa seçimi yox, "gözümün görməyə
alışmadığı qədər gözəlsən"
- etirafında gözlər
gözəllik görməyə
alışdırılır. "Mən səni
ərəb çöllərində
təs quruyanacan sevdim, ancaq dəniz
buxarlananacan unuda bilmərəm" - misraları
isə zaman məhfumuna münasibətdə
ədalətli olmağa
çalışır, sevməyin
zaman kəsiyi ilə unutmağın zaman kəsiyi arasındakı təzad mübarizə aparır.
Unutmaq feili öz hərəkətlərinə
belə haqq qazandırır: "Onlu günlərin təqvimini
düzəldəndən sonra
bilir illərdə nə az gün
varmış". Yəni hər
yaşadım dediyimiz
gün ömürdən
sayılmaz. Günlərimizi
ömrümüzə hesablayanı
isə qiymətləndirməyi
bacarmalıyıq:
Sənsiz
sevinclərim də
ələmimdir, yasımdır.
Tapdım
sevgi yolumu -
Gözlərin kompasımdır.
- bəndi sevdiyini
heca vəznində də mükəmməl etiraf etməyin sübutudur. Bu sevginin
bəhrəsi olaraq
"Səniz qaldı
məndən sonra səni bütün sevənlər". Sonra qoşması cümləyə
bir neçə məna verə bilər; Səni məndən sonra sevənləri sənsiz qoydum və ya mən bütün
sevənlərindən qabağa
düşdüm.
Sevməyin gözəl tərəfləri kimi gözəlliyə qənim tərəfləri də var: "İlahi, çox ağırdı, bir ayrı cür zülmdü sevdiyin insanları günahından tanımaq". Zülmün qələbəsinin bu cür ifadəsi ağlasığmazdır. "Tribuna kimi bezmisən məndən, həqiqəti içinə qısıb, səsini yayıram" sətirləri isə lirika ilə ictimai problemlərin sintezini görüntüləyir. Oxşar ictimai mahiyyətli nümunələrə yetərincə rast gəlmək olur: "gecə öz kəfən pulunu qaranlığın döş cibində gizlədib, istəmir əcəl ayağında ondan ötəri kimsə səhərin qapısına minnətçi düşsün", "qəbirqazanın rəhimsiz təpiyindən içi çevrilən torpaq kimiyəm - bir üzümdə həyata, bir üzümdə ölümə yer verirəm", "doğru sözləri höccələmə, səni rahat başa düşürlər - axı əzəldən yalan dilində danışırsan".
Fəridin şeirlərində
tarixlə çağımız arasındakı
bağlantıları da müşahidə
edirik. "İndi
qızıllarla bəzədilmiş saraylarda,
ötən əsrlərin laylasının şirinliyindən yeni əsrin vicdanı məst olur"
və ya "Üzüm
gəlmədi, Topqapıda qılınclardan qanları soruşum, İstanbul"
sətirləri ədəbiyyatda məskunlaşmış
mövzulardandır. Fikrin ifadə tərzini
isə özünüz görürsünüz.
Həm də ötənlərə ötkəm qiymət:
"Görünür, keçmişin
vəzifəsi həm də olanları gözümüzdə
kiçiltməkdi..." Keçmiş hər
zaman qalib gələ bilmir. Bəzən elə fəlakətlər olur ki, günü-gündən
yenilənir. Onu keçmiş
insanlar icad etsə də,
keçmişə gömmək olmur. Tarix tarixliyində qalmır, bu
günümüzə pərçimlənir. Olanlar
gözümüzdə kiçilməsin deyə onu özümüzlə bərabər
müasirləşdiririk. Bəs söhbət nədən gedir?! "Müharibədir: Əsgər
ağzında evlərindəki çörəyin xəyalını
çeynəyir" - bəli, müharibənin bu daşlaşmış qanunu
eradan əvvəlki kimi
günümüzə də keçərlidir.
"Ayağını itirmiş əlillərin
addım səsləri duyulurdu dünən
- o səslərdən bildim
ki, sevgi itmir" - tarixin
sıradan çıxara bilmədiyi, heç
müharibənin də yenə bilmədiyi sevgi.
Qədim yunan əsatirlərində çox zaman müharibələrin
sevgi üstündə
başladığını da oxumuşuq. Buna baxmayaraq hələ də, sevginin müharibəyə qalib
gələcəyi günə pənah gətiririk. Əslində
tarixə gömülməli olan və insan adına ləkə gətirən şey müharibədir. "İnsanları
gerçəklər yox, xəyallar
yaşadır, odur ki,
ilk insan qatilini ustufca unutmuşuq" və günümüzün muzdlu
qatilləri də vaxt gələcək heç nə olmamış (əslində heç nə etməmiş) kimi
unudulacaq. Çünki
"İndi yaşadığım anlar səbəblərə gözünün
ucuyla da
baxmır..." İndi indidir.
Onun mühakimə obyektləri
özünəgörədir. Səbəb nəticənin keçmişidir: "Bülbül
kababı yeyənə gül alıram, mənə
bu da azdır hələ".
Gülnar Səma
525-ci qəzet.- 2022.- 21 may.- S.19.