Rübail poeziyası - rübai cazibəsi  

 

 

Hər bir şairin yaradıcılığını ehtiva edən, onun özünəməxsus poetik əhval-ruhiyyəsidir. Sənət, həyat düşüncələri - gerçəkliklə mistika arasında görünən görünməyən fikir, düşüncə bağlantılarıdır. O, sanki yaz ağzı çay daşqınına bənzəyir. Coşub-çağladıqca məcrasına sığışmır, hisslər cilovunu dartan şair isə bu coşqun axarda özünü, sözünü axtarır... Gah nağıl qəhrəmanı kimi, gah da müdrik, səbrli, dahiyanə düşüncələrlə... Bu yaradıcılıq ehtirası isə poeziyanın daxili ab-havasından doğduğuna görə fikir formaya, yorma isə fikrə xidmət edir... Keçidlərdə, körpülərdə söz-sözə yer verə-verə...

 

Dəyərli şair, Gəncə ədəbi-mədəni mühitinin yetirməsi olan Rübailin yaradıcılığı da coşqun ehtiraslarla, forma zənginliyi, məna dərinliyi ilə müşahidə olunan bir yaradıcılıqdır. Çoxsaylı kitabların, poemaların müəllifi olan şairin müraciət etdiyi şeir formalarından biri rübaidir. Rübail poeziyasının ideya qatlarına, bədii axtarışlarına dərindən bələd olduqca bu ədəbi keçidin - rübainin qədər təbii zəruri olduğunu hiss edirsən. Bu rübailər, yetkin zəngin yaradıcılıq nümunələridir. Onların poetik ideya məna çaları klassik forma üslubuna yeni baxış, yeni düşüncə axtarışları gətirib. Rübail əsərlərində XII əsrdə yaşayıb-yaradan, rübailəri ilə böyük şöhrət qazanan Məhsəti Gəncəviyə daim sevgi ehtiram bildirib. Böyük sənətkara - Məhsəti xanıma həsr etdiyi rübailərində bu sevgi poetik dillə ifadə olunub. "Məhsəti Gəncəviyə rübailər" adlı poetik nümunələr bu ehtiramın əlamətidir...

 

Torpaqla danışdı ömrü boyunca,

 

Heç tanımadı torpaqdan uca.

 

Torpağın dilini bilən Məhsəti,

 

Döndü torpağına şair olunca.

 

Bu poetik nümunədən sonra şair Məhsəti xanımı şairlər anası kimi təqdim edərək, ona sonsuz sevgilərini elə rübai ilə ifadə edib.

 

Şairlər anası olmaq şərəfdi,

 

Məhsəti Gəncəvi belə hədəfdi.

 

Tale töhfəsidir, hər gözəl şeir -

 

Rübai gözəllik üstə sədəfdi.

 

Ustada bu sonsuz ehtiram isə poetik əxlaq, sənət mədəniyyəti, sənət örnəyidir. Rübai şeir formasına - şeir şəklinə ehtiyac Rübai poeziyasının daxili ehtiyacından doğduğunu görüb, duyub, hiss edirik.

 

Rübai açılmış süfrəyə bənzər,

 

Şairlər süfrəyə nəyi var düzər.

 

Nemətlər tükənər duzdan savayı,

 

Duzsuzlar həyatda mənasız gəzər...

 

Çox gözəl, poetik qənaətlərdir... Çünki rübai şairin dünyagörüşünü cilalayır, zamanla məkan arasında həmsöhbət olmağa zəruri poetik hazırlıq tələb edir. "Rübai şairin söz möhürüdür" qənaətinə gələn şair bu söz, sənət məsuliyyətinə sevgi ilə cavab verib... O, rübai şairin "alın təri" olduğunu dönə-dönə xatırlayır... Bu sevginin sənət payı isə onun 2015-ci ildə Moskvada nəfis şəkildə çap olunmuş "Rübailər" adlı kitabında toplanmış bir-birindən dəyərli rübai çələngidir.

 

Şairin rübailərini oxuduqca görürsən ki, bu əsərlərin bədii tutumu yığcam fəlsəfi məntiqlə həyatın olum ölüm suallarına bədii cavablardır. Dünya dəli olsa belə, insan inam axtarışındadır.

 

Bizsiz sən vardın, ay dəli dünya,

 

Neynirdin bu qədər boş əli, dünya?

 

İndi bu əllərlə silkələnirsən,

 

İtirib başını məzəli dünya.

 

Başını itirən dünyanın sabahından isə şair narahatdır. Boş əllərin harayı, savaşı dünya ilə barışmağa qoymur.

 

Rübailin rübailərində lirik mənin daxili ovqatı - ömür dialoqları, özü ilə dünya arasında söhbətləri başlayır. Ömür isə tale fürsətidi, tale qismətidi. Yaşamaq, düşünmək darıxmaq - fəlsəfi qənaət - budur. Bu daxili narahatlıq kədəridir, pozulmuş mənəvi aşınmalardır. Kəsilmiş ağacın, qurumuş budağın ahıdır.

 

Dünya dediyimiz yerdə göz yaşları axıdılır, qan-qada qorxuları insan yuxularını pozur. Ömür vaxt sarıdan korluq çəkir:

 

Vaxt yoxdu başını qaşımaq üçün,

 

Bir ömrün yükünü daşımaq üçün.

 

qədər istəsən ölməyə yer var,

 

Fəqət yer tapılmaz yaşamaq üçün.

 

 

 

Bu rübaidəki fəlsəfi qənaət insanlıq qarşısında çox suallar qoyur. İnsanlığın məğlubiyyəti, planetimizin dərdləri, şairi heç vəchlə bu hallarla barışdırmır. Şair mənəvi dəyərlərimizin aşındığı bir zamanda köhnə dostun etibarını, sədaqətini milli dəyər anlayışı kimi təqdir edir:

 

Köhnə şərab, köhnə dosttək tutdu, buraxan deyil,

 

Köhnəliyə deyilən tost tutdu, buraxan deyil.

 

Şərab ilə köhnə dostun fərqi təkcə odur ki,

 

Köhnə şərab yıxar səni, köhnə dost yıxan deyil.

 

Bu rübai bir el hikmətini yada salır: "Hər şeyin təzəsi, dostun köhnəsi".

 

Başqa bir rübaidə isə şair həyat hadisəsinə - qəfəsə salınmış pələngə acıyır.

 

Çünki qəfəs həbs olunmuş azadlıq, həbs olunmuş tale timsalında mənalandırılır. Qəfəs tapdanmış həqiqət, məğlub edilmiş ömürdür. Azadlığı alınmış pələng kimi.

 

Qəfəsdə pələnglər yaşar "firəvan",

 

Ətini, suyunu verərlər hər an.

 

Fəqət əl qaldırsan, qırpar gözünü,

 

Pələng qorxaq olur qəfəsdə yaman.

 

Əslində bu bir tale elegiyasıdır. Bu dərdin göz yaşları sətirlərə sığır, ürəyə. Bəs günahkar kimdir? Bu, oxucunun axtardığı cavabsız sualdır. Amma hardasa cavablar məlumdur. Pələng ömrünə qəfəs yaraşmaz.

 

Rübail poeziyasında yurd, vətən sevgisi başlıca qayədir, ideya mənbəyidir. Amma bu sevginin ağrılı məqamları - Qarabağ dərdi, Vətən həsrəti üsyankar vətəndaş mövqeyində bədii obraza, bədii mətləblərə çevrilib.

 

Rübainin canındakı daxili sızıltılar işıqla qaranlığın döyüşüdür. Şair isə bu ağrını yaşayan yaralı torpağın oğludur. Üzağlığı isə qələbə müjdəli günlərin əlindədir. Qarabağın taleyi hamımızın taleyidir. Amma zaman gec-tez haqqın, ədalətin tərəfində oldu. Doğma torpaqlarımızın erməni işğalından azad olunması, şanlı ordumuzun tarixi qələbəsi, narahat ruhlara təskinlik gətirirdi. Şairin ruhu indi rahatdır... Qarabağda Qələbə bayrağımız dalğalanır. O bu günü hər gün səbirsizliklə gözləyirdi.

 

Şairin rübailərində özü ilə söhbəti, etiraf məqamları da nisgilli notlarla zəngindir. Dünyanın dərdlərini çəkən ürəyin ağrıları da dincəlmək, nəfəs dərmək istəyir.

 

Ürək necə dözüb yükə, bilmirəm,

 

İndi çıxammıram dikə, bilmirəm.

 

O mənim dərdimi çəkir vaxtdı,

 

Mən onun dərdini çəkə bilmirəm.

 

nəhayət:

 

Döyünməsi zəlzələdi,

 

Tanrıdan sevgi dilədi.

 

Ürək bir rübaidi,

 

Aləm bilsin bu belədi.

 

Sözün yarpaq-yarpaq rübai qanadları... O qanadlar gecəyə, gündüzə fikir daşıyır. Gah ürəkdən, gah çiçəkdən, gah alın qırışından, gah bu gündən, gah da keçmişdən... Müdrik, aşiqanə, dərviş misallı həyatın özü isə şair ürəyində sanki bir rübaidir... Bu rübai isə gerçək həyatın nağılını pıçıldayır.

 

Rübailin rübailəri mövzu rəngarəngliyi ilə sanki əlvan bir çələngi xatırladır. Bu rübailərdə dünyanı bütün incəlikləri ilə dərk edən insanın idrak üfüqləri, sevgi qanadları, ağlı-qaralı dünyanın təzadları, məna yükünə ilmə-ilmə toxunur... Dünyanın əşrəfi isə insandır!

 

Bu dünyanın torpağı ar, suyu çox,

 

Meşələri kəc baxana yaşıl ox.

 

İnsan kimi sərvəti var bu yerin,

 

Ona görə vüqarı şah, gözü tox...

 

İnsan düşünür, mənalar aləminə yol tapır.

 

Dəniz qabarır ki, Ayla görüşsün,

 

Bulaq tələsir ki, çayla görüşsün.

 

Ay dənizdən, çay bulaqdan uzaqdır,

 

Yaz qoyarmı qışı yayla görüşsün.

 

Gözəlliyə heyranlıq oxucunu məna dərinliyinə çəkə-çəkə aparır. Bu qısa yolun mənzil başındakı məna möcüzələri, poetik ifadə rəngləri həyat, sevgi ruhunu görün, necə ucalığa yüksəldir.

 

Bu da şairin başqa bir məna çələngi... Bütövlükdə poeziyanın poetik kodu olan Çinar obrazı! Bu həm Vətən obrazı kimi əzəmətini yaşayır...

 

Gecə ay işığı əritməz qarı,

 

Boz torpaq qırmızı boyamaz narı.

 

Kolun Vətəni yox, çox yerdə bitər,

 

Hər torpaq saxlaya bilməz Çinarı...

 

Bəli, çinarın ana qucağı Azərbaycandır, ulu Gəncədir, demək istəyir şair! Bu daxili, təmkinli qürur hissləri Rübailin rübailərinin ideya rişələri, dərin qatlarıdır...

 

...Gəlimli-gedimli, dünya, ağlı-qaralı dərdlərin həmişə bizimlədir. Amma nə yaxşı ki, sözün, sənətin möcüzələri bu ayrılıqda məğlub olmur. Necə ki, görkəmli şairimiz Rübailin sənət dünyası yaşayır, oxucularını düşündürür, birlikdə gələcəyə addımlayır, demək sənətkar, şair ölmür...

 

Ruhun şad olsun, ustad!

 

İnqilab İSAQ,

 

Gəncə

 

525-ci qəzet.- 2022.- 21 may.- S.18.