Ziyalılıq nümunəsi  

 

ƏSKİ DOSTUM İSMAYIL SADIQOVUN 60 İLLİK YUBİLEYİNƏ ƏRMƏĞAN

 

Şükürlər olsun ki, əziz dostum İsmayıl müəllimə də şərəfli ömür yolunun 60 illik zirvəsini fəth etmək qismət oldu. Onun həyat salnaməsinə qısa ekskurs etməzdən əvvəl ulduz falına yenidən baxmaq qərarına gəldim. Və növbəti dəfə minilliklərin süzgəcindən keçərək günümüzə gəlib çatmış bu öncəgörmələrdə oxuduqlarım məni yenə heyrətə gətirdi. Əkizlər bürcündə dünyaya gələnlər haqqında (21 may - 21 iyun) deyilir: "... Qohum-qardaşa yaxşılıq edər, ağıllı, insaflı, mürvətlidirlər. Dost sözünü eşıdən olar, ona haram düşməz. Belə adamlar düz danışan olur, düzlüyü çox sevirlər. Hərtərəfli inkişaf etmişlər. Bu - tükənməz səbr və temperament, gözlənilməz reaksiyaya sahib insan tipidir. Əkizlər həmişə bir qədər çılğın və əsəbidirlər. Bu bürc altında doğulan ziyalıdırsa, həyata uyğunlaşmaq onun üçün çətindir. Bu bürc ən çox istər elmdə, istərsə də ədəbiyyat və incəsənətdə dahilər və istedadlı insanlar verir... Bu bürc altında doğulanlar fəlsəfə, riyaziyyat, musiqi sahəsində istedadlıdırlar..."

 

İsmayıl Calal oğlu Sadıqov (Calallı) 1962-ci il may ayının 24-də Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisə kəndində anadan olub. 1976-1978-ci illərdə Bakı şəhəri 1 nömrəli Fizika-riyaziyyat təmayüllü internat məktəbi bitirib, Bakı Dövlət Universitetində mexanika-riyaziyyat ixtisası üzrə ali təhsil alıb. Müxtəlif illərdə ölkəmizin dəmiryol, rabitə, təhsil, sosial müdafiə, gömrük sahələrində rəhbər vəzifələrdə işləmiş, eyni zamanda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elmi fəaliyyətlə məşğul olub. Hazırda Təhsil Nazirliyinə bağlı Tədris Resursları Mərkəzinin direktor müavini vəzifəsində çalışır.

 

Avtomatlaşdırma və proqramlaşdırma üzrə bir çox layihələrin müəllifi və rəhbəri olub. Azərbaycanda ilk multimedia soraqçası - "Azərbaycan: Kim Kimdir..." kompakt-diskinin (1998), "Kompüter. Bunu öyrənməyə nə var ki!..." (2005, 2008, 2011), "Beynəlxalq İnformatika Olimpiadaları" (2012), "İnformatika terminlərinin izahlı lüğəti (ingiliscə-rusca-türkcə-azərbaycanca) (2017) və digər kitabların, "Mətnlərin mürəkkəbliyi və onun qiymətləndirilməsi yolları" monoqrafiyasınıın müəllifidir. Ümumtəhsil məktəblərinin 1-11 sinifləri üçün "İnformatika" dərsliklərinin (2006 - 2022) əsas müəlliflərindən biridir. Bir neçə ali məktəb dərsliyi də İsmayıl müəllimin qələmindən çıxıb.

 

Mənim İsmayıl müəllimlə ilk tanışlığımdan 23 il ötür. 1999-cu ilin iyul ayında o vaxtlar ölkənin rabitə naziri olmuş N.Əhmədovun (Allah-təaladan ona qəni-qəni rəhmət diləyirəm) himayəsi ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kadrlar şöbəsinin rəisi vəzifəsinə təyin olundum. 2800 nəfəri birləşdirən bu böyük kollektivdə özümü qərib hiss edir və belə durumun nə qədər davam edəcəyini də təxmin edə bilmirdim. Belə qeyri-müəyyənlik şəraitində olduğum ilk vaxtlarda diqqətimi çəkən xidməti kabinetimlə qonşu otaqda fəaliyyət göstərən Lokal Kompüter Şəbəkəsi şöbəsinin rəisi İsmayıl Sadıqov oldu. Orta boylu, sağlam bədənli, yaşından yaşlı görünən, səliqə və zövqlə geyinən, məsum sifətlı, iddiasız insan təsəvvürü bağışlayan sakit təbiətli bu gənclə (o vaxtlar onun 37, mənim isə 60 yaşım vardı) aramızdakı yaş fərqinə baxmayaraq, həyata baxışlarımız, qarşılıqlı kitab mübadiləsi və mütaliə ətrafında müzakirələr, tarix, mədəniyyət, incəsənətə, sosial ədalət və ədalətsizliyə təxminən eyni prizmadan münasibətimiz aramızda olan yaş fərqini hiss edilmədən silib apardı. Biz gündə qısa zaman kəsiyində bəzən dəfələrlə görüşür, ən müxtəlif mövzularda söhbətlər edir, dərdləşir, fikir mübadiləsi aparırdıq. Artıq İsmayıl müəllimlə aramızda yaxın ünsiyyət körpüsü qurulduqdan sonra kollektivə də isinişməyə başladım, özümhiss etmədən qəriblik qiyafəsindən çıxdım...

 

Deyirlər insan üçün ən böyük müşkül özünü tanımaqdır. Bu fikrə səmavi kitablarda, dünya xalqlarının folklorunda, müdrik kəlamlarda da rast gəlirik. Özünü tanıyan ətrafdakıları da olduğu kimi (göründüyü kimi yox) tanıyır, dəyərləndirir. Özünü tanımayanlar isə heç vaxt qarşısındakını tanımaz, qiymətləndirə bilməz. Keçən əsrin ortalarında Şəkidə bir ədəbiyyat müəllimindən eşitdiyim bir bayatı yaddaşıma həkk olunub:

 

O gələn özün bilməz,

 

Danışar sözün bilməz.

 

Əyilər su içməyə,

 

Çeşmənin gözün bilməz.

 

Belə, özünü, sözünü bilməyən, tanımayanlardan kollektivimizdə də vardı. Belə şəraitdə səni başa düşən, anlayan, olduğun kimi tanıyan və dəyərləndirən insanın varlığı nə qədər önəmlidir! İsmayıl müəllimi məhz belə dəyərli insanlardan sayırdım. Onu səciyyələndirən bəzi üstün cəhətləri qeyd etməyi də lazım bilirəm.

 

Məhəmməd Peyğəmbər (s.ə.s.) buyururdu ki, haqq-ədalətin tapdalandığı yerdə susan dilsiz şeytandır.

 

İsmayıl müəllim üçün haqq-ədalət həyat meyarı, müqəddəs bir anlayışdır. Vəzifəsindən, kimliyindən asılı olmayaraq, haqq-ədalət, həqiqət tərəzisinin əyildiyi yerdə o, öz kəskin, tutarlı arqumentlərə əsaslanan, hətta bu, onun tutduğu vəzifəsinə və inkişaf karyerasına təhlükə törətsə belə, sözünü deməkdən, mövqeyini, fikrini bildirməkdən çəkinməzdi. Belə insanlar haqqında vaxtilə Ömər Xəyyam demişdir: "Hədsiz çılğın insanlar əclaflığı bacarmırlar. Onlar hər şeyi bir dəfədə və birbaşa deyirlər. Murdarlığı isə ictimaiyyətin gözündə xeyirxah görünmək üçün susqun, sakit görünənlər edərlər". O, qeyri-səmimiliyi, hiyləni və yalanı, necə deyərlər, havada tutur, tutarlı və kəsərli cavab verirdi...

 

İsmayıl müəllimin təbiətində təqdirəlayiq saydığım cəhətlərdən birionun qeyri-adi sadəliyidir. Özü də bəsit sadəlövhlüklə çox incə pərdə ilə ayrılan, lakin onunla daban-dabana zidd olan insani sadəlik. Dahi L.Tolstoy yazırdı ki, sadəlik gözəl mənəviyyat zirvəsini fəth etməkdir. İsmayıl müəllim çoxları üçün əlçatmaz olan bu zirvəni fəth etmişorada öz ləyaqətli yerini tutmuş həqiqi ziyalılardan biridir.

 

İsmayıl müəllim təbiətən həm də xeyirxah insandır. O xeyirxahlığını səxavətlə hamı ilə paylaşır və nə zamansa bu yaxşılığı yada salmaq, başa qaxmaq iddiasından tamamilə uzaq vətənpərvər, insansevər şəxsiyyət, sözün həqiqi mənasında Allah adamıdır...

 

Onun dərin mütaliəsi vardır, elmə bağlı, elmlə yaşayan, hərtərəfli biliklərə yiyələnmiş eruditdir. Bu sətirləri qələmə alarkən dostumuz Zaur İsayevdən xoş bir xəbər aldım: İsmayıl müəllim AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün uğurla dissertasiya müdafiə etmişdir. Biz, İsmayıl müəllimin dostları illərdən bəri onu dilə tutur, elmi potensialını və alimlik fəaliyyətini rəsmiləşdirməyə çoxdan mənəvi haqqı olduğunu inandırmağa çalışırdıq. Lakin həmişə şöhrətdən və elmi ambisiyadan uzaq olan İsmayıl müəllim müəyyən bəhanələrlə bizi bu fikirdən uzaqlaşdırırdı. Bu hadisəni rəmzi olaraq onun 60 yaşında elmimizə dəyərli töhfəsi, doğmalarına və dostlarına fərəh gətirən qiymətli ərməğan kimi dəyərləndiririk.

 

İsmayıl müəllim Türk dünyasının və onun ayrılmaz parçası olan doğma Vətəninin - Azərbaycanın alovlu təəssübkeşi, fədaisi, onunla yaşayan, nəfəs alan, adı gələndə ayağa qalxan əsl vətənpərvər, BÖYÜK VƏTƏNDAŞdır, Azərbaycan dilinin vurğunu, onun təmizliyi keşiyində dayanan milli aydınlarımızdandır.

 

Dahi Eynşteyn həyatında baş vermiş hansısa əlamətdar hadisəyə görə ondan muştuluq istəyən adama verməyə pulu olmadığına görə ona "xoşbəxtlik resepti" verərək deyir ki, bu sənə bütün həyatın boyu lazım olacaq. Böyük alim həmin reseptdə öz əli ilə yazmışdır: "...Daim narahatlıqla uğur, var-dövlət dalınca qaçmaqdansa, sakit və təvazökar (sadə) həyat insana daha çox xoşbəxtlik gətirir".

 

İsmayıl müəllim sanki bu resepti sırğa kimi qulaqlarından asmış, sadəlik və təvazökarlıq yolunu seçmişbu yolla inamla sabaha doğru gedir.

 

Nəslə, soya, kökə, yaddaşa bağlılıq, keçmişə körpü əsillik və əsilzadəlik əlamətidir. Əsl insanın bir ayağı keçmişdə - artıq yaşanmış həyatda, digəri yaşadığı günümüzdə olur. İsmayıl müəllimin timsalında biz onun bu keyfiyyətləri də əxz etdiyini görürük. Görkəmli alim Y.M.Lotman yazırdı ki, müəyyən təfəkkür tipi üçün " ...başlanğıcı olan mövcuddur... Kim əcdadının adını çəkə bilirsə o, mənəvi cəhətdən mövcuddur".

 

Onilliklər boyu İsmayıl müəllimlə yaxın ünsiyyətim zamanı onun daha bir xeyirxahlığa xldmət edən nəcib xarakterinin - insanlar arasında ünsiyyət körpüsü yaratmaq şakərinin də şahidi oldum. Neçə illədir ki "Məclisi-üns" adlandırdığımız ziyalı məclisinin üzvləri - professor Ədalət Tahirzadə, filologiya üzrə fəlsəfə doktoru Əsgər Quliyev, riyaziyyat üzrə fəlsəfə doktoru Zaur İsayevbu sətirlərin müəllifinin dostluq səviyyəsinə yüksələn isti, səmimi münasibətlərinə xeyir-dua verən, təşəbbüskarı da İsmayıl müəllimdir.

 

İnsanın yaş mərhələlərinin təsnifatına görə 60-74 il ahıllıq illəridir. Deməli, 2022-ci il mayın 24-də İsmayıl müəllim ömrünün ahıllıq mərhələsinə qədəm qoyur. Böyük Azərbaycan alimi mərhum akademik Azad Mirzəcanzadənin sözləri ilə desək "Keçmişdə ahılların həyat təcrübəsi ilə cavanların cəsarətinin vəhdəti mübarizlik əzminin yaranmasına, mərhumiyyətlərə dözməyə, irəliyə doğru hərəkətə kömək etmişdir. Yaşı keçmiş dövrdə insan adət-ənənələrin qoruyucusu, məsləhətçisi və həkimi kimi çıxış etmişdir, yəni o, cəmiyyətin sabitləşdiricisi olmuşdur".

 

İsmayıl Sadıqov bu funksiyanı əslində ahıl yaşına çatmamışdan çox-çox əvvəl yerinə yetirirdi. O, yaşadığı zamandan və yaşından ucada dayanan seçilmişlərdəndi. İlk tanışlığımız zamanı - 37 yaşında olanda da özünü yaşından yaşlı - ağayana, ağır aparır, az danışıb çox dinləməyə üstünlük verir, özündən yaşlılara, ağsaqqallara xüsusi ehtiram göstərirdi, elə indiki yaşında da ...

 

Büllur kim saf və təmiz, prinsipial, ədalət və həqiqət vurğunu, sayılıb-seçilən milli ziyalılarımızdan olan İsmayıl Sadıqovu (Calallını) dostları - Ədalət Tahirzadə, Əsgər QuliyevZaur İsayevin adından, eləcə də öz adımdan səmimi qəlbdən təbrik edir, ən ülvi arzularımızı yetirirdeyirik:

 

Əziz dostumuz, dəyərli müasirimiz hörmətli İsmayıl müəllim! Yaşayarat! 60 ildə fəth etdiyin zirvələrdə möhkəm dayan. Qoy, Ulu Tanrı bu zirvələrdən daha uca sədləri aşmaq üçün sənə etibarlı keçid versin. Amin!!!

 

Hikmət ƏBDÜLHƏLİMOV,

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

525-ci qəzet.- 2022.- 21 may.- S.17.