Birləşərək güclənək,
güclənərək birləşək!
CAVANŞİR FEYZİYEVİN "TÜRK DÖVLƏTLƏRİ BİRLİYİ. QLOBAL İNTEQRASİYANIN AVRASİYA MODELİ" MONOQRAFİYASI ƏTRAFINDA DÜŞÜNCƏLƏR
Yaşadığımız tarix böyük dövlətlərin və
böyük qayələrin
tarixidir. Böyük mədəniyyətlər böyük qayələrin
olduğu yerdə yaranır və biz indi bunların küllünə dünya
mədəniyyəti deyirik.
Türk qövmü, minilliklər
uzunu onun varlığını inkar
etmək istəyənlərə
öz inkar qanunları ilə cavab vermiş, dünyanın qarmaşıq
zamanlarında yeni-yeni
dövlətlər quraraq
insan cəmiyyətinə
nizam gətirib. Azərbaycanlı filosof Cavanşir Feyziyev Tanrının türkə
verdiyi quruculuq bacarığını belə
ifadə edir: "Türk dövlətlərini
və imperiyalarını
yaradan xalqlar, həm də türk sivilizasiyasının
yaradıcılarıdır. Çünki bu siyasi quruluşlar türk superetnosunun Avrasiya məkanında sivilizasiya yaratmasına böyük imkanlar açıb.
Türk sivilizasiyasının ən
qüdrətli, ən
yenilməz, tarixin bütün sınaqlarından
çıxaraq daim təkmilləşməyə qadir
forması da, Türk dövləti, Türk dövlətçiliyidir".
2021-ci ilin payızında,
Türk dövlətləri
başçılarının İstanbul sammitində Türk Dövlətləri
Təşkilatının yarandığı
elan edildi. Çağdaş dünya reallığında
yavaş-yavaş, ehtiyatla
qurulmağa başlayan
Türk Birliyi ideyası İstanbulda öz məntiqi sonluğuna çatdırıldı.
Türkdilli ölkələrinin Əməkdaşlıq Şurası
məfhumu Türk Dövlətləri Birliyinə
çevrildi. Uzun illərin
əsirliyindən sonra
yenidən müstəqillik
qazanan Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, XXI əsrdə
böyük inkişaf
yoluna qədəm qoymuş Türkiyə ilə birgə Türk Dövlətlər
Birliyinin varoluşunu dünyaya bəyan etdilər. Türkmənistan və Macarıstan
isə təşkilata
müşahidəçi statusunda
daxil oldular. Türk dövlət başçılarının
bu qurumu yaratmaq qərarı ilkin addım olsa da, tarixi
bir addım idi. Hələ 1994-cü ildə Xalq yazıçısı
Anar, "Azərbaycançılıq
barədə düşüncələr"
yazısında deyirdi:
"Türk birliyi Azərbaycan-Türkiyə birliyindən
başlayır". Bu
birliyi gəlişdirib
ən üst səviyyəyə gətirənlər
var olsunlar. Türkiyə və Azərbaycan
uzun illər müxtəlif sahələrdə
birgə layihələr
həyata keçirərək,
bütün dünyaya
türk qardaşlığının
nələrə qadir
olduğunu göstərdilər. Qazaxıstanla bir yerdə
onlar Türk Birliyinin dayanıqlığını
təmin edən üç faktor oldular. Əlbəttə, bir təşkilatı
elan etməklə, dərhal Birlik yaranmır. Bunun üçün uzun illər ərzində onun alt yapısı hazırlanır.
Onun siyasi, iqtisadi, mədəni təməlləri
hazırlanır. Bu təməllər barədə
son 20 ildə çox
yazılıb, təkrarçılıq
etmək istəmirəm.
Bu yazıda heç
məqsədim də
o deyil. Mən daha çox
Türk Dövlətləri
Birliyi ideyasının
nəzəri əsaslarını
hazırlayan fikir adamlarından biri, azərbaycanlı filosof Cavanşir Feyziyevin
2013-cü ildə nəşr
etdirdiyi "Türk Dövlətləri Birliyi.
Qlobal inteqrasiyanın Avrasiya modeli" monoqrafiyası bərədə bəzi fikirlərimi bölüşmək
istəyirəm.
Bu monoqrafiya bir türk fikir adamının indiki dünya reallıqlarında
türk qövmünün
yenidən təşkilatlanaraq,
bu qarışıq zamanda hər cür çağırışa
sinə gərmək üçün birlik qurmanın nəzəri modelidir. XXI əsrin əvvəllərində yaşayan
düşüncə adamı
Cavanşir Feyziyev artıq "türkləşmiş,
islamlaşmış, müasirləşmiş"
müstəqil türk
dövlətlərinin güclənərək
birləşib böyük
siyasət meydanına
girməsinin yollarını
arayır. Artıq onun
ortaya qoyduğu deviz "Güclənərək
birləşmək, birləşərək
güclənmək"dir. Sözün düzü, onun nəzəri əsas kimi ortaya qoyduğu əsər Türk Dövlətləri Birliyinin
elan olunmasından bir müddət öncə nəşr olunub və türk, rus, macar, özbək, qazax dillərinə də tərcümə edilib. Monoqrafiya yazıldığı dövrdə
TDB ideyası hələ
dövlət başçılarının
həyata keçirmək
istədikləri bir ideya şəklində idi və zamanı
gələndə onlar bu ideyanı gerçəyə
çevirdilər.
Mən
2011-ci ildə, Türkdilli
Dövlət Başçılarının
Almatı sammitində
qonaq kimi iştirak etmişəm, onda bu ideya
romantik bir xəyal kimi görünürdü. Türk
ölkələrində bu
ideyanı qəbul etmək istəməyən
ünsürlər də
az deyildi.
Nə ilə cəlb etdi məni C.Feyziyevin "Türk Dövlətləri
Birliyi. Qlobal inteqrasiyanın Avrasiya
modeli" kitabı?
İlk öncə tarixi reallığa sərrast, müdrik baxışı,
istər ortaq türk tarixinə, istərsə də ayrı-ayrı türk xalqlarının tarixinə
dair dərin bilgisi ilə. Bütün bunlarla bərabər ən əsası odur ki, müəllif
təklif etdiyi birlik modelinin gerçəkləşəcəyinə varlığı kimi inanır. Həm də, təklif
olunan model, yaradılacaq
birliyin konsepsiyası,
mümkün qədər
praqmatik, elmi əsaslandırmalarla verilib.
Başqalarını inandırmaq üçün,
öncə gərək,
yazdığına özün
inanasan. Mən bu mövzuda nəzəri sayılacaq çox kitablar oxumuşam, özüm də az
yazmamışam. Siyasi liderlərin
çıxışlarını dinləmişəm. Qane olmadığım məqam o olub ki, türk birliyi
romantik, dumanlı bir ideya kimi
təsəvvür olunur.
C.Feyziyev isə ortaya fundamental bir kitab qoyub. O, türklərin
yazılı mənbələrdə
əks olunan ən qədim və əzəmətli dövləti olan Hun (Hunnu) imperiyasndan başlayaraq bu günə kimi uzanan çoxsaylı dövlətlər bürclərini
bir-bir nəzərdən
keçirir, onların
keçdikləri şərəfli
və keşməkeşli
yolları bir-bir saf-çürük edir. Bir-birinin davamı olan türk dövlətləri
sırasının tarixi
ardıcıllığına rus və Qərb
alimlərinin gözü
ilə deyil, bir türk filosofunun,
bir türk aydının gözləri
ilə baxır, qazanmaları və yenilgiləri törədən
səbəbləri axtarır.
Türk imperiyalarından söhbət
düşəndə, ən
çox mübahisə
Çingiz xan xanədanının ətrafında
baş verir. Azərbaycanın tarixində də
önəmli rol oynamış bu xanədan (Elxanilər dövrü) qeyri-türk xanədanı kimi təqdim olunur. Mən bu yazıda Çingiz xanın mənşəyi və
"monqol termini barədə
danışmaq istəmirəm,
amma Çingiz xanın səltənətinin
bir türk dövləti olduğuna qətiyyən şübhəm
yoxdur. C.Feyziyev həmin dövrü
Türk-Monqol dövrü
kimi tədqiq edir, onu türk
sivilizasiyasının bir
mərhələsi kimi
göstərir və məncə bu çox gözəl bir tapıntıdır, yəqin ki, bir ayrı yazıda
mən bu barədə geniş söhbət açacam.
Tarixin dərinliklərinə
baş vuran müəllif, qədim türk sivilizasiyasının
özünəməxsus xüsusiyyətlərini,
başqa sivilizasiyalarla
fərqli cəhətlərini
müqayisəli şəkildə
araşdırır. Türk dövlətçilik
ənənəsini türk
sivilizasiyasının onurğa
sütunu adlandıraraq,
türk mədəniyyətinin
digər özəlliklərini
də ortaya qoyur. O bildirir ki, "türk mədəniyyətinin daxili
zənginliyi təkcə
dövlətçilik mədəniyyəti
ilə bitmir. Türk mədəniyyəti - sosial-siyasi
mədəniyyət, iqtisadi
mədəniyyət, mənəvi
mədəniyyət, bədii
mədəniyyət, bilgəlik
(humanitar) mədəniyyəti,
ekoloji mədəniyyət
və digər qatlara malikdir. Türk dünyasının mədəniyyət
sərvətlərini, mədəni-intelektual
həyatını tarixi-kulturoloji
planda araşdıran alimlər həmin qatları incələyərək
bu qənaətə gəlirlər ki, türk sivilizasiyası - dünya sivilizasiyaları arasında həm öz seçkinliyini saxlayan, həm də həmin sivilizasiyaların universal keyfiyyətlərini
mənimsəyərək özündə
sintezləşdirməyi bacaran
unikal hadisə olmuşdur".
Müəllif təklif etdiyi mədəniyyət sahələrini ayrı-ayrılıqda incələyərək, türk xalqlarını birləşdirən və onları başqa xalqlardan fərqləndirən xüsusiyyətlərə aydınlıq gətirir. Əsrlərlə, bəlkə də min illərlə Uzaq Şərqlə Aralıq dənizi hövzəsi arasında ticarət yollarına nəzarət edən türklər, həm də qədim dünyanın bu mədəniyyət mərkəzləri arasında bir rabitə rolunu oynamışlar. Bu mədəniyyət mərkəzləri, indiki terminologiya ilə desək, Şərq və Qərb bir-birini məhz türklərin köçləri vasitəsi ilə tanımışlar. Həm də bu köçlər yalnız Şərqdən Qərbə deyil, həm də əks istiqamətdə olub. Mən etrusklar dövrünü araşdırarkən qəribə bir paradoksla qarşılaşdım. Apennin yarımadasında yaşayan, bu gün istifadə etdiyimiz latın əlifbasını yaradan və b.e-nın II -III əsrlərindən tarix səhnəsindən silindiyi guman edilən etrusklarla (etrusklar özlərini arsina, aşina adlandırıblar), VI əsrdə tarix səhnəsinə çıxan, Altay ətəklərində Göy Türk dövlətini quran Aşina boyu arasında çox dərin bir yaxınlıq var. Yəni indi "İpək yolu" adlandırdığımız qədim ticarət marşrutu çox qədim zamanlardan türklərin nəzarətində olub. Cavanşir Feyziyev Pol Qoldenin "Dünya tarixində Mərkəzi Asiya" əsərindən belə bir sitat gətirir: "Türk (Göy Türk) imperiyası Avropanı Şərqi Asiya ilə birbaşa bağlayan ilk transAsiya dövləti olub". Türk Dövlətləri Birliyi də bu qədin ənənənin XXI əsrin 21-ci ilində yeni zühuru oldu. Düşünürəm, Azərbaycan və Türkiyənin gerçəkləşdirdiyi və İtaliyaya qədər uzanan TANAP boru xəttinin ortaya çıxması heç də təsadüfi deyil. Tarix bu və ya digər şəkildə təkrar olunur.
Gözəl və mükəmməl monoqrafiyasında Türk dövlətlər Birliyinin konsepsiyasını ortaya qoyan C.Feyziyev də, beynəlxalq hüququn subyekti olan bu qurumun, gələcəkdə Avrasiya məkanının bütövlüyünü təmin edəcəyini bildirir: Avrasiya - yalnız türk dünyasının birliyi ilə öz bütövlüyünü qazanır - deyir. Əgər klassik geopolitik paradiqmaya görə (Makkinder) İç Avrasiya məkanına sahib olan, dünyaya sahib olursa, türk dünyası da bu məkanın özəyində yaşayırsa, niyə yaşadığı ərazinin sahibi özü yox, özgələr olmalıdır? Avrasiya geopolitikasını yaradan türklər olub. Bu gün onu yaşadan və irəliyə aparan da türklər olacaq".
Mən C.Feyziyevin "Türk Dövlətləri Birliyi.
Qlobal inteqrasiyanın Avrasiya
modeli" monoqrafiyasını və türk tarixinə dair daha beş kitabını oxuyandan sonra gəldiyim nəticə
budur ki, biz böyük hadisələr
zamanında yaşayırıq və bu
hadisələrin yaranışında iştirak
edirik. Mən həmişə demişəm
ki, böyük hadisələri
böyük insanlar
yaradır və böyük insanlar böyük hadisələrdə
yaranır. Nə yaxşı ki, Azərbaycan
torpağı Türk Elinə Cavanşir Feyziyev kimi, bir düşüncə
sahibi də bəxş elədi. Bu zaman bizim
zamanımızdır, bu əsr bizim əsrimizdir.
Elxan Zal
525-ci qəzet.- 2022.- 21 may.- S.16.