Fətəli şahın erməni xacəsi
və Qriboyedovun qətli
(Əvvəli ötən şənbə
sayımızda)
Amma deyilənə
görə, Molla Məsih mürtədin kim
olduğunu bilmək istəmişdi. Söhbətin
şahın xacəsi Mirzə Yaqubdan getdiyini öyrənəndə
bir qədər fikrə getmiş, sonra xəbəri gətirənlərdən
soruşmuşdu: "Siz onun küfr
danışdığını, islamı
söyüb-yamanladığını özünüz
eşitdiniz?" Cavab təsdiqedici
olmamışdı. Onda Molla Məsih elan etmişdi ki,
şəriət qanunlarına uyğun fitva verə bilməsi
üçün ya kimsə bu sözləri öz
qulağı ilə eşitməli, ya da üç nəfər
əməlisaleh adam şahid
durmalıdır. Camaatın içindən
üç nəfər çıxıb bir neçə
gün əvvəl bir məclisdə erməni xacənin islama
lənət yağdırdığını "Mən artıq
öz həqiqi dinimə qayıtmışam. Yenidən
xristian olmuşam" - dediyi barədə etibarlı mənbədən
məlumat
aldıqlarına
şahidlik etdilər. Beləliklə, Mirzə
Yaqubun ölümünə fitva verildi.
Bəzi
İran tarixçiləri ssenarinin sarayda
hazırlandığını, 1829-cu il
yanvarın 30-da Tehrandakı rus diplomatik missiyasının
qarşısına toplananların heç kəsi
öldürmək niyyətində olmadığını
iddia edirlər. Məqsəd sadəcə bu
yolla Qriboyedovu qorxutmaq, onun sərt, ifrat tələblərindən
əl çəkməsinə nail olmaq idi. Digər mühüm məsələ xəyanət
yolunu tutmuş Mirzə Yaqubun geri qaytarılması ilə
bağlı idi. Çünki Qriboyedovun
iddialarına rəğmən, o, rus təbəəsi deyildi.
1785-ci ildə İrəvan xanlığında
doğulmuşdu. Ruslar isə İrəvanı
1827-ci ildə işğal etmişdilər. Deməli, o, əslində müstəqil
xanlığın təbəəsi sayılmalı idi.
Sonuncu İrəvan hakimi Hüseynqulu xanın Qacarlardan
olduğu nəzərə alındıqda isə təbəəlik
məsələsində Qacar sarayı Rusiyadan daha əsaslı
hüquqi və məntiqi mövqeyə malik idi.
Digər tərəfdən, Mirzə Yaqub müasir ifadə
ilə desək, dövlət sirlərinin
daşıyıcısı idi. Həm də bu sirlər yalnız
şahın şərəf və ləyaqətinə
birbaşa dəxli olan hərəm dairəsi ilə məhdudlaşmırdı
(Səfirliyin yeganə sağ qalmış əməkdaşı,
birinci katib Maltsev xarici işlər naziri qraf Nesselrodeyə məktubunda
bu məsələ ilə bağlı yazırdı:
"Saraydan göndərilən adamlar bir neçə dəfə
və israrla mərhum A.S.Qriboyedova çatdırdılar ki,
şahın xacəsi onun arvadı timsalındadır. Xacəni gətirib burada saxlamaq şahın əndərununa
girmək kimi bir şeydir. Lakin xəbərdarlığa
heç bir əhəmiyyət verilmədi").
Əvvəldə də qeyd edildiyi kimi, erməni xacə
baş xəzinədar, yəni baş bankir, yaxud maliyyə
naziri idi. Qacar dövlətinin monetar siyasətinə, qiymətli
daşlarına, ləl-cəvahirata nəzarəti də o, həyata
keçirirdi. Dövlətin maliyyə vəziyyətinə,
büdcəyə dair bütün məlumatlar əlində
idi. Ölkənin nəyə qadir
olduğunu sədrəzəmdən də yaxşı bilirdi.
Və nəhayət, onu bu mövqeyə Fətəli
şah ucaltmışdı. Özünə yeni
ağalar tapan Mirzə Yaqub isə bir an içində onilliklər
boyu inanılmış adamı olduğu monarxa və sülaləyə arxa
çevirmişdi. Keçmiş köləsinin
sayğısızlığı heç şübhəsiz,
iddialı şahda intiqam hisslərini alovlandırmaya bilməzdi.
Bu, açıq şəkildə deyilməsə
də, xainin cəzalandırılması ilk növbədə
sarayın iradəsi idi.
Ələ keçəcəyi təqdirdə
şahın Mirzə Yaqubla necə rəftar edəcəyini
proqnozlaşdırmaq çətindir. Amma ilkin mərhələdə
əsas hədəf dövlətinə və hökmdarına
xəyanət etmiş dönük erməninin rusların əlindən
alınması idi. Təbii ki, bundan
ötrü səfiri və missiya əməkdaşlarını
öldürmək, səfirliyi dağıtmaqla bağlı
heç bir plan qurulmamışdı və qurula bilməzdi.
Belə ifrat addımlar hamıdan çox
mövqeləri get-gedə zəifləyən Qacar
sarayının özünü zərbə altında qoya bilərdi.
Yəni saray açıq şəkildə
çıxış edə bilməzdi. Çox
güman, kütlə arasında böyük nüfuz sahibi
kimi tanınan Molla Məsih də sadəcə "xalq
etirazlarına" dirijorluq etmək məqsədi ilə
çağırılmışdı və ilkin mərhələdə
prosesi lazımi səmtə yönəltməyi
bacarmışdı. Amma baş verənlər həqiqətən
ssenari idisə, onu hazırlayanlar xalq qəzəbinin miqyas və istiqamətindən
xəbərsiz idilər. Tehranda artıq sərt
antirus əhval-ruhiyyəsi yaranmağa
başlamışdı. Bunu yaradan isə
rus diplomatik missiyasının əsasən erməni və
gürcülərdən ibarət olan və özlərini
böyük yol üzərindəki quldur dəstəsi kimi
aparan mənsubları idi. A.S.Qriboyedovun ermənilərlə
alyansı son iki müharibədə məğlubiyyət
acısı yaşayan siyasi elitanı və ümumən
ölkə xalqını hiddətləndirmişdi. İngilis kəşfiyyatı da altdan-altdan öz
işini görməkdə idi.
Yanvarın
29-da əsasən din xadimlərindən-hörmətli molla və
seyidlərdən ibarət dəstə bazar və
karvansaraları dolaşır, sabah
heç kəsi dükanları açmamağa
çağırırdı. Hamı bir yerə
toplaşıb rus səfirinin iqamətgahına getməli,
mürtəd Mirzə Yaqubun haqlı cəzasına
çatdırılması üçün onlara verilməsini
tələb etməli idi. Artıq
müvafiq fitva da vardı.
Ertəsi gün səhər tezdən şaha
yaxınlığı ilə tanınan başqa bir erməni
xacə - Manuçar xan Tehranda iğtişaşlara
hazırlığın son mənzərəsi ilə
bağlı bir-birindən həyəcanlı xəbərlər
almağa başladı. Odur ki, vaxt itirmədən rus
missiyasının tərkibində Tehrana gələn bacısı
oğlu Solomon Məlikyantsı səfirliyə göndərdi.
Tapşırdı ki, camaat toplanıb iqamətgaha
yürüşə başlamadan səfir lazımi tədbirlər
görsün. Əsas tələb Mirzə
Yaqubla bağlı olduğundan ilk növbədə onu bəstə
girmək - başqa sözlə desək, gizlənmək
üçün yaxınlıqdakı Şah Əbdüləzim
məscidinə göndərsin. Bu məscid müqəddəs
yer sayılırdı, orada daldalananlar amanda
hesab olunur və toxunulmazlıq qazanırdılar. Təbii ki, kütlə yüz illərin ənənəsini
pozub məscidə girməzdi. İlk
növbədə mollalar özləri buna imkan verməzdilər.
Manuçar xəbərdarlıq edirdi ki, əgər
xalq ayağa qalxsa, hökumət onları sakitləşdirmək,
qarşılarını almaq üçün heç bir
imkana malik deyil.
Kütlə isə həqiqətən qəzəbli idi. Çünki
Rusiyaya ödənilən 20 milyon gümüş manat məbləğində
kontribusiya ilk növbədə qara camaatın boğazından
çıxarılırdı. Ona görə
də ölkə sakinləri rus missiyasına diplomatik heyətdən
çox, son tikələrinin də əllərindən
almağa gələn soyğunçu dəstə kimi
baxırdılar. Öz hökumətlərinə
bəslədikləri qəzəb və nifrət də onlara
yönəlmişdi. Belə şəraitdə
vəziri-muxtarın Tehranın ortasında erməni
maraqlarının müdafiəçisi kimi
çıxış etməsi vəziyyəti daha da gərginləşdirirdi.
Səfirin birmənalı şəkildə Mirzə
Yaqubun tərəfində dayanması, onun dediklərinə əsaslanıb
şah sarayını oğurluqda ittiham etməsi diplomatik
etiketlə bir araya sığmayan qudurğan addım və
acı təhqir idi. Yaranmış şərait
isə maksimum həssaslıq və siyasi çeviklik tələb
edirdi.
Lakin Solomon özünü qaranəfəs iqamətgaha
çatdıranda məlum oldu ki, səfir hələ
yatır. Heç kəs cəsarət edib onu oyatmaq istəmirdi.
Təhlükəni sovuşdurmaq
baxımından hər dəqiqə qiymətli idi. Amma Solomon xeyli gözləmək məcburiyyətində
qaldı. Narahat edildiyi üçün əsəbiləşən
Qriboyedovun cavabı isə qısa oldu: "Əgər hər
hansı bir şəxs, xüsusən də rus təbəəsi
rus çarının bayrağına pənah gətirirsə,
onun himayəsi altında sayılır. Odur ki,
Yaqubu buradan qova bilmərəm. Amma
özü könüllü çıxıb getsə, mane
olmayacağam".
Solomon həm
Manuçar xanın sifarişini, həm də vəziri-muxtarın
sözlərini erməni xacəyə çatdıranda Mirzə
Yaqub əhvalını pozmadan dedi: "Bura gəlib
özümü qüdrətli rus bayrağına təslim
etmişəm. Əgər səfir məni iqamətgahından
qovsa, Şah Əbdüləzim məscidinə gedərəm.
Əks halda öz xoşumla heç yana tərpənməyəcəyəm.
Hətta lap tikə-tikə doğrasalar da..."
Beləcə, tərəflər vəziyyətdən
yeganə çıxış yolu olan qərarın qəbul
edilməsini bir-birinin üstünə atdılar və nəticə
etibarı ilə faciəli sonluqlarını özləri
yaxınlaşdırmış oldular.
Solomon yenilikləri çatdırmaq üçün saraya tələsəndə artıq Tehrandakı həyəcanlı əhval-ruhiyyə daha aydın hiss edilirdi. Manuçar xan xəbəri dinləyəndən sonra bacısı oğlunu eyni tapşırıqla təkrar geri qaytardı. Səfirdən bir daha xahiş edirdi ki, vaxt itirmədən Mirzə Yaqubu Şah Əbdüləzim məscidinə göndərsin. Boynuna götürürdü ki, ara sakitləşəndən sonra özü onu gətirib istədiyi yerdə rus missiyasına təhvil verəcək. Amma Qriboyedov yenə də əvvəlki mövqeyində qaldı. Onun simasında özünə himayədar tapmış Mirzə Yaqub da səfirin göstərişi, yaxud razılığı olmasa, bir addım atmayacağını təkrar etdi. Solomon son çarə kimi missiyanın tərkibində Tehrana gəlmiş başqa bir "hörmətli" ermənini - Abraham Dadaşyanı Qriboyedovun yanına göndərdi. Lakin səfir "Belə bir məsələdə sənin ortaya düşməyin tamamilə yersizdir. Bilirəm, məndən əvvəlki elçilərin vaxtında da bu cür özbaşınalıqlara yol vermisən. Özünə dəxli olmayan məsələlərə qarışmağı sənə birdəfəlik qadağan edirəm" - sözləri ilə onu yarımçıq dayandırıb otaqdan çıxardı. Beləliklə, dairə qapandı.
Burada haqlı sual yaranır. Rusiya ilə Qacarlar Türkmənçay sülh müqaviləsini imzalayandan sonra yaranan bütün mübahisəli məsələlər təbii olaraq həmin sənəd əsasında tənzimlənməli idi. Müqavilədə sülh bağlanana qədər Rusiyaya göstərdikləri xidmətə görə şah hökumətinin təqibinə uğraya biləcək İran təbəələrinə rus yardımı nəzərdə tutulurdu. Maddələrdən birində açıq mətnlə deyilirdi ki, "köməyimizi axtaran şəxs ola bilsin ki, əvvəllər (bizim üçün) çox iş görüb, lakin sonrakı davranışı ilə yerli hakimiyyətin haqlı iradına tuş olub. Belə adam heç vaxt, heç bir halda yalnız keçmiş xidmətlərinə görə rus himayəsinə ümid bəsləyə bilməz. Hətta onun şəxsində Asiyada yerli adət və qanunlar üzündən daha çox alçaldılan insan ləyaqətini qorumaq niyyəti olsa da, dövlətin daxili işlərinə bu şəkildə kobud müdaxilə həmişə nifrətlə qarşılanır və bunu edənlərin özünü pis vəziyyətdə qoya bilər".
Qəribədir ki, Türkmənçay müqaviləsinin əsas müəlliflərindən olan və iclas protokolları üçün məsuliyyət daşıyan A.S.Qriboyedov ilk təsadüfdə öz yazdıqlarının ziddinə getmişdi. Yuxarıdakı müddəaların reallıqla müqayisəsi ortaya səfirin qətiyyən haqlı olmadığını göstərən bir mənzərə qoymuşdu. Keçmişdə Mirzə Yaqubun Rusiya qarşısında heç bir xidməti olmamışdı (amma gizli casus da ola bilərdi), İran hakimiyyəti şəxsinə qarşı ciddi ittihamlar irəli sürmüşdü. Rus səfirinin qonşu dövlətin daxili işlərinə kobud müdaxiləsi ona və həmkarlarına münasibətdə haqlı nifrət yaratmışdı. Qriboyedovun Mirzə Yaqubun xətrinə yazdıqlarının üstündən belə asanlıqla xətt çəkməsi təəccüb doğurur, hərəkətlərinin motivini anlamağa imkan vermir. Amma istənilən halda burada qələbə eyforiyasının və Rusiya ilə müqayisədə Qacar İranının şəksiz zəifliyinin rolu vardı. Rus elçisi artıq sadəcə şərtləri diktə edirdi...
Manuçar xan-Qriboyedov-Mirzə Yaqub danışıqlarının ikinci raundu uğursuzluqla başa çatanda kütlə demək olar ki, rus missiyasının binasını əhatəyə almışdı. Amma hələlik heç kəs zora əl atmır, hər hansı yolla içəri daxil olmağa təşəbbüs göstərmirdi. Etirazlarını yalnız sözlə ifadə edirdilər. Qriboyedov gürcü süvarilərinə və kazakların bir hissəsinə silahlarını götürüb birinci həyətdə dayanmağı, digərinə isə binanın damına qalxıb oradan ətrafı nəzarətdə saxlamağı tapşırdı. Əsas giriş bağlandı. Səfirlik artıq mühasirə vəziyyətində idi.
Rus missiyasının yerləşdiyi kompleks Qacar şahzadələrindən birinə məxsus idi. Şah sarayından təxminən 1,5 km. məsafədə, qala divarlarının yaxınlığında yerləşirdi. Hasar içərisindəki böyük həyətdə daxili keçidlərlə birləşdirilən bir neçə iç həyət və bina vardı.
Kütlə danışıq üçün Qriboyedovun göndərdiyi nümayəndəyə əsas tələblərini çatdırdı: ruslar vaxt itirmədən Mirzə Yaqubu geri qaytarsınlar. Əks-təqdirdə bura toplaşan adamlar darvazanı sındırıb həyətə girəcək, özləri onu axtarıb tapacaq və cəzasını verəcəklər.
Bəlkə də hələ münaqişəni qan axıtmadan yoluna qoymaq imkanı tükənməmişdi. Üstəlik, saraydan da bir neçə şahzadənin tezliklə missiya binasına gələcəyi və camaatı dağıtmağa çalışacaqları barədə xəbər göndərilmişdi. Amma damdakı rus kazaklarının təhrikedici hərəkətləri səfirlik önünə toplaşanların daha da hiddətlənməsinə səbəb oldu. Kazaklar səhər yeməyi yeyirdilər. Stəkanları araq, yaxud şərabla doldurub (bəlkə də bu, sadəcə imitasiya idi) nümayişkaranə şəkildə toqquşdurur, üzlərini turşudaraq içirdilər. Bəziləri sanki aşağıda dayanan adamları da içki məclisinə qoşulmağa çağıran jestlər edirdilər. Təbii ki, bunlar tam yersiz hərəkətlər idi və vəziyyətin daha da pisləşməsinə gətirib çıxardı.
Kütlənin arasından bir neçə gənc nisbətən alçaq damlı tövlə binaları tərəfdən yuxarı dırmaşıb kazaklarla əlbəyaxa olmaq istəsələr də, din adamları onları dayandırdılar. Görünür, qarşı tərəfdəki hərəkətlilik kazakları silaha əl atmağa vadar etdi. Damdan açılan atəşlə əsas darvaza səmtində 15-16 yaşlarında yeniyetmə yaralandı və bir neçə dəqiqədən sonra öldü. Bundan sonra əsəbləri son həddə qədər gərilmiş insanları durdurmaq qeyri-mümkün idi.
Növbəti qurban həmin gün sarayla rus missiyası arasında vasitəçilik edən Solomon Məlikyants oldu. O, Qriboyedova Qacar şahzadələrinin bir azdan gələcəyi xəbərini çatdırmağa gedirdi. Eyni zamanda səfiri inandırmalı idi ki, Mirzə Yaqubu təhlükəsiz yerə aparmaq üçün onlara versin. Və beləliklə də, fəlakətin qarşısını alsın. Hətta erməni xacə öldürülsə də, qətl səfir iqamətgahından kənarda baş versin, qanı Qriboyedovun üstündə qalmasın. Lakin artıq gec idi. Çünki ruslar tərəfindən ilk qan axıdılmışdı. Cavab da çox gecikmədi. Həmin dəqiqələrdə əynində rus nissiyasının uniforması olan Solomonun meydanda görünməsi taleyini həll etdi. Onu bir anda atdan çəkib yerə saldılar. Təpik, yumruq, dəyənək zərbələri ilə işini bitirdilər. Bundan sonra hadisələrin hansı məcrada davam edəcəyi artıq heç kimdə şübhə doğurmurdu. Həmin ana qədər kütləni müəyyən qədər idarə edən seyid və mollalara daha əhəmiyyət verən yox idi. Hər tərəfdən "Cihad! Cihad!" bağırtıları və "Allahu əkbər" sədaları eşidilirdi.
Bu arada etirazçılardan bir qrupu hansı yollasa missiyanın həyətinə aparan əsas qapının qıfılını sındırıb içəri girməyə müvəffəq oldu. Qısa toqquşmadan sonra səfirliyi mühafizə edən yerli fərraşlar onları sıxışdırıb bayıra çıxara və darvazanı bağlaya bildilər. Lakin bu, hələ mübarizənin başa çatması deyildi. Əksinə, qəzəblənmiş kütlə qüvvələrini cəmləşdirib yeni hücuma hazırlaşırdı. Şəhər tam bir xaos içində idi. Hakimiyyət nümayəndələri heç yerdə gözə dəymirdilər. Əslində onların yüz min nəfərlik insan selinin qarşısını alması da qeyri-mümkün idi. Mühasirəyə düşənləri yalnız möcüzə xilas edə bilərdi.
Amma möcüzə baş vermədi.
İkinci cəhddə qapını sındırmaq mümkün oldu. Əksəriyyəti hara getdiklərinin fərqində olmayan kütlə sel kimi içəri axışdı. Doğrudur, silahlı kazakların müqavimətini qırmaq üçün müəyyən qədər vaxt itirmək lazım gəldi. Onlar isə əsas giriş qapısı uğrunda mübarizənin uduzulduğunu görüb səfirin qaldığı binaya aparan keçidi tutmağa tələsdilər. Mübarizə yalnız yerdə yox, yüksəklikdə də davam edirdi. İfrat sıxlıq səbəbindən həyətə girə bilməyənlərin bir qismi ikinci mərtəbənin damına dırmaşmışdılar. Bəziləri isə damla hərəkət edərək səfirin iş və yaşayış otaqlarının yerləşdiyi binaya qədər irəliləmişdilər.
Mirzə Yaqubun gizləndiyi otağı tapıb ilk növbədə onunla haqq-hesabı çürütdülər. Əsas məsələnin həll edildiyini düşünən molla və seyidlər bundan sonra missiya binasında qalmağa lüzum görmədilər. Hətta qalsaydılar da, çətin ki, nəyisə dəyişə bilərdilər. Ətalət qüvvəsinin təsiri altında hərəkət edən kütlə qarşısına çıxan hər şeyi vurub-dağıdırdı.
Səfirliyin 10-12 nəfər əməkdaşı vəziri-muxtarın otağına toplaşıb aqibətlərinin necə olacağını gözləyirdilər. Qriboyedov səfir mundirini geymiş, ordenlərini taxmışdı. Sadəlövhcəsinə düşünürdü ki, kütlə onun kim olduğunu biləndə əl saxlayacaq. Otağın qarşısındakı kazak dəstəsi hələ ki, duruş gətirirdi. Dar dəhlizdə əl-qol aça bilməyən adamlar damdakı yoldaşlarının yanına tələsdilər. Bir neçə dəqiqə ərzində damı söküb daşları, tirləri, kirəmid parçalarını otaqdakıların başına tökdülər. İçəri tullanıb sağ qalanların hamısının işini bitirdilər. Bir versiyaya görə, Qriboyedov bacada gizlənibmiş. Lakin son sığınacağı da onu xilas etməmişdi. Kütlə yalnız bundan sonra nisbətən sakitləşmiş, adamlar evlərinə çəkilmişdilər.
İşin maraqlı tərəfi rus missiyasına divan tutulmasının Türkmənçay sülh müqaviləsi imzalanmasının birinci ildönümü günündə baş verməsi idi.
***
Zəmanəsinin görkəmli adamlarından biri olan Qriboyedovun qətlinin günahkarları yalnız cahil, fanatik kütlə deyildi. Burada Rusiya imperiyası və Qacar sarayının da təqsiri vardı. Amma məsələyə obyektiv yanaşsaq, baş verən fəlakətin səbəbkarları sırasında "Ağıldan bəla" müəllifinin özünün və ətrafına topladığı adamların da günahı az deyildi.
XIX əsr İran tarixçisi
Rzaqulu xan Hidayət (1800-1871) "Rövzət-üs-səfa"
əsərində yazırdı ki, "rus silahının Azərbaycandakı
qələbələrindən sərməst olan Qriboyedov
özünü həddən artıq iddialı və təkəbbürlü
aparır, hətta şahla münasibətdə də
saymazyana rəftara yol verirdi. Ağıllı adamlar
deyirdilər ki, hər şeydən öncə tutduğu
elçi vəzifəsi taxt-tac sahiblərinə hörmətlə
yanaşmağı tələb edir. Lakin
Qriboyedov məsləhətlərə qulaq asmırdı.
Əyanlar onun hikkəsi qarşısında susmaqla vəziyyətdən
çıxmağa çalışırdılar. Şaha
heç nə demirdilər. Şah isə Qriboyedovun rus
imperatorunun səlahiyyətli naziri kimi ölkəyə gəldiyini,
sülh müqaviləsinin bağlanmasında iştirak
etdiyini, sarayın qonağı
olduğunu və nəhayət, Peyğəmbərin
"Qonaqlarınız kafir də olsa onların hörmətini
saxlayın" kəlamını nəzərə alaraq səfirin
əslində tənə və töhmətə layiq hərəkətlərinə
göz yumurdu".
Vilayət
QULİYEV
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2022.- 21 may.- S.10-11.