Daha çox ərzaq
tələbatı ekoloji problemləri
artıracaq
ÇIXIŞ YOLU NƏDİR?
Get-gedə dərinləşən
ərzaq böhranı
bütün dünyada
qida istehsalına marağı ciddi şəkildə artırmaqdadır. Təsadüfi deyil ki, bu
gün dünyanın,
demək olar, bütün ölkələrində
kənd təsərrüfatı
qida istehsalının
əsas mərkəzləri
sayılırlar. Burada taxılçılıq,
bitkiçilik, maldarlıq
eyni dərəcədə
əhəmiyyət kəsb
edir və həm də regional iqtisadi inkişafın nə dərəcədə
vacib olduğunu bir daha göstərir.
Dövr onu göstərir ki, yerlərdə istənilən təsərrüfat
sahəsi üçün
lazımi strukturların
yaradılması, texnikaların
qurulması, düzgün
istehsal bölgüsünün
aparılması kimi bir sıra zəruri
tədbirlər var ki, bunların hər biri bugünkü
gündə hazır vəziyyətə gətirilməlidir. Bütün bunlar
regional iqtisadi inkişafın
ilkin şərtləri,
əlifbası hesab olunur, böyük vaxt və maliyyə
tələb edir.
Dünya
ərzaq böhranı
məsələsində həyəcan
təbili çalır.
2018-ci ildə baş qaldıran iqtisadi böhran dərinləşərək bu
günə qədər
davam etməkdədir.
COVİD-19 pandemiyası dünyanın
onsuz da tərəzisi düz işləməyən tələb-təklif
çarxlarının sxemini
bir az
da pozdu və Rusiya-Ukrayna müharibəsi dünyada
qida tədarükünün
çətinləşməsi məsələsində hələ
ki kulminasiya nöqtəsi hesab olunur.
Bütün bunlar dünyanın ən böyük güclərinin diqqətini
yeraltı sərvətlərdən
yerüstü sərvətlərə
doğru çevirməsinə
səbəb olub. İndi bütün
dünya üçün
vacib olan həyati faktorlar təmiz və şirin su ehtiyatları,
əkinə yararlı
torpaqlar, iqlim məsələləridir. Çünki bunların hər
biri birbaşa insanların təməl ehtiyacı olan lazımi qidanın təmin olunması funksiyasını daşıyır.
Bu səbəbdəndir ki, artıq bir müddətdir dünya ölkələri
arasında qida təhlükəsizliyi, kənd
təsərrüfatı, iqlim
problemlərindən qaynaqlanan
yararlı su ehtiyatlarının işlənməsi
istiqamətində ikitərəfli
və çoxtərəfli
əlaqələrin genişləndirilməsinə
maraq artmaqdadır.
Bəs Azərbaycan
bu istiqamətdə hansı addımları atır? Nəyə hazırıq və
nəyə hazırlıqsız
yaxalanmışıq? Regionlarda vəziyyət nə yerdədir?
Bu gün kənd
təsərrüfatında başlıca problem dayanıqlı
intensivləşmənin reallaşdırılması
hesab olunur. Kənd təsərrüfatında
resurslardan istifadənin
intensivləşdirilməsi bütün dünyada olduğu kimi, ölkəmizdə də kənd təsərrüfatında
istifadə olunan təbiət kapitalına mənfi təsir edir, ətraf mühitin sağlamlığı
baxımından təhdid
ünsürü kimi qiymətləndirilir. Qarşıda duran məqsəd qida tədarükünü
təmin etmək üçün məhsuldarlığın
yüksəldilməsi ilə
yanaşı, bu prosesdə onun ekologiyaya vurduğu zərərin azaldılmasını
da təmin etməkdir.
Bu səbəbdən də
kənd təsərrüfatının
dayanıqlı intensivləşdirilməsi
konsepsiyasının son illər
daha geniş tətbiq olunmasına başlanılıb.
Bu günün tələbi
olan dayanıqlı intensivləşdirmə kənd
təsərrüfatında məhsuldarlığın dinamik
yüksəldilməsi, ətraf
mühitin qorunması
tələblərinin gözlənilməsi
və iqlim dəyişikliklərinə adaptasiyanın
gücləndirilməsi ilə
birbaşa əlaqəli
olmaq məcburiyyətindədir. Yəni dayanıqlı
intensivləşdirmə özündə
həm kənd təsərrüfatında modern resurslardan geniş istifadə etməklə məhsuldarlığı yüksəltməyi,
həm də bu prosesin ətraf
mühitə zərərli
təsirini minimuma endirməyi ehtiva edir. Beləliklə, kənd təsərrüfatında
intensivləşmə dedikdə,
su itkiləri, əlverişsiz və səmərəsiz texnologiyaların
tətbiqi, xammalın
hazırlanması prosesində
enerji israfı kimi amillərin aradan qaldırılması,
istehsalın həcminin
artırılmasının bu sahəyə yeni torpaq sahələri
cəlb edilmədən
aparılması nəzərdə
tutulur. Bu isə
məhsuldarlığın artırılmasında ətraf
mühit üçün
zərərli olan resursların daha az istifadə
edilməsini və torpaq sahələrinin deqradasiyasına səbəb
olan əlverişsiz təsirlərin aradan qaldırılmasını təmin
edən yanaşma və metodların tətbiqi əsasında reallaşdırılır.
Bu səbəbdən bu
gün dünyada dayanıqlı intensivləşdirməyə
kənd təsərrüfatına
innovativ yanaşma və yaşıl iqtisadiyyata keçidə həlledici element kimi baxılır. Beynəlxalq və regional qurumların
(Dünya Bankı,
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
(FAO), Avropa Birliyi) kənd təsərrüfatının
inkişafı sahəsində
rəhbər prinsipləri
müəyyənləşdirən sənədlərində də
dayanıqlı intensivləşdirmə
məsələləri yer
almaqdadır.
Qeyd edək
ki, bu konsepsiya
ilk dəfə 1990-cı illərdə
Afrika ölkələrində
kiçik kənd təsərrüfatı obyektlərində
məhsuldarlığın yüksəldilməsi üçün
istifadə olunub və sonrakı dövrlərdə bir çox ölkə bu təcrübədən
yararlanıb. Hazırkı dövrdə həm
inkişaf etməkdə
olan, həm də inkişaf etmiş ölkələrin
kənd təsərrüfatında
dayanıqlı intensivləşdirmənin
prinsiplərindən istifadə
olunur.
Göründüyü kimi, bu konsepsiyanı
tətbiq etmək üçün onun haqqında məlumatlı
olmaq kifayət deyil. Həm də kənd
təsərrüfatı üçün
düzgün regional istehsal
bölgüsünü aparmaq
və modern texnologiyaları
tətbiq etmək lazımdır.
Azərbaycan Prezidentinin "Azərbaycan
Respublikasında iqtisadi
rayonların yeni bölgüsü haqqında"
2021-ci il 7 iyul tarixli fərmanı
bu istiqamətdə atılan ən ümdə addımlardan birincisidir. Hansı məhsulun harada
yetişdirilməsi məsələsi
məqsədli təşviq
proqramları ilə birlikdə son illərdə
məhsuldarlığın artmasına səbəb olub.
Amma biz həm
də qeyd etdik ki, bu
konsepsiyanın əsas
şərti aqrar sahədə məhsul istehsalının artırılması
ilə eyni vaxtda həm də ekologiyanın qorunması arasında tarazlığın yaradılmasıdır. Burda ağıllı
kənd, yaşıl enerji konsepsiyalarına olan tələbat ortaya çıxır.
Deyə bilərik ki, bu gün ölkəmizdə bu istiqamətdə də ciddi tədbirlər görülür: sudan səmərəli istifadə haqqında qəbul olunan qərar, kənd təsərrüfatında dronlardan istifadə, rəqəmsal kənd təsərrüfatı proqramları çərçivəsində müasir texnologiyalarla regionlardakı təsərrüfat işləri getdikcə rəqəmsallaşdırılmağa doğru gedir. Bununla yanaşı, vacib amillərdən biri fermerlərin və əkinçilərin ənənəvi təsərrüfat modelindən sürətlə imtina etməsi, yeni texnologiyalar və metodlardan istifadə etməyi öyrənmələridir. Bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatıyla məşğul olan insanların da davamlı maarifləndirilməsinin vacibliyinə bir daha şahid oluruq. Hazırda bu kimi vacib işlərin daha çox diqqət mərkəzində olan işğaldan azad edilmiş torpaqlarımızda aparıldığını müşahidə edirik. Hazırda Zəngilan rayonunun Ağalı kəndinin ərazisində "ağıllı kənd" layihəsi icra edilməkdədir. Kənddə həyata keçirilən layihəyə əsasən yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələrinin qurulması daxildir. Azərbaycanın ilk "Ağıllı kənd" layihəsi gələcəkdə onun regionun digər ərazilərində də uğurla tətbiq edilməsində mühüm təcrübədir. Nəticədə kəndlərdə və regionun ucqar ərazilərində davamlı inkişafı təmin etmək mümkün olacaq.
Beləliklə, dayanıqlı regional
iqtisadi inkişaf üçün ən vacib
addımlardan biri kənd təsərrüfatının
canlandırılmasıdır. Bunun üçün kənd təsərrüfatı
sahəsində rəqəmsallaşma, innovativ
texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı
inkişafının təmin edilməsi və bu
istiqamətlərdə ölkələr arasında təcrübə
mübadiləsinin aparılması mühüm
rol oynayır.
Natəvan ABDULLA
525-ci qəzet.- 2022.- 24 may.- S.12.