Xoşbəxtlik naminə
qırılmalı qəliblər
"Qadınlar nə
istəyir?"- bu
suala bütün həyatı boyu cavab axtaran Freyd
belə ömrünün
son günlərinə kimi
buna cavab tapa bilməmişdi. Dəyişən zaman,
gender bərabərliyi, sosial-ictimai
proseslər indi bu sualın bir başqa formasını gətirir gündəmə: kişilər
nə istəyir?
Tarix boyu filosoflar, psixoloqlar, yazıçılar, şairlər
qadınların xarakter
xüsusiyyələri haqqında
danışdıqca danışıblar. Kimi qadınları
qərarsızlıqda, kimi
etibarsızlıqda, kimi
vəfasızlıqda günahlandırıb.
Ancaq kimsə tərk edilən, yarı yolda qoyulan, bilinməzliyə buraxılan
qadının halından
nəticə çıxarıb,
ona bunları yaşadan qarşı tərəfdən "nə
istəyirsən?"-deyə
soruşmayıb.
Psixologiyada qadın-kişi münasibətlərində
öz təsdiqini tapmış tendensiyalardan
biri də budur ki, qadın
ilk başda qəbul etdiyi və sevdiyi kişini hər zaman dəyişməyə çalışmadan
necə varsa, o cür də qəbul edir. Bunu təbii
ki, mən yox, elmi araşdırmalar
deyir. Kişinin isə fikri
tez-tez dəyişə,
bir qəlibdən digərinə düşə
bilər. Siz heç kişi
kökəlib deyə
onu aşağılayan,
tərk edən qadın görmüsünüzmü?
Ya da saçları, ayaqları, sinəsi, burnu xoşuna gəlmədiyi üçün,
ona illərini verən kişini tərk edib ondan daha cazibədarını
axtaran qadın? Əminəm
ki, cavabınız
"yox" olacaq.
Çünki qadın ya əvvəldən qəbul
etmir, ya da qəbul edibsə,
mənəvi, psixoloji
və fiziki şiddət olmadan, mühüm səbəblər
yaranmadan partnyorunu tərk etmir və ya onu
dəyişmək eşqinə
qapılmır. Əlbəttə, istisnalar hər zaman var və
gəlin etiraf edək ki, istisnalar
qaydanı pozmur.
Bu günlərdə tanınmış
türkiyəli psixoloq-yazıçı
Leyla Navaronun "İki boy ufak pabuç" ("İki
ölçü kiçik
ayaqqabı") kitabının
arxa qapağındakı
bu mətn diqqətimi cəlb elədi. Orada Azərbaycanda
qarşılığı "Göyçək Fatma nağılı" olan Türkiyənin məşhur
"Külkedisi" nağılından
gətirilən sitat və psixoloqun bu haqdakı düşündürücü fikirləri yazılmışdı:
"...və Külkedisi qaçarkən ayaqqabısı
ayağından çıxdı.
Səhəri gün şahzadə
ayağı bu ayaqqabıya sığacaq
gənc qızı axtarmağa başladı.
Ölkənin bütün qızları
şahzadə tərəfindən
bəyənilmək üçün
ayaqlarını daha kiçik hala necə sala biləcəklərinin təlaşına
düşmüşdülər".
Bax, o gün
bu gündür qadınlar ayaqlarını
kişilər tərəfindən
düşünülmüş qəliblərə sığışdırmağa
çalışır, belə
edərək kişinin
"şahzadəsi" olacağını
düşünürlər. Zaman keçdikcə axsamağının,
özünü depressiv
hiss etməyinin səbəblərini
ancaq öz əskikliklərində axtararaq...
və "ayaqqabının"
nə qədər səbəbkar olduğunu düşünmədən...
Kişilər isə əllərindəki
"ayaqqabıya" (və
ya xəyallarındakı
qəlibə) "ayağını"
(özünü) sığışdıracaq
qadını axtarar:
"Ayağı sıxılan"
bir qadının nə qədər gerçək, nə qədər hüzurlu, xoşbəxt olub, xoşbəxt edə biləcəyini belə düşünmədən... Və
birlikdə yalınayaq
yaşaya bilməyin xoşbəxtliyindən xəbərsizcə..."
Bəli, hələ ta uşaq yaşlarımızdan
nağıllar vasitəsiylə
beynimizə yeridilən,
sonrakı həyatımızı
şəkilləndirən qəliblərdir
bunlar. Bu sayədə
kişilər qarşındakını
istədiyi qəlibə
salmaq, əgər o qəlibə sığmazsa
və ya nə vaxtsa, o qəlibi aşarsa, onu tərk etmək,
yarı yolda qoymaq ixtiyarını özlərində görərək
başlayarlar həyata.
Qadınsa, özünü daim həyatındakı hansısa kişilərin qəliblərinə sığışdırmaq
məcburiyyətində hiss edər özünü.
Öncə atanın, sonra
qardaşın, sonra sevgilinin, həyat yoldaşının, hətta
bəzən oğulun
belə qəlibləri
qadının başdan
sona həyatını
şəkilləndirər. Bu qəliblərə uymağı xoşbəxtlik
sanan, özünü
bundan kənar təsəvvür belə
etməyən qadınlar
isə əslində,
ömrünü xroniki
bədbəxtliyindən xəbərsizcə
başa vurar.
Yaşadığımız cəmiyyət nə qədər müasirləşsə, Avropaya
inteqrasiya etsə də, hələ də hansı yeməyi belə sevdiyini, hansı tərz geyimdən xoşlandığını bilməyən,
hər hansı hadisə haqqında sərbəst mühakimə
yürütməkdən aciz
xanımlarımız var. Və
o xanımlar bir dövrdə "səssiz,
sakit, savadsız" həyat yoldaşı axtarıb, sonra eləsiylə evlənəndən
sonra gözü "savadlı, dinamik" qadınlarda qalan, buna görə də evdəki yoldaşını xor görən, bəzən isə tərk edən kişilərin qurbanlarına çevrilirlər.
Bundan xilasın tək yolu isə
uşaqlarımıza Göyçək Fatmanın, Külkedisinin nağıllarındakı
şahzadənin "pabuc" qəlibini
öyrətmək yox, cins
ayrı-seçkiliyi etmədən gələcəyə və
cəmiyyətə nə istədiyini bilən, sərbəst
düşünmək və mühakimə etmək
qabiliyyəti olan, sözünü
deməkdən heç vaxt
çəkinməyən, səhvlərindən utanan yox, dərs
çıxarmağı bacaran fərd
hazırlamaqdır. O fərd ki, həyatını
kimdən və ya kimlərdənsə
asılı vəziyyətə salmaq əvəzinə,
öz əllərində, ovcunda
toplamağı həmişəlik yaşam
amalı seçsin! Onda
cəmiyyət də, dünya da xoşbəxt qadınlar, xoşbəxt
kişilər və onların dünyaya gətirdiyi
xoşbəxt uşaqlarla gözəlləşəcək!
Şahanə Müşfiq
525-ci qəzet.- 2022.- 24 may.- S.11.