Milli Kitabxana:100-ə 1 addım qaldı
Bu gün Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasından 99 il ötür.
Bu münasibətlə, kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan Milli Kitabxanası” adlı virtual sərgi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Azərbaycanın baş kitabxanası olan Milli Kitabxana nəinki Qafqazda, yerləşdiyimiz Avropa qitəsində, eləcə də bütün dünyada tanınan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir.
Qeyd edək ki, kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir.
1939-cu ildən kitabxanaya böyük mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin adını daşıyır.
İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənib, onlarca yeni şöbə yaranıb, fondlarında ədəbiyyat sayı milyonlara, işçilərinin sayı yüzlərə çatıb.
“Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında Azərbaycan kitabının arxiv fondunu yaradır.
Bu gün Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. Dünyanın 60-a yaxın kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalamışdır.
Ümummilli lider Heydər Əliyev çıxışlarında vurğulamışdır ki, “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”. Heç təsadüfi deyildir ki, elm və mədəniyyətə yüksək qiymət verən Heydər Əliyev 4 dəfə Milli Kitabxanada olub və öz şəxsi kitabxanasından yüzlərlə kitabı kitabxanaya hədiyyə edib.
2004-ci ildə Kitabxanaya
Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib ki, bu da
kitabxananın fəaliyyətinə verilən ən yüksək
qiymətdir.
525-ci qəzet.- 2022.- 24 may.- S.9.