ADAM GEDİB YOLDAŞ OLUR QUŞLARA
Heç gözləmədiyim yerdə vurdu məni eşq...
Belə itki görməyəsən, gülüm, sən.
Görməyəsən yollar necə ağrıyır...
Bir adamın qollarında bu dünya
Şırım-şırım, küçə-küçə ağrıyır...
Adam gedib yoldaş olur quşlara...
Yavaş-yavaş öz dilini unudur,
Yavaş-yavaş quş dilini öyrənir...
Ocaq qurub can qovurur hər gecə,
Od dilini, daş dilini öyrənir...
Başı da ki, elə qalmaqaldadı...
Baş çəkəsi dərdi
hələ daldadı...
Qəlb
açası, söz
deyəsi kəsi yox,
Əl götürüb
döyməyə də
qapısı.
Gendən
baxıb bəxtəvərlik
verən çox,
Yaxın gəlib halınısa soran yox.
Söz tapılmır təsəlliyə,
ümidə,
Elə ahdı, uçub gedir içindən...
Xırda-xırda uşaqlardı yan-böyür,
İşi də ki, axşam, sabah
çək-çevir...
Belə
itki görməmisən,
gülüm, sən...
Belə
itki görməmisən...
Görmə də!..
***
DUA
İlahi,
dağına bağışla
məni,
Bağışla qurduna, quşuna
belə...
Bir ovuc dəstəmaz suyuna çək və
Bağışla, yosuna, yovşana
belə...
İlahi,
kim idim,
nə idim axı,
Bircə su damlası, bir toz dənəsi.
Hələ də fikrimi çəkirsən elə
Adam olacaqmı Adəm balası?..
İlahi,
sən məni özümdən qoru,
İlahi, sən məni özündə saxla.
Şeytan
heç, sən məni timsahdan qoru,
Daim gözlərinin
önündə saxla.
Bu gecə uzandı, yata bilmədim...
Ətrini almağa söz göndər mənə.
İnsanam, yolumu aza bilərəm,
Üstündə gəzməyə köz göndər mənə.
Mən,
səndən rahatlıq
diləmirəm ki..,
İlahi, yağışa bağışla
məni.
Küləyə, şimşəyə, qara bağışla,
Bağışla, bağışla, bağışla
məni...
***
BİR ATIM DƏRD
Çıxıb getdin...
Yenə oldu qaranlıq.
Yenə
üfüq zarıdı,
Yenə
gün bir urfalıq...
Heç
demədin, demədin
Gedərəm, bu qız ölər!..
Burnunda arı iyi
Bu cavanca yaz ölər...
Necə
ölçüb biçəsən,
Burda yıxılmış vaxtı...
Bir gecəlik yuxuyçun
Bir atım DƏRD də yoxdu...
Atəşkəsdi eləcə
O sərhəddən mənəcən...
Tikanlı məftillərdə
Quş sevgisi dən-əcəl...
Yırğalanır bu qayıq,
Adamsız
dənizimdə.
Bir gözləmək əmri
yaz
Bu solğun bənizimdə...
Sonra
get.., get, durma get...
Get, bir də görüm
səni.
Get, azım, çoxum mənim,
Get, varım, yoxum mənim...
***
DARIXMAQ VAXTI
Darıxmaq vaxtıdı təqvimdə..,
Əlimdə
bir
fincan kəklikotu çayı
mən
də qoşuldum darıxanlara...
Alnımdakı yazıları
oxuya
bilən tapılmadı...
Olmadı
köhnə
təqvimi çıxarıb
yenisini
asan...
Gözləməkdən
darıxıb getdi baxtım da...
getdi,
küsdü hamıdan...
getdi..,
qoşuldu
küçə uşaqlarına...
siqaret çəkmək
öyrənəcək...
yalanı
vərdiş edəcək..,
sonra
da
and içəcək yalanlarına...
***
ANAM YUXUMA GƏLMİR
Məndən uzaq dolanır,
Adam yaxına gəlmir.
Nədən küsüb bilmirəm,
Anam yuxuma gəlmir.
Xənalı saçlarının
Ətri dolur burnuma.
Əlləri qanad çalıb
Gəlib
qonur alnıma...
Anam yuxuma gəlmir.
Ürəyimin təpəri,
Dizlərimin taqəti,
Gözlərimin nuruydu...
O, mənim tanrım idi,
Yaradanla
yarıydı...
Haçan yır-yığış etdi,
Necə getdi.., bilmədim.
Məni
yuxuya verib,
Gecə
getdi...
bilmədim...
O gedəndən dəyişib
Evimin qibləsi
də.
Öz əliylə əkdiyi
Ağacın kölgəsi də.
Sözüm, sovum dəyişib,
Rəngim,
ruhum dəyişib,
Havam, suyum dəyişib...
Ağzımın tamı itib
Dadım,
duzum dəyişib...
...Bilsə bağrı çatlayar
Anam halımı bilmir...
Elə görməsin deyə,
Yəqin
yuxuma gəlmir...
***
DAYAQSIZ GÖY
Sanki havadan asılıb,
Bu göyün dayağı
yoxdu.
Haqq öz qələmiylə çəkib,
Bircə yad boyağı yoxdu.
İsinmir soyuq odası,
Çıxmır canından qadası.
Olubdu eşqin butası
Başında sadağa.., yoxdu.
Bəla,
bəla üstən gəlir,
Dənizlər izini yuyur.
Küləklər ətrini yayır,
Saçının darağı yoxdu...
Bir otaqdı, bir də eyvan,
Bir ayaqdı,
bir nərdivan.
İplik-iplik, damar-damar
Damının suvağı yoxdu...
Burumlanır qalxır tüstü,
Xumardı, bimardı, məstdi...
Şahnaza olanlar dərsdi
Başqa
umacağı yoxdu...
***
TÜSTÜ GÖZƏLƏ
Ocaq yanır..,
burum-burum
olub
qalxır
tüstü
"tüstü gözələ",
"tüstü gözələ"
deyib
sağa, sola burulur
ocaqçının büstü...
Yüz illərdi
nə
tüstü gözəli
tapır,
nə
ocaqçı yorulur...
amma
hər baxanda
bir
az ruhum durulur...
Ocaq yanır...
o çağ yanır...
bu
çağ yanır...
zaman
keçmişdən
gələcəyə uzanır...
Tüstü
gözələ...
***
DÜNYANIN DİVARINDA
ŞƏKİLDİ ŞAİR
Gecələr onun odasıdı,
dünyanın
divarında isə şəkildi şair...
kimsəsizlər
adası,
yorğun
dəniz,
ac balıqdı...
Qorxulu filmlər göstərən
böyük
ekran televizor kimidi...
hər
kəs öz şəklinə baxır,
öz xəyallarında
üzür,
özü kimi kimsəsizləri axtarır...
***
APARIR YOLUN ÇAPARI
Gələndə eşqin havası,
Ağlını başdan aparır.
Yaddaşını suya çəkir,
Yolu yoxuşdan
aparır.
Nağıl deyənin çoxalır,
Ağıl verənin çoxalır.
Çoxunun qəlbi yuxalır
Adını daşdan aparır...
Sökülürsən düymə-düymə,
Doğranırsan qiymə-qiymə.
Oxuyursan
"dəymə-dəymə",
Gözünü yaşdan aparır...
Aparır..,
aparır elə,
Bu yolun çaparı elə...
Öldürür "can-can" deməkdən
Dilimin qabarı elə...
Ağrılar huşdan
aparır...
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2022.- 25 may.- S.23.