Xoş gəldin, Gülnar
Ümid!
Şairlərin ən xoşbəxt olduğu anlar özündən biixtiyar qələm götürüb
bir küncə çəkilərək ruhunun
pıçıltılarını yazıya çevirdiyi anlardır. Çünki yazmasalar, dünya
boyda ağırlığın
altında qalmış
kimi əzilər ruhları. İlahinin yalnız yaradıcı
adamlara bəxş etdiyi, ilham deyilən
ruh təlatümü
yalnız o yazıdan sonra sakitləşir, fırtınası yatır.
Rəssam üçün fırça, musiqiçi
üçün musiqi
aləti, şair üçün qələm-kağızı
havasızlıqdakı adama
mütləq lazım
olan oksigen balonu kimidir - "olmazsa olmaz"ıdır.
Yaradıcı adamlara yaradıcı
mühit su kimi, qida kimi
bir tələbat növüdür.
Gülnar
Ümid də həmin seçilmişlər
kimi yaratmaq eşqi ilə mükafatlandırılıb - ən
uca Yaradan tərəfindən!
İş otağından evinə qədər, getdiyi, olduğu hər məkanda cansız əşyalardan - quru budaqlardan, əlvan yarpaqlardan, gül-çiçəkdən,
taxtadan mismardan, daşdan-dəmirdən belə
sənət əsərləri
yaradıb qəlbiduyarlıları
heyrətləndirir, təəccübləndirir
və sevindirir.
O, fırçalarla, əşyalarla
gözəlliklər yaratmaqdan
başqa, insanların
qəlbini həm də SÖZ vasitəsilə
fəth etməyi bacarır.
Və bir gün rastına
bir qadın çıxa..
Təpədən dırnağa dərdini
alıb,
ruhunu sevgiylə bağrına sıxa.
Və bir gün rastına
bir qadın çıxa..
Gözündən dünyanın silib
kədərin,
sevinci xalı tək qarşına yıxa.
Və bir gün rastına
bir qadın çıxa...
Ötən günlərinin pəncərəsindən,
açıb pərdələri
səninlə baxa...
O qadın, o İNSAN elə
Gülnardır. Bu şeirlə o, öz ruh portretini yaradıb - özü də fərqində olmadan.
Gülnarın şeirləri özü kimi zərifdir, səmimidir. Zərifliyi qədər də
dərin lirik-psixoloji ağırlığı var
onun şeirlərinin.
Buna görə deyir bəlkə: "Daşıyan
görmədim özümü
mənim..."
Şeir duyğuların sözlü
şəklidir. Hər cür duyğunun
sözə həkk olunmuş və sözlə həkk olunmuş şəkli var Gülnarın söz dünyasında.
Təbiətdən ayrı deyil
onun şeirləri.
Gah dəniz dalğalarından:
Arzular ləpələr,
ləpələrsə - təngənəfəsliyim
kimidir;
gah buludlardan:
Bir yağış yağa ki, külək islana,
Göy öz laylasını oxuya yerə.
Üşümüş küləyi bağrına basıb,
Torpaq qucağında yuxuya verə;
gah xəzəllərdən:
Sən heç ömrünün
payızında
hər tərəfinin xəzəl olduğunu bilə-bilə,
Küsmüş, yarpaqsız ağacların
altında
kölgələnə bildinmi;
gah səmadan, gah da gül-çiçəyin
arasından boylanır
Gülnar misraları...
Öz dünyası
- gerçəkdən də,
SÖZ dünyasıdır Gülnarın. Elə bir söz ki,
həsrətlilərin həsrətinə
məlhəm olar, sevgililərin sevgisinə sevinc qatar.
Dərdin hər üzünə bələd
olan bu şeirlərdə
Vətən dərdi,
övlad sitəmli ana dərdi, ümumiyyətlə, dünya
insanının dərdləri
var:
Yol göstərin, elə bir yol ki...
O yolda tək dolaşmayım.
Əllərimi tutan əllər
elə tutsun,
Yıxılanda palçıqlara bulaşmayım.
Yol göstərin, elə bir yol ki...
Yollarıma kölgə salan
ağacların,
saralmasın yarpaqları.
Yox olmasın
mənim kimi arzuları.
Yol göstərin, elə bir yol ki...
O yolda heç duyulmasın
əsgər yolu gözləyərkən,
qovuşmayan anaların
ah-naləsi.
Yol göstərin, elə bir yol ki,
Çiynimizdə əzab çəkib,
göz yaşıyla yuya-yuya.
daşımayaq əzizlərin
tabutunu.
Yol göstərin, elə bir yol ki...
O yolda olmasın yalan.
Gerçəklərlə təmizləyək,
bütün günahlarımızı.
Yol göstərin, elə bir yol ki...
Heç
olmasa bircə günlük
Həmrəy görüm, xürrəm
görüm,
İnsanları həmin yolda.
Gülnar Ümid yaradıcılığında
sevgi mövzusu geniş təsirə malikdir. Sevginin hər rəngindən, hər çalarından naxışlar
vurduğu sevgi lirikasını oxuyarkən
maraqlı bənzətmələri
xüsusilə diqqətimizi
çəkir:
Sənin
kimi yalana qarışdım,
adı olmayan quru dənizlər kimi.
***
Dən istəyər səndən
ac hisslərinə,
göz yaşından su versən də,
yoxluğunun tikəsiylə
ac qoyursan...
***
Əllərin də bir-birini döyər
İzini
itirər bir gün -
küsər ayaqların
yerdən...
"Yenə biz?!" şeiri bu mövzuda yazdığı şeirləri
- ruhunun pıçıltıları
arasında maraqlı ifadə tərzi ilə seçilir:
Yerin üzünə mirvari suyu gəldi,
adını dəniz qoydular,
gözləri kor, dili lal olsa da,
ilk sevinərək
qığıldadığı dalğaların səsi oldu,
Göy üzü də əllərindən əlil,
bizi qaldırıb öz yanında oturda bilməsə də,
göydə nə vardısa hamısını ətəyindən yerə
tökdü,
yenə biz ?!...
Gecələr, bəzilərinə kor göz,
bəzilərinə ağlayanda silə bilmək üçün
qara yaylıq oldu.
Əməllərimiz nədənsə qayğıkeş
qarışqalardan kiçik,
istəklərimiz onların arzusunda büküldü,
yenə biz?!.
Gülnar Ümidin bu ilk kitabında toplanan şeirlər onun poeziya cameəsində özünəməxsus, layiqli yerini tutacağından müjdə verir. Ona, olub-olacağı hər yerdə, yalnız və yalnız zirvədə olmağı arzu edirəm. Çünki Tanrı bu zərif ruhlu, istedadlı, xeyirxah qəlbin sahibini az yaşında geniş dünyagörüşü, rəğbətəlayiq düşüncə tərzi olması ilə hər kəsə sevdirib. Uğurlar!
Hə, bir də oxucularına söz vermişdi...
Bir şeirində "məktub" sözünü "kitab" sözü ilə əvəz etsək, belə alınır:
- Kitabımı al oxu,
söz verirəm: sən oxu,
sonra özüm gələcəm...
- Gəl... Xoş gəldin,
Gülnar Ümid!
Aygün
YAŞAR
525-ci qəzet.- 2022.- 25 may.- S.22;23.