Heyvan kimi
Esse
Salam! Mən - kiminin sevib-əzizlədiyi, sığallayıb
qucaqladığı, yem
verdiyi, kiminin də sığallayıb
qucaqlamaq, yedirtmək bir yana, hətta
toxunmağa da iyrəndiyi, rahat yaşamasına, bir canlı kimi rahat nəfəs almasına belə imkan vermədiyi heyvanam; nədənsə sizlərin bir-birinizi təhqir edəndə adından istifadə etdiyi heyvan, deyilənə görə,
sizlərdən təkcə
şüur sarıdan
fərqlənən heyvan
- sizlər kimi nəfəs ala bilən canlı... Mən itəm, pişiyəm,
donuzam, filəm, qoyunam - bütün heyvanlaram. Və mən bu gün o bütün heyvanların adından danışıb sizlərə
öz səsimizi eşitdirmək istəyirəm.
İstəyirəm göstərim ki,
əgər dilimiz olsaydı, sizlərə nələr deyərdik.
Mən itəm
- çoxlarınızın əsəbləşəndə sanki murdar bir
ad imişcəsinə adı
bir-birinizə ilə xitab etdiyiniz həmin it. Sizlər sadəcə qarşınızdakını
təhqir etmək üçün mənim adımdan istifadə edirsiniz. Amma səbəbini soruşsam,
heç özünüz
də bilməzsiniz.
Mən itəm - küçədə
gördüyünüz zaman
"Onun da canı var, onun da bədəni
zədə aldığı
zaman mənimki kimi incinə bilər" - deyə düşünmək əvəzinə,
harasına gəldi təpiklə, yumruqla, daşla, çubuqla döydüyünüz həmin
it. Amma iş öz mal-mülkünüzü
qorumağa, öz ağlınızda birinin sizə ziyan verməsinə, zərər
gətirməsinə gələndə
məndən elə gözəl istifadə edirsiniz ki... Etdiyim yaxşılığın qarşılığında
mənə "sağ
ol" demək əvəzinə, qulağını
kəsdiyiniz həmin
o itəm. Mən itəm
- "hər şeyi düşünməkdən yorulan"
beyniniz dincəlsin, siz əylənəsiniz deyə, öz həmcinsiylə döyüşdürüb
həzz aldığınız
it. Bəzən düşünmək istəyirəm ki, görəsən, mənə
etdiklərinizi sizlərə
etsəm, neyləyərsiniz?
Amma bunu düşünməkdən
belə qorxuram (onsuz da sizə
görə mən düşünə bilmirəm
ki). Bir az sizlərin
yan-yörəsində dolanıb
"baş-beyninizi aparmışam"
deyə məni diri-diri torpağa basdırmısınız, mən
də bunları sizlərə etsəm, başıma gələcəkləri
təsəvvür belə
etmək istəmirəm.
Ona görə yox ki, sizlərdən fərqli olaraq şüursuzam, ona görə ki sizlər qəddarsınız.
Bəs deyirlər siz şüurlusunuz!? Eləsə
"dünyanı lərzəyə
gətirən şüurunuz"
bunları düşünməyə
yetmirmi? Ey mənə
möhtac olan "şüurlu" insan, məncə, şüur bu deyil, məncə,
şüurlu olan siz deyilsiniz.
Mən pişiyəm - sevdiyiniz birini əzizləyəndə ona xitab edərkən adından istifadə etdiyiniz pişik. Bilirsinizmi, siz bu yaxınlarda mənim qardaşımı öldürmüsünüz? Səbəbi isə bilirsiniz nədir? Bilməzsiniz, çünki o qədər pişik öldürmüsünüz ki, hansı olduğunu xatırlamaqda şüurunuz sizə kömək etməyəcək. Elə isə qoyun "şüursuz" mən deyim bunu. Dediyim kimi, siz sevdiyiniz birini əzizləyəndə ona bizim adımızla müraciət edirsiniz - pişiyim, onu şəfqətlə oxşayır, sığallayırsınız, o da sizə sığınır, sizi qucaqlayır. Mənim qardaşım da məhz bunun - sevginin, şəfqətin, mərhəmətin mövcudluğuna inamının qurbanı oldu. Ey insan, sən o sevdiyini bizim adımızla səsləyəndə, qardaşım elə bilmişdi ki, onu səsləyirsən və dərhal sənin qucağına, qollarına atmışdı özünü. Sənsə o dəqiqə öz görünməz caynaqlarını işə salaraq yerə atmışdın onu. Amma o, yenə də sənin mərhəmətinə sığınmışdı. Çünki o, sənə inanmışdı, çünki o, sənin caynaqlarının qəlbində gizləndiyindən xəbərsiz idi. Sənsə bu dəfə daha da qorxunc vəhşiyə döndün, əsl vəhşi kimi davranaraq öz çarəsiz "şikar"ının işini anındaca bitirdin, o, bir daha sənə sarılmağa belə cəhd edə bilmədi. Sən sözün əsl mənasında onun belini sındırmış, nəfəsini kəsmişdin. Başqa bir pişik dostum da onun kimi. Sən onun da nəfəsinə son qoymuşdun. Nədir-nədir həyətindən yumurta oğurlayıb yeyirmiş. Bəs sən özün yumurta yemirsənmi? Onu öldürmək əvəzinə, heç düşünmədinmi ki, o da nəfəs alırsa, deməli, yeməyə möhtacdır yaşamaq üçün? "Dünyanı lərzəyə gətirən şüurunuz" sizi yarı yoldamı qoydu, ey "şüurlu" insan? Məncə, şüur bu deyil. Məncə, şüurlu olan siz deyilsiniz.
Mən filəm. Xatırladınız məni? Sizin bətnindəki körpəsi ilə əbədi zülmətə məhkum etdiyi həmin fil. Mənim çox xəyallarım vardı. Körpəmi dünyaya gətirmək kimi məsələn. Amma işıqlı dünyada körpəmə analıq edəcəkkən, o, mənim həyat yoluma işıq saçan bir nur olacaqkən, indi mən ona əbədi zülmətdə yoldaşlıq edirəm. Çünki o, heç bir zaman aydınlıq, açıq səma, parlaq günəş görməyib sizin kimi. Əslində, oranınmı, yoxsa burannınmı qaranlıq olduğunu hələ tam dərk edə bilməmişəm. Hətta bəzən sevinirəm, yaxşı ki, körpəm gözqamaşdırıcı işıqlar arxasında öz zülmət üzünü gizlədən bu qaranlıq dünyaya gəlmədi. Rəngli boyalarla öz zülmətinə pərdə tutan belə dünya ilə zülmətə açılan pəncərəsinə saxta rənglərə boyanmış pərdə tutmayan o dünya arasında nə fərq var ki? Ən azından körpəm orada daha təhlükəsizdir, mən onu orada qoruya bilirəm. Ən azından orada "əli yabalı şeytanlar" yoxdur. Onsuz da mən sizin əhatənizdə onu qoruya bilməyəcəkdim. Onsuz da o, böyüyəndə bəzi gözüdoymayan sizlər qarşınızdakının canlı olduğunu unudaraq (ya da bilə-bilə), nədir-nədir sizin ciblərinizi dolduracaq deyə, sizə görə "sərvət ağacı", bizim üçün isə sadəcə bir hissə, bir orqan olan sümüyünü kəsib-doğrayacaqdınız. Sadəcə bunu düşnürəm: görəsən, heçmi fikirləşmədiniz, bizim balamıza bir ziyan toxunsa, bir bəla gəlsə, biz neyləyərik? Heç düşünmədinizmi ki, bizdən şüurunun olmaması ilə fərqlənən bir heyvan vaxtilə iki insanı - Romul və Remi öz himayəsində böyüdüb axı, bəs onda "şüuru, dərrakəsi olan" bizlər niyə hələ dünyaya gəlməmiş məsum heyvana qıyırıq? "Dünyanı lərzəyə gətirən şüurunuz" bunu düşünməyə, bunu dərk etməyə yetmədimi, ey "şüurlu" insan? Məncə, şüur bu deyil. Məncə, şüurlu olan siz deyilsiniz.
Yenə deyirəm, mən bütün heyvanlaram. Mən sizlərdən öz "şüursuzluğu" ilə fərqlənən bütün canlılaram. Hələ çox danışa bilərəm. Amma düşünürəm ki, bunlar dərdimizi sizlərə anlatmaq üçün kifayətdir. Sadəcə, sizlərə anlatmaq istədim ki, mən də sizin kimi nəfəs alıb hərkət edirəmsə, deməli, mən də hiss edirəm. Bəli, bəli, düz eşitdiniz, hiss edirəm - mərhəməti də, sevgini də, qayğını da, ağrını da, hüznü də, kədəri də - hamısını hiss edirəm. Çünki bilirəm ki, sizin aranızda bizi sevənlər də var. Sizin kimi biz də yaşamaq istəyirik. Biz də sizin kimi ailəmizin yanımızda, seviklərimin güvəndə olmasını istəyirik. İnanın, sizi bizdən fərqləndirən əgər o şüurdursa, o şüur bizdə olsaydı, biz onu hər hansı bir canlını incitməyə, məhv etməyə yox, onu qorumağa, ona qayğı göstərməyə yönəldərdik. Amma yoxdur. Qəbul edirik, siz bizdən güclüsünüz, ona görə də sizin sevginizə, mərhəmətinizə sığınmaq istəyirik. Qəbul edirik, biz sizə möhtacıq, amma siz də qəbul edin ki, eynilə siz də bizə möhtacsınız. Bizim sizlərə nə qədər xeyrimiz, faydamız dəyir və qarşılığında sizlərdən çox şey istəmirik, sadəcə, istəyirik ki, bizə hörmət edəsiniz. Ən azından ona görə ki, əcdadınız heyvan olub. Bizim də canlı olduğumuzu və bir canlı olaraq acı çəkə bildiyimizi düşünün. İnsan öz acısı ilə bərabər, başqasının acısını da duya bildiyi zaman insan olur. Məncə, şüur da elə budur. Məncə, şüurlu olan sizsiniz...
Aynurə
ABBAS
BDU-nun
Filologiya fakültəsinin 3-cü kurs tələbəsi
525-ci qəzet.- 2022.- 25 may.- S.22.