Samuray mənəvi ruhu yaşayır  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Buddizmin dövləti uğurla idarə etməyə olan böyük təsirini Hindistandakı qədim Mauriya imperiyasının b.e.ə. III əsrdə dörd onillikdən artıq bir müddətdə (b.e.ə. 273-232-ci illər) hökmdarı olmuş Aşokanın hökmranlığının timsalında aydın görmək olar. Onun idarəçiliyi dövründə Mauriya dövləti çox inkişaf etmişdi. O, bütün Hindistan subkontinentini özünə tabe etmişdi, mərkəzi idarə etmə yaratmış Hindistanın mədəni birliyinə nail olmuşdu. Onun açdığı dünyada ilk ali məktəb sayılan universitetdə başqa ölkələrdən olan tələbələr təhsil alırdılar. Axı Avropada XII-XIII əsrlərdə meydana gələn ilk universitetlər Şərqin, ərəb xilafətinin ali məktəblərinin təcrübəsinə əsaslanırdı.

 

Aşoka buddizmi birdən qəbul etməmişdi. Apardığı müharibələr, qan çaylarını axıtması onu dəhşətə gətirirdi. Xüsusən Kalinqa ölkəsini, daha çox qan axıtmaqla işğal etmişdi. Buddizm təliminin əsaslarını araşdırdıqdan sonra, bu dinin təsiri ilə müharibə aparmaq siyasətindən bütünlüklə əl çəkmiş, humanist prinsiplərə əsaslanan bir dövlət qurmuşdu. İctimai rifaha, zor işlətməməyə sülhə can atması ilə fərqlənmişdi. Bunlar onun çox saydakı ediktlərində öz əksini tapmışdı. O, öz təbəələrinə doğma uşaqları kimi baxırdı. Bir ediktində yazırdı: "Mənim yeganə niyyətim odur ki, adamlar məndən qorxu hiss etmədən yaşasınlar, mənə etibar etsinlər, mən isə onlara dərd yox, xoşbəxtlik verə bilim. Onlar bilməlidir ki, kim bağışlana bilərsə, çar onu bağışayacaqdır".

 

Hakimiyyəti hesabına Aşoka buddizmi dövlət dininə çevirməsə , özü ona sitayiş edirdi.  Hindistanda bu dinin sferası xeyli genişləndi. Öz ölkəsində qonşu ölkələrdə missioner fəaliyyətinə yol açıldı. O, həm də başqa dinlərə tolerantlıqla yanaşırdı.

 

Aşoka buddizmin təsiri ilə silahlı işğalı bütünlüklə məhkum edib, dharma vasitəsilə (başqa sözlə, düzgün həyat prinsipi ilə) işğal etməyə keçdi.Buddizmin "Zor işlətməmək - ən böyük xeyirxahlıqdır" kəlamını o, hər yerdə nəqş etdirmişdi.

 

Əgər buddist dini müharibələr aparmağı və işğal etməyi ilə öyünən bir çarı - Mauriya imperiyasının hökmdarı Aşokanı əvvəlki pis əməllərindən uzaqlaşdırmışdırsa, digər dünya dinləri də belə hərəkət etsəydilər, planetdə tarix boyu gedən müharibələrin sayı xeyli azalardı. Təəssüf ki, dinlər də insanların ümdə mənafelərini deyil, çox hallarda özlərinin daha böyük sferanı əhatə etmək kimi ambisiyalarını ön plana çəkirlər. Onlar bəzən humanizm prinsiplərinə məhəl qoymayıb, hətta dövlətlər arasındakı müharibələrə rəvac verməklə də kifayətlənməyib, dini müharibələr aparmaqdan da çəkinmirdilər..

 

Xristianlar Sahibin qəbrini azad etmək adı altında XI əsrdən başlayaraq Səlib yürüşlərinə başladılar, Avropadan Asiyaya, Yaxın Şərqə hücum etdilər. İki əsr ərzində səkkiz belə qanlı yürüş baş verdi. XIII əsrin əvvəlində (1204-cü ildə) Bizans imperatorunun kömək barədə xahişinə qəribə cavab kimi, ahıl Venetsiya doju Dandolo  Konstantinopolu işğal etdi, imperator Trapezunda qaçdı və yarım əsr ərzində dövlətini oradan idarə etdi. Venetsiyalılar isə Konstantinopolda Latın respublikası yaratdılar. Katoliklər ortodoks xristianlarla mübahisələrini belə biabırçı qaydada yoluna qoydlar. Üç əsr sonra isə katoliklərin protestantlarla mübarizəsi vətədaş müharibəsinə gətirib çıxardı. 1572-ci ilin 24 avqustunda, Varfolomey gecəsində Fransa katolikləri yerli protestantlar olan huqenotların qırğınını törətdilər.

 

XVII əsrdə, 1618-1648-ci illərdəki otuz illik müharibədə katolikprotestant dövlətləri adasında geniş müharibə getdi, kardinal Rişelyenin təhriki ilə katolik Fransa əsas dövlət maraqlarını nəzərə alaraq protestantlara qarşı deyil, onların tərəfində vuruşurdu. Xristian dini öz daxilindəki ziddiyyətləri də müharibə səviyyəsinə qaldırmışdı. Vestfaliya sülhünün faydası o oldu ki, təkcə müharibəyə son qoyulmadı, həm də Avropada tarazlıq sistemi formalaşdı.

 

İslam dini də belə bəlalardan xali deyildi. Yarandığından heç yarım əsr keçməmiş xəlifə tituluna yiyələnmək üstündə sünnilərlə şiələr arasında döyüş getdi. Bu vaxta qədər qonşu dövlətlərin əraziləri hesabına xilafət xeyli böyümüşdü. İlk dörd mömin xəlifədən ikisi qətlə yetirilmişdi. Osmanlı imperiyası da həm Yaxın Şərqi, həm də Balkanları və Macarıstanı işğal etməklə böyük təhlükə mənbəyinə çevrilmişdi. XX əsrdə isə iki müsəlman dövləti - İraqla İran arasında uzun müddətli və qanlı müharibə getmişdi.

 

Buddist dini də belə xəstəliyə mübtəla oldu, buddist Yaponiyası ilə buddist Koreya XVI əsrin sonunda və XX əsrin əvvəlində vuruşdular və axırıncı müharibənin nəticəsində Koreya Yaponiyanın müstəmləkəsinə çevrildi.

 

Buddizm Yaponiya əhalisinin həyatına gur şəkildə daxil olandan sonra Samuray hərəkatına da öz güclü təsirini göstərmişdi. Samuraylar çox şeyi buddizm təlimindən götürdülər, onların yaşayış tərzinə və fəaliyyətinə yol göstərən Busido kodeksinin təməl prinsipləri yaponların özlərinə uyğunlaşdırdıqları Buddizm cərəyanı olan Dzendən irəli gəlirdi. Bu din Çindən daxil olsa da, yapon həyatının mərkəzi xüsusiyyətinə çevrildi, lakin köhnə inanc olan sintoizmi də (allahların yolunu) məhv edə bilmədi. Buddizm imperator sarayında populyarlıq qazandıqdan sonra, yaranan entuziazm aşağı rəsmi səviyyələrə keçdixalq arasında yayıldı. Yamatonun mərkəzi ərazilərində buddist məbədləri tikildi. Onlar ağacdan inşa edilirdi, Yaponiya adaları isə meşə ilə dolu idi.

 

Kondo zallarının (məbədlərin) tikildiyi dövrdə Buddizm yapon ruhi həyatında da dominantlıq etməyə başladı. IX əsrdə Fudzivara klanı hökmdara çevrildikdə, imperatorlar tədricən siyasi həyatdan xeyli geri çəkildilər. Dövlətin nominal başçısı ilə hakimiyyətin real mənbəyi arasındakı buradakı bölgü kralın dominant olduğu Avropadakı vəziyyətlə kontrast təşkil edirdi.

 

Yaponiya öz yolu ilə inkişaf edirdi, burada Çinin təsiri zəifləsə də, öz mövqeyini saxlayırdı, Çin buddizminin gəlməsi ilə isə bu təsir daha da gücləndi. Tikilən məbədlər Nepal arxitekturasının orijinal tipi olan stupalara bənzəməklə, paqoda adlanırdı. 1180-ci ildə lider Yoritomo Minamoto ilk syoqun olmaqla, imperator hakimiyyətini kölgədə qoydu. Syoqunlar Yaponiyanı demək olar ki, yeddi əsr idarə edəcəkdi. Baxmayaraq ki, onlar həmin dövrdə parçalanmış millətə ağalıq edirdilər. Baronlar öz ərazilərini idarə edirdilər, ona görə də rəqib lordlar arasında gedən münaqişə Yaponiyanın daimi xüsusiyyətinə çevrilmişdi. Döyüşçülərin professional sinfi olan samuray həmişə Yaponiya ilə birbaşa assosiya olunurdu. Əvvəllər polis funksiyasını yerinə yetirən samuray  militarist dövlətin yaranması ilə öz ayrıca hüququ olan bir seqmentə çevrildi. Onlar öz vicdan kodeksləri olan Busidoya malik idilər. Bu fikir sistemi Yaponiyada vətəndaş müharibəsi qızışanda meydana gəlmişdi. Buddizmin təməl ideyası isə Dzen-Buddizmdən çıxmışdı.

 

Samurayın döyüş aləti isə onun adı ilə adlanan qılınc idi. Samuray adətən iki qılınc gəzdirirdi, onların gödək tiyəlisindən Busdo kodeksinin tələbi əsasında seppuku icra edildikdə istifadə edilirdi.

 

Buddizmin cərəyanlarından biri olan Dzen-buddizm daosizmə yaxınlaşmaqla Çində meydana gəlmişdi. Dzen sonra Yaponiyaya keçmiş, indiyidək orada öz mövcudluğunu saxlayır. Onun görkəmli moizəçisi Bodxidxarma (VI əsr) olmuşdur. Dzen şəxsiyyətin varlığının istənilən formasına mütləq biganəliyi xarakterizə edir, bilavasitə hərəkəti, intuitivizmi moizə edirdi. Dzen yapon incəsənətinə, poeziyasına öz təsirini göstərmişdir. XX əsrin ortalarında Qərbdə populyarlıq qazanmışdı.

 

XVI əsrdə Dzenin populyarlığının artması həm yapon həyat yolunun yaxşı məlum olan nümunələrini meydana gətirdi. Buna çiçək buketi düzəltmək, çay mərasimləri landşaft bağları aid idi. Bir əsr sonra isə Dzen-Buddizm özünü gündəlik yapon həyatında da təsdiq etdi.

 

Samurayın təbiətinə, mənəvi dünyasına, bu sinfin yaranmasına və tarixinə azacıq da olsa bələd olduqda, onunla daha ətraflı tanış olmaq marağı yaranır. Necə olmuşdur ki, yeniyetmə yapon gənci qılınc gəzdirməyə və məşq etməyə başlayandan samuraya çevrilmişdir? Burada onun kəhrəba ilə bənzərliyi yada düşür. Kəhrəba şam növündən olan həmişəyaşıl ağacın qətranı olmaqla, suya düşdükdən sonra bərkiyib, daşa çevrilir, günəş şüası rəngini alır. Bu qiymətli bəzək daşı qazıntı hesabına əldə edilir. Onun başqa bir xüsusiyyəti  sürtünmə elektrik cərəyanını yaratmasıdır, yunya ipək parçaya sürtüldükdə zəif elektrik cərəyanına yiyələnir və əşyaları özünə cəlb edir. Ona görə də yunanca adlandığı "elektron" sözündən elektronelektrik terminləri meydana gəlmişdir. İranlıların Pəhləvi dilində isə kəhrəba sözü rənginə və əşyaları özünə dartmaq xüsusiyyəti nəzərə alınmaqla, tərcümədə saman və cəlb etmə kimi iki sözün vəhdətini ifadə edir.

 

Adi maye qətran başqa mühitə düşdükdən sonra mineral daş möhkəmliyinə keçirsə, yapon gənci də içərisinə düşdüyü yeni qrupdaonun qaydalarına tabe olmaqla samuraya çevrilirburada onun dünyagörüşüinsanlara münasibəti də dəyişir, onda alicənablıq, ləyaqət, sədaqət ön plana keçir, ağlasığmaz fədəkarlığa yiyələnir. Adi sayılan ümumi materialdan əslində yeni varlıq meydana gəlir. Samuray tropik meşələrdəki ağaclar çox hündür olan kimi, mənəvi  xüsusiyyətlərinə görə doğulduğu yerin başqa sakinlərindən də fərqlənir, əsaslı qaydada onlardan seçilir. Samuray uzaq dənizdəki meşəli qayalardan ibarət cazibədar bir adaya bənzəyir. Səyahətə meyl edənlər bu adanı görməyə can atırlar. Samurayla da xeyli zaman məsafəsində tanış olmaq istəyi bu alluziyanı yada salır. Samuraylar haqqında ədəbiyyat çoxdur, axı onlar bütöv bir ölkəni təmsil edirlər. Səthi tanışlıq üçün həmin kitablara müraciət etmək olar.

 

Samuraylar dünyası ilə yaxından maraqlanmaq istəyənlər üçün isə Kazumi Tabatanın "Mind power" - "Ağılın gücü", Kristofer Hellmanın "The Samurai mind" - "Samuray ağlı", Miyamoto Musasinin "The Book of Five Rings" - "Beş Həlqə kitabı" və Yamomoto Tsunetomonun "Hagakure. İn the Shadow of leaves" - "Haqakure. Yarpaqların kölgəsində" əsərlərində daha geniş məlumat vardır.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 25 may.- S.21.