"Odlar
yurdu"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Murad
Budaqovdur. Onunla Xalq rəssamı
Tahir Salahovun "Odlar yurdu" əsəri haqqında danışmışıq.
- Murad bəy, əsərin yaranma tarixçəsi haqqında
nə bilirik?
- Tahir Salahovun
"Odlar yurdu" rəsm əsəri 2007-ci
ildə ərsəyə
gəlib. Bu əsər
Azərbaycanda neftçilərin
həyat və yaradıcılığına həsr
olunmuş rəsm silsiləsini taclandırmaqdadır.
Tahir Salahov "Odlar yurdu" tablosunun üzərində on aydan çox işləyib.
- İlk baxışdan
Qız qalası neft məfhumunu görməyə imkan vermir. Yəqin burada da xüsusi bir mesaj var.
- Bəli, Tahir Salahovun sözlərinə
görə, o, açıq
dənizdə çalışan
insanların qarşılaşdıqları
təhlükəni dəfələrlə
azaldan belə bir qurğu çəkməyi çox
istəyirmiş. İncəsənət tarixçisi və tənqidçisi Yekaterina
Dyoqotun fikrincə, triptix nefti sənaye
yox, dini mənada şərh edir.
- Əsərdəki xaotik
cizgilər nədən
xəbər verir?
- Rəssam Azərbaycan
xalqının vətənsevərliyini
kətan üzərində
canlandırıb. Qız qalasının üzərindəki
və zirvəsindəki
qala mühafizəçiləri
əllərində alovlanan
dəyənəklə qalanın
mühafizəsində duraraq
şücaət göstərirlər.
Tabloda coşğun Xəzərin
ləpələrinin qalaya
çırpılması belə
sənətkar tərəfindən
çox böyük məharətlə işlənib.
- Tablo hazırda harda saxlanılır?
- "Odlar yurdu"
hazırda Bakıda - Azərbaycan Milli İncəsənət Muzeyində,
17000-dən çox eksponatın
arasında saxlanılır.
- Tablonun rəng koloriti haqqında nə deyə bilərsiniz?
- Əsərin kolorit
həllində daha çox isti rənglərə üstünlük
verilib. Tablo yağlı boya
ilə kətan üzərində çəkilib.
Ölçüləri 225sm x 580 sm-dir. Əsərdəki rənglər tünd qırmızı rəngdən başlayaraq
açıq yaşıl
rəngə kimi dəyişir. Burada rəssam isti
rənglərlə yanaşı,
soyuq rənglərdən
də istifadə edib. Ümumilikdə isə tablonun
kolorit həlli isti və tünd
rənglər üzərində
qurulub. Kompozisiyanın yuxarı sol hissəsi
tünd göy, sağ hissəsi isə qırmızı və narıncı rənglər üzərində
işlənib. Qala isə
əsasən narıncı
və tünd qara rənglərlə təsvir olunub.
Xəzərin ləpələrinin qalaya çırpılması
insanların əllərinin
yuxarıya qaldırması
və qalanın yuxarı hissəsinin yanması əsərdə
ön mövqedə təsvir olunmaqdadır .
- Bəs kompozisiyası necə?
- "Odlar yurdu"
kiçik səthi yazmalarla çəkilib. Xəzər dənizinin
dalğaları və
ləpələrin qalaya
çırpılması məharətlə
işlənib. Kompozisiyanın mərkəzində çılğın
dayanan Qız qalası və qalanın ətrafında əlləri yuxarı olan və əllərində
alov olan əhali, qalanın cəngavərləri və
döyüşçüləri təsvir olunub. Əsərdə göy üzü
çox tutqun, yer isə yaşıl
rənglərlə bəzədilib.
Tabloya diqqətlə nəzər
yetirəndə, triptixtin mərkəz
hissəsində "Xəzər
bu gün" əsərini, triptixtin sol
tərəfində Atəşgah,
sağ tərəfində
isə Qız qalasını görürük.
- Sizcə, bu əsər bizə nə deyir?
- Tahir Salahovun Xəzərə marağı
həyatı boyu səngimir və 2007-ci ildə çəkilmiş
daha bir nəhəng əsəri
- "Ənənələr və müasirlik: Odlar yurdu" adlı 6 metrlik triptixinə (bir fikir, mövzu və süjetdə birləşmiş üç
rəsm əsəri) neft mövzusunun kuliminasiyası kimi baxılır. Bu tablo
Azərbaycanın salnaməsi,
memarlığımızın qədim dövrlərdən
bugünədək olan
tarixidir. T.Salahovun istedadı
günəş, söz
və iradə qədər güclüdür.
Onun qəhrəmanı zamandır.
Onun zamanı keçmiş və gələcək deyil, onların arasında əlaqə yaradan andır - bu gündür. Ona görə də T.Salahovun rəsmləri müasirlik-gənclik enerjisi
və yüksək sənətkarlıqla çəkilib.
Rəssam yaradıcılığında neft mövzusuna xüsusi yer verir. Bakı şəhəri - neftçi əməyinin romantik məkanı hesab edilir. Şəhər neftlə, neft
hasilatı ilə sıx bağlıdır.
Ümumiyyətlə, bu mövzu
hər zaman rəssamları cəlb edib. Tahir Salahov isə
dəfələrlə kətan
üzərində Bakı
neftçisinin obrazını
yaradıb.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 25 may.- S.20.