Güclü milli sənayeyə
doğru addım-addım irəli
Azərbaycan öz iqtisadi imkanlarından iqtisadi tərəqqi üçün
hələ yenicə faydalanmağa başlayır. Güclü iqtisadiyyat
yaratmaq üçün
Azərbaycanda yetərincə
əlverişli coğrafi
şərait var. Torpaqlarımız
həm böyük təbii ehtiyatlara sahib, həm də məhsuldarlıq potensialına
malikdir.
Bəs necə
olur ki, bunca sərvəti olan, altı da, üstü də qızıl olan bu torpaqlarda
sənayeləşmə prosesi
sürətlə getmir?
Düzdür, ölkə başçısının
apardığı sosial-iqtisadi
islahatlar ötən onilliyə nəzərən
bir çox sahədə işsizliyi aradan qaldırıb və regional iqtisadi inkişafa böyük təkan verib. Amma əhalinin
rifah səviyyəsində
davamlı dəyişikliklər
göstərir ki, iqtisadi inkişaf, iqtisadi güclənmə və nəhayət, güclü iqtisadiyyatın
möhkəmləndirilməsi istiqamətində hələ
xeyli yol qət etməliyik. Çünki istər geopolitik
məsələlər, regional siyasi gərginliklər, istər qlobal iqlim problemləri, ekoloji çirklənmələr,
istərsə də qlobal-iqtisadi böhranın
dərinləşməsi təbii
olaraq birbaşa vətəndaşların sosial-iqtisadi
vəziyyətinin mənfiyə
doğru dəyişməsinə
səbəb olur.
Birbaşa ölkə iqtisadiyyatına
mənfi təsir göstərən amillər
təbii ki, əhalinin rifah səviyyəsinə də
təsirsiz ötüşmür.
Bəs niyə
biz bu vaxta qədər iqtisadi dayanıqlığımızı yetərincə gücləndirə
bilməmişik? Axı illərdir torpağımızın
altında neft, qaz, qiymətli metallar, üstündə isə ucsuz-bucaqsız pambıq, taxıl zəmiləri yatır.
Bizi necə
yağmaladılar?
Bunun səbəbi
vətənimizin iki əsrə yaxın imperiyaların tərkibinə
zorla qatılması və tam asılı vəziyyətdə olan Şimali Azərbaycanın
böyük imkanlarından
öz iqtisadi tərəqqisi üçün
istədiyi kimi istifadə edə bilməməsidir.
Azərbaycan öz milli tərəqqisi
üçün uzun illər belə əlverişli imkanlardan nəinki məhrum olub, hətta imperiyaların böyük
maraqlarına xidmət
edən neft sənayesinin inkişafı
nəticəsində Azərbaycana
onun ancaq mənfi fəsadları miras qalıb. Həmin mənfi
fəsadlardan biri də o illərdə Azərbaycan iqtisadiyyatında
neft sənayesinin mütləq hakimliyi ilə onun birtərəfli
inkişaf etdirilməsi
idi. Neft-qaz sənayesi və
onunla əlaqədar olaraq yaradılan istehsal kompleksi əsasən Abşeronda yerləşirdi. Bu da Abşeron iqtisadi regionu ilə ölkənin başqa regionları arasında ümumi iqtisadi inkişaf səviyyəsinə görə
fərqlər yaradırdı.
Bu cəhətdən uzun
müddət regionlarda
yerli sərvətlərdən
istifadənin xarakteri də kökündən dəyişdi, iqtisadiyyatın
digər sahələrində
olduğu kimi, kənd təsərrüfatında
da resurs potensialı dağıldı. Məlumdur ki,
əvvəlki dövrlərdə
Azərbaycanın çox
qiymətli təbii sərvətləri xammal,
yaxud ilkin emaldan sonra yarımfabrikat
kimi başqa yerlərə göndərilirdi.
Növbəti emal mərhələləri
əsasən Sovet İttifaqının başqa
yerlərində davam etdirilirdi.
Beləliklə, deyə bilərik ki, uzun illər
imperiyaların tərkibində
olan hər bir dövlət kimi, Azərbaycanın da təbii sərvətləri
istismar olunmuş, yağmalanmış, dağıdılmışdı. Ağaların, bəylərin tələblərini,
qarşımıza qoyduqları
öhdəlikləri qarşılamaq
üçün öz
xalqımız öz torpaqlarımızda qul kimi çalışırdı.
Müstəqillik dövründə isə onlardan bizə miras qalan çirklənmiş
ekologiya və səmərəsiz istifadə
nəticəsində korlanmış
torpaqlar dərin
regional disbalansa səbəb
oldu. Bu təsirləri
aradan qaldırmaq, insanların əmək vərdişlərini yenidən
qurmaq və yeni yerli istehsal
müəssisələri yaratmaq
yetərincə uzun vaxt tələb edirdi.
Dirçəliş mərhələsi
Müstəqillik dövründə ölkədə
əsaslı aqrar islahatların həyata keçirilməsi və dövlət siyasəti çərçivəsində kənd təsərrüfatına
prioritetlik verilməsi
tənəzzül proseslərinin
dayandırılmasına və
artım dinamikasının
qərarlaşmasına təminat
yaratdı. Modern giriş
resurslarının geniş
istifadəsi ilə kənd təsərrüfatı
yenidən intensivləşdirmə
yoluna çıxdı.
Bu gün də
keçirilən aqrar
islahatlar, kənd təsərrüfatı fəaliyyətinin
vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası
və damazlıq heyvan satışı bazarının liberallaşdırılması,
aqrar sahədə ixtisaslaşmış şirkətlər
üçün geniş
investisiya imkanlarının
yaradılması ölkəmizdə
köklü iqtisadi inkişafa təkan verən ən vacib amillərdəndir.
Regionların hərtərəfli istehsal
potensialının ildən-ilə
artması göz qabağındadır. Hələlik dövlət qayğısı
ilə yaşayan və inkişaf edən regionlar artıq qeyri-neft sektoru sahələrinin sürətlə şaxələnməsi
və yüksəlişi
hesabına dövlət
büdcəsinin daha da artmasında rol oynamağa başlayıb.
Hazırda Azərbaycanın təbii
sərvətlərindən son məhsullar almaq üçün ölkənin
özündə emal müəssisələri yaradılır. Məsələn, Gədəbəydə yerli
xammal əsasında qızıl istehsal olunur və dünya bazarlarına çıxarılır. Mütəxəssislərin
hesablamalarına görə,
Gədəbəy yataqlarında
qızıl, gümüş
və mis ehtiyatı olduqca böyükdür. Gəncədə
led lampa, tikinti materiallarının istehsalı,
avtomobil zavodları fəaliyyət göstərir.
Heç
şübhəsiz, son illərdə
regionlarda açılan
yeni zavod və fabriklər yerlərdəki insan kapitalından səmərəli
istifadə edərək
iqtisadi inkişafa daha böyük təkan verəcək.
Əvvəl konstruksiya, sonra
istehsal
Onu da xatırlamaq lazımdır ki, Azərbaycan bu gün zəruri olan bir sıra
əsas yüngül sənaye məhsulları üzrə hətta keçən əsrin
70-80-ci illəri ilə
müqayisədə xeyli
az məhsul
hasil edir. Halbuki həmin müəssisələr
indi də mövcuddur. Halbuki onları
müasir texnologiyalar əsasında yenidən qurmaqla ölkə nəinki öz tələbatını yerli
istehsal hesabına ödəyə bilər, həm də dünya bazarına yüksək keyfiyyətli
qeyri-neft məhsulları
ixrac edər.
Ümumiyyətlə, regionların inkişafında əvvəlki
mərhələlərlə növbəti mərhələ
arasında əsas prinsipial fərq odur ki, əvvəllər
regionlarda müxtəlif
infrastruktur sistemlərinin
genişləndirilməsi və
müasirləşdirilməsi əsas vəzifə kimi həll edilirdisə, indi bu işlər davam etdirilməklə bərabər, başlıca
diqqət Azərbaycan
iqtisadiyyatı üçün
zəruri olan istehsal sahələrinin yaranmasına yönəldilir.
Bu məqsədlə ölkənin energetika təsərrüfatının daha
da möhkəmləndirilməsi
yenə də ön planda durur. Bu baxımdan
ölkə Prezidenti tərəfindən imzalanan
"Azərbaycan Respublikasında
alternativ və bərpa olunan enerji mənbələrinin
tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında"
sərəncamı mühüm
əhəmiyyət kəsb
edir. Sərəncamda ölkənin milli
enerji təhlükəsizliyinin
genişləndirilməsi üçün
yeni enerji mənbələrinin yaradılması
və ətraf mühitin qorunması məqsədilə alternativ
və bərpa olunan enerji istehsalının
öyrənilməsinin, eləcə
də tətbiqinin təmin edilməsi istiqamətində mühüm
tədbirlərin həyata
keçirilməsi nəzərdə
tutulur. Bu yeni enerji təminatının
ölkə həyatında
müstəsna əhəmiyyətini
təsəvvürə gətirmək
üçün təkcə
bir faktı göstərmək kifayətdir
ki, respublikanın dağ çaylarında istehsal gücü çox da böyük
olmayan onlarla su elektrik stansiyası
tikiləcək.
Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionu üçün yeni strategiya Cəbrayılda 240 MVT günəş,
Kəlbəcərdə 100 MVT külək elektrik stansiyalarının, 80 MVT-a yaxın
kiçik su elektrik stansiyalarının
bərpası və
140 MVT-lıq "Xudafərin"
və "Qız qalası" su elektrik stansiyalarında işlərin başa çatdırılması regionun
enerji təchizatını
yaşıl enerji mənbələri hesabına
artıqlaması ilə
təmin etməyə
imkan verəcək. Abşeron regionunda isə 240 MVT-lıq günəş və 240
MVT-lıq külək
enerjisi stansiyalarının
quraşdırılması ekoloji təmiz enerji hesabına elektrik enerjisinin ixrac potensialını artırmaqla yanaşı,
elektrik stansiyalarında
istifadə olunan 5,6 milyard kubmetr qazın bir hissəsinin qənaət edilərək ixraca yönəldilməsinə şərait
yaradacaq. Beləliklə,
ölkənin artan enerji tələbatı nəinki "Yaşıl
enerji" hesabına ödəniləcək, həm
də yaradılan bu izafi elektrik
güclərini Zəngəzur
dəhlizi vasitəsilə
Naxçıvan üzərindən
qonşu dövlətlərə
də ötürmək
mümkün olacaq.
Həmçinin, bu
ilin əvvəllərində təməlqoyma
mərasimləri keçirilən
"Xızı-Abşeron" külək və "Qaradağ" günəş elektrik
stansiyaları ölkəmizdə xarici sərmayə
cəlb edilməklə həyata keçiriləcək ilk sənaye həcmli bərpa olunan
enerji layihələridir. Xızı
rayonu ərazisində tikiləcək
"Xızı-Abşeron" külək elektrik
stansiyası Azərbaycanda ən böyük
külək enerji stansiyası olacaq.
Natəvan ABDULLA
525-ci qəzet.- 2022.- 25 may.- S.19.